DİRİLİ QURBANİ YARADICILIĞNDAQARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ Dirili Qurbani XV-XVI əsrlərdə yaşayıb yaratmış Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi olub, ozan-aşıq keçidində bu sənətin banisidir. Onun şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrin izlərinə rast gəlinir. Bu, əsasən fonetik, leksik və qrammatik xüsusiyyətlərdə özünü göstərir. Konkret desək, Qurbaninin əsərlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinə aid bəzi fonetik xüsusiyyətlər müşahidə edilir. Əminliklə deyə bilərik ki, Dirili Qurbaninin şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinin təsiri açıq-aşkar hiss olunur. Onun yaradıcılığında rastlaşdığımız fonetik, leksik və qrammatik xüsusiyyətlər həmin bölgələrin dil xüsusiyyətlərini əks etdirir. Şeirlərindəki şivə elementləri aşıq ədəbiyyatında xalq dilinin necə qorunduğunu və inkişaf etdiyini göstərən dəyərli nümunələrdir. Tədqiqatlarda Qurbaninin poeziyasına Qarabağ mühitində bir sıra şivə xüsusiyyətlərinin əlavə olunduğu qeyd edilir. “Nobat gəldi mana yetdi. Günüz səbrü qəralımı, gecə yuxum kəsən dilbər! Vəzir sana qarğayıram. Mana ola etibarın istərəm və s”. Bunların bir qismi dastançı aşıqların şivə xüsusyyətindən irəli gələ bilməsi fikirlərinin olduğu qeyd olunmalıdır. Professor Qəzənfər Kazımova (1996) görə, “Qapına gəlmişəm, sayılam, sayıl. Haq verən paylara olmuşam qayıl – kimi misralarda sayıl, qayıl sözləri müəllif tərəfindən sail, qail şəklində yazılmış və tələffüz edilmiş, sonralar aşıqlar tərəfindən lorulaşdırılmışdır. Şairin qoşma və gəraylılarında bu gün canlı danışıq dilində özünü geniş şəkildə göstərən, tarixi tələffüzün nəticəsi kimi formalaşmış –dır şəxs şəkilçisinin qısa forması (-dı) və mənsubiyyət şəkilçili sözün təsirlik hal şəkilçisiz formalaşma halları işlək formalar kimi diqqəti cəlb edir. Adətdi dərəllər yaz bənövşəni, Ayrılıqmı çəkib, boynu əyridi? Mənim dərdim ara tez-tez, haq diləyin yetirməsin və s. Bülbül ayrılığı sitəmdi gülə, Gülabatın naxış süsən sünbülə... (Kazımov, 1996)
Dirili Qurbaninin şeirlərində bəzi sözlər məhz Qarabağ və Şərqi Zəngəzur dialektlərinə məxsusdur:
“dağaşanı” – sərt, inadkar
“heş” – heç
“dədə” – ata mənasında deyil, həm də böyük, ağsaqqal anlamında işlənir.
Qarabağ və Şərqi Zəngəzur şivələrində “dır” şəkilçisi “dı”, “du”, “dü” formasında işlənir:
“yaxşıdır”əvəzinə “yaxşıdı”, “düzdür” əvəzinə “düzdü” və s.
Bəzi tədqiqatlarda Qurbaninin ədəbi dilində Qaradağ şivəsinə aid söz və ifadələrin olduğunu da qeyd etmək lazımdır. Onun şeirləri sadə xalq danışığına əsaslandığı üçün burada müxtəlif bölgə şivələrinin təsiri olduğunu da unutmamalıyıq. Qaradağ şivələri də bura daxildir. Xüsusən aşıq üslübunda işlədilən qoşma və gəraylılar bu təsirin ən çox nəzərə çarpdığı yanrladır. Yalnız Şimali Azərbaycanda deyil, həm də Güney Azərbaycanda, xüsusən Qaradağ bölgəsində geniş yayılmış dialektik ifadələr Qarabağ və Şərqi Anadolu bölgələrinin ləhcə və şivə züsusiyyətləri ilə yanaşı, Güney Azərbaycan, xüsusən də Qaradağ şivələrinin izlərinə də rast gəlinir. Aşıq-şairin əlimizdə olan bəzi əsərləri əsasında apardığımız araşdırmalar maraqlı məluamatlar ortaya qoyur. “Dolana–dolana” (s.37) şeirində NOBAT (növbə)
Nobat gəldi mana yetdi
Saqi dolana-dolana.
“Pərim gəlsin” (s.40) şeirində YALAV (alov),
Əyninə geyib qırmızı,
Yalav kimi yanır üzü... Yenə orada, “Dilbər” şeirində SƏBRÜ-QƏRALIMI (səbrü-qərarimi),
İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Günüz səbrü qəralımı,
Gecə yuxum kəsən dilbər.“Qızların” (s.50) şeirində ADNA AXŞAMI (cümə axşamı, 4-cü gün). BƏLGƏ qoymaq (nişan qoyma, nişanlamaq).
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.
“Gedirəm” (s.53) şeirində CƏLAY-VƏTƏN (vətəndən ayri düşmək, dərbədər olmaq)
Nə müdətdi cəlay-vətən olmuşam,
Baş götürüb Gəncə deyib gedirəm.
“Deyərsən” (s.56) şeirində XAYIN (xain) Aralıqdan haq götürsün xayını,
Xain olan haqdan almaz payını.
“Bu qızın” (s.58, 59) şeirində LALA (lalə)
Ləblər mirvarıdı, incidir dəndan,
Al yanağı əlvan lala bu qızın.
“Gətiri” (s.59) şeirində İRƏNGİN (rəngin) və LALA (lalə)
Başına döndüyüm vəfalı dilbər,
İrəngin dağlardan lala gətiri.
“Saqinin” (s.59) şeirində QARA BAĞRIM (qara çiyərim) və ÇATILI (çatılmaq, bir-birinə sarılmaq mənasında)
Ay ilə gün bir-birinə çatılı,
Sevdiciyim yağnan bala qatılı,
Doğram-doğram olub közə tutulu,
Qara bağrım bıçağında saqinin.“Ras gəldim” şeirində (s.60) RAS (rast gəlmək, rastlaşmaq)
Pərinin bağında seyran eylədin,
Almalı, heyvalı yaza ras gəldim.
“Ayrı” (s.78) şeirində KİMSƏNƏM (bir kimsəm)
Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.
“Mənim” (s.76) şeirində MƏTAH, MATAH (qiymətli, əziz)
Sərim təvəlladır, üzüm payəndaz,
Yoxdur bundan qeyri bir mətah mənim.
“Dönübdü” (s.77) şeirində BƏDƏSİL (əsli olmayan)
Bədəsilin eşidən tək sözlərin,
Yəqin etdim, ömrüm zayə dönübdü.
“Dolanım” (s.83) şeirində ARIX (arıq)
Qarı nənə, sən bir arıx dəvəsən.
Qanqal gərək, xırda-xırda gəvə sən
“İmdi” (s.84) şeirində UMSUX (umsuq, ümidin boşa çıxması )
Umsux etdin məni, qoydun avara,
Dedim bir şir, aslandır imdi.
“Mənim” (s.90) şeirində İRƏNG (rəng)
Ha elədim, əlim yara yetmədi,
Günbəgün irəngim saralar mənim! “Dedim” şeirində (s.94) TUŞUNDA (tuşu, yönü, tərəfində, üzbəüz mənasında)
Oturmuşdum Təktüklünün başında,
Ocaq qırağında, pirin tuşunda.
Yara üz (s.98) şeirində NAGÜMAN (gümanı çatmayan, ümidsiz)
Nagümanam mən bur dərddən sağalam,
Təbib birdi, dərd min birdi, yara yüz.
“Ay əsər indi” (s.99) şeirində ZAİL (zay olmaq) LƏMYESİR
Ağlım zail oldu, halım didərgin,
Nə ki var əndamım ay əsər indi.“Qaldı” (Dədə Yediyarla I deyişmə, s.107 ) şeirində LƏMYESİR (yetim, kimsəz)
De kimə can gəldi, qələm çalındı,
Neçə min il dünya ləmyesir qaldı
Bayatıların (s.118) birində AVLAR (ovlayar) və ZƏRDABLAR (ilan vurduqdan sonra zəhərin bədənə yayılması mənasında), yaxud XALXA (burada xalqa mənasında işlədilib). Xalxa şəms etmək (camaata, el-obya şəms etmək, bəyan etmək, bildirmək anlamında. Yeri gəlmişkən, el arasında bəzi məsələləri, hadisələri çılğınlıqla çatdırmaq, bəyan etmək, hayküylə bildirmək yaxşı hal sayılmayıb. Ona görə də aşıq deyir ki, günəş kimi, şəms kimi mənim dərdimi aydınlatma, problemimi car eləmə. Qoy, öz dərdimi özüm çəkim.)
Pərim bağda gül avlar
Sərim bağda gül avlar.
Qurbanı vurub təlxələr,
Canın alıb zərdablar.YaxudVurubdu təlxə məni,
Şəms etmə xalxa məni.
Aləm gəlsə, əlac yox,
Sal südə çalxa məni.
Burada xalxa şəms etmək
Göründüyü kimi, biz burada bəzi ifadə və anlayışların, sözlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsində bu gün də işləndiyinin şahidi oluruq. Belə nəticəyə gəlirik ki, Dirili Qurbani bu ifadələri saxlamaqla özünün kimliyi və arxaik sözlərin haradan qaynaqlandığı fikrini ortaya qoymuş olur.
Mahmudov Yusif Məhəmməd oğlutarix üzrə fəlsəfə doktoru,
ətraf mühit üzrə tədqiqatçı
Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının müəllimi