ÖTƏRXAN ELTAC“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ
NAZİM CƏBRAYLOVUN ANIM GÜNÜ KEÇİRİLDİBu gün 2 mart 2026-cı il tarixində Azərbaycan İqtisadiyyat Universitetinin Akt zalında qəhrəmanlığı ilə dastan yazan “Azərbaycan Bayrağı” ordenli Nazim İbrahim oğlu Cəbrayılovun şəhidlik məqamına yüksəlişinin 32, anadan olmasının 77 illik yubiley tədbirinə qatıldıq.
Ümumilikdə türk dünyasının şəhidlərini bir dəqiqəlik sükutla yad etdikdən sonra dosent Pikəxanım Xudiyevanın aparıcılığı ilə ilk söz təhsil ocağının Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədova verildi. Birinci Vətən müharibəsində himayədarlarının köməyi ilə torpaqlarımıza təcavüz edən qarı düşmənin məkrindən, kəndlərə basqın edərək silahsız insanları girov götürmələrindən, eləəcə də, ağır texnikaların, uzaqvuran artilleriyanın qarşısında əliyalın da olsa, bir addım geri çəkilməyən igidlərin rəşadətindən, ələlxüsus Nazim Cəbrayılovun dillərdə əzbər olan şücaətindən söz açdı.
N. Cəbrayılovun sinif yoldaşı, ictimai-siyasi xadim Çimnaz Əliyeva qəhrəmanımızın yeniyetməlik, gənclik çağlarını xatırlamağa çalışdı, onun diribaşlığından, cəsarətindən, yurdsevərliyindən danışdı. Onu da vurğuladı ki, məhz elə igid oğulların və dəmir yumruqlu komandanımızın sayəsində ermənisiz məmləkətdə yaşamağa nail olduq. Qürurlu deyilmi?!
Tələbə Fidan Şərifovanın qürurla söylədiyi vətənpərvərlik şeiri sanki hər kəsi səfərbərliyə, döyüşə səsləyirdi. Tarzən Rəsul Hacızadənin barmaqlarından süzülən həzinlik şeirin qüdrətini daha da artırırdı.
Ömrünün 30 ilini yurd intizarı, həsrət, yanğı, ağrı və acılarla keçirən söz sərrafı, şair Seyran Səxavətin dilindən puçurlanan duyğusal, bir qədər də qətiyyətli kəlmələr hər kəsə qürur dolu anlar yaşatdı. Şair onu da vurğuladı ki, müasir Azərbaycan hərb tarixində ən şanlı əsəri məhz Ali Baş Komandanımız yazdı.
Tural İsgəndərovun qəhrəmanımızın igidliyindən, şücaətindən bəhs etdiyi şərəf dastanını tələbə yoldaşı Hacər Qasımlının ifasında – tarın yanğılı müşayiətində dinləmək hər kəsin ovqatını yüksəltdi.
Növbəti çıxış üçün söz Nazim Cəbrayılovun döyüş yoldaşı Rüstəm Hacıyevə verildi. Xatirələr dil açdıqca, həm qürur duyduq, həm də qəlbimiz sızladı. Ağdamın Kəngərli, Qarağaclı, Cəvahirli, Salahlı, Kosalar, Göytəpə və neçə-neçə kəndləri uğrunda amansız döyüşlərin şiddəti qulaqları cingildətdi.
Tələbə Elcanə Cabbarovanın yurd sevdalı, torpaq məhəbbətli lirik duyğuları da bir ruh ovsunu idi. Əməkdar jurnalist Flora Xəlilzadə qəhrəmanımızın döyüş yolunun ibrət və örnək olduğunu və bu igidliyin gənc nəslə aşılanmasında ən böyük yükün ziyalıların boynuna düşdüyünü dilə gətirdi.
Sonda şəhid qəhrəmanımızın həyat yoldaşı, universitetin müəllimi, dosent Rahilə Cəbrayılova ailə həyatından danışdı. Köhnə xatirələri vərəqlədi, elçilikdən söz açdı. Doğulub boya-başa çatdığı Şuşalı günlərini xatırladı, bir sözlə, xarıbülbül ətirli ab-hava yaratdı.
Hələ Rahilə xanımdan əvvəl illər öncə igidimiz haqqında hazırladığım radioverilişdən danışmaq imkanım oldu. Döyüş yolunu – ağrılı-acılı günləri xoş xatirə qanadlarında tarın ruhuna kökləməyə çalışdım. Rəsul Hacızadə gənc olmasına baxmayaraq, elə yanğı ilə ifa etdi ki, coşqunun illəti yanaqlarda bərq vurdu.
Tədbirdə şəhidin övladları ilə yanaşı, ailə dostları, yurd aşiqləri, professor-müəllim və tələbə heyəti də iştirak edirdi. Onu da qeyd edək ki, tədbirin əvvəlində qəhrəmanımızın döyüş yoluna həsr edilən videoçarxı dinləmək imkanımız oldu. Hələ üstəlik fürsətdən istifadə edib şəhidin qızının doğum gününü də qeyd elədik. Tədbir musiqi sədaları altında sona çatdı.