Yolumuzu gözləyən var...
Bəzən düşünürdüm ki, bu dünyada heç sevənim olmadı. Amma indi anlayıram ki, yanılmışam. Dərd məni çox sevirmiş. Ömrüm uzandıqca dərd sevgim də çoxalır, üst- üstə qalaqlanır. 1988-ci ildən bəri yurd həsrəti, sonra Qarabağ dərdi, 20 yanvar qırğınları, müharibələr, məcburi köçkün dalğaları, şəhid məzarlıqları, dəmir vaqonlarda, çadır düşərgələrdə zillət çəkənlərin ah-naləsi ruhumu, cismimi qarsalaya-qarsalaya mənə bir qərinə yaşatdı. Yaşım artdıqca dərddaşlarım da artdı. İllər uzunu Şəhid analarının oğul dərdilə qolboyun gəzdim.
Daşkəsəndə Simuzər Abdullayeva elə şəstlə dedi ki, bala səni Azərimin yerinə qoydum. Bu səsdən, bu şərəfləndirici ifadədən bədənim ürpəşdi. Dedim İlahi, - bu nə sınaqdı?! Bu nə yükdür mənə yüklədin? Bu torpaq üçün gözünü qırpmadan canını fəda edən bir oğulu böyüdüb, muradını görmədən, Vətənə qurban verən Anaya oğul olmaq məsuliyyətini mən necə daşıyaram?! Çəkə bilərəmmi bu ağırlıqda şələni? Dalınca Milli Qəhrəman Məzahir Rüstəmovun anası Rəfiqə xala, sonra gədəbəyli Əziz dayı... İllərlə mənə sarılıb balamın ətrin səndən alıram dedi...
Bu halımla bir tərəfdən şərəflənir, digər yandan yanıb yaxılırdım. Belə-belə bir-birimizin yaralarına söz məlhəmi qoya-qoya 44 günlük Vətən Müharibəsinə qədər yaşaya bildik. Qələbədən sonra qamətimiz düzəldi, qürurumuz bərpa olundu, igid əsgərlərimiz şərəfimizi özümüzə qaytardı. İşğal günlərimiz zəfər günləri ilə əvəz olundu. Elə bu dəfə də “8 Noyabr-Zəfər Günü” idi. Kəndimizin qazilərinin şərəfinə təşkil etdiyim tədbirə tələsirdim. Öz hesablamama görə yarım saat tez çatmalı idim ki, qonaqlarımı qarşılayım. Tərslikdən avtobus gəlmir, tədbirə gecikirdim. Elə bu heydə Mehdiabad qəbiristanlığından çıxan avtomobil qabağımda dayandı. Tanımadığım şəxs maşının şüşəsini endirib, nəzakətlə-əyləşin,- dedi. Yol yoldaşı olaq, mən də tək getməyim. Salam verib əyləşdim. Deyəsən heç vaxt görmədiyim üzünə diqqətlə baxdığımdan kiməsə oxşatdığımı zənn edib,- Rüstəm Behrudinin qardaşıyam, dedi, adım İlhamdı.
Dedim,- Rüstəm 40 ildir hamımızı dara çəkir. Rüstəmin “Salam, Dar ağacı” şeirinə işarə etdiyimə güldü. Bir-birimizdən heç nə soruşmadan aramızda qəribə bir bağ yarandı. Kimliyimizi, nə işə qulluq elədiyimizi bildirmədən xeyli söhbət elədik. Behrudinin Azadlıq Meydanında “qurulmuş” Dar ağacından, Azadlıq Meydanından, Milli Azadlıq Hərəkatından başlayan söhbətimiz Kələkiyə, Elçibəyin ölümünə qədər uzandı. Amma bitmədi. Çünki ayrılmalı idik. O, öz yolundan dönüb mənim yolumu yaxınlaşdırdı, mən də onu vaxtında yetirənə şükr edib mənzilimə vaxtında çatdım. Zəfər günü idi, ürəyimdən keçdi ki, onu da tədbirimizə dəvət edim, süfrə arxasında daha yaxından tanış olaq. Amma məzarlıqdan gəldiyinə görə tərəddüd etdim, fikirləşdim ki, ürəyinə toxuna bilərəm. Ona görə də fikrimi elə öz ürəyimdə saxladım...
Ürəyim də məni hey Mehdiabad qəbiristanlığında salınmış Behrud məzarlığına çəkdi. Dedi atasını məclisinə apara bilmədin, heç olmasa, tanışlığınıza səbəb olan balasını ziyarət elə. Daşına bir sığal çək, hiss eləsin ki, İlham bəy özünə dərddaş tapıb.
Yol boyu bir məsəli xatırladım:
Can üstə olan ata oğlunu yanına çağırıb vəsiyət edir:
-Oğul, mən dünyadan köçürəm. Ehsanımı elə adama verərsən ki, heç dərd görməmiş olsun! Oğul ehsan bişirtdirib yollara düşür. Nə qədər gəzib dolanırsa, dərdsiz adam tapa bilmir. Oğulun bu halını görən qoca onu yanına çağırır. Gəl otur, axtardığın mənəm deyir-gətir atanın ehsanından yeyim. Oğlan süfrə açır, kişi ehsanı yeyib fatihə verəndən sonra deyir:
Ay bala, mənim 7 ərgən oğlum ölüb. Atan sənə ona görə elə vəsiyət edib ki, gəzib görəsən dünyada dərdsiz adam yoxdur, başın qarışa, dərdin dağıla...
Məni xatirədən eynək arxasından boylanan civanəzənin gülümsər baxışı ayırdı. Yaxşı ki, bu yalan dünyaya gülərək baxırdı. Elə ziyarətçilərini də gülərək qarşılayır. Tanış olduq:
Alməmmədli İsa İlham oğlu...İlham özünü ovutmaq üçün dərdini daşlara yazıb: 26.01.2004. Bu İsanın doğum tarixidir. Qabağına sonsuzluq işarəsi qoyulub...
Gecə...Sükut...Yalnızlıq...
Hər yer uçurum, mən duman.
Vaxtsız gələn xəbərdi,
Gecəyə çökən duman.
Gecə... Hüzün, kədər-qəm...
Göylər susub, Ay batıb.
Bəlkə elə İsadı
Duman olub qayıdıb!
Gecəyə çökən duman,
Görən kimin ruhudur?!
Kaş oyanam yuxudan,
Görəm hər şey yuxudu.
Duman olub qayıdıb,
Kim bitirər bu yası.
Bir gün dönüb gələcək,
Gedənlərin hamısı...
Əziz dərddaşım İlham, Allah sizlərə səbr versin! Özünü də bizi də yalan yuxularınla aldatma qardaş! Gedən gəlməz, biz gedərgiyik...İsa sənin, Şərəfxanla Məhsəti mənim yolumu gözləyir...
Nakam balamız İsanın ruhuna sevgi və sayğılarla: Tamxil Ziyəddinoğlu