Bu sevdanın
sonu yoxmuş... (Yazıçı Vaqif Rüstəmovun “Yurd həsrəti” kitabı haqqında düşüncələr)Tanınmış yazıçı vaqif Rüstəmovun “Yurd həsrəti” kitabı işıq üzü görüb. Kitabda Səxavət bəyin (Hasan İsmaillinin) keşməkeşli həyat yolundan söz açılır. Bu, təkcə bir insanın taleyi deyil, müharibənin od-alovundan keçmiş, parçalanmış, didərgin düşmüş bir nəslin acı taleyinin bədii ifadəsidir. “Yurd həsrəti” yaddaşı oyadan, tarixlə vicdan arasında körpü salan sənədli bir əsərdir.
Səxavət bəy Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdır. O, gənclik illərində elmə və təhsilə üz tutmuş, bir müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Uşaqlara yalnız dərs deyil, Vətən sevgisi, insanlıq və ləyaqət aşılamışdır. Lakin tarix və tarixi yazanlar amansız oldular. Böyük Vətən müharibəsi onun da taleyinə qara xətt çəkdi. Müharibə başlayanda Səxavət bəy tərəddüd etmədən cəbhəyə yollandı. Silah tutan əllərində Vətənə sədaqət, qəlbində qayıdış ümidi vardı. Lakin döyüşlərin birində mühasirəyə düşərək, əsir alındı. Əsirlik illəri onun üçün sadəcə fiziki əzablar deyil, həm də insan ləyaqətinin sınağa çəkildiyi ağır günlər idi. O günlərdə onun böyük dayağı yenə də Vətən düşüncəsi, doğma torpağın xiffəti oldu.
Taleyin dolanbac yolları Səxavət bəyi Türkiyəyə gətirdi. Qürbət eldə yaşamaq, doğmalardan uzaq səma altında nəfəs almaq onun üçün asan olmadı. O, burada həyatını yenidən qurmağa çalışsa da, qəlbi daim Cəbrayıl torpağında, Daşkəsənin yollarında qaldı. Vətən həsrəti onun ömrünə 28 il kölgə saldı. Bu illər ərzində yurd sevgisi onun üçün həm nisgil, həm də yaşamaq səbəbi oldu.
Səxavət bəy qürbətdə tək qalmadı. Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin məsləhəti ilə Türkiyədə yaşayan və eyni taleyi bölüşən azərbaycanlıları öz ətrafına toplayaraq Türkiyə-Azərbaycan Dostluq və Mədəniyyət Mərkəzini yaratdı. Bu mərkəz təkcə bir təşkilat deyil, parçalanmış talelərin birləşdiyi, milli kimliyin qorunduğu, Vətən yaddaşının yaşadıldığı bir ocaq oldu. Səxavət bəy bu fəaliyyətlə sübut etdi ki, Vətəndən uzaqda olmaq Vətənsiz olmaq demək deyil.
İllər sonra taleyin üzü ona güldü. Məşhur cərrah İbrahim bəy Topçubaşovun köməkliyi sayəsində Səxavət bəy Bakıya gələ bildi. Bu qayıdış onun üçün sadəcə bir səfər deyildi, yarımçıq qalmış bir ömrün tamamlanması, 28 illik həsrətin qismən də olsa bitməsi idi. O. Bakıya qayıdarkən yalnız özü gəlmirdi, özü ilə birlikdə əsirlik xatirələrini, qürbət ağrılarını və heç vaxt sönməyən yurd sevgisini gətirirdi. O, 28 illik ayrılıqdan sonra Bakı şəhərində üzünü görmədiyi oğlunun isti nəfəsini duydu. Körpə ikən ayrılmağa məcbur qaldığı qızı Elmira ilə qovuşması onun üçün taleyin ən böyük bəxşişlərindən biri oldu. Ailə həyatının ilk illərində yolları ayrılmış həyat yoldaşı Məleykə xanımla görüşü isə yaddaşlara köçən, duyğularla yüklü, təsirli səhnələrlə müşayiət olundu.

Səxavət bəy bir neçə dəfə Bakıya gələrək əzizləri ilə görüşmək imkanı qazandı. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, dövrün sərt məhdudiyyətləri, sonrakı illərdə isə doğma Cəbrayıl rayonunun işğalı onun ömrünə ağır bir nisgil kimi yazıldı. Bu səbəbdən Səxavət bəyə ata-baba yurdu olan, xatirələri ilə yaşadığı doğma Daşkəsən kəndini bir daha görmək qismət olmadı. Çox şükürlər olsun ki, bu gün Cəbrayıl rayonu və onun ayrılmaz hissəsi olan doğma Daşkəsən kəndi azaddır. İllərin həstəti arxada qalıb, yurd yerləri öz həqiqi sahiblərinə qovuşur.
Səxavət bəyin taleyi bir insanın taleyi olmaqdan çoxdan çıxmışdı. Bu taledə müharibənin, ayrılığın və qürbətin izi vardı. “Yurd həsrəti” kitabı da məhz bu izləri sözə çevirir, tarixə çevirir. Bu, unudulmamalı bir ömrün, unudulmamalı bir nəslin hekayəsidir.
Əsərdə tanınmış şəxsiyyətlərldən akademik Mehdi Mehdizadə, məşhur cərrah İbrahim bəy Topçubaşov, incəsənət xadimlərindən Niyazi, Qara Qarayev, Rəşid Behbudov, Zeynəb Xanlarova, Süleyman Abdullayev, xalçaçı professor Lətif Kərimov, Aşıq Məşədi Humay, Türkiyənin tanınmış elm və incəsənət xadimlərindən Nesrin Süpahi, Emel Sain, Türkan Şoray, türk sənət tarixi xocası, professor Nijat Diyarbakırlı və başqalarının Səxavət bəylə görüşləri diqqət mərkəzində saxlanılır.
Roman boyunca Səxavət bəyin daxili dünyası ön plana çıxır. O hər an öz doğma torpağını xatırlayır, uşaqlıq xatirələrini, ailəsini və kənd həyatını düşünür. Bu həsrət onun ruhunu sarsıdır, lakin eyni zamanda onu daha düşüncəli, iradəli və səbirli edir. Səxavət bəyin xarakterindəki möhkəmlik, vətən sevgisi və insani dəyərlərə sadiqlik əsərin əsas dramatik dayaqlarıdır.
“Yurd həsrəti” insan ruhunun sınmazlığını və sarsılmaz iradəsini təsvir edən qiymətli bir əsərdir. Səxavət bəyin həyatı oxucuya yalnız bir fərdin dramını deyil, insanın həyatın ən çətin sınaqları qarşısında ümidini, sevgisini və dəyərlərinə sadiqliyini necə qoruduğunu göstərir.
Tanınmış yazıçı, istedadlı qələm sahibi Vaqif Rüstəmov obrazlarının daxili aləmini incəliklə göstərərək, tarixi hadisələri fərdi taleyin prizmasından təqdim edir. Yazıçının əsərlərində, o cümlədən “Yurd həsrəti” əsərində humanizm, vətən sevgisi, insan ləyaqəti əsas yer tutur, əsər oxucuya həm tarixi, həm də mənəvi dərs verir. Yazıçının dili sadə və təsirlidir, hər söz, hər bir ifadə oxucunu özünə cəlb edir.
“Yurd həsrəti” kitabında yer alan hadisələr Səxavət bəyin qələmə aldığı xatirələr əsasında formalaşdırılıb. Müəllifin əsas ustalığı da məhz bundadır ki, Səxavət bəyin yazı ruhuna, düşüncə tərzinə və duyğularına xələl gətirmədən, bir ömrün keşməkeşli hekayəsini oxucuya dolğun və təsirli şəkildə çatdıra bilir. Kitabda yer alan görkəmli tarixi şəxsiyyətlərin fotoları isə nəinki mətnə vizual dəyər qatır, həm də oxucunu həmin dövrün ictimai- siyasi mühiti ilə üz-üzə qoyaraq əsərin sənədli mahiyyətini daha da gücləndirir.
Əsər boyu təqdim edilən Səxavət bəyin həyatı, bir ömrün sınaqlarla dolu olduğunu göstərir. Onun həyat hekayəsi oxucuya müharibənin faciəvi təsvirini, qürbətin insan ruhuna vurduğu izləri, həmçinin insan ləyaqətinin və vətən sevgisinin sarsılmazlığını çatdırır. Roman həm dramatik, həm də emosional olaraq oxucuya güclü təsir bağışlayır, ona həyatın keşməkeşli yollarında bələdçilik edir.
Hidayət SƏFƏRLİ, Şair-publisist, AJB üzvü, Qabaqcıl Təhsil işçisi