Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!