Sevgisi Vətən olan igid 30 il düşmən tapdağına dönən əzəli yurd yerimiz- Qarabağı 44 günə öz qanı bahasına azad edən Vətənin mərd, qeyrətli övladları cismən aramızdan getsələr də, mənən milyonların ürəyində yaşamaqla zaman-zaman xatirələrdən silinməz. 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Cürəli kəndində dünyaya göz açan Sadiq Nüsrət oğlu Nəcəfliyə də məhz belə bir ucalıq nəsib olub. Onun qısa, amma olduqca şərəfli həyat yolu indi qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür. Həmçinin ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları onun müqəddəs şəhid adına daha bir qürur qatır...
Doğma Vətəninə ürəkdən bağlanan, onun hər qarışını özünə əziz bilən Sadiqin ürəyi hələ orta məktəbdə oxuduğu zaman yağıdan qisas almaq istəyi ilə döyünüb. Odur ki, işğal altında olan torpaqların azadlığı naminə döyüş meydanında düşmənə qalib gəlmək üçün orta təhsildən sonra, yəni 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Burada hərbin sirlərinə mükəmməl yiyələnmək bacarığı, ən çətin təlimlərə ürəklə qatılması, eləcə də ağıllı hərəkətləri, mərdliyi, cəsurluğu, sanbalı davranışı ona böyük məhəbbət qazandırıb. Bir qayda olaraq qəlbində günü-gündən azğınlaşan erməni quldurlardan intiqam, qisas almaq alovu get-gedə güclənib. İstəyini həyata keçirtmək üçün məqam gözləyən kursant Sadiq Nəcəfli öyrəndiyi böyük zabitlərin qarşısında Vətən torpaqlarının azadlığı uğrunda son damla qanına qədər vuruşacağına and içib.

Sadiq ali hərbi məktəbini bitirib kiçik leytenant rütbəsi alıb. Bu vaxt- 2020-ci il 27 sentyabrda dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Ermənistanın sərhəd boyu törətdiyi ardıcıl təxribatlara cavab olaraq əks-hücum əmrini eşidəndə müharibə ölüm-itim olsa da, sevincdən ürəyi köksünə sığmayıb. Axı uzun illər arzusunda olduğu yağıdan alacağı öcün vaxtı çatmışdı...
Vətən müharibəsi zamanı ilk gündən Biləsuvarın igid oğlu Sadiq Nəcəflinin qələbə sorağı ən ağır döyüş əməliyyatlarından gəlib. Verilən tapşırıqları bacarıqla yerinə yetirib, neçə-neçə kəndin, qəsəbənin azad olmasında mənfur erməni dığalarına qarşı qəhrəmancasına vuruşub. Ulu torpağın bağrına hər dəfə zəfər bayrağı sancılanda gözlərinin önünə Şuşa gəlib. Torpaq sevgisinin hərarətindən güc alan Sadiq ölümün gözünə dik baxa-baxa Şuşa uğrunda ağır ölüm-dirim savaşına girib. Düşmənə sarsıdıcı zərbələr endirib. Elə zəfər günü- noyabrın 8-də qəfil atılan gülləyə tuş gəlib. Özü şəhid olsa da, qan tökdüyü, canını qurban verdiyi Şuşada düşmən tam məğlub olub. Sadiq isə öz xalqına qazandırdığı qələbə ilə əbədi yaşamaq üçün əlçatmaz və ünyetməz göylərə ucalıb.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü .