Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
Tarix : Bu gün, 21:55
Ağrı-acılı yaşanan şərəfli ömür


Bəhruz Piriyev -60

Ağrı-acılı yaşanan

şərəfli ömür


Fevralın 17-də Qərbi Azərbaycanın Qafan Rayon İcmasının say-seçmə oğullarından olan Bəhruz Piriyevin 60 yaşı tamam oldu. Onun “Xan Bağı”nda keçirilən yubileyinin işığına dostları, doğmaları, yaxın qohumları, mənsub olduğu Qafan Rayon İcmasının rəhbər heyəti yığışıb. Gəlin əvvəlcə oxucularımızı Bəhruz Piriyevlə tanış edək:

Piriyev Bəhruz Bağman oğlu 17 fevral 1966- cı ildə Zəngəzur mahalının Gığı kəndində, ruhani ocağında, müəllim ailəsində anadan olub. 1973 cü ildə Gığı kənd orta məktəbinin 1-ci sinfinə gedib. Orta məktəbdə xüsusi istedadı ilə fərqlənib, özfəaliyyət tədbirlərindəki fəallığı onu kollektivə sevdirib. VI sinifdə oxuyarkən respublika radiosunda çıxış edib. 1975-ci ildə “Azərbaycan Pioneri” qəzeti vasitəsilə Şamaxı rayon məktəblisi ilə "Dostluq məktubu" yazışmaları bu gün sadiq dostluğa çevrilib. Bu dostluğun şərəfinə həmin ailənin övladlarının birinə Bəhruzun adı qoyulub. 1982-ci ilin yanvarında 15 yaşlı Bəhruz həyatın ən ağır sınağına çəkilərək 34 yaşlı anasını itirib. Nə qədər çətin olsa da 1983- cü ildə məktəbi əla qiymətlərlə bitirib. Həmin ilin payızında İrəvan Sovxoz Texnikumunun mexanizasiya fakültəsinə qəbul olunub. 1984-1986-cı illərdə Sovet Ordusuda xidmət edib. 1986-cı ilin iyunundan Kacaran 62 nömrəli Texniki Peşə Məktəbində şagirdlərin peşəyönümlü təlim rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. Sonra Gığı kənd orta məktəbində Kənd təsərrüfatının mexanikləşdirilməsi qrupuna müdir təyin olunub…

1988-ci ilin şaxtalı, boranlı dekabrında doğma kəndini tərk etmək məcburiyyətində qalaraq Bakı şəhərinə pənah gətirib. Torpaq sahəsi almaq üçün Abşeron rayonunun Zığ Zeytunçuluq sovxozunda fəhlə kimi işə qəbul olunub.
1994 -1998 -ci illərdə Ukraynada Xarkov Dəmiryol İnstitunu bitirib. 1998-ci ilin noyabrından Abşeron rayonu 2 saylı Zeytun sovxozunun mexaniki, baş mexaniki vəzifələrində çalışıb. 2006 -cı ilin fevralından “Abşeron – Zeytun” MMC-nin direktoru vəzifəsinə təyin olunub. İşlədiyi dövrlərdə rəhbərliyin etimadını doğruldub, zeytunçuluğun inkişafında uğurlu nəticələrə nail olub.

Bəhruz Piriyev 2007- ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının Gənclər siyasətinin idarə edilməsi kursunu bitirib. Bir sıra beynəlxalq dərnəklərin üzvüdür. 2009 -2010-cu illərdə Azərbaycanda keçirilən beynəlxalq konfransda “Qara dəniz sahillərində Zeytun yağı və zeyrunçuluğun inkişafı” mövzusunda məruzə edib. Xətai rayonu 2 saylı Zeytun sovxozu ərazisi üzrə ərazi nümayəndəsi kimi də işləyib. 2010 cu ildən "Zeytun” ASC İdarə Heyətinin sədridir. Hazırda AADA- nin 9 saylı Yol istismarı idarəsinin mexanika şöbəsinin mexaniki vəzifəsində çalışır.
Ən əsası gözəl ailə başçısıdır, ağıllı övladları, sevimli nəvələri var.

Bu gün elə həmin övladlar, nəvələr də babanın dostlarını görməyə, babalarının böyüklüyünü onların arşını ilə ölçməyə gəlmişdilər...
Təntənənin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad olundu, Dövlət himni səsləndirildi.

Tədbiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, Gığı Kənd İcmasının rəhbəri Ələmdar Piriyev açaraq qonaqları salamladıqdan sonra Bəhruz Piriyevə səmimi ürək sözlərini söylədi, xoş arzularını bildirdi. Bəhruz bəy də öz növbəsində hamıya xoş gəldiniz deyib, musiqiçiləri, qonaqları bir- birinə tanıtdırdı. Əməkdar artist Rəhilə Bəndəliyevanı təqdim edərkən onu müğənni kimi deyil, qohum kimi dəvət etdiyini bildirdi. Rəhilə xanım da fəallığı, can-dildən oxuyub, oynaması ilə qohumluğunu isbatladı.

Beləcə məslis axarına düşdü. Şair Seyfullah Abbasov Qafan Rayon İcmasının sədri professor Eldar Abbasovun yubilyara ünvanladığı təbrik məktubunu oxudu:
Hörmətli Bəhruz bəy!
Bugün ömrünüzün ən müdrik və şərəfli mərhələsini- 60 illik yubiley yaşınızı arxada qoyursunuz. 60 il bir insan ömrü üçün sadəcə rəqəm deyil, bu qazanılmış təcrübənin, zəhmətin və el-obaya bağlılığın təntənəsidir. Siz öz fəaliyyətinizlə hər zaman Qafan elinin ruhunu yaşadan, adət-ənənələrinə sadiq qalan, insanlara örnək olan ziyalı kimi tanınırsınız. Sizin kimi dəyərli insanların varlığı icmamızın birliyini və mənəvi gücünü daha da artırır. Biz inanırıq ki, sizin tükənməz enerjiniz və həyat eşqiniz hələ uzun illər işıq saçacaq. Bəhruz bəy, sizi Qafan Rayon İcmasının üzvləri adından təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti arzulayırıq!
Hörmətlə: Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasov.

Eldar Abbasov təbrik yazılmış plaketi yubilyara təqdim edərək öz ürək sözlərini söylədi, onu bir daha səmimi qəlbdən təbrik etdi. Bəhruz Piriyevin istər icma daxilindəki, istərsə də el arasındakı ictimai fəallığını yüksək qiymətləndirdi. Arzu etdi ki, illərdi həsrətini çəkdiyi dogma yurduna, doğulduğu Gığı kəndinə qovuşmaq nəsibi olsun və bu gün elliləri ilə tanış etdiyi nəvələrinin əlindən tutub baba yurdunu, ata ocağını tanıda bilsin.
Bəhruz bəy mahir söz ustası, məclis aparıcısı olduğu üçün tez-tez mikrofonu özü gütürüb söz verilən hər kəsi dostlarına daha yaxından tanıdırdı. Amma

Şəhərçik Qəsəbə İcmasının sədri Qafil Əliyevi xüsusi təqdim etməyə ehtiyac yox idi. Çünki hələ icma formalaşmadan Qafil müəllim camaatımızın birliyinin təmin olunması üçün çox səy göstərib. Bu məqsədlə rayonun tanınmış adamlarını dönə-dönə bir yerə yığıb. Fədakarlıq göstərib, bəzən xərcə düşüb, amma bu nəcib, səbr, təmkin tələb edən işindən əl çəkməyib. Yubilyar bu işləri yaxşı bildiyi üçün Qafil müəllimi mikrofona xüsusi ehtiramla dəvət etdi. Qafil müəllim də öz xoş arzularını bildirib, hamını rəqsə dəvət etdi.

Sonra xala oğlu Hüsü İbrahimov məclis əhlini salamladı. Xalası oğluna ürək sözlərini söylədi, ardınca şirin zəngulələri ilə salonu lərzəyə gətirdi. Özünə ustad bildiyi Əlibaba Məmmədova həsr etdiyi şeiri ifa etdi. “Zəngəzur” və “Dağlara- dağlara” şeirlərini səsləndirdi. Qardaşı Süleymanla qoşa oynamaqları isə meydanı xüsusilə canlandırdı, hamının diqqətini çəkdi, alqışlarını qazandı...

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözünə adəti üzrə şirin zarafatla başladı. Sonra davam edərək dedi ki, mən Bəhruzu Qafan Rayon İcması yaranandan sonra tanımışam və onu gec tanıdığıma görə çox təəssüflənmişəm. Əslində adını eşitmişəm, məclislərdə, xeyir-şərdə çox görmüşəm, amma təmasda olub tanıyandan sonra görmüşəm ki, doğrudan da fəxr ediləsi eloğlumuzdur. Bu kişinin bir çoxundan üstünlüyü odur ki, sifətindən nur tökülür. Kimsə ən dilxor vaxtında Bəhruzla bircə kəlmə kəssə bütün dilxorçuluğunun çıxacağı şübhəsizdir. Bu da böyük adamlara xas olan keyfiyyətdir.
Bəhruz, Qafan elimizə, Azərbaycanımıza olan bir-birindən gözəl arzularını və millətimizə gərəkliyini nəzərə alaraq Allah səni qorusun,- deyirəm. Uca yaradan səni, ailəni xoşbəxt eləsin!

Fizika üzrə fəlsəfə doktoru, dosent Eldar Qarayev də Bəhruz Piriyevi həm eloğlu, həm qohum, həm də ürək sirdaşı- dostu kimi təbrik etdi. Onun xarakterinin ürəyəyatan cəhətlərini fərqləndirərək ən xoş arzularını bildirdi. Dedi,- Allah sənə o qədər uzun ömür versin ki, bütün arzularını gerçəkləşdirə, balalarının xoş günlərini doyunca görə biləsən!

Qafan Rayon İcmasının və Gığı Kənd İcmasının fəallarından hüquqşünas-vəkil Elxan Azadəliyev, polis polkovniki Rəşid Səfərov, Xanvələd Məmmədov, yubilyarın uşaqlıq dostlarından İlqar Səfərov, Rəhman Məmmədov, Şəfəq xanım Azadəliyeva, Dərgah Dərgahov, Baba Məmmədov, qardaşları Vəkil, Möhlət, Vasif, əmioğlu Cəbrayıl Nuriyev və başqaları kəndlərinin yetirməsi haqqında qürurla, ürəkdolusu danışdılar. Qeyd etdilər ki, Bəhruz bəyin uşaqlıq dövründən bu günə qədər–gəncliyi, müdriklik dövrü gözlərimi¬zin önündə keçib. O, zəhmətkeş olduğu qədər də istiqanlı, mehriban, qohumcanlıdır. Bütün ruhu, varlığı ilə ata yurda, dogma ocağa bağlıdır. Biz fəxr edirik ki, onu istər rayonumuzda, istərsə də kənarda tanıyanların hamısı sevir. Burda onun ünvanına deyilənlər sübut edir ki, Bəhruz Piriyev bu 60 ili təkcə özü üçün yaşamayıb.

Xoş ovqatla, yüksək əhval-ruhiyyə şəraitində keçən yubiley tədbirində qohum-əqrəbalarının, ellilərin əhatəsində bütün qayğılardan uzaq kimi görünən Bəhruz Piriyev ailə üzvlərini, övladlarını nəzakətlə süfrəsinə yığışan qonaqlara yaxınlaşdıraraq tanış edir, özü isə hər kəsə yüksək diqqət göstərmədən keçmirdi. Amma yubileyin yaddaşlarda iz buraxdığı başqa məqamlar da vardı. Elə məqamlardan biri də nəvələrin babanı təbrik səhnəsi idi. Bu məqamda səbəbkar mikrofonu yenidən götürdü:

Əzizlərim, hələ ilin astanasındayıq. Arzu edirəm ki, 2026-cı ildən başlayaraq qarşıdan gələn illər hamınıza, elimizə-obamıza, dövlətimizə uğur gətirsin. Bilirsiniz ki, bizim el-obada həmişə böyüyə sayğı, kiçiyə qayğı olub. Biz böyüyün, kiçiyin yerini bilərək öz yerimizi tanımışıq. Həm də o sayədə bu günlərə gəlib çatmışıq:
Böyük -kiçik bilənin,
Yeddi yaşı olsa yetmişə bənzər.
Yersiz ağlayanın, yersiz gülənin,
Bitməmiş süfrəsi bitmişə bənzər.

Böyük gələn kimi, kiçik durmasa,
Ədəb-ərkan ilə halın sormasa,
Köndələn uzansa, bardaş qurmasa,
Əsli, nəcabəti bitmişə bənzər.

Müftə yeyib, haqqa bir iş görməyən,
Zəhmətin üstindən sinə gərməyən,
Bir ağac əkməyən, bir gül dərməyən,
Ömrünün mənası bitmişə bənzər.

Böyüklərdən üzr istəyərək nəvələrimi hüzurunuza çağırıram: Şükran, Vəfa, Bəhruz, Banu, Fərəh, yanıma gəlin! Bu günün körpələri, bu günün mələkləri, gələcəyimin böyükləri, yurdumuzun keşikçiləri.... İstəyirəm ki, bax burdakı böyüklərimizin hərəkətlərini görsünlər, bilsinlər, gələcək yollarının səmtini ona görə bəlirləsinlər.

Nəvələrin hərəsi tək-tək babanı təbrik etdilər, hətta ona 100 il yanlarında olmasını arzuladılar. Onsuz heç bir günümüz olmasın,-dedilər. Bala Bəhruz isə babasını həm təbrik etdi, həm də şərəfinə şeir söylədi:

İzləri seçilir İzlər içində,
Axtarsan taparsan yüzlər içində,
O qədər həyəcanlı sözlər içində,
Qürurla deyirəm babam var mənim!


Ömründən pay kəsib, ömrümə verib,-dedi. Şeirinin davamı alqışlara qərq oldu. Bayaqdan gənclik eşqilə “Xanbağı”nı dövrə vuran babanın könlü qubarlandı, asta-asta şair Hüseyn Arifin sözlərinə söykəndi:
Gah çəliyə dirsəklənib dayanar,
Gah daş üstə dincin alır qocalar.
Gah əlini saqqalına aparıb
Dərin-dərin fikrə dalır qocalar.

Ağrıyanda özü doyar özündən,
Yaş süzülər, qəm ələnər gözündən.
Uşaq kimi uşağın da sözündən,
Tez tutulub, tez darılar qocalar.

Cavanlığın qoxusunu itirib ,
Tay-tuşların çoxusunu itirib ,
Gecə yarı yuxusunu itirib ,
Sübhə kimi oyaq qalır qocalar.

Bəhruz bəy bu qürur dolu kövrək anların təsirindən çıxıb hər halımıza Şükr elədi. Dalınca da bir Uzundərə çaldırıb nəvələri ilə rəqsə başladı. Adama elə gəldi ki, Qara zurnanın Uzundərə sədası Zəngəzurun Gığı dərəsinə qədər havalandı...

Pürülü Kənd İcmasının sədri Əlayət Kərimov, Qaraçimən Kənd İcmasının sədri Hacı Sərvər Hüseynov, Müsəlləm Kənd İcmasının koordinatoru Əkrəm Mustafayev, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Tamxil Ziyəddinoğlu, Qafan icmasının hörmətli ziyalılarından Cavanşir Vəliyev, Əbülfət Babayev və başqaları Bəhruz Piriyevə öz ürək sözlərini, xoş arzularını çatdırdılar. Yubilyarın uşaqlıq çağlarının, gənclik illərinin şahidi olmuş Tacəddin İmanovun təbriki Bəhruz bəyi xeyli kövrəltdi, məclis iştirakçılarına duyğulu anlar yaşatdı. Qeyd etdi ki, Bəhruzun həyatının ilk illəri çox ağır, bəlkə də məşəqqətli keçib. Anasını erkən itirdiyi üçün özü uşaq ola-ola bələkdə yetim qalmış qardaşına həmtay olub. Demək olar ki, özü uşaqlıq yaşamayıb. Uşaq çiyninin birində ana itkisi, o birində yetim qardaş yükü...

Bəhruz, əzizim sən bu yükü mərdi-mərdanə çəkdin. Neyniyək ki, növrağını quranda da yurdumuz yağmalandı. İndi sənin bu 60 illik yubileyin günündə arzum budur ki, növbəti doğum günlərindən birini Bakı- Qafan qatarında qeyd edəsən. Bəlkə içini göynədən Vətən həsrəti onda səngiyər. Bir daha sənə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzulayıram. Bir də arzu edirəm ki, 80, 90 illik yubileylərini beləcə, əzizlərinin və sevənlərinin, ən əsası bu səni dövrəyə alan nəvələrin əhatəsində qeyd edəsən!
Sonda Bəhruz Piriyev hər kəsə təşəkkür etdi:
Əziz dostlar, ellilər, 60 illik yubileyim münasibətilə məni təbrik edən, xoş arzularını bildirən, tədbirimizdə iştirak edərək sevincimizi bölüşən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Sizin diqqətiniz, mənə verdiyiniz dəyər mənim üçün çox qiymətlidir. Allah hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və ruzi-bərəkət versin. Qafanda görüşməyi bizə nəsib etsinki, mən də sizin xeyir işlərinizdə iştirak edim!

Qafan Rayon İcmasının mətbuat xidməti


Paylaş



Bölmə: Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!