Hardan baxsan şəffaf,
tərtəmiz görünür…Kimya elmləri doktoru, professor Eldar Məmmədbəylinin 85 illik yubileyi davam etməkdədir.Onu tanıyanlar- iş yoldaşları, həmkarları yubilyar haqqında müxtəlif məqalə, korresspondensiya, oçerk, hekayə və sair janrlarda yazılar yazıb kütləvi informasiya vasitələrində dərc etdirməklə bərabər dostları da başına yığışıb şərəfinə süfrə açır, şəninə ürək sözlərini söyləyirlər.
Növbəti belə tədbir Abşeron rayonunda keçirilib. Eldar Məmmədbəylini lap gənclik illərindən yaxşı tanıyan
əczaçı həkim Şahbaz Cəfərov 50-60 il əvvəllərə ekskurs edib. Eldar müəllimin insan övladına məxsus ən nəcib keyfiyyətlərə malik olduğunu bildirib. Qeyd edib ki, Məmmədbəyli bu dünyaya xeyirxah əməllər üçün gəlib. Bacararsa xeyirxahlıq edər, bir işi qarşısısına məqsəd qoydusa, məqsədinə nail olmayınca yolundan dönməz. Təpəri, cəsarəti, mənəvi gücü fiziki imkanlarından qat-qat üstündür. Onu daha yaxşı tanımaq üçün uzun müddətli ünsiyyət lazım deyil. Çünki Eldar müəllim dağ çayı kimidir, nə qədər çağlasa da dumdurudur. Hansı yanından baxsan olduğu kimi şəffaf, tərtəmiz görünür. Bu kişi Sovet dönəmində ən gəlirli sahələrdən olan əczaçılığı, aptek müdirliyini buraxıb elmin yolunu seçdi. Yəni pulu-paranı yox, ləyaqəti, şərəfi seçdi və getdiyi hər yeri şərəfləndirdi.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov professorun könül dünyasından, saza-sözə mehrindən, Vətən sevgisindən, millətinə, dövlətinə sədaqətindən söz açıb. Bir az da Eldar müəllimin həyata olan ruhi bağından, onun şeir yaradıcılığından danışıb.
Birinci Qarabağ Müharibəsinin cəsur döyüşçüsü Fərhad Məhərov, professorun mühəndis dostu Kamran Rzayev, Hərbi Jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu Eldar Məmmədbəylini 85 illik yubileyi münasibəti ilə təbrik edib, xoş arzularını bildiriblər.
Pərviz Məmmədov əmisi Eldar Məmmədbəylinin məclisdəkilərə bəlli olmayan cəhətlərindən- elə, obaya, qohum-qardaşa münsibətindən danışıb. Bildirib ki, mən istər elmdə, istərsə də həyatda nə öyrənmişəmsə Eldar əmimdən, bir də Azad Mirzəcanzadədən öyrənmişəm. Lap körpəlikdən bir idealım var, o da əmim- professor Eldar Məmmədbəylidir. Həyatda qazandığım uğurlarda da ən çox onun
payı var.
Eldar Məmmədbəyli yubiley təşkilatçılarına və ünvanına deyilən xoş sözlərə, arzulara görə təşəkkür edib. Sonra dostların xahişi ilə öz əsərlərindən, Səməd Vurğunun, Xəlil Rzanın şeirlərindən parçalar söyləyib. Sonda isə Ayaz Arabaçının şəhid Milli Qəhrəman Natiq Qasımova həsr elədiyi “Səssiz qalmayan zəfər” poemasından ən çox sevdiyi, həmişə təkrarladığı parçanı xüsusi intonasiya ilə səsləndirib:
Yağış yağır dayanmadan Şuşaya,
O yağışın sellərindən öpürəm.
O yağışda qıvrım-qıvrım islanan,
Əsgərimin tellərindən öpürəm.
Qarabağa həyat verdi o haqq qan,
Bax bu idi gözlənilən ən xoş an.
Bu torpağa igid doğan, ər doğan,
Anaların əllərindən öpürəm.
Bu zəfəri hər zərrəmdə duyuram,
Sevincimi göz yaşımla yuyuram.
“Araz boyu muştuluğa yüyürən”,
Dəlidağın yellərindən öpürəm.
Azərbaycan, möhtəşəmdir gur səsin,
Əskilməsin üstümüzdən nəfəsin.
Bu torpağa vətən deyən hər kəsin,
Şirin-şirin dillərindən öpürəm.
Ağlamışam, kükrəmişəm, əsmişəm,
Ürəyimi bir ulduzdan asmışam.
Xəritəmi qucağıma basmışam,
Azərbaycan ellərindən öpürəm.“Bütöv Azərbaycan”