Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 7-02-2026, 16:02
RUHUMU RASTA KÖKLƏYƏN POEZİYA

Məhrux DÖVLƏTZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru,
ADPU-nun müəllimi



Söhrab Tahir-100

RUHUMU RASTA

KÖKLƏYƏN POEZİYA


Mən vətən deyirəm, yanır dil-dodaq,
Vətən də ağızda alovlanarmış!
Yox, hamı bilir ki, sən məndə ancaq ,
Düyünlü yumruqsan, qəzəbli baxış!

Keçmişlə gələcəyin arasında körpülər salaraq həyata müqavimət göstərməkdir şairlik. Gözdən axan yaşları qələmindən şeir kimi axıtmaqdır şairlik. Gümanı söz olub dərdini sözə çevirib cilasına ürək odu qatanlardır şairlər. Hələ nöqtəsizdir bir çoxunun cild-cild kitablara dönən misraları...
...Onun bu dünyadakı 90 illik ömründən sonra qoyub-getdiyi mirasın bədii-estetik, ictimai-fəlsəfi miqyası nəinki 90 ilin, hətta aradan keçən 100 ilin də çərçivələrinə sığışmır. 200 ildən də çox bundan əvvəl “Gülüstan”la viranə qalan yurdumuzun ,“Türkmənçay” fəlakətindən sonra dərdlərinə bir az da dərd calanan xalqımızın, gözyaşı Araz olan millətimizin möhnətinin tərcümanıdır Söhrab Tahirin poeziyası.
XX əsrin 40-cı illərində taleyin sapandı Əli Tudə, Mədinə Gülgün, Balaş Azəroğlu, Hökumə Billuri, Pənahi Makulu və başqaları ilə bərabər Söhrab Tahiri də Arazın o tayından bu tayına atdı və onların vətəndən vətənə mühacirəti başladı...Elə o gündən ürəyi şeirə döndü gözləri qürbət olan şairin.
Taleyi Şimali Azərbaycana bağlansa da, Arazın suları ürəyindən yol saldı. “Dənizlər, dəryalar mənə dayazdır, Ən dərin bir çay var, o da Arazdır”,-dedi Söhrab Tahir. Bu ürəyin yanğısını söndürməyə Araz sularının gücü yetmədi, şairin kədəri könlündən qələminə axdı misra- misra, sətir-sətir...
Onun Araz haqqında şeirləri sərt qışda açan çiçəklər kimidir; hüznü ətrindən çox, ətri az tapılan, ləçəkləri ayaz yemiş, tikanları daha sərt, budağı daha qırılğan, torpağı günəşə möhtac...Söhrab Tahirin Araz haqqında şeirləri suların zümzüməsinə bənzəsə də, çala bilməz ozanlar bu havanı, saz titrəyər, tel qırılar... Sakit axsa da, içində min illik ağrını, bölünmüş vətənin yaralarını daşıyan Arazın susmayan harayıdır şairin sözləri:
Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun
Ortadan qurumuş bir dəli çayda.

Can cövhəri vətən eşqindən mayalanan bu sətirlər bir muğam üstə kökləyir insanı...Rasta bənzəyir Söhrab Tahirin şeirləri; sükutun içində saxlanan bir hayqırtı kimi təmkinli, ağır-ağır...Onun şeirləri bir yanı ümid dolu yanıqlı səs dalğasında Rastla qovuşub uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca keçib, milyonlarla ürəklərə yol tapıb ikiyə bölünmüş vətənin hər yerinə yayılır. Sədası insanı indiki zamandan qoparır, sabahlara yolçu edir, ruhumuzu rasta kökləyir bu poeziya; həsrətin yanğın yerində mənəvi dayaq nöqtəmizə dönür. Söhrab Tahirin şeirlərini oxuyanda anlayırsan ki, bu həsrət yalnız ağrı deyil, həm də insana kimliyini unutdurmayan yaddaşdır. Anlayırsan ki, Araz ayrılıq rəmzi olsa da, sularında iki sahilin kölgəsini görüntüləyərək ümidin də içindən axır, onları bir-birinə yadlaşmağa qoymur. Araz ayırsa da, unutdurmur, əksinə, xatırladır.
Bəlkə də həyat yaşadığımız deyil, yaşaya bilmədiklərimizə necə baxdığımızdan ibarətdir. Söhrab Tahirin poeziyasına dərindən bələd olduqca düşünürsən ki, ağrının-acının içindən keçmək insanı gücləndirər, bu çətinliyin içində nəcib qala bilmək isə insanı başqalarından fərqli qılar. Və beləcə onilliklər bir-birini əvəz etdikcə qəlbinə köç edən sıxıntılar səbrinə heyran qaldı şairin...Arzuları ilə məcburiyyətləri arasında çarəsizlikləri sərt olsa da, nə vaxtsa doğma yurda qovuşmaq ümidi şeirlərinə ruh verdi. Bu ruh onun poeziyasını heç vaxt tərk etmədi:
Qorxaqlar önümdə çöküb əyilsin,
Vətənsiz vüqarım göyə dikəlsin;
Deyin azadlığa ardımca gəlsin,
Mən onun ardınca gəlmərəm daha.


Söhrab Tahir oxucunu təkcə şəxsi nisgilə deyil, ümummilli ağrıya da şərik edir. Vətən anlayışı Söhrab Tahir poeziyasında coğrafi sərhədlərlə məhdudlaşmır. Onun üçün vətən dil, yaddaş, tarix və mənəvi bütövlük deməkdir. Onun yaradıcılığı Cənubi Azərbaycan mövzusunun ədəbi təcəssümündə mühüm mərhələ olmaqla yanaşı, milli yaddaşın qorunmasında əvəzsiz rol oynayır. Söhrab Tahirin yaradıcılığında Cənub həsrəti milli ağrının səssiz fəryadıdır.Bu coğrafi bölünmədən milli faciəyə gedən yol isə Arazdan keçir.“Araz boyda şırımın”qaysaq tutmuş yarasından söz açanda, Təbrizlə Bakı arasında birlik istəyini ifadə edəndə Söhrab Tahir o taylı-bu taylı bir məmləkətin Arazüstü körpülərini salırdı. Bu körpülərin dayaqlarından biri isə o özü idi:
Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha!


Vaxtilə tanınmış ziyalı, türkoloq doktor Cavad Heyət çıxışlarından birin-
də söyləmişdi ki, heç bir millətin ədəbiyyatında mövcud olmayan həsrət
ədəbiyyatımız vardır. Həsrət ədəbiyyatı bizim üçün də dərdlərimizi bölüşmək, mənən birləşmək vasitəsi olmuşdur.
Ayrılıq, həsrət mövzusu uzun illərdir ki, hər iki tayın sağalmaz yarasına çevrilmişdir. O taylı, bu taylı elə bir Azərbaycan şairi tapmaq olmaz ki, xalqın ayrılıq həsrətinə, ağrı-acısına öz münasibətini bildirməsin. Əsrlər bir-birini əvəz edir, siyasi-ictimai epoxalar dəyişir və hər dəfə də Cənub mövzusunda olan ədəbi irs daha təzə, daha yeni nəzəri-estetik baxış bucağı tələb edir. Söhrab Tahirin şeirlərində Cənub həsrəti yalnız keçmişə yönəlmiş kədər deyil, gələcəyə ünvanlanan ümid və çağırışdırır. Şair bu həsrəti milli oyanışın, birliyə çağırışın poetik ifadəsinə çevirir.
Nəhəng insanların sadəcə doğum tarixləri vardır. Bioloji olsa belə, onların həqiqi ölüm tarixləri olmur. Bir insandan ən son söz açıldığı tarix onun ölüm tarixi ola bilər. Söhrab Tahirdən isə əsrlər keçsə də, bu günkü kimi söz açılacaq. Onun həsrət qoxulu, hicran nəğməli, əzəl mübtədası vətən olan əsərləri həmişə özündən də, müəllifindən də söz açdıracaq. Söhrab Tahirin şeirləri ünvanı bilinən, amma vaxtilə yazılıb göndərilməmiş məktublar kimidir. Həsrətdən doğulan misralar indi sanki pərvazlanıb Arazın o tayına uçur, müəllifindən, onun arzularından söz açdırır.
Söhrab Tahirin şeirlərində Cənub həsrəti Azərbaycan poeziyasında milli dərdin ən səmimi və təsirli ifadələrindən biridir. Şair bu mövzunu şəxsi taleyin hüdudlarından çıxararaq ümummilli problem səviyyəsinə yüksəltmişdir. Onun yaradıcılığı Cənubi Azərbaycan mövzusunun ədəbi təcəssümündə mühüm mərhələ olmaqla yanaşı, milli yaddaşın qorunmasında əvəzsiz rol oynayır. On ildən çoxdur ki, şair cismən aramızda yoxdur. Lakin özünün də dediyi kimi:

Dərdi dərd olmuşdur elin də mənə,
Ağladım, bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha!


Paylaş



Bölmə: Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!