Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 24-01-2026, 07:34
NƏ MOLLA LAZIMDIR,   NƏ ŞAH TƏBRİZƏ


ƏJDƏR YUNUS RZA



NƏ MOLLA LAZIMDIR,

NƏ ŞAH TƏBRİZƏ


Yenə çalxalanır, oyanır İran,
İçindən od alıb bax, yanır İran.
Heyif, ümid gəzir şahın soyunnan,
Baş aça bilmirəm mən bu oyunnan.
Nə molla lazımdır, nə şah Təbrizə.
Doğru yolun açar Allah Təbrizə.

Təbriz öz adını tarixə yazıb,
Neçə yağıların qəbrini qazıb.
Şahı arayanlar yolların azıb,
Ya ki, dünənini unudubdular?
Bu yola qoşulmaq günah Təbrizə.
Nə molla lazımdır, nə şah Təbrizə.

Təbrizin öz dərdi, öz səri vardı,
Təbrizin qolları qandallardadı...
Təbriz yaxşı bilir çıxış hardadı,
Məqsədi, yolu da agah Təbrizə.
Nə molla lazımdır, nə şah Təbrizə.

Təbriz öz haqqını qazanacaqdı,
Qolu Quzeyədək uzanacaqdı.
İnanma, desələr usanacaqdı,
Dönməzlik əbədi silah Təbrizə.
Nə molla lazımdır, nə şah Təbrizə.

Hər şeyin vədəsi, vaxtı çatacaq,
Düşmən yuxusuna haram qatacaq.
Təbriz nisgilləri silib atacaq,
Bilir ki, yaraşmaz vay, ah Təbrizə.
Nə molla lazımdır, nə şah Təbrizə.
06.01.2026

TOXUNMAYIN TƏBRİZƏ
(İzrail Təbrizi bombalayarkən)

Nə mollanı sevirəm mən, nə də ki, sionisti,
İnsanlıq əleyhinədir hər birinin hər qəsdi.
Bu qədər də olarmı zülm, dayanın daha bəsdi,
Güneyim də Quzey qədər əzizdir, bilin, bizə.
Gəlin, odla oynamayın, toxunmayın Təbrizə.

Mənimdir Güneydəki hər kəndim, şəhərlərim,
Bu günkü zülmət gecəm, sabahkı səhərlərim.
Hazırdır, hər cağrışına, gəlməyə ərənlərim,
Təbrizə hər düşən mərmi sancılır sinəmizə.
Gəlin, odla oynamayın, toxunmayın Təbrizə.

Danışanda dostam deyib, əməldə əymə, dayan,
O hər gizli xislətiniz çoxdandır mənə ayan.
Budur, dünya önündə mən, edirəm, baxın, bəyan,
Nə olur olsun gücünüz, durammaz qəsdimizə.
Gəlin, odla oynamayın, toxunmayın Təbrizə.

Parça-parça sinəmizin yarası sağalacaq,
Hökmünü zaman verəcək, yerini haqq alacaq.
Üç rəngli bayrağımız Savalandan asılacaq,
Bu milli şansımızı kim qadağa qoyar bizə.
Gəlin, odla oynamayın, toxunmayın Təbrizə.

Güney, Quzey Vətənimdə ürəyimdir Təbrizim,
Çətin gündə söykəndiyim kürəyimdir Təbrizim,
Yüz illərin arzusudur, diləyimdir Təbrizim.
Yandırar Odlar diyarı kim əl vursa bu közə.
Gəlin, odla oynamayın, toxunmayın Təbrizə.
24 iyun 2025, saat 11-33

DİLİNƏ QURBAN
“Tik-Tok”da Güneyl bir qızcığazın Vətən harayının təsiri ilə...

Güneydən, Quzeyə hay, haray salan,
Şirin ləhcəsiylə canımı alan,
Bakını görməyi diləyi olan,
Mən də, türkəm deyən, dilinə qurban.

Dur gəl, gözləyirəm, qurbanın olum,
Sarılsın boynuna , dolansın qolum.
Qoy ki, mən ağlayım, kövrəlim, dolum,
Ağlama, gözünün selinə qurban.

Yol gəzmə, bu sinəm el yolu olub,
Yollar açılacaq, inan az qalıb.
Gələndə Səhənddən gül, çiçək yolub,
Dəstələ, gətir sən, əlinə qurban.

Orda Savalanın zirvəsi qarlı,
Burda Murovdağın dörd yanı barlı.
Çox da, yollar bağlı, ellər aralı,
Bir dilli, bir soylu elinə qurban.

İkiyüz ildir ki, çəkirik acı,
Həsrətdən ağarıb Yurdumun saçı.
Yalnız, bütövıükdür dərdin əlacı,
Müjdələr soraqlı ilinə qurban.
16-03-2025

TƏBRİZİM

Doluxsunmuş gözü yolda qalan mən,
Sal qoynuna könlümü al, Təbrizim!
Xəzan vurmuş çiçək kimi solan mən,
Ürəyimdə yara xal-xal, Təbrizim!

Əlim yetir, ünüm yetir, ayrıyıq,
İllər ötür, ömür bitir, ayrıyıq.
Nələr qalır, nələr itir, ayrıyıq,
İtənləri bir yada sal, Təbrizim!

Acı, şirin xəyallara dalmışam,
Hər gələndən səni xəbər almışam.
Mən mehrimi ayrılığa salmışam,
Qismət ola barı vüsal, Təbrizim!

Sən dönmüsən tariximin büstünə,
Yıxammadı, kimlər gəldi üstünə.
Al başımı dizlərinin üstünə,
Zümzüməli bir layla çal, Təbrizim!

Danış mənə o elimdən, obamdan,
Dağ vüqarlı Şah İsmayıl babamdan.
Danış mənə o davadan, o qandan,
Qulaq asım, kəsilim lal, Təbrizim!

Haçan görən, gül açacaq diləyim?
Gücüm çatan bir qələmdi, neyləyim…
Şəhriyarın”Heydər”ini dinləyim.
Sözü şəkər, ləhçəsi bal, Təbrizim!

Göz yumulur, xəyal qaçır, yatmıram,
Gecə keçir, səhər açır, yatmıram.
Yüyürürəm, yıxılıram, çatmıram,
Nə uzunmuş bir qarış yol, Təbrizim?!

Diridağdan Qaradağa aşaram,
Savalanda selə dönüb daşaram.
Nabələdəm, birdən yolu çaşaram,
Sən gəl mənə bələdçi ol, Təbrizim!

Yorulmaram, ha yüyürəm yol boyu,
Kara çatar bulaqların bal suyu.
Gözləyirəm sağlı, sollu el toyu,
Bir yallıya el tuta qol, Təbrizim!
Ürəyimdən silinə xal, Təbrizim!

BÜTÖVLÜK EŞQİYLƏ
YAŞAYIRAM MƏN


Qaytarın Arazı, döndərin geri,
Vətəni ikiyə bölə bilməsin.
Ağrıyır sinəsi yüz ildən bəri,
Nədən bu torpağın üzü gülməsin?

Əlimi uzatsam, əlim yetəndi,
Di gəl ki, ayaqlar, qollar bağlıdı.
O tay da, bu tay da bütöv Vətəndi
Di gəl ki, cığırlar, yollar bağlıdı.


Kim alıb haqqımı əlimdən mənim,
Mən niyə bağırıb, qışqırmam axı?
Bilsəm də kəsilib kim mənə qənim,
Arazda görürəm yenə günahı.

Günah səndə, onda, məndədi günah,
Araz göz yaşıdı ağlayanların.
Taleyin bizdən də sərt yazsın Allah,
Bu yurdun taleyin bağlayanların.

Quzeydən Güneyə bir qartal kimi,
Gərib qanadımı uça biləydim.
Vüsalda əridib kədəri, qəmi,
O tayı doyunca quca biləydim.

Yamyaşıl, qupquru düzləri gəzib,
Bir bulaq üstündə dincələm bir az.
Meşkində laləli çölləri əzib,
Savalan dağına kaş çıxam bu yaz.

Saymaq istəmirəm şəhəri, kəndi,
Hər birin qəlbimdə daşıyıram mən.
Dağıdıb, uçurub bərəni, bəndi,
Bütövlük eşqiylə yaşayıram mən.

XXX

Qucağım tutan qədər qucaqlayıb mən öpdüm,
Həsrətdən cadarlanmış torpağın sinəsindən.
Parçalanıb, bölünmüş anam Azərbaycanı,
İlk dəfə bütöv gördüm Savalan zirvəsindən...

HAQQININ YOLUNA
ÇIXAN TƏBRİZİM

Hayqıran, kükrəyən selinə qurban,
Güneyli, Quzeyli elinə qurban,
Azdlıq bağıran dilinə qurban,
Haqqının yoluna çıxan Təbrizim!

Ən gözəl, müqəddəs yolun öndədir,
Əyilməz, bükülməz qolun öndədir.
Dünyanın gözləri indi səndədir,
İllər sınağından çıxan Təbrizim!

Niçə yol sinəni sipər eylədin,
Dərdini qılıncla, oxla teylədin.
Haqqını haqsıza isbat eylədin,
Şimşək tək alışıb, çaxan Təbrizim!

Qorxmadın ölümdən, qorxmadın qandan,
Neçə oğulların keçibdir candan.
Güc alıb ele hey o Səttarxandan,
Sabaha ümidlə baxan Təbrizim!

Köçürür dərdini qələm sətrimə,
De, azmı dəyibdir zaman xətrimə...
Gecikmə, gecikmə, vaxtı itirmə,
Fürsəti bəxtinə çıxan Təbrizim!

Artıq yetişibdir, dəyişib zaman,
Çəkilər başının üstündən duman.
Qurtular biryolluq, qurtular, inan,
Zalımın əlindən yaxan, Təbrizim!

Kimlərin kimliyi bilinəcəkdir,
İstibdad, cəhalət silinəcəkdir!
O tay da, bu tay da isinəcəkdir,
Günəş tək odunu yaxan Təbrizim!

TƏBRİZ

Çıxmısan sən haqq yoluna,
Bu yoldan gəl, dönmə, Təbriz!
Qeyrətindən qor almısan,
Alovlan sən, sönmə,Təbriz!
Bu yoldan gəl, dönmə, Təbriz!


Bu gedişin ağır gediş,
Haqq sənindir, haqqa yetiş...
Qıcasa da düşmənin diş,
Bu yoldan gəl, dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Babəkimin odu səndə,
Səttarxanın adı səndə.
Şeyx Məhəmməd Xiyabani,
Pişəvəri durub öndə,
Bu yoldan gəl, dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Quzey, Güney bir candayıq,
Bir ürəkdə, bir qandayıq.
Unutma ki, yanındayıq,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

ÇƏKİLİB YUXUM

Mən yata bilmirəm, çəkilib yuxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Gah ümid çoxalır, gah da ki, qorxum,
Təbrizdən bir xəbər ala bilmirəm.

Mən çoxdan bələdəm o zülümkara,
Tökülən qanlardan həzz alandılar.
Görkəmi dindardır, xisləti şeytan,
Başdan ayağacan yapyalandılar.

Dilini, haqqını alıb əlindən,
Niyyəti bir xalqı çıxarmaq yoxa.
O hansı imandan, dindən danışır,
Faşist erməniyə durursa arxa...

Sözsüz, uzun çəkməz, getməz də belə,
İstibdad, cəhalət boğulacaqdır.
46-cı ildə batırılan Günəş,
Təzədən Təbrizdə doğulacaqdır.


Hələ ki, yatmırıam, çəkilib yuxum,
Təbrizdən bir xəbər ala bilmirəm.
Gah ümid çoxalır, gah da ki, qorxum,
Təbrizdən bir xəbər ala bilmirəm.


GƏLƏ BİLMİRƏM

Yollar bağlanıbdı, gələ bilmirəm
Sənin harayına, hayına Təbriz!
Gözümün yaşını axıdıram mən
Gilə-gilə Araz çayına ,Təbriz!


Gözlərim yol çəkir, qulağım səsdə,
Mən necə dözüm bu hala bilmirəm…
Ürəyim səninlə döyünürsə də,
Qolumu boynuna sala bilmirəm.

O sənin sinənə tuşlanan güllə,
Mənim ürəyimdən, qanımdan keçir.
Sənin küçələrə tökülən qanın
Sel olub, kükrəyib canımdan keçir.

Tarixlər şahidi, qəhrəman şəhər,
Yaşayıb, yaşayır, yaşıyacaqsan.
Haqqı boğulmuş hər bir millətə
Azadlıq haqqını daşıyacaqsan.

Azadlıq, ədalət , bu haqq yolunda,
Dayanma, durma sən, sonacan yeri.
Eşidən anında qurban kəsəcəm
Azadlıq soraqlı o şad xəbəri.

HAQQ NAZİLƏR, ÜZÜLMƏZ

Haqqım deyib, vulkan kimi
Püskürb qalxıb Güneyim.
Bayrağımı Savalana
Qaldırıb, taxıb Güneyim.

Qoyma enə o bayrağı,
Əllərinə qurban olum.
Azadlıq deyib bağıran
Dillərinə qurban olum.

Haqq nazilər, üzülməz,
Doğru deyibmiş babalar.
Dediyindən geri dönməz
Hay deyib qalxan obalar.




Bu günləri illər ilə
Gözləmişik axı biz...
Vaxtdır, verək gəl əl ələ,
Çiçəklənsin diləyimiz.

Çağırıram mən türkləri,
İtirməyək bu vədəni!
Güneyimə arxa duraq,
Buraxmayaq bir də ora
Pusqu qurub, yol güdəni...

Bəzz qalası od çatacaq,
Yerlər, göylər isinəcək.
Koroğlunun nərəsindən
Yer kürəsi diksinəcək.

Qeyrətindən qor götürən
Ümidimiz sönməyəcək.
Haqq yoluna çıxan Güney
Oz yolundan dönməyəcək.

Haray çəkib yüyürəcəm
Quzey boyu muştuluğa.
Savalanın salamını
Çatdıracam Murovdağa.

O qoşa ağsaç dağımız
Alqış desin novrağıma.
Qurtulub töhmətdən Araz,
Çevrilib vüsal çayına,
Su çiləsin ayrılıqdan
Qovurulmuş torpağıma...


Paylaş



Bölmə: Güneyin sesi / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!