20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 9-06-2025, 17:34
YAZIÇI VƏ ŞAİRLƏR CƏMİYYƏTİN  HƏKİMLƏRİDİR


YAZIÇI VƏ ŞAİRLƏR CƏMİYYƏTİN HƏKİMLƏRİDİR
Müsahibimiz Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, "Dostluq" ordenli şair, yazıçı dramaturq və tərcüməçi Farida Afruzdur.

-İndiki dövrdə özbək yaradıcılarının əsas problemləri və çatışmazlıqları nədir?
- Bu, çox geniş sualdır. Ümumiləşdirmək çətindir, çünki bu gün yaradıcıları təhdid edən, onların yaradıcılığına mane olan böyük təhlükələr yoxdur! Yaradıcı ürəyi alovlanan şəxslər üçün demək olar ki, hər cür şərait var. Özbəkistan Yazıçılar Birliyi yaradıcılar üçün sərbəst yaradıcılıq üçün əlverişli şərait yaradıb. Qətiyyətlə deyə bilərəm ki, "Dörmon" yaradıcılıq evi buna misaldır; burada gecə-gündüz, münasib qiymətlərlə, rahat şəraitdə yaradıcılar üçün təmiz və rahat otaqlar mövcuddur və yüksək səviyyəli xidmət göstərilir. Qonşu Qazaxıstan və Tacikistandan gələn yaradıcıların sözlərinə qulaq asanda, onların yalnız Özbəkistanda belə şəraitin olduğunu eşidib sevindiklərini görmüşəm.
Qazax və Tacik yaradıcı dostlarımız:

"Bizdə də belə yaradıcılıq evləri olsaydı,"- deyə bizə həqiqətən heyran qaldıqlarını çox görmüşəm. Bundan əlavə, 2022-ci ildə Parkent rayonunun gözəl "Zarkent" kəndində tikilərək istifadəyə verilmiş "Parkent" yaradıcılıq evi və "Çorvoq" dağlarındakı böyük ədəbiyyatşünas Ozod Şarafuddinov adına "Çorvoq" yaradıcılıq evləri kimi yerlər də yaradıcıları ilhamlandırmaq üçün çox yaxşı şəraitdir. Problemlər və çatışmazlıqlar məsələsinə gəlincə, bu, hər kəsin şəxsi vəziyyətindən asılıdır. Çünki xalq deyir: "Axtaran tapar," yəni əgər yaradıcı həqiqətən yaradıcıq istəyirsə, hər şəraitdə yaratmaq imkanını tapar. Problemlərə və çatışmazlıqlara baxmayaraq, qələmini səbir və istəklə işlədərək, ruhunu alovlandıraraq yaradıcılıq etməyə davam edər.
Bu gün ölkə rəhbərliyinin yaradıcılığa, mənəviyyat, incəsənət və mədəniyyətə göstərdiyi diqqət həqiqətən heyrətamizdir.
-Bu gün ən ağrılı nöqtələr nədir, sizcə?...
-İndiki dövr yaradıcıları-yazıçı və şairlər, ümumiyyətlə ruhani dünyada yaşayan insanlar üçün ən ağrılı, ən sarsıdıcı nöqtə dəyərlərin çökməsidir. Uzun əsrlər boyu insanlığı mənəvi işıqlandıran yaxşılıq, ruhani köklər, müqəddəs duyğular bu günkü qlobal informasiya axını və istehlakçılıq təzyiqi altında yavaş-yavaş unudulur. "İnsanın könlü, əgər mənəviyyatdan kəsilərsə, qurumuş bədənə bənzəyir; xarici gözəllik olsa da, daxili həyat söndürülür." Bu gün biz məhz belə vəziyyəti görürük.
İnsan müasirlik maskası altında özünü zəngin sayır, amma ruhən kasıbdır. İnformasiya çoxdur, amma anlayış yetərsizdir.
Azadlıq var, amma mənəvi yük ağırdır.
Xarici dünya gözəldir, amma daxili dünya boşdur.
Şairin qəlbi bu prosesə laqeyd qala bilməz- o sözlə ağrını ifadə edir, tonla qəlbi oyandırır, fikir ilə ruhu xəbərdar edir.
Yazıçı və şair — bu zamana ruhi həkim, ağrılı dövrə sözlə dərman vuran müqəddəs şəxslərdir.
Onlar unudulan dəyərləri xatırladır, mənəviyyatı yüksəldir, nur istəyən qəlblərə işıq saçırlar.
Beləliklə, yaradıcılar həmişə ruhən ayıq olmalıdır.
-Bu günkü özbək ədəbiyyatında dünya ədəbiyyatı səviyyəsində əsərlər yaradılırmı?

- Özbək ədəbiyyatı- qədim və fasiləsiz inkişaf edən mənəvi zənginlik mənbəyidir. Onun kökləri "Örxun-Enəsay" yazılı abidələrinə gedib çıxır. Bu mənbələr yalnız türk xalqları üçün deyil, bütün insanlıq mənəviyyatı üçün böyük önəm daşıyır.
Özbək ədəbiyyatı əsrlər boyunca İslam mədəniyyəti, Turan sivilizasiyası və yerli xalqın şifahi ədəbiyyatı ilə bağlı olaraq formalaşıb və təkmilləşib. Bu gün də bu ədəbiyyat canlıdır: milli ruh, tarixi yaddaş və müasir dünya görüşü ilə birləşərək gözəl şeirlər, hikmətli əsərlər yaradılır. Onlar dünya ədəbiyyatı səviyyəsində öz yerini tapır.
Müasir özbək yazıçı və şairləri yalnız keçmiş mirasa söykənmir, onu tənqidi şəkildə təhlil edir və yeni bədii ton və üslublarla zənginləşdirirlər. Bu ədəbiyyatımızın davamlı inkişaf potensialını göstərir.
— Əvvəllər şair və yazıçıların çap olunmuş kitabları müzakirə olunub, təhlil edilirdi, səhvlər açılırdı, uğurlar tanınırdı.
Məncə ədəbi tənqid zəifləyib...

— Hazırda mən Özbəkistan Yazıçılar Birliyində yaradıcı və təşkilati fəaliyyətimdə əsas diqqəti ədəbi tənqidi canlandırmağa, nüfuzunu bərpa etməyə və müasir ədəbi prosesdə təsir gücünü artırmağa yönəldirəm. Bu istiqamətdə ilham mənbəyim və yol göstərənim 1980-ci illərin ədəbi mühiti, həmin dövrün tənqidi düşüncə və əhvalıdır. Çünki o illərin ədəbi tənqidi təkcə yaradıcıları yüksək səviyyədə qiymətləndirmirdi, həm də milli ədəbiyyatın inkişafında böyük rol oynayırdı.
Bu sahədə tanınmış sahə mütəxəssisləri, akademik səviyyəli ədəbiyyatşünas alimlər, ustadlar və ədəbiyyata biganə olmayan gənc yaradıcılarla aktiv dialoq və əməkdaşlıq aparırıq.
Onlardan alınan fikirlər, praktik təkliflər və uzunmüddətli planlar bizə yalnız istiqamət deyil, həm də mənəvi dəstək, elmi və bədii əsas verir. Fikirlər müxtəlifdir: bəziləri tənqidə akademik əsasların möhkəmləndirilməsini, bəziləri yeni media vasitələri ilə müasir təhlil formalarının yaradılmasını təklif edir. Digərləri isə ədəbi tənqidi yalnız yaradıcıya deyil, həm də cəmiyyətə təsir edən mənəvi vasitəyə çevirmək zərurətini vurğulayır. Bu müxtəlif fikir və mülahizələr əsasında biz ədəbi tənqidin canlı qüdrətini bərpa etməyə, onu oxucu və yaradıcı arasında canlı dialoq vasitəsinə çevirməyə çalışırıq. Bu prosesdə tənqid yalnız ədəbi deyil, fəlsəfi, ruhani, mədəni və sosial ölçülərini də nəzərə alaraq onun elmi əsaslarını gücləndirmək, qiymətləndirmə meyarlarını yenidən gözdən keçirmək, həmçinin gənc tənqidçiləri yetişdirmək və elmi əsaslarla dəstəkləməyə xüsusi diqqət ayırırıq.
-Dramaturgiya digər janrlardan nə ilə fərqlənir?
-Dramaturgiya mənim qəlbimin təsviridir. Dramaturgiya səhnə dili vasitəsilə insan ruhunu, cəmiyyətin dərdlərini, qəlb ağrılarını dərin ifadə etmə sənətidir. Bu, insan duyğularının ən incə tellərinə toxunur, sözü hərəkətə, fikri səhnə ifadəsinə çevirir.
Qeyd etmək istəyirəm ki, “Oloy malıkəsi Qurbancan dodxon” kimi tarixi-sosial məzmunlu əsəri mən dramadan başqa heç bir janrda tam ifadə edə bilməzdim.

Bu obraz səhnənin nəfəsini, həyati hərəkət və mübarizəni, cəsarət və fədakarlığı tələb edirdi. Onun daxili dramı, xarici mübarizəsi və xalq dərdi ilə yaşaması ancaq dram vasitəsilə həqiqi qüvvəyə malik olur.
Dramaturgiya mənim üçün təkcə yaradıcılıq istiqaməti deyil-fikrin hərəkətə, duyğunun təsirə çevrilmə prosesidir. Bu mənə insan qəlbinə təsir etmək, keçmişlə bu günü körpüləmək, milli tarix və ruhu müasir nəfəs ilə ahəngləşdirmək imkanı verdi. Drama vasitəsilə mən həyatın ağrısını da, ümidini də, insan dəyərini də daha dərindən hiss etməyə başladım.
-Tərcüməçi kimi müxtəlif ədəbiyyatların qarşılıqlı əlaqəsi və təsiri barədə fikriniz nədir? Hansı əsərləri oxucuya çatdırmaq lazımdır?
- Tərcümə xalqları xalqlara, dilləri dillərə bağlayan qızıl körpüdür.
Bu körpünün möhkəmliyi və davamlılığı daim diqqət və qayğı tələb edir. Daim yeni-yeni tərcümələrlə zənginləşdirmək vacibdir. Ona görə də qardaş xalqların milli və ümumbəşəri ruhda olan əsərlərini keyfiyyətli, bədii və elmi cəhətdən tam tərcümə edib, onları özbək oxucusuna çatdırmaq təkcə mədəni vəzifə deyil, həm də beynəlxalq dostluq və həmrəyliyə xidmət edən şərəfli missiyadır.
-Şair və nəsrçi kimi nələrdən ilham alırsınız, təsirlənirsiniz?

- İlhamımı həmişə varlığın saf nəfəsindən, təbiətin misilsiz gözəlliklərindən almışam. Qəlbimdəkı hər duyğu, fikir və obraz təbiət mənzərələri ilə söhbətdən, həyatın səmimi notlarını dinləməkdən doğulub.
Təbiət mənim üçün gözəllik, heyranlıq və ilham mənbəyidir.
Şeirlərimdə də təbiətin nəfəsi, varlığın gözəlliyi ilə insanın daxili aləmini, hisslərini ifadə etməyə çalışmışam.
İlham mənbəyim həyatın özüdür, onun saflığı və sadəliyidir.
-Gündəlik həyat və yazı vaxtı arasında necə tarazlıq saxlayırsınız?
- Həmişə gündəlik, məişət qayğılarımdan yaradıcılığı, yazmaq arzusunu üstün tutmuşam. Lakin anayam, qadınam, ailəm və onun iç mühitinin bütövlüyünü qorumağa məsul olduğum üçün hər ikisinə bərabər vaxt ayırmışam.
Allahın köməyi ilə bu zəhmətimin bəhrəsi böyükdür -əmin-aman ailəm, uşaqlarım, nəvələrim var ki, ruhuma rahatlıq verir, sağlam və gözəl həyat yaşayırlar.
Yaradıcı işlərimə gəldikdə, nələrə nail olduğumu və ya yazdıqlarımın səviyyəsini mən yox, mütəxəssislər qiymətləndirməlidir; özüm haqqında bu barədə analiz aparmaq çətindir.
-Müasir ədəbiyyatın köhnə ənənələrdən fərqi nədir?

Gənc nəslə münasibətiniz necədir?

- Müasirlik adından da göründüyü kimi yenilikdir.
Fərqi məhz bu yenilikdədir! Gənc nəsil ruhu və yaradıcılığına münasibətimə gəldikdə, hazırda gənclərlə işlədiyim üçün qeyd etmək istəyirəm ki, gənclərdəki minnatsızlıq halı mənə uyğun deyil, çoxunun yaradıcılığındakı narazılıq, fasiləsiz narazılıq əhval-ruhiyyəsi yaxşı hal deyil.
Ömrünün çoxunu yaşamış, dünyanın yüksəliş və enişlərini görmüş, həyatın isti-soyuq günlərini ürəyindən keçirmiş böyük bir nəsil nümayəndəsi kimi gəncləri izləyərkən bu minnatsızlıq ruhunun onlar üçün təhlükəli olduğunu düşünürəm.
-Obrazların daxili dünyasına daxil olmaq üçün hansı metodlardan istifadə edirsiniz? Şəxsi araşdırmalarınız necə təsir edir?

— Yaradıcılıq prosesi həqiqətən, daim hərəkətdə olan, canlı bir orqanizm kimi içimizdə yaşayır; yaradıcı ağladıqda ruhu da ağlayır, güləndə gülüşün, ağrıyanda ağrısını çəkir, sevindikdə sevinir.
Obrazların daxili dünyasına gəlincə, hər yaradıcı dünyaya öz yaradıcılıq pəncərəsindən baxır və əlbəttə orada əks olunanları təsvir edir.

Söhbətləşdi:
Cahangir NAMAZOV,

“Butov Azərbaycan” qəzetinin Özbəkistan üzrə təmsilçisi.
Azərbaycan Jurnalistlar Birliyinin üzvü.



Paylaş



Bölmə: Sosial / Müsahibə / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!