20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 14-06-2025, 20:37
DÜNYANIN HAZIRKI QLOBAL PROBLEMLƏRİNİN   HƏLLİNDƏ UKRAYNA PROBLEMİNİN YERİ

Professor Eldar Məmmədbəyli yazır:

DÜNYANIN HAZIRKI QLOBAL PROBLEMLƏRİNİN

HƏLLİNDƏ UKRAYNA PROBLEMİNİN YERİ


Bütün Rusiya cilovsuz və insanları ən dəhşətli, mənasız qətllər törətməyə sövq edən vəhşi instinktlərdən dəhşət içində inildəyir.
L.N.Tolstoy. Heç kimi öldürmə



Hazırda biz insanların yaşadığı yer kürəsində onu titrədən elə qlobal problemlər ortaya çıxmışdır ki, onların həlli olduqca çətindir, demək olar ki, mümükünsüz kimi görünür. Baş verən qlobal problemlərin həll yolunun tapılması və yerinə yetirilməsi məsələsində bütün əmək, yaradıcı, elmi fəaliyyətində şaquli istiqamətdə dərinliklərə baş vurmağa həvəssiz olan, üfüqi istiqamətdə yayılmış formada işləməyi üstün tutan müsəlmanlar, onların aparıcı tərkibinə daxil olan türk dünyası (özəlliklə Azərbaycan türkləri), bu çalxalanan dünyanın qaynar qazanında yerləşən insanlar üçün dünyalarca mürəkkəb proseslərin mənasını dəqiq başa düşməsi və özləri üçün daha əlverişli mövqeni seçməsi, ağıllı hərəkət etməsi, müqayisəli baxsaq, daha çətindir.
Bəşəriyyət ətrafda baş verən kataklizmlərdən, tufandan, dəniz və okean püskürməsindən, zəlzələlərdən, güclü yağışlardan, qasırğalardan, içməli su və bütovlükdə susuzluq problemlərindən, qlobal istilik problemlərindən, suyu, havanı, torpağıın ekoloji cəhətdən çirkləndirən tullantılardan əziyyət çəkir, qorxur.
Təbii və süni sürətdə yaradılan müxtəlif patogen mikroorqanizmlər tərəfindən törədilən müxtəlif qorxulu infeksiyalar, dərman azlığı, bir çox kasıb ölkələrdə qida çatışmazlığından əziyyət çəkən uşaqların və qocaların problemləri və digər problemləri həll edə bilməyən qoca dünyanı müharibə yolu ilə özünə tabe etmək istəyən iri dövlətlərin əlindən qurtarmaq indi ən zəruri məsələdir.
Dünyada yeni düzən yaratmaq bəhanəsi ilə onu yenidən bölmək istəyən və ya köhnə, sıradan çıxmış imperiyasını bərpa etmək məqsədi güdən iri dövlətlər bu bəlaların qarşısını alıb sülh və barışmaq əvəzinə istehsal etdikləri silahları satmaq, torpaqları zəbt etmək, insanları qırıb talamaq yolunu tutmuşlar.
Hazırda, dünyanın belə qaynar qazanların, od-alovun içində qovrulan, dağıdılan bölgələrindən biri Ukraynadır. Hamımızın əvəzinə azadlıq uğrunda vuruşan, canından keçən ukraynalılar haqqında öz fikirlərimi nəzərinizə çatdırmaq istədim.
Belə bir deyim var: Zülm etmək, qırğın törətmək, hər şeyi dağıtmaq fəaliyyəti vaxtaşırı olur, amma xeyirxah işlər, qurmaq, yaratmaq əməlləri stabil olaraq həmişə davam edir. Qeyd etdiklərimə əsaslanaraq dünya liderlərinə üz tutub deyirəm, bu qanlı müharibələrdən əl çəkin! Xeyirxah insanlara, ziyalılara, din xadimlərinə, əsgərlərə, hamıya-hamıya müraciət edirəm, gəlin bu müharibələrin qarşısını almağa çalışaq. Dörd ilə yaxın müddətdə davam edən Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına kömək edək. Təcavüzkarın müstəqil dövlətin, BMT-nin tanıdığı sərhəddindən çıxmasını tələb edək. Hamı bilməlidir ki, azad dünyanın, demokratiyanın taleyi burada həll olunur.
Amerika sosioloqları və camaatı sorğu statistikasını çox xoşlayır və müxtəlif sorğulara ürəkdən inanırlar. Görünür, bu ondan irəli gəlir ki, onların ölkəsində həmişə bu sahəyə ciddi yanaşılır. Sorğuda ıştirak edən hər kəs dəridən-qabıqdan çıxır ki, anketdəki suallara doğru-dürüst cavab versin. Amma bizim ölkəmizdə aparılan sosioloji sorğulara, özəlliklə, Zahid Orucun apardığı sorğulara şübhəli yanaşanlar çoxdur. Amerikalılar həmişə müxtəlif sahələrə dair: dünyanın ən yaxşı adamı, dünyanın ən qətiyyətli kişisi, Who is who? (Kim kimdir?) və s. sorğular aparırlar. Son illərin sorğularında bir çox hallarda dünyanın ən qətiyyətli kişisi sorğusunda V.Putin birinci yerə çıxırdı. Amma ən sonuncu sorğuda bu yeri Ukrayna prezidenti V. Zelenski tutdu. Çox qəribədir, dünyada (yer kürəsində) baş verən hadisələri yüksək dəqiqliklə izləyən ABŞ, İsrail və Britaniya kəşfiyyatı Rusiyanın Krımı bir gecədə necə asanlıqla tutduğunu əvvəlcədən görə bilmədilər, Putin və Rusiya dünyanın bir saylı bəlasına çevrildi. Allaha şükür olsun ki, Rusiyanın Ukraynaya hücumunu kəşfiyyat tam dəqiqliyi ilə əvvəlcədən xəbər verdi.
Əziz oxucular! Peyratesdən (pirat, dəniz qulduru - yunanca) ötrü dünyada işdən başqa heç nə mövcud deyil. O sözün həqiqi mənasında var-dövlətin bolluğundan çatlayır, sərvətini yığmağa yer tapmır. Onun mülkləri və müəssisələri bütün dünyanı başına götürüb, şeytanla birgə işləməkdən xeyir gəlməz. Nəzərinizə çatdırmaq istəyirəm ki, planetimizdə insanlar tərəfindən baş verən haqsızlığın hamısını şeytanın üstünə yıxmaq Allahın təkliyi prinsipinə uyğun gəlmir.
Onu da deyim ki, mən Ukraynanı uşaqlıqdan sevirdim. Kəndimizdə olan ən yaxşı alma növünün adı “Ukrayna alması” idi. Hələ uşaqlıqdan bir ukrayna mahnısını əzbərləmişdim:

Я хожу, не смею волю дать словам
Милый мой, хороший догадайся сам.
(Neyləyim söz açmaq gəlmir əlimdən
Özün duy əzizim bu sevgini sən)


Hərdən bu mahnını Sarıtel saz havası üstündə dodaqaltı mızıldanırdım.
Yeniyetmə vaxtımda əsgərlik xidmətini Ukraynada çəkmiş bir yaxın qohumum ordudan sonra ukraynalı bir qızla evlənib, özü ilə kəndimizə gətirmişdi. Necə mədəni, tərbiyəli və gözəl xanım idi, bu Tamara xanım. Mən elə bilirdim ki, (elə indi də elə bilirəm) o türk (azərbaycanlı) qızıdır. Sonra aspirantura illərində SSRİ-nin EA Kimyəvi-fizika İnstitutunda istedadlı, yüksək təfəkkürlü və mədəni insanlar olan: Gena Şustov, Nikolay Rudçenko, Zon İlya, Gela, və s. çoxlu sayda ukraynalı yoldaşlarla Moskva şəhərində elmi işlər aparırdıq. Bu qeyri-adi uşaqlarla (o dövr üçün biz uşaqlar idik) çox yaxın dostluq əlaqələri yaranmışdı. Əsasən Dnepropetrovsk şəhərindən gələn bu uşaqlar hamısı müdafiə edib bütün dünyaya səpələnmişdilər (ABŞ, Kanada və Avropa ölkələrinə).

Azərbaycanın və Ukraynanın müstəqilliyindən sonra tale elə gətirdi ki, mən 2000-ci ilin may ayının 21-27-sində Azərbaycan nümayəndə heyətinin tərkibində Ukraynaya səfər etdim. Bu səfər mənə Ukrayna və ukraynalılarla daha yaxından tanış olmaq imkanı verdi.
May ayının 21-i, 2000-ci ildə Bakıdan Kiyevə uçduq. Heyətin tərkibi 12 nəfərdən ibarət idi: 1)Rüstəm Məmmədov Prezident Aparatının bölmə rəisi; 2) Mehman Cavadoğlu-Müsavat qəzeti; 3) Həsən Quliyev – “Turan” i/a eksperti; 4) İradə Bağırova–Space Tv; 5) Elşən Şirinov-“Azadlıq” qəzeti; 6) Elmira Abdullayeva – “Зеркало” qəzeti; 7) Çingiz Sultansoy-Bakı mətbuat klubu (qrupun rəhbəri) və adını unutduğum digər səxslər.
Kiyevin mərkəzində Rus otelində yerləşdik. Çox gözəl şəraiti var idi bu otelin. Hamımız təkadamlıq nömrədə yerləşdik. Axşam yeməyini yeyib, şəhərlə tanış olmaq ümidi ilə yatdıq. Mayın 22-də səhər yeməyindən sonra, bizi qarşılayan nümayəndələrlə birlikdə Kiyevin köhnə təhsil müəssisəsi olan Kievo-Moqilian akademiyasına getdik. Bu akademiya 1615-ci ildə Ukrayna Polşanın tərkibində olan vaxt açılmışdır. Akademiya köhnə avropa memarlığı üslubunda olan binada yerləşdirilmişdir. Ukrayna Rusiya ilə birləşdikdən sonra 1871-ci ilə qədər işləmişdir, sonra isə bağlanmışdır. Sovetlər Birliyi zamanında akademiya “Hərbi-dəniz siyasi məktəbi” kimi fəaliyyət göstərmişdir. Kravçukun ölkəyə rəhbərlik etdiyi vaxtda Moqilian akademiyası kimi fəaliyyətə başlamışdır. Dərslər həm rus, həm də ukrayna dillərində keçirilir. Dərslər 1991-ci ildən ancaq ukrayna dilində keçirilir. Biz orda olarkən mühazirələr ukrayna dilində oxunurdu. İlk dəfə yeni qəbul qaydası test üsulu ilə aparılırdı. Böyük, yaxşı təchiz olunmuş laboratoriyalar var idi. Rektoru kollektiv özü seçir. Humanitar, təbiətşünaslıq, iqtisadiyyat, sosiologiya fakültələri var idi.
Prezident seçkiləri zamanı əsas mübarizə Kuçma və kommunistlər arasında gedirdi. Bu zaman çoxlu qanun pozuntularına yol verilmişdi. Müxalifət seçki zamanı birləşə bilməmişdi. Aşağıdakı partiyalar: Ukraynanın Sosialist Partiyası Moroz, sağ partiya Marçuk, Vitrienko (qadın), Simenenko Kommunist Partiyası iştirak edirdi. Çıxış edən qeyd etdi ki, ölkədə islahatlar mütləq lazımdır. Parlamentə (Rada) 450 deputat seçilmişdi. Onlardan 200-ü sollardan təşkil olunmuşdu. Bu seçkilərdə bankir Yuşşenko aktiv iştirak edirdi. Qərb onun tərəfini saxlayırdı (sonralar o prezident vəzifəsini tuta bildi). Kuçmanın ətrafında 7 oliqarxın birləşməsi haqqında söhbətlər gedirdi. Lazarenkonu aradan çıxarmışdılar. Volkov, Surkiç və Medviçi də bu sahədə aktiv fəaliyyət göstərdiyi haqqında çıxışlarda məlumat verirdilər.
Volkov “Возрoждения регионов” partiyasını, başqası isə “Демократический союз” partiyasını təşkil edirdi. Marçuk Timoşenko Energetika Nazirinin birinci müavini təyin edilmişdi. Tarasyuk Daxili İşlər Nazirliyini ələ keçirmişdi. Ortaya belə şərtlər qoyulmuşdu: ya liberalizm, ya da tayfa-klan kapitalizmi. Kuçmanın işi Avropa Şurasının standartlarına uyğun gəlmədi. Konstitusiya Məhkəməsi iki məsələni uyğun həll etdi.
Sonra 2-ci mühazirə oldu. Bu məruzədə ölkədə baş vermiş dəyişikliklər barədə məlumat verildi. Əmək haqqının artırılması və vergilər haqqında qanunun təkmilləşdirilməsi həyata keçirilir. Biznes haqqında normal qanunlar qəbul edilmişdir. Kolxozların yenidən xüsusi formada təşkil edilməsi barədə söhbət oldu.

Sonra Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinə getdik. 1997-ci ilin mart ayından Nazim İbrahimov bu ölkədə səfir işləyir. Səfir və müavini Elman Zeynalov məlumat verdi: Səfirliyin müəyyən sayda əməkdaşları var. 3 hektar sahə Azərbaycan səfirliyinə ayrılmışdır. Səfirlik çox gözəl mənzərəli yerdə yerləşmişdi. Səfirliyin binası müasir şəkildə tikilmiş və burada hər şərait vardır. Azərbaycan diasporu çox güclüdür. Kuçma bunun böyük güc olduğunu deyir. Təşkilatlanma işləri davam etdirilir. Nüfuzlu iş adamları vardır. Kuçma və Kiyev şəhəri merinin azərbaycanlılar tərəfindən güclü müdafiə olunması onlara böyük nüfuz qazandırmışdır. Azərbaycanlı iş adamları kilsənin təmirini təşkil etmişdilər. Azərbaycan məktəbləri açılmışdır. Bakıda Şevçenkoya heykəl qoyulmuşdur. Siyasi sahədə əlaqələr möhkəmlənirdi. Kuçma Dağlıq Qarabağ məsələsində Azərbaycanı açıq müdafiə edirdi. Mən bu müzakirədə aktiv iştirak etdim. Səfir çox səmimi danışırdı. Sonra Azərbaycanın Ukraynadakı diasporu ilə şox yüksək səviyyəli görüş təşkil olundu.
Diasporun aşağıdakı üzvlərini qeyd etmişəm:
Yəhyayev Şakir Yəhya oğlu – konqresin sədr müavini; Quliyev Namiq; Hümbətov; Əsgərov Şöhrəddin-Ukraina Aviokompaniyasının prezidenti; Aslanov İsmayıl; Əbülfəz Qasımov-sədr müavini; Mətanət xanım; Nadir Zeynalzadə- “Savalan” qəzetinin redaktoru; Tələt Əliyev-konqresin sədri çıxış etdilər. Dnepropetrovsk vilayət konqresinin sədri Nadir Zeynalzadə idi.
Mayın 23-də (2000-ci il) Ukrayna Baş Radasında olduq. Bizi yanacaq-enerji komissiyasının rəhbəri Kuçerenko Aleksey Yuryeviç bizi çox mehriban qəbul etdi. Bizim tərəfdən R. Məmmədov çıxış etdi. Görüşdə onun müavini də iştirak edirdi. Müavin həm də Ukrayna və Azərbaycan parlament əlaqələri qrupunun sədri idi. Azərbaycan Ukrayna münasibətləri haqqında, strateji müttəfiqlik, yanacaq sahəsi barəsində ətraflı məlumat verdi. Sonra qanunverici və icra orqanlarının təşkili barədə danışdı. Odessa-Brodi neft boru kəməri haqqında məlumat verdi. Sonra energetika nazirinin müavini Aleksandr Krut ilə görüşdük. Çox məlumatlı və savadlı çıxış etdi. Əlaqələr və Şimal neft kəməri haqqında məlumat verdi. O, Azərbaycanda olduğundan danışdı. Aramızda yaxşı əlaqələr olduğunu qeyd etdi və bu əlaqələri yaxşılaşdırmaq barədə danışdı. Ukrayna xalq hərəkatı təşkilatının qərargahında da olduq. Sədr Gennadi Udovenko nədənsə Ə.Elçibəyi xatırladırdı. Müavini Ponomarçuk da görüşdə iştirak edirdi. Sədr Azərbaycanla dostluq, milli azlıqlarla münasibətlər barədə söhbət açdı. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam müdafiə etdiklərini dedi. Gürcüstan, Özbəkistan, Ukrayna, Azərbaycan, Moldova birliyi haqqında danışdı. Krım tatarlarının müdafiəsi haqqında məsələyə toxundu.
Ukraynanın “Novosti” İnformasiya agentliyində görüşümüz oldu. Olduqca maraqlı informasiya mərkəzi olduğu aydınca görünürdü.
Kiyevdə olduğumuz günlər ərzində çox gərgin işləyirdik. Ayrı-ayrı müxalifət və iqtidar partiyalarının rəhbərliyi ilə görüşlər də maraqlı keçirdi. Onlar bizi çox yüksək səviyyədə qəbul edirdilər. Onu da qeyd edim ki, bizim heyətin tərkibində müxtəlif qruplardan olan nümayəndələrin arasında da təhtəl-şüur olaraq bir yaxınlıq və xoş münasibət yaranmışdı.
Tanışlıq nəticəsində bəlli oldu ki, Avropanın bir çox təşkilatlarının Kiyevdə nümayəndəliyi var və onlar birgə işləyirlər. Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla sıx əlaqələr olduğu aydın gözə çarpırdı. Müxtəlif qrantlar verən təşkilatların Kiyevdə nümayəndəliyi olduğu da nəzərə çarpırdı. Avropa Ukrayna vasitəsi ilə Cənubi Qafqazla, Mərkəzi Asiya ölkələrinin təşkilatları ilə əlaqə yaradırdı. O cümlədən ölkəmizin müvafiq təşkilatları vasitəsi ilə əlaqə yarada bilmişdi. Qısa müddətdə Ukraynanın muzeylərində olmağı bacardıq. Bizi çox mehriban qarşılayıb xidmət göstərirdi ukraynalılar.
Axşam Kiyev-Lvov qatarı ilə Lvova yola düşdük. Vaqonlar və xidmət bizə nisbətən yüksək səviyyədədir. Ukraynanın gözəl təbiətini pəncərədən seyr edirik. Necə gözəldir Ukraynanın yazı? Əla və gözəl bir Avropa şəhərinə çatdıq. İnsanları necə mədəni və qonaqpərvərdir buranın. Mən gözlərimlə bander axtarırdım. Lakin heç nə görünmürdü. “Qrand otel”-ə yerləşdik. Çox əla idi bu mehmanxananın şəraiti. Səhər yeməyindən sonra şəhər merinin görüşünə getdik. Başçı yox idi, müavin bizi qəbul etdi. Sonra brifinq oldu. Mən burada çıxış etdim. Şəhərlə tanış olduq. Çox yüksək mədəniyyət məni heyran etmişdi. Buradakı kilsə, dram teatrı, opera və balet teatrı və digər mədəniyyət obyektləri, şəhər təbiətinin gözəlliyi. Hər şey insanın ruhunu oxşayırdı.
Sonra Brodi şəhərinə getdik. Burada nümayəndə heyətinin hər birinə fotoalbom şəklində yüksək tərtib olunmuş kitab bağışladılar. Bu qiymətli və gözəl kitabı indi də saxlayıram və vaxtaşırı varaqlayıb Ukraynanı xoş xatirələrlə yada salıram.
Lvovda bəzi obyektlərlə tanışlıq məndə heyranlıq yaradırdı. Bu şəhər 1253-cü ildə Qalisko-Volinsku Dövlətinin kralı Danilo Qalitski tərəfindən yaradılmışdır. İ.Franko adına Lvov Dövlət Universiteti 1870-ci ildə yaradılmışdır. Bu universitet öz qədimliyi və müasirliyi ilə seçilir.
Mənim baza ixtisasım əczaçılıq olduğundan Lvov Dövlət Tibb Universiteti ilə də tanış oldum. 1784-cü ildə yaradılmış bu universitet də möhtəşəmdir. Bu inversitetdə digər həkim ixtisaslı kadrlarla yanaşı, stomatoloqlar və əczaçı kadrlar hazırlanır. Mənim üçün maraqlı oldu ki, bu universitetin rektoru Boris Semyonoviç əczaçı olmaqla yanaşı dünyada tanınmış alim idi.
Ukraynada bu mədəniyyət, elm və incəsənət obyektləri ilə tanış olduqda əmin olursan ki, dahi bəstəçimiz Ü.Hacıbəyovun estetik zövqünün, gözəllik duyğusunun dərinliyinin bədii zövqünün kamilliyi, idrakın parlaqlığı və həqiqəti müdafiə cəsarəti heyrətamizdir. Görün geniş elmi fikrin məhsulu olan nə qədər doğru və düzgün nəticə çıxarır: “Mən belə hesab edirəm ki, bütün siyasi və iqtisadi məsələlərin həllində yeganə yol bir çox əsrlərin təcrübəsi nəticəsində avropalıların gəlib çıxdıqları yoldur – sinədən gələn təbii səslə oxumaq yoludur”.
Beləliklə, Lvovla olan tanışlıq məndə bu fikri yaratdı ki, hər bir görülən işdə millət öz səsilə öz taleyini öz əli ilə özü istədiyi kimi həll etməlidir, öz təbii səsi ilə.
Sonra Avropaya gedən Brodi-Odessa neft-boru kəmərinin axırıncı sərhəd məntəqəsində olduq. Bu ətrafda olan tarixi muzeylərə və gəzməli yerlərə, Frans Ferdinandın öldürüldüyü qəsrə getdik.
Səfərin sonunda Kiyevə, oradan da Bakıya uçduq.
Əlvida ey Ukraynanın gözəl paytaxtı Kiyev. Heç vaxt ağlıma gəlməzdi ki, Rus ordusu tərəfindən bu gözəl Ukrayna şəhəri bizim Qarabağımız kimi darmadağın olacaq. Ukrayna xalqı bizim də azadlığımız uğrunda vuruşur, qalib gələcəyinə məndə şübhə yoxdur.
Bu yazını yazdığım zamanda Ukrayna torpağına təcavüz edilməsindən üç il keçmişdi. SSRİ çökdükdən sonra RF-nın yeni müstəqil Ukrayna Dövlətinin başına gətirdiyi oyunlar, vəhşiliklər barəsində ayrı bir yazı yazmaq vədi ilə sizdən ayrılıram. Gələn görüşlərədək.
P.S. Kiyevdən Bakıya gələn təyyarədə mən Borçalı mahalından olan sevimli xalq şairimiz Abbas Abdulla ilə yanaşı oturmuşduq.
Uçuş müddətində maraqlı söhbətlər etdik. Onu Ukraynaya onların dilinə tərcümə olunan şeirlərinin dərc olunması ilə əlaqədar dəvət etmişdilər. Stüardessalar ilə dil tapan şair bizə özü ilə gətirdiyi “dadlı” araqdan içməyə icazə aldı. Nadir hallarda araq içən məni sevimli şairimiz öz şirin söhbətləri ilə elə ovsunlamışdı ki, birdə gördüm meyxoşam. Bakıda hava limanında çox isti idi. Sərxoş vəziyyətdə baqaja verdiyim çemodanı səhv salmışdım. Mənim içi ukrayna şokalad və karamelləri, kolbasa və sosika məmulatları ilə dolu olan çemodanım, nümayəndə heyətinin digər sərxoş üzvününkü ilə dəyişik düşmüşdü. Zəngləşdik və çemodanları vaxtında dəyişdirə bildik. Mən bu yazını yazarkən xəbərlərdə (bu ilin may ayının son günlərində) dedilər ki, ukraynada görkəmli azərbaycanlı şair Abbas Abdullanın yubileyi keçirilmişdir. “Мир тесен”.
Sağlıqla qalın!
Dərin hörmətlə, Eldar MƏMMƏDBƏYLİ,
kimya elmləri doktoru, professor






Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!