Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 14-06-2025, 19:44
Altmışıncıların poetikası": əsrdən-əsrə, nəsildən-nəslə...


Altmışıncıların poetikası": əsrdən-əsrə, nəsildən-nəslə...

"Altmışıncılar nəsli" nəinki sovet və Azərbaycan, eləcə də dünya ədəbiyyat tarixində xüsusi mərhələ hesab olunur. Bu nəsil ədəbiyyata, incəsənətə gətirdiyi yeniliklər, qatdığı fərqli rənglərlə tamamilə seçilirdi. Həmin dövrə xas olan məziyyətlərdən əsası da tarixi, ədəbi, ictimai prosesləri, habelə emosional yükü özündə daşıyan-bədii söz, musiqi, teatr, kino... üzərindən müəyyən mənada "pərdə"nin qalxması, real həyat həqiqətlərinə uyğun təsvirlərin yer almasıdır. Sanki dünya ədəbiyyatında "atmosfer dövranı" yaşanırdı. Bu gedişat sonradan əksər cəmiyyətlərin mənəvi inkişafının rüşeyminə çevriləcək və əbədi həyat qazanacaqdır.
D.Bıkovun "yetmiş illik sovet ədəbiyyatını heç bir tarixdən çıxarıb atmaq mümkün deyildir" fikirlərinin həqiqət yükünü qaldırdıqda görərik ki, nəinki sovet ədəbiyyatının altmışıncıları, ümumilikdə dünyada baş verən bu proses tarixi yaddaşın silinməz gerçəkliyidir. Təbiidir ki, dövrün içində ən mötəbər yerlərdən biri də Azərbaycan ədəbiyyatı və onun “altmışıncılar"ının payına düşür. Bu mənada professor Cahangir Məmmədlinin "Altmışıncılar nəsrinin poetikası" (Bakı, Mimta Yayımları, 2025, 304 səh.) adlı monoqrafiyası olduqca qiymətli, zamanın xarakteristikasına bələdçilik baxımından dəyərlidir. Həmçinin həmin dövrə bədii-publisistik baxış, elmi-nəzəri təhlil Azərbaycan nəsrinin parametrləri ümumdünya ədəbi kontekstində araşdırılır. Kitabın rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və filologiya elmləri namizədi, dosent Ələmdar Cabbarlıdır. Monoqrafiyanın ön söz müəllifi filologiya elmləri doktoru, akademik Nizami Cəfərovdur. Adı çəkilən dəyərli elm adamları, habelə kitabın nəfis tərtibatı, müəllifin yaradıcı-elmi-bədii zəhməti, habelə milli-mənəvi dəyərlərdən doğan düşüncələrinin mayasında altmışıncılar nəslinə, onların bəşəri nəsrinə ehtiram dayanır. Ustad müəllimimiz Cahangir Məmmədli "Çağdaş Azərbaycan povestinin janr xüsusiyyətləri" başlıqlı məqaləsində qeyd edir ki: "Sonralar ədəbi ictimaiyyətin "altmışıncılar" adlandıracağı bu gənclər 60-70-ci illərdə nəsrə dəstə ilə gəldilər və məcbur elədilər ki, həm oxucu, həm də ədəbi-elmi-estetik fikir öz diqqət və marağını onlarda cəmləşdirsin".
Həmin dövrdə söz müəyyən anlamda fikir, düşüncə azadlığında dünyanı dolaşırdı. Ədəbiyyat, incəsənət adamlarına münasibət isə cəmiyyətlərə görə fərqli, yəni qeyri-bərabər idi. Buna baxmayaraq ideya, estetika, istiqamət eyni hədəfə tuşlanırdı. Ədəbiyyatçılar bir növ dünyanı dəyişmək, azad düşüncəli, saf ruhlu adam yaratmaq üçün səfərbər olmuşdular.
Sovet hakimiyyəti isə “Xruşov mərhələsində” şəxsiyyətə pərəstişi sözdə aradan qaldırsa da, ancaq sənəd üzərində bunun əksi idi, yəni ədəbiyyat müəyyən səviyyədə "azadlıq" qazanmışdı. Qərb ədəbiyyatında altmışıncılar bu kultu parodik şəkildə, ironik mənada işıqlandırır, şərh edirdilərsə, ancaq bizdə daha çox dram janrlarının üstünlüyü görünürdü: mütərəqqi ideyaların qələbəsi, haqqın gücünə sığınan sadə əmək adamının təntənəsi və s. Ekranlaşdırılan əsərlərin təsir imkanları daha geniş idi. Yaranan nəsr nümunələri qəribə personajları, ətalətsiz və ədalətsiz tipləri, şəxsiyyətin letargiya vəziyyətini, illüziyalarla dolu personajları, xəyalpərəstləri, maskalanmışları, marginalları ifşa edirdi. Sanki altmışıncılar həmin əsrin qanlı-qadalı dünya müharibələrindən və əlbəttə hələ də davam edən soyuq müharibələr, gizli qarşıdurmalar ərəfəsində yer üzünə göndərilmişdilər.
Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “Kuhi-Qaf və Simurq quşu” məqaləsindəki azad sözün, azadlıq mələyinin, “pəriyi-hürriyyət”in qüdrəti bəşəriyyəti dolanırdı, desək yanılmarıq. Həmin məqalədən oxuyuruq: "Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır". ("Füyuzat" jurnalı).

Qeyd etdiyimiz dövrlərdə ukrayn ictimai fikrində İvan Dzyuba, Mikola Vinqranovski, Miroslav İrçan, İvan Svitliçni.., rus ədəbiyyatında Saxarov, Şaranski, Soljenitsin, Bukovski, Amalrik, Serqey Kovalev... və başqaları yer alırdısa, Azərbaycan ədəbiyyatında da Anarı, Elçini, B.Vahabzadəni, S.Əhmədovu, İ.Hüseynovu, İ.Məlikzadəni, F.Kərimzadəni... bu nəslin bayraqdarları saymaq olar. Onlar sovetin mədəni prosesləri əngəlləməsinə qarşı mübarizə aparır, ana dilinin zənginliyini qoruyur, milli-mənəvi tarixi yaşadır və müdafiə edirdilər. Beləcə, eyni qəlibdə, eyni trafaret üzrə formalaşmış sovet ədəbiyyatında eniş dövrü yaşanır. Yazıçı Anar nəinki bəhs edilən dövrdə, həmçinin o gündən-bu günə qədər yazdıqları ilə oxucu, izləyici qəlbinə rahatlıq gətirməyi yüksək ustalıqla bacarır. Məsələn, Anarın "Otel otağı" əsərində qəhramanın ölümü təkcə müharibənin gətirdiyi müsibətlərdən, Qarabağ dərdindən, ziyalının məişət qayğısından qaynaqlanmırdı. Burada Kərimin ürəyini partladan həm də yalan vədlər, saxta insanlar- cabbarlar, sədiyarlar olur. Anarın mənəvi böyüklüyü, yazıçı qüdrəti onda görünür ki, bu əsər həm də bugünlə ayaqlaşır. Türk dünyasının birliyinə gedən yolda yalançı vətənpərvərlər, boğazdanyuxarı təriflər, hətta tədbirlərdə sovet bayrağını qaldıran "ziyalılar" da peyda olur. Anar cəmiyyət qarşısında təkcə yazıçı missiyasını yerinə yetirmir, həm də bir təbib kimi yaramaz fərdlərin "şəfa" tapmasına xidmət edir. Məsələn, düşünürük ki, bircə "Macal" povestindəki öz mənliyini, şərəfini qurban verən Fuadı xatırlasaq kifayət edər. Görürük ki, altmışıncılar fərdi insanı diqqət mərkəzinə daşıyır. Sosialist realizminə xas olan ideoloji mövzuları dağıdan "altmışıncılar" fərdi insanın daxili dünyasını, psixologiyasını, düşüncələrini, sosial və mənəvi problemlərini açmağı bəşəri missiya olaraq davam etdirirdilər. Çünki təbəddülatlı dövrün altmışıncıları demokratik və insanlığa qayıdış yolu seçmişdilər. Və əgər "'Molla Nəsrəddin'i təbiət özü yaratmışdır", deyiriksə, sovet ideologiyasına qələm əyməyən altmışıncıları da elə bu xalqa, millətə zəmanə yetirmişdi, ifadəsi heç də birincidən geri qalmaz. Tanrı bir də siyasi-ideoloji sərhədlərin türkü-türkdən, qardaşı-qardaşdan ayırdığı bir zamanda bizə Nazim Hikməti yetirmişdi. O, kommunist təbliğatının daşıyıcısı kimi Türkiyədən ayrı düşərək ikinci Vətəninə — Azərbaycana sığınır. Nazim Hikməti zamanın şərtlərinə uyğun olaraq, zahirən sovet siyasi məqsədləri çərçivəsində qəbul etsək də, amma daxilən, batinən məsələ fərqli idi, onu xalq da, düşüncə adamlarımız da türklüyün, türk dilinin simvolu kimi qəbul edirdilər.
Təsadüfi deyil ki, o, Nizami, Füzuli, M.F. Axundov, M.Ə.Sabir, həmçinin müasirləri olan Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Süleyman Rüstəm haqqında məqalələr dərc etdirib. Onun Bakıya dəfələrlə gəlişi altmışıncıların mənəvi dünyasına istilik, yetkinlik gətirib. Bizdə belə bir qənaət də yaranır ki, Anarın "Otel otağı" əsərində Fəxrəddin Manafovun canlandırdığı baş qəhrəman — alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu daxilində müəyyən mənada Nazim Hikmət ruhu da vardır. Sanki müəllif Nazim Hikməti doğma torpağına əsərin sujet xəttilə səfərə çıxarır. Bu nəticəyə gəlməyimizin bir neçə səbəbi vardır: Anarın yetişdiyi ailə, hələ uşaqkən anası, Xalq şairi Nigar xanım Rəfibəylinin ona təlqin elədiyi nümunələr, qaynaqlar içərisində Nazim Hikmətin şeirləri, ələlxüsus da "Günəşi içənlərin türküsü"nün olması və s. Ümumiyyətlə altmışıncıların əksəriyyətinin kamil yetişməsində, məsələlərə xüsusi həssaslıqla yanaşmasında onların boya-başa çatdığı mühitin, ailənin təsiri heç də az deyildi. Çünki o ziyalılar həm də Azərbaycanın ən şərəfli, ən çətin anlarının canlı şahidləri idi. Onlar həm də çətin, həmçinin şərəfli "gecələrdən" keçmişdilər. O gecələrin işıqlı bir səhərində müstəqil günəşi doğmuşdur. O gecələrin sonunda sanballı əsərlər, şeirlər yaranmışdır. Bu mənada Rəsul Rzanın aşağıdakı şeirində sevinc və kədər doğmadır:

Deyirlər,
axşamlar kədər gətirir.
Deyirlər,
can sıxır qaranlıq gecə.
Deyirlər…
Deyirlər…
Gündüzlər necə?

Gündüzlər
səbirsiz gözləyirik ki,
bir axşam olsun,
bir gəlsin gecə!..

Biz əgər iyirminci əsrin əvvəllərinə qayıtsaq, Əhməd bəy Ağayevi, Nəcəf bəy Vəzirovu, Əlimərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni, Əli bəy Hüseynzadəni... diri görəcəyik. Onların 1918-ci ilədək fəaliyyətlərinə, ərsəyə gətirdikləri qəzet və jurnallara, ictimai fəaliyyətlərinə nəzər yetirsək, yaratdığı əsərlərlə tanış olsaq görəcəyik ki, milli ideologiya, dövlətçilik təfəkkürü, dövrün feodal geriliyi, mədəniyyət, ədəbiyyat, əsas da dil məsələlərinə diqqət göstərmişlər. Bunun nəticəsi olaraq sonradan Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapmışdır. Eyni əsrin yarısından qələmlərilə vuraşan yeni nəsil yazıçılar da klassik nəsli təmsil edən sələflərinin milli-mənəvi və ləyaqət yolunu heç şübhəsiz ki, davam etdirmişlər. Və bunun da nəticəsi kimi sonradan müasir və müstəqil Azərbaycan Respublikası qurulmuşdur. Bu gün Türk xalqlarının sıx birliyi fonunda, Turana gedən nicat yolunda, Qarabağımızın yenidən qurulduğu dönəmdə, cənab Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığı qiymətli Sərəncam ərəfəsində böyük şairimiz Zəlimxan Yaqub demişkən, "bizə qalın deyil, qalan kitablar lazımdır". Elə "Altmışıncılar nəsrinin poetikası" kimi...

Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin məzunu


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!