Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                        Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsi yenidən qurulur .....                       
Tarix : 5-05-2024, 13:34
Gözlərə nur çiləyən həkim



GÖZLƏRƏ NUR ÇİLƏYƏN HƏKİM

Həmişə nəzərimizdə saxlamalıyıq ki, hər uğurun arxasında gərgin çalışmaq dayanır. Hər şeyin özünəməxsus qayda-qanunları olduğu kimi məqsədə çatmağın da özünəməxsus qayda-qanunları var. Kim uğur qazanmaq, qarşısına qoyduğu məqsədə çatmaq istəyirsə durmadan, usanmadan çalışmalıdır. Tutduğu mövqedən, sahib olduğu peşədən asılı olmayaraq insanda təkcə təhsil yox, eyni zamanda davamlı çalışmaq, inam, cəsarət olmalıdır.
Qələmə aldığım bu məqalədə də özündə cəsarət tapmış, özü üçün ideal imic təyin etmiş nəcib bir peşə sahibindən, sahib olduğu peşəni sevən, ona qəlbən bağlı olan şərəfli bir həkimdən söz açmağı boynumun borcu hesab etdim. O həkimdən ki, düşündüyü və güvənlə gözlədiyi məqsədlərə mütləq çatacağına inanırdı. Onun inamı, qətiyyəti güclü oldu, əksər hallarda mümkünsüzlüyün olmadığı qənaətinə gəldi. Arzularına sərhəd qoymadı və məqsədinə özünün hakim ola biləcəyini düşündü.
Bütün bu fikirlər onun içində əsaslı təhsil almaq, sevdiyi bir ixtisasa yiyələnmək arzusunu günbəgün artırdı. O, gələcək həyatını mənalı, dəyərli, cəmiyyət içərisində şərəfli ömür sürmək arzusuyla yaşadı. Bu arzuların içərisində ən çox sevdiyi ixtisasa yiyələnmək xüsusi yer tutmaqda idi. Ən böyük arzusu Vətən üçün layiqli bir vətəndaş, cəmiyyətə gərəkli olan peşələrdən birinin sahibi, insanlara öz peşəsi ilə xidmət göstərən savadlı, bacarıqlı və şərəfli həkim olmaq idi ki, bu dəyərli insan hal-hazırda Şəki şəhərində yerləşən “Bonum Medical” klinikasının rəhbəri, tanınmış Oftalmoloq-cərrah İlqar Məmmədovdur.
İlqar Zülüqar oğlu Məmmədov 16 iyun 1976-cı ildə Şəki rayonunun Orta Zəyzid kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta Zəyzid Kənd məktəbində orta təsilini uğurla başa vurmuşdur. 1993-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, “Müalicə-Profilaktika” fakultəsində təhsil almışdır.
2001-ci ildən Şəki Rayonlararası Göz Xəstəxanasında işləmiş, 2011-ci ilin dekabr ayından etibarən Şəki Mərkəzi Rayon Xəstəxanasının Göz Xəstəlikləri Şöbəsində işləmişdir. 2020-ci ilin sentyabrından “Bonum Medical” klinikasında göz həkimi kimi çalışır və eyni zamanda həmin klinikaya rəhbərlik edir.
Belə bir deyim var: “Ağac meyvəsi, insan əməli ilə tanınar.” İnsan üçün ən yaxşı həyat gözəl və mənalı yaşanmış həyatdır. Haqqında söz açdığımız Oftalmoloq-cərrah İlqar Məmmədov da öz həyatını mənalı yaşamaq, gördüyü işin öhdəsindən layiqincə gəlmək, peşəsinə əsil peşəkar kimi yanaşmaq, peşəsinin adını, şərəfini daim yüksəltmək, onu insanlara sevdirmək kimi bir missiyanı öz üzərinə götürmüşdür.
Hər bir insan sahib olduğu peşəni layiqincə sevməli, ona əsil peşəkar kimi yanaşmalıdır. Gördüyü işdə məsuliyyət, diqqətlilik, səliqə-sahman, işgüzarlıq və s. göstəriciləri əsas meyar kimi qəbul etməlidir.
Bütün bu deyilənlərə əməl etmək səhiyyə-tibb sahəsində daha çox tələb olunur. Elə haqqında söz açdığımız, Şəki şəhərində fəaliyyət göstərən “Bonum Medical” Klinikasının rəhbəri, Oftalmoloq-cərrah İlqar Məmmədovun xarakterində olan keyiyyətlər işində öz əksini tapır; müsbət cəhətlərin qorunub saxlanılmasına, işinə əsil peşəkar kimi yanaşmasında böyük rol oynayır. Ən çox gərəkli və vacib bildiyi əlamətlərdən biri kimliyindən asılı olmayaraq insanın cahanın ən ali əşrəfi olduğunu dərindən dərk edir, ona hörmət və izzətlə yanaşır, ehtiyacı olanın cani-dildən xidmətində dayanır.
İlqar Məmmədovun müsbət keyfiyyətləri haqqında çox fikir söyləmək olar. Ancaq onun özü haqqında fikirlərini, həyata baxışını, sahib olduğu peşə haqqında düşüncələrini öz dilindən eşitmək qərarına gəldim. Həkim xahişimi qəbul etdi, həmsöhbət olduq:
- Doktor, Siz cəmiyyətdə sayılan, seçilən həkimlərdən birisiniz. Həkimlik kimi bir peşəni öz istəyinizlə semisiniz,yoxsa valideyinlərinizin arzusu ilə?

- Ümumiyyətlə həkimlik çox şərəfli peşədir. Bu sahəyə maraq məndə uşaqlıq dövründə baş qaldırıb. Göz həkimi olmaq istəyimə səbəb isə anamın gözündə olan problem olub.
Belə düşünürəm ki, yaxşı, ürəkaçan xəstəlik yoxdur. Xəxtəlik insanı həm cismən, həm də ruhən zəiflədən, əldən salan bir haldır. Göz xəstəlikləri isə daha çox həssas və acınacaqlıdır. Dünya işığına ürək açıqlığı ilə baxa bilməmək, yaxud bundan tamamilə məhrum olmaq dəhşətdir.
Göz həkimi olmağımdan məmnunam. Həkim olmaq arzusu məndə hələ orta məktəbin 3-ü sinfində oxuyanda yaranıb. Bir gün televiziyada Topçubaşov haqqında yayımlanan filmə baxıb dedim ki, mən də böyüyüb həkim olacağam. Həm də bayaq dediyim kimi anamın gözündə olan problem məndə bu sahəyə həvəs yaratdı.
Bir sözlə həyata yenidən gəlmək mümkün olsaydı, yenə həkim olmaq istərdim.

- İlk dəfə cərrahi əməliyyatı nə vaxt, harada, kimin üzərində aparmısınız?
-İlk cərrahi əməliyyat apardığım vaxt İnternatura dövrünə təsadüf edir. Bir xəstənin göz almasında bədxassəli şiş var idi. O, milliyyətcə rus olan bir kişi idi. Tanınmış, elmi dərəcəli həkimlə birlikdə idim. O, əməliyyatın ilkin işlərini mənimlə başlayıb, davamını mənə tapşıraraq uğurlar diləyib əməliyyat otağını tərk etdi. Bir az həyəcan hissi keçirsəm də, özümdə güc tapıb əməliyyatı layiqincə başa catdırdım. Uğurla, müstəqil şəkildə mənim tərəfimdən həyata keçirilən əməliyyat nəinki öz çevrəmizdə, hətta universitet səviyyəsində dillər əzbəri oldu. Bu hadisə məndə savadlı, bacarıqlı Oftalmoloq-cərrah olacağıma inam yaratdı.
Həkim işlədiyim dövrdə dəfələrlə ağır əməliyyatlar həyata keçirmişəm ki, bunlardan biri də Qəbələ rayonundan olan Ağasəf dayının gözlərində apardığım əməliyyat olub.
- Tanınmış, şair-publisist, görkəmli tərcüməçi Giya Paçxataşvilinin gözünü bir neçə adlı-sanlı həkim müayinə etmiş, bu əməliyyatın çox riskli olduğunu söyləyərək öhdələrinə götürməmişlər. Siz bu məsuliyyəti öhdənizə götürəndə hansı hissləri keçirirdiniz?
- Bilirsiz, Giya müəllimin bir gözü anadangəlmə kor idi. İkinci gözü də demək olar ki, görmə qabiliyyətini tam itirmək üzrə idi. Ona görə də çox diqqətli olmaq, əməliyyatın riskini anlamaq vacib idi. Mənə verilən məlumata görə o, bütün işlərini zəif görən tək gözü ilə böyüdücü vasitəsi ilə görürdü.
Belə bir söz var: “Niyyətin hara, mənzilin ora”. Özümdə inam və cəsarət tapıb onun gözünü çox çətinliklə, həm fiziki, həm də zehni gərginliyin təsiri altında əməliyyat etdim. Allaha şükürlər olsun ki, uğurlu alındı.
Mən insanlara fərq qoymaq məqsədiylə demirəm, bütün posientlər mənim üçün doğma və əzizdir. Giya müəllimin də görməyi məni çox sevindirir. Axı o nəinki Azərbaycan ədəbiyyatının, həm də bir sıra xarici ölkə ədəbiyyatının inkişafında, yayılmasında öz sözünü deyən, gözünün nurunu bu yola çiləyən şəxsiyyətlərdən biridir.
- Əməliyyat etdiyiniz posientlərin gözündən ilk dəfə sarğı götürülərkən hansı hissləri keçirirsiniz?
- Əvvəlcə onu deyim ki, müasir elm və texnologiya o qədər geniş inkişaf edib ki, bunlar bütün sahələrə öz müsbət təsirini göstərməkdədir. Həkim öz yüksək savadı ilə texnoloji proseslərin işə tətbiqini bacarmalıdır. Belə olduqda keçirilən əməliyyat da müsbət nəticə verir. Mən təcrübə, bacarıq və texnologiyanın imkanlarını birləşdirəndə əməliyyatın uğurlu alınacağına inanıram.
- Təsəvvür edək ki, siz həm ürək, həm də göz həkimisiniz. Eyni vaxtda bir ürək, o bir göz xəstəsi sizə müraciət etsə, hər ikisinin də xəstəliyi son dərəcə ağırlaşıbsa birinci hansı xəstəyə xidmət göstərərdiniz?
-Birinci ürək xəstəsini qəbul edərdim. Çünki kəskin ürək xəstəliyi hər an ölümlə nəticələnə bilər. Ürək bir mühərriki xatırladır. Mühərrikdə ciddi nasazlıq olduqda qəza baş verəcəyi qaçılmaz olur.
-Klinikaya rəhbərliyin məsuliyyəti çoxdur, həkimliyin?
- Hər ikisinin. Ancaq işlərimin çoxunu həkim olaraq xəstələrə xidmətim təşkil edir. Klinikaya rəhbərlik etməyə gəldikdə isə bu sahədə narahatlığım yoxdur. Çünki kadr seçimində heç vaxt yanılmamışam. Bu klinikada tutduğu sahədən asılı olmayaraq hər kəs öz gördüyü işə cavabdeh olduğunu, gördüyü hər bir işdə məsuliyyət daşıdığını yaxşı bilir. Hər kəs öz vəzifəsini can-başla və ləyaqətlə yerinə yetirir.

- Həyat yoldaşınız Günel xanım da həkimdir. Özü də bu klinikada çalışır. Ər-arvad olaraq ikinizin də həkim olmağınıza münasibətiniz necədir?
- Çox gözəl. Mən çox məmnunam. Bu hal ailədə uşaqların da müsbət istiqamətdə böyümələrinə, inkişaf etmələrinə, tərbiyəli, əxlaqlı, savadlı yetkinləşmələrinə yol açır. Bizim bir oğlan, bir qızımız var. Uşaqların böyüyü qızdır, adı da Dənizdir. Orta məktəbdə on birinci sinifdə oxuyur. Ayxan da orta məktəbdə-səkkizinci sinifdə oxuyur. Hər ikisi əlaçıdır. Çox yüksək göstəriciləri var. Gözlərini açıb bizi həkim kimi gördüklərindən hər ikisi həkim olmaq istəyir. Bir valideyn olaraq bu bizi son dərəcə sevindirir. Onlara daim duaçıyıq. Hər birinə dəyərli, şərəfli ömür, mənalı həyat, xoş gələcək arzulayırıq.
- İnsanlara ən çox nəyi arzulayırsınız?
- Can sağlığı. Canı sağ olmayan insanın gözlərinə heç nə görünmür. Əbəs yerə deməyiblər ki, “Sağlam bədəndə sağlam ruh olar.”
- Həyatınızın ən xoş anları.
- Övladlarımın uğurları. Mənə elə gəlir ki, valideyn üçün övlad sevincindən üstün heç nə ola bilməz.
- Heç vaxt xatirinizdən silinməyəcək acı xatirəniz varmı?
- Atamın dünyasını dəyişməsi mənimçün ən acı xatirədir.
-Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Ruhu şad olsun!
- Ən çox sevdiyiniz musiqi və rəng...
- Klassik musiqini çox sevirəm. Rənglər içərisində isə yaşıl və bir qədər mixəyi rənglərdən xoşum gəlir.
- Yolunda hər şeyə hazır olduğunuz nəsə varmı?
- Namus, qeyrət, ləyaqət. Bunlar varsa əsas gərəkli olan hər şey- Vətənə bağlılıq, sevgi-məhəbbət, ən ülvi hiss və duyğuların cəmi, insanın şərəfini zirvələrə qaldıran hər şey var.
- Doktor sizə qəlbən təşəkkür edirəm. Can sağlığı, könül xoşluğu, uzun və mənalı ömür arzulayıram! Görüşümüzün sonunda bir daha deyəcəkləriniz varsa buyurun!
- Mən də vaxt ayırıb gəldiyinizə, mənimlə həmsöhbət olduğunuza görə sizə təşəkkür edirəm. Elimizə-obamıza, xalqımıza tükənməz can sağlığı arzu edirəm. Arzum budur ki, heç kim xəstələnməsin. Heç kəsin gözünün nuru zəifləməsin. Hər kəs bu dünyanın gözəlliyinə, əzizlərinin üzünə təbəssüm qarışıq açıq gözlə baxsın. Allah hər kəsə yar və yardımçı olsun!

OFTALMOLOQ – CƏRRAH
İlQAR ZÜLFÜQAR OĞLU MƏMMƏDOVA

Ey həkim,
səninçün həz zaman duaçıyıq biz,
Şəfalı əllərin daim var olsun.
Heç vaxt görməyəsən qüssə, kədər, qəm,
Yaradan qoy özü sənə yar olsun.

Bir an azalmasın gözünün nuru,
Niyyətin saf olsun, su kimi duru.
Allah nurlandırsın getdiyin yolu,
Məsləkin, əqidən payidar olsun.

Əlində əsməsin cərrah bıçağı,
Gözün yaxşı seçsin qaradan ağı.
Unutma adına bağlı ilqarı,
Həyatın həmişə bəxtiyar olsun.

Qardaş, sən layiqsən şərəfli ada,
Səni sevənlər çox, həddən ziyada.
Məlhəm olmaq üçün doğmaya, yada,
Həmişə əlində ixtiyar olsun.

Nur verdin nə qədər görməyən gözə,
Könlünü oxşadın, durdun üz-üzə.
Allah ömür versin, çatasan yüzə,
Dostlar ətrafında daim var olsun.
Ey həkim, Yaradan sənə yar olsun.



Musa HƏŞİMOV
şair-publisist


Paylaş



Bölmə: Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!