Qalx ayağa Azərbaycan! .....                        “İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı .....                        Telli Borçalının adından dələduzluq .....                        Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                       
Tarix : 5-04-2024, 21:40
GENDER BƏRABƏRLİYİ NƏDİR?


GENDER BƏRABƏRLİYİ NƏDİR?

Mətbuatda ara sıra ölkədə gender bərabərliyinin təmin edilməsi tələbi barədə, xüsusilə ali təhsilli, elmi dərəcəli qadınlar tərəfindən yazılara, çıxışlara, müsahibələrə rast gəlmək olur. Lakin onların məzmununa diqqət yetirdikdə çox vaxt qadınların da kişilərlə eyni nisbətdə, əsasən də yüksək professionallıq, intellektual səviyyə, həm də ciddi məsuliyyət tələb edən vəzifələrə irəli çəkilməsi tələbi irəli sürdükləri məlum olur. Bu mövzunu qabardan ikinci bir kateqoriyalı qadınlar isə cəmiyyətimizdə müğənni, aktrisa, günümüzdə şairə sayılıb öz «mədəniyyət», «mənəviyyatı», «əxlaqı» ilə seçilən məşhurlardır ki, onların gender bərabərliyi barədə düşüncəsi isə əslində cəmiyyətdə qadınların yüngül həyat sürməsinin qanuniləşdirməsi və bunun adi, normal hal kimi qiymətləndirilməsinin təmin edilməsi anlamına gəlir. Sadə ifadə ilə desək gender bərabərliyi, kişi və qadınının iqtisadi-ictimai bərabərliyi anlamındadır.
Bəs əslində gender bərabərliyinin məzmunu, mahiyyəti nədən ibarətdir? Bəşəriyyət öz inkişaf tarixində gender bərabərliyinin hansı mərhələlərini keçmiş və gender bərabərliyinin bu inkişaf mərhələlərində onun ayrılmaz peyki olan mənəvi və əxlaqi dəyərləri necə dəyişir? Gender bərabərliyinin real məzmunuu tam anlamaq üçün onun iki müstəvilə, ailə və cəmiyyətdə bərabərliyinin məzmunu və təmin edilmə qaydaları fərqləndirilməlidir. Belə ki, gender bərabərliyinin hər iki müstəvidə mövcudluğunun təmin edilməsi üsul və qaydalarında fərqlər mövcuddur. Bundan başqa, cəmiyyətdə və ailədə gender bərabərliyi ictimai sistemdə hüquqi hadisə olaraq da ortaya çıxsa da, onların hər iki müstəvidə maddi təminatının xarakteri bütövlükdə cəmiyyətin, iqtisadi sisteminin məzmun və mahiyyətindən birbaşa asılıdır. Yəni, hər bir cəmiyyətin iqtisadi-ictimai quruluşu cəmiyyətdə gender bərabərliyinin də məzmun və xarakterini müəyyən edir. Buna görə də hər bir quruluşun mahiyyətindən irəli gəlib, onun hakim ideologiyası olaraq, həmin quruluşun məqsədlərinə xidmət edən ideologiyada da gender bərabərliyinə fərqli yanaşmalar mövcuddur.
Gender bərabərliyinin əsas elementi bütün iqtisadi-ictimai quruluşlarda ailədə və cəmiyyətdə qadınlar və kişilər arasında mövcud olan əmək bölgüsüdür. Cəmiyyətdə ilk əmək bölgüsü hələ ibtidai icma quruluşunda yaranmışdır. Düzdür, kortəbii, instiktiv olaraq yaranan əmək bölgüsü hər zaman, bu gün də heyvan cütlükləri və sürülərində də mövcuddur. Lakin bu əmək bölgüsü şüurlu əmək bölgüsü olmayıb, onların mövcudluq tələbatından instiktiv olaraq yaranan əmək bölgüsüdür. İbtidai icma cəmiyytəində yaranan əmək bölgüsü də heyvalarda olduğu kimi mövcudluq zərurətindən yaranaraq, təbiətdə özünün istehlak tələbinə yararlı olan nemətləri əldə etməkdən, tarixən qısa bir zaman ərzində əmək vasitələrindən istifadə etməklə maddi nemətlər istehsal edərək, bu prossesdə əmək bölgüsünü tətbiq etməyə başlamışdır. Həm də bu əmək bölgüsü dövrün istehsal səviyyəsinə uyğun sadə əmək bölgüsü olsa da, bu gün gender bərabərliyi deyilən qadınlar və kişilər arasında, təkcə onların təbii, fiziki xüsusyyətlərini nəzərə almaqla müəyyən edilməklə bitməyib, uşaqların, qocaların da təbii durumunu nəzərə alan əmək bölgüsü olaraq yaranıb.
İbtidai icma quruluşunun son mərhələsində xüsusi mülkiyyətin yaranması ilə bərabər, öz mövcudluğunu bu mülkiyyət əsasında təmin edən cütlüklərin icmadan ayrılması ilə müstəqil fərdi ailələrin yaranması prossesi baş verir. Ailənin yaranması da məhz matriarxat dövrünün patriarxat dövrü ilə əvəz edildikdən sonra başlanır. Çünki, matriarxat dövründə insanların əsas qida mənbəyi müxtəlif bitkilər olduğundan və qadınlar sərbəst olaraq bu işlə məşğul olduğundan, ailə anlayışı nəinki bu gün təsəvvür etdiyimiz formada, hətta patriarxat sistemin ilk dövrlərində mövcud olan ailə forması ilə üst-üstə düşmür. Matriarxat dövrünün ailəsi bu gün heyvan cütlüklərində olan ailə məzmununa daha yaxın bir formada mövcud olmuşdur. Belə ki, matriarxat dövründə qadınların ayaqlarına zınqırov bağlayaraq axşamlar nəsil artırmaq üçün özünə tərəf axtarıb seçməsi kimi faktlar məlumdur.
Patriarxat dövrü isə artıq ovçuluq, heyvandarlıq kimi sahələrin meydana gəlməsi ilə birbaşa əlaqəli olaraq meydana gəldiyindən, ailədə kişi ilə qadın arasında əmək bölgüsünün məzmunu da tamamilə dəyişir. Belə ki, ovçuluq, əkinçilik, heyvandarlığın yaratdığı ictimai əmək bölgüsü, ailədə kişi ilə qadın arasında olan ailədaxili əmək bölgüsünün məzmununu da müəyyən edirdi. Çünki, kişi gün ərzində çöldə ov edir, heyvan otarır, əkinçiliklə məşğul olur, qadın isə evdə bişirir, toxuyur və ailəyə məxsus olan ev təsərrüfatı işlərini görürdü. İbtidai icma quruluşunun dağılması və quldarlıq quruluşunun yaranması arasında olan bu dövrdə qadınların ictimai əmək bölgüsündən kənarlaşdırılaraq, ailə çərçivəsində mövcud olan ailədaxili əmək bölgüsündə, həm də ağır pay sahibinə çevrilməsi, istər ictimai əmək bölgüsü, istərsə də ailədaxili əmək bölgüsündə qadınların payına düşən ədalətsizliyin əsas başlanğıcı olub, müəyyən fərqlə bu günə qədər davam etməkdədir.
Quldarlıq quruluşunun yaranması və bu quruluşun mahiyyətinə uyğun olaraq yaranan müxtəlif dinlər ideoloji cəhətdən bütün insanları allahın qulu, reallıqda isə cəmiyyətdə əhalinin mütləq çoxluğunu təşkil edən imkansız təbəqələri, hakim və sərvt sahiblərinin qulu elan etdikdən sonra həm ictimai, həm də ailədaxili əmək bölgüsündə gender bərabərsizliyinin ən ağır fiziki və huquqi hissəsi qadınların payına düşdü. Quldarlıq quruluşunu əvəz edən feodalizm iqtisadi-ictimai quruluşu da gender bərabərliyində hər hansı bir əhəmiyyətli dəyişiklik baş vermədi. Belə ki, feodalizm quruluşu qulu inzibati cəhətdən felən azad etsə də, onun əməyi feodalın mülkiyyətində qalırdı. Təhkimli isə qul statusu daşıdığı dövrdə özünün və ailəsinin qul hüququ çərçivəsində mövcudluğunun qul sahibi tərəfindən təminatını da itirərək, mülkiyyətsiz insanın mövcudluğunu təmin etməyin yeganə vasitəsi olan şəxsi əməyinin də 3/5 hissəsini feodala verməyə məcbur olduğundan özünün və ailəsinin mövcudluğunun təmin edilməsi, qul olaraq mövcud olmaqdan daha çətin idi.
Digər tərəfdən, feodalizm quruluşunda bütün insanları ideoloji cəhətdən allahın, faktiki olaraq onun «yerdəki kölgəsi» olan hakimi mütləqin qulu elan edən din, dövlət mexanizmində də mötəbər mövqe tutaraq mülkiyyətsiz, mülkiyyətli, təhkimli insanların mühakiməsini həyata keçirir, cəmiyyət üzvlərinin mənəvi, əxlaqi dəyərlərini də dinin məzmunu, mahiyyəti tələblərinə uyğun olaraq qul mənəviyyatı və əxlaqı aşılayırdı.
Əmək alətlərinin çox primitiv, istehsal prosseslərinin məhsuldarlığının çox aşağı olduğu, hər bir insanın özünün və ailəsinin mövcudluğunu təmin edilməsinin əsas mənbəyi ev təsərrüfatları idi. Ev təsərrüfatlarında isə adətən işin əsas ağırlığı qadının üzərinə düşürdü. Bu səbəbdən ailədaxili əmək bölgüsündə gender bərabərliyindən söhbət belə gedə bilməzdi. Cəmiyyətin özünün iqtisadi-ictimai sisteminin məzmunu da qadınların ictimai əmək bölgüsündə nəinki gender bərabərliyini, hətta, ümumiyyətlə qadınların iştirakını istisna edirdi.
16-17-ci əsrlərdə Avropada kapitalizm quruluşunun yaranması özündən əvvəlki quruluşlarla müqayisədə insanların inzibati cəhətlə birlikdə onların əməyinin də azad edilməsi, elmi-texniki inkişafın sürətlənməsini və onun nəticələrinin istehsala tətbiq edilməsinə rəvac verdi. Nəticədə müxtəlif iri sənaye və xidmət sahələrinin yaranaraq genişlənməsi nəinki qadın, hətta uşaq əməyinə belə tələbatı kəskin artırmaqla, qadınların ictimai əmək bölgüsündə iştirakını labüd etdi. Bu günə kapitalizm quruluşuna malik olan ölkələrdə, xüsusilə Avropanın iqtisdai-ictimai cəhətdən ən inkişaf etmiş ölkələrin qanunvreiciliyi hüquqi cəhətdən nisbi gender bərabərliyi yaratmaqla bərabər müəyyən iqtisadi mexanizmlər vasitəsilə müəyyən səviyyəli maddi əsaslar da yaradır. Bununla belə heç bir cəmiyyətdə mütləq gender bərabərliyi mövcud deyil.
Mütləq gender bərabərliyinin istər ictimai əmək bölgüsündə, istərsə də ailədaxili əmək bölgüsündə mövcudluğunu təmin etmək mümkün də deyil. Bunun da əsas və həlledici səbəbi qadın və kişinin yaranışından onlarda olan xüsusiyyətlərin müxtəlifliyi olub, bu müxtəliflikdən irəli gələrək həm ictimai əmək, həm də ailədaxili əmək bölgüsündə mütləq gender bərabərliyini istisna edir. Elm və texnika inkişaf edib, insanların həyat tərzi və şəraitinin, eləcə də şüur səviyyəsinin yüksəlməsi ictimai və ailədaxili gender bərabərliyi səviyyəsini əhəmiyyətli dərəcədə yaxınlaşdırır.
Gender bərabərliyi məsələsində iki müxtəlif məqamı da nəzərə almaq zəruridir. Bunlardan birincisi, dövlətin qanunvericiliyində hər bir cəmiyyətdə konkret istehsal, xidmət və sair sahələrinin səviyyəsi və özəl xüsusiyyətlərini nəzərə almaqla, ona uyğun olaraq mümkün ola biləcək gender bərabərliyi səviyyəsini reallaşdırmağa qadir olan iqtisadi-ictimai, o cümlədən hüquqi mexanizmlərin yaradılmasıdır ki, bu funksiya dövlətin üzərinə düşür.
İkinci məqam isə, ailədaxili gender bərabərliyinin təmin edilməsidir. Ailə hər bir xalqın, millətin, ümumiyyətlə bəşərin daimi mövcudluğunun əsası olmaqla bərabər, həm də cəmiyyətdə mikrodövlətlər çoxluğu olmaqla, hər bir dövlətin tərkib hissəsidir. Ailə daxilində baş verən prosseslərin ictimai maraqlar və prosseslərlə birbaşa bağlı olan hissəsi dövlət qanunvericiliyinə əsasən nizamlanır. Hər bir ailənin konkret şəraiti çərçivəsində qadın və kişinin şəxsi xüsusiyyətlərindən irəli gəlib, müxtəlif situasiyalarda yaranan, dövlətin qanunvericiliyi ilə tənzimlənməsi konkret olaraq mümkün olmayan çoxsaylı, çoxistiqamətli, çalarlara malik olan prosses və hadisələr isə hər bir ailədə kişi və qadın arasında mövcud olan real imkan, münasibət və qaydalara əsasən tənzimlənir. Ailədaxili gender bərabərliyi məhz bu qaydada tənzimlənir.
Ailədaxili gender bərabərliyini tənzimləyən kişi və qadının münasibəti isə əsasən onların hər birində mövcud olan mənəvi və əxlaqi dəyərlərin məzmun və mahiyyəti ilə müəyyən olur. Lakin bütün iqtisadi-ictimai quruluşlarda mənəvi və əxlaqi dəyərlərin dayanıqlılığının kütləvililiyinin təmin edilməsində insanın azadlığının maddi və inzibati əsaslarının olması da mühüm əhəmiyyət kəsb edir. İctimai və ailədaxili gender bərabərliyinin məzmununda olan hər iki məqamın çərçivəli və səviyyəsi cəmiyyətdə mövcud olan iqtisadi-ictimai quuluşun məzmunu və mahiyyətindən asılı olaraq müəyyən edilir.
Fərdi və dövlət quldarlığı, fərdi və dövlət feodalizmi, eləcə də iqtisadi-ictimai quruluşunun idealist və materialist dini əsaslarla müəyyən edilib idarə edilən cəmiyyətlərdə gender bərabərliyinin mövcudluğu mümkün olmadığından mən buna toxunmuram. Hətta dünyəvi (materialist) dinlərin (partiyaların) ideologiyası üzərində qurulan və bu gün tender bərabərliyinin, mədəni, mənəvi, əxlaqi dəyərlərinin insan azadlığı, demokratiya, vicdan azadlığı və s. bütün dünyaya etalon kimi sırınan iqtisadi-ictimai quruluşlarında belə gender bərabərliyinin yüksək səviyyədə təmin edilməsi mümkün deyil. Çünki, bu iqtisadi-ictimai quruluşlarda gender bərabərliyinin maddi təminatının dayanıqlı təmin edilməsi üçün zəruri olan iqtisadi və hüquqi mexanizmlər mövcud deyil. Məhz bu səbəbdəndir ki, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsinin bu əsas elementlərinin olmamasından obyektiv olaraq yaranan boşluqları ictimai nəzərdən yayındırmaq məqsədilə ifrat məzmun və çərçivəsi «insan azadlığı», «demokratiya» şüarları altında, əslində gender bərabərliyinin əsas elementləri olan mənəvi və əxlaqi dəyərləri sahəsində anarxiyaya şərait yaradırlar. Məhz bunun nəticəsidir ki, bütövlükdə Qərb ölkələri bu gün homoseksualizm, «holland ailəsi» adlandırılan iki kişinin bir qadınla və əksinə olan tərkibli ailələr, cəmiyyət üzvlərinin təbii artımında anormallıq, cəmiyyət və dövlət üçün təhlükəli olan digər problemlərlə üzləşmişlər. Buna görə də ictimai və ailədaxili gender bərabərliyinin, əlbəttə ki, kişi və qadının təbii fiziki və funksional xüsusiyyətlərinin nəzərə alınması da daxil olmaqla, normal bərabərliyini təmin etmək üçün ilk növbədə dövlətin iqtisdai və hüquqi sistemində bu bərabərliyin mövcudluğunu təmin edə biləcək iqtisdai və hüquqi mexanizmlər olmalıdır. Bundan başqa xüsusilə ailədaxili gender bərabərliyinin mühüm əhəmiyyəti olan mənəvi və əxlaqi dəyərlərin hər hansı bir idealist və ya materialist dinlər əsasında deyil, hər bir cəmiyyətin iqtisadi-ictimai quruluşunun məzmun və mahiyyətinə və cəmiyyətin iqtisadi-ictimai inkişaf səviyyəsinə uyğun olaraq ancaq elmi əsaslarla müəyyən edilməlidir. Ona görə də, mənəvi və əxlaqi dəyərlər daim hər bir cəmiyyətin iqtisadi-ictimai quruluşunda gedən inkişaf prossesi ilə birlikdə, bu inkişafın məzmun və mahiyyətinə uyğun olaraq dəyişən amillərdir.
Bəs Azərbaycanda gender bərabərliyinin mövcud vəziyyəti nə yerdədir? Azərbaycanın 71 il dövlət quldarlığı iqtisadi-ictimai quruluşuna malik olan rus imperiyasının əsarətində olduğu dövrdə bu dövlətin mahiyyətinə uyğun iqtisadi, ictimai, ideoloji tələblər çərçivəsində ictimai və ailədaxili gender bərabərliyini total şəkildə təbliğ, tətbiq edərək, 1200 il feodalizm quruluşu şəraitində islam dininin məzmunu, tələb və qaydaları əsasında cəmiyyətdə formalaşıb, insanların şüurunda, həyat tərzində, adət və ənənələrində dərin kök atmış gender bərabərsizliyini hətta öz quruluşunun tələblərinə uyğun tam dəyişdirə bilməsə də, əhalinin kütləvi şəkildə maarifləndirilməsi, vətəndaşların qul hüququ çərçivəsində mövcudluğunu təmin edən əmək haqqı ödənilən işlə təmin edə bilməsi, qadınların ictimai əmək bölgüsündə kütləvi iştirak etməsi və qadınları son dərəcədə aşağılayan mənəvi və əxlaq normalarının ən azından, əsasən aradan qaldırılması ilə nəticələndi. Həm də insanların, o cümlədən qadınların şüurunu, zehnini islam dininin altıncı əsr səviyyəsində qandalladığı əsarət zəncirindən xilas etdi. Bununla birlikdə vətəndaşların zehninə dövlət quldarlığı ideologiyası olan «bolşevizm» yeridilməsi və dövlət quldarlığı quruluşunun normal gender bərabərliyini maddi cəhətdn nəinki təmin edilməməsi, hətta əvvəlcədən düşünülmüş şəkildə rəsmən qul statusu səviyyəsində çox ciddi olaraq çərçivələnməsi cəmiyyətdə normal gender bərabərliyinin, eləcə də onun mənəvi, əxlaq dəyərlərinin yaranmasına imkan vermədi.
SSRİ dağılıb ölkəmiz nisbi də olsa müstəqillik qazanandan sonra ermənilərin Rusiyanın, İranın bilavasitə köməyilə Respublikanın ərazilərinin 20 faizini işğal etməsi, ölkədə iqtisadi-ictimai strukturlarının bir hissəsi ölü, bir hissəsi iflic, bir hissəsində də anarxiya hökm sürdüyündən, işsizliyin ölkə əhalisinin böyük çoxluğunu əhatə etməsi şəraitində müxtəlif qruplar arasında çox sərt hakimiyyət savaşı gedirdi.
Gender bərabərliyini real olaraq təmin edə biləcək bir quruluşla əvəz edilmədikcə məsələnin köklü səbəb və şərtlərinə bələd olmadan, mətbuatda kimlərinsə dövlətdən gender bərabərliyini, yəni, ictimai əmək bölgüsündə qadınlara kişilərlə bərabər iştirakına şərait yaradılmasının reallaşması mümkün olmayan idealist şüar olaraq qalacaq.
Şapur QASİMİ
29.03.2024
+99455 522-36-15


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!