Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 24-07-2025, 07:19
Səngərdə doğulan əbədilik

Xalidə Xalid
Araşdırmaçı -yazar/Türkiyə


“ÖNCƏ VƏTƏN” layihəsində:
Səngərdə doğulan əbədilik
Azərbaycanımın dəyərli oxucuları!
“Öncə VƏTƏN” layihəsi ilə yenidən sizinləyəm.
Nəzərinizə çatdırım ki, bu layihə Türkiyə mətbuatında Azərbaycan şəhidlərinin tanıdılması ilə başladı və Azərbaycan mətbuatında Türkiyənin ŞƏHİD övladlarının həyat hekayələrini sizə təqdim etməklə davam edir.
Bu, mənim sizinlə “ÖNCƏ VƏTƏN” layihəsində üçüncü görüşümdür.

ŞƏHİD-sadəcə bir ad deyil, müqəddəslikdir. O, vətənin qəlbində əbədi yanan alov, torpaqda böyüyən qürur, azadlıq üçün çırpınan ürəkdir.
ŞƏHİDLİK-insanın ucaldığı ən yüksək zirvə, vicdanın susmadığı, qorxunun qalib gəlmədiyi, qürurun susqunluqda belə danışdığı səcdə yeridir.
Bu yazıda sizə təqdim etdiyim qəhrəman, jandarma baş leytenantı Gökhan Korkut da o müqəddəs səslərdən yüksələn hayqırtıdır.
Onun həyatı sadəcə keçilmiş yol deyil, sevgi, əzm və millətin yaddaşında yaşayan qəhrəmanlıq dastanıdır.
Vətən onunla fəxr etdi, torpaq onu bağrına basdı, millət onu unutmadı…
Şəhid anasının oğul nisgili...

Gökhanım, 1985-ci il, 24 iyul saat 10:45-də dünyaya göz açdı.
Bu anı heç vaxt unutmaram. O doğulanda mənim cəmi 19 yaşım vardı.
İlk göz ağrımız idi. Atası həmin gün işdə idi, xəstəxanaya bizi onsuz apardılar. Səhər icazə alıb gəldi.
O qədər yaraşıqlı, o qədər sevimli bir körpə idi ki, Gökhanım...
Böyüdükcə ailəmizin sonsuz sevgisi ilə əhatələndi.
Mərhəmətli, qoruyucu, mərd, qəlbi sevgi dolu bir uşaq idi. Müəllimləri də onu çox sevirdi.
Hər zaman öz haqqını qoruyardı, heç kimin onun haqqını tapdalamasına izn verməzdi.
Orta məktəb illərində hərbçi olmaq arzusunu gizlətmirdi.
Doğrusu, mən onun hərbçi olmağını istəmirdim. Amma onun təkidi qarşısında etirazım gücsüz qaldı.
Üç dəfə sənədləri geri qaytarılsa da, inadından dönmədi. Dördüncü cəhdində arzusuna çatdı.
Bu yola çıxan beş dostdan yalnız Gökhanım liseyə qəbul oldu, hərbi yolu seçdi.
Antalya Anadolu Liseyinə qəbul olsa da, imtina etdi.
Sevdiyi qızdan ayrıldığını dediyi gün sanki ürəyimdən bir parça qopdu. Onun ailəsi Gökhanın bu seçimlə barışa bilmədi.
İgidim isə Vətən yolunu seçdi. Onlar bu yolun müqəddəsliyini anlamadılar.
Bir gün evə gəlib “Anacan, mən onu unutdum”, – dedi.
Amma səsindəki acını, qəlbindəki sarsıntını hiss edirdim.
Onun üçün başqa bir qız seçdik. Nişan günündə mənə“Ana, səninlə bir az gəzməyə çıxmaq istəyirəm,bəlkə bir də bərabər gəzə bilmədik…”-dedi.
Sanki bilirdi, bu bizim son gəzintimiz olacaq...
İndi onun otağına girəndə divarlardan boylanan baxışlarını, üzümdə nəfəsini hiss edirəm.
Telefon zənglərində onun səsini eşidəcəyimə inanıram.
Əfsus ki, indi yalnız dualarımla, cismani yoxluğundakı həsrətimlə onu qucaqlayıram...
ŞƏHİD atası Vəli kişinin gördüyü yuxu...
Hər şey o yuxudan başladı...

Bir cümə gecəsi Vəli kişi qəribə bir yuxu gördü.
Evlərinin həyətində izdiham vardı – insanların üzündə həyəcan, havada səssizlik...
Oyananda qəlbinə qəribə bir ağrı çökdü. Səhər tezdən oğluna zəng etdi:
– Oğlum, necəsən?
– Əlayam, ata. Hər şey yolundadır, narahat olma.
Gökhan Hakkaridə Xüsusi Əməliyyat Taborunda bölük komandiri idi.
Təyinatını özü istəmişdi – “Vətən üçün” deyərək ən çətin bölgəyə könüllü getmişdi.
Amma o yuxunun sükutu çox çəkmədi...
Ertəsi gün qapı döyüldü. Vəli kişi titrəyən addımlarla qapıya yönəldi.
Qapını açanda qarşısında duran polkovnik-leytenantın dodaqlarından çıxan sözlər onun dünyasını yıxdı:
– Başınız sağ olsun. Oğlunuz ŞƏHİD olub...
Huşunu itirdi. Ayılanda tibb işçiləri başına toplaşmışdılar.
Ətrafında həyat yoldaşının, övladlarının hönkürtüklərini gördü.
Səhəri gün komandirlər ona Gökhanın harada dəfn olunmasını soruşduqlarında:
“ Şəhidlər məzarlığında...”-dedi.
Gökhan 30 min insanın duaları və göz yaşları ilə torpağa tapşırıldı.
Vəli kişi bu kəlamın mənasını oğlunun şəhadətindən sonra daha dərindən anladı:
“Atəş düşdüyü yeri yandırar...”
Mustafa Korkutun qardaş həsrəti…

“Gökhan mənim sadəcə qardaşım deyildi, o, mənim idealım idi,” – deyir Mustafa.
Uşaqlıqda daim onun arxasınca gedərdim. Məhəllədə kim dara düşsə, o an özünü yetirərdi.
Həm qoruyucum idi, həm də oyunlarımızın dadı, ləzzəti. O zamanlar qəhrəman deyildi, amma qəhrəmanlıq onun içində idi...
14 yaşında hərbi liseyə getdi. Onun ayrılığı məndən sanki bir can alırdı. Amma bilirdim – onun yolu başqa idi. O yola tək çıxmışdı.
Son dəfə dəniz kənarında bir yerdə addımladıq. Dalğaların səsi, sükutun içində Gökhanın varlığı...
İndi o sahilə tək gedirəm. Amma hər addımımda sanki o da var – nəfəsi qulağımda, gülüşü ruhumda yaşayır.
Ən çox içimi ağrıdan – Hakkariyə getdiyində onun yanına gedə bilməməyim oldu. Terror vardı, çox təhlükəli idi. Səfərim alınmadı.
“Şəhidlər ölməz!” – bu söz boşuna deyilməyib. Onun hər an bizimlə olduğuna, yenə də bizi düşündüyünə əminəm.
Gökhan təkcə qardaş yox, yüzlərlə əsgərin dayandığı bir dağ, onların içində döyünən ikinci bir ürək idi.
O, sadəcə zabit deyildi – sükutun içində yol göstərən bir səs idi...
Biz ona ‘komandir’ dedik, o bizə ‘qardaş’ oldu…
(Silahdaşı Nazim Şana)

Gökhanla 13 il eyni yolu paylaşdıq. Hər anı yaddaşımıza yazılmış bir roman kimiydi – susqunluğu da danışırdı, baxışları da.
Əsəbi deyirdilər. Əslində, bu, onun məsuliyyət hissindən doğan bir gərginlikdi. Nəyi necə edəcəyini yaxşı bilirdi.
“Olmaz” sözü onun lüğətində yox idi. Onun yanında olmaq – təhlükənin ortasında belə özünü güvəndə hiss etmək demək idi.
Bir dəfə Hakkaridə düşmənin mövqeyini izah etmək üçün torpağın üstünə bıçaqla səssizcə xəritə çəkdi. Sonra gözlərini bizə dikdi:
“Hazırsınızmı?”
O baxış – qorxusuz, inam dolu, sarsılmaz idi. O baxış hələ də gözümün önündədir...
Biz səngərləri, gecələri, qarın içindəki səssizliyi bölüşdük.
Onunla çalışmaq sadəcə əmrlərə tabe olmaq deyildi – bir inancın, bir ruhun birlikdə daşınması idi.
Şəhid olduğu gün içimizdə sanki bir şey qopdu.
Amma son sözləri, o anki davranışı – onu bir daha bizə tanıtdı:
“Məni burada saxlayın. Qoruyucu atəş açın. Düşməni məhv edin.”
O, ağır yaralı idi. Amma özündən çox əsgərlərini düşünürdü. Canını sipər etdi – onları qorumaq üçün.
Bu, sadəcə igidlik deyildi. Bu, Vətənə sönməz bir sevginin son çağırışı idi.
Biz ona “komandir” deyirdik. Amma içimizdə o – qardaş idi.
İndi isə o, ŞƏHİDLİK zirvəsində – bir bayraq kimi susmadan dalğalanır...
O, geri dönməyi heç düşünməyənlərdən idi…
(Mayor Serkan Güvel)
2012-ci illin yay aylarıydı. Gökhanıma zəng etdim. “Nə var nə yox, nə edirsən?”-deyə, soruşdum.
“Çalışırıq” dedi. O dönəmlərdə Şemdinli olayları vardı. Mən də sanki tikan üsündə oturmuşdum, elə hey Gökhanı düşünürdüm.
Dedi ki, “sənin keçmiş bölüyüyünə köməyə gəlmişəm.”
Çaşıb qaldım.Bizim Bolu komando taburu ordaydı. Həmin dönəmlərdə terror qruplaşmaları ilə çox çətin anlar yaşanırdı.
Dedim “Gökhan getmə, biraz kənara çəkil”.
O, qəhrəman dostum düşmənə qarşı təkbaşına irəli atılaraq, cəsurcasına döyüşmüş. Bir də görür ki, ətrafında kimsə qalmayıb. Terrorçuların işində təkbaşınadır.
Bunları mənə özü danışmışdı.Hətta mən də əsəbləşmişdim. “Getmə, sənin geri dönüşünü gözləyirəm” demişdim.
O geri dönməyi heç düşünməyənlərdi. Çünkü onun üçün, sonunu düşünən qəhrəman ola bilməzdi.
Hər kəs onun haqqında xatirəsini danışar. Mənimsə onunla bağlı danışacaqlarım o qədər çoxdur ki...
Ondan mənə uşaqlığımız, bərabər oturduğumuz partalar, pulumuz olmadığı günlərdə son qəpiyimizi birlikdə xərclədiyimiz günlərin xatirəsi yadigar qaldı...

Mərd, dürüst, ürəyi neceydisə, sözü də oydu. Kimsədən qorxmazdı. Döyüləcəyini bilsəydi belə, yenə də hər davaya girərdi.
Məslək yoldaşım, sirdaşım, qardaşım Gökhanım.
İçində fırtınalar qopan komandir...
(Mayor Cihan Ünal)
Gökhanla ilk dəfə tanış olanda cəmi 14 yaşı vardı.
Uşaq yaşında evindən, ailəsindən uzaq düşmüşdü. Çiyinlərinə böyük bir məsuliyyət almışdı.
Hərbi formanı ilk dəfə o zaman geyinmişdi.
Amma əslində, bu forma onun üçün bir and idi – bayrağa, millətə, vətənə səssiz, dərin bir and…
O forma Gökhan üçün sadəcə geyim deyildi – vicdanının, sədaqətinin, məsuliyyətinin simvolu idi.
Və mən əmin idim, bu formanı son nəfəsinə qədər daşıyacaq.
Gökhan sakit təbiətli insan idi. Üzündə həmişə dərin bir dinclik vardı. Halbuki içində fırtınalar əsərdi…
Amma heç kimə hiss etdirməzdi.
Səsi ucalmazdı, amma varlığı dayaq idi. Onunla bir yerdə olmaq – özünü güvəndə hiss etmək demək idi.
Hər kəsə şəfqətli, anlayışlı, insani dəyərlərlə yaşayan bir adam idi.
Heç vaxt rola girmədi-özü oldu.
O, arxamızda bir dağ idi…
Hərbi forma onun üçün sadəcə geyim deyildi…
(Mayor Serkan Polat)
Gökhanı ilk dəfə görəndə cəmi 14 yaşı vardı.
O da ailəsindən uzaq düşmüşdü – balaca uşağın çiyninə geyindirilmiş böyük məsuliyyətin içindəydi.
Hərbi formanı ilk dəfə o zaman geyinmişdi, amma o forma onun üçün göydəki bayrağa, dövlətinə, xalqına olan and idi.
Bu forma onun üçün sadəcə geyim deyildi.
Bu forma – silah yoldaşlarına sədaqətinin, millətinə sevgisinin, Vətənə borcunun canlı simvolu idi.
Mən əmin idim – bu formanı son nəfəsinə qədər çıxarmayacaq.
Gökhan sakit adam idi. Daxilində fırtına qopsa da, üzündə sakit bir dəniz vardı.
Heç kimə o çırpıntıları hiss etdirməzdi.
İçindəki vulkanları susqunluqla örtərdi.
Amma bu səssiz adamın qəlbi sevgi ilə dolu idi.
Hər kəsə qarşı şəfqətli, anlayışlı, ən çətin anda dayaq olan, sarsılmaz bir güvən timsalı idi.
Yanında olanda adamın içini rahatlıq bürüyərdi – çünki, Gökhan varsa, sən yalnız deyilsən.
Onun varlığı – güvənin, mərhəmətin, sədaqətin canlı, nəfəs alan təcəssümü idi.
İnsanlar çox şey deyə bilər, çox rol oynaya bilər.
Amma Gökhan olduğu kimi idi.
Nə içindəki hissləri gizləyərək yalançı gülərdi, nə də mərhəmətini göstərməkdən çəkinərdi.
O, sadəcə komandir deyildi…

Səni heç vaxt unutmayacağıq, komandir…
(Qazi Jandarma Baş Çavuş Arif Büyükakçalı)
Bölük komandirim, jandarma baş leytenantı Gökhan Korkutu xatırlayanda gözümün önünə onun dik duruşu, baxışlarındakı qətiyyət və içimizi isidən səmimiyyəti gəlir.
O, sadəcə komandir deyil – həm dayağımız, həm yol yoldaşımız idi.A rxasında dayananda sanki sinəmizi dağlara söykəmiş kimi hiss edirdik.
Komandirim cəsarətin canlı simvolu idi -təlimli, ayıq və daim döyüşə hazır.
Hər tapşırıqdan əvvəl bölgəni incəliyinə qədər araşdırar, heç bir detala göz yummazdı.
Onun yanında biz həm qoruma altında, həm də ruhən güclü idik.
Gökhanla çox əməliyyata qatıldıq.Hər dəfə onun rəhbərliyi altında qələbə qazanırdıq.
Cəmi 4 ayda illərə bərabər qəhrəmanlıqlar sığdırdı.Əsgərləri ilə bərabər həmişə ön cəbhədə döyüşər, arxada dayanmazdı.
Sərt dağlarda, çətin keçidlərdə, bəzən gecə-gündüz eyni mövqedə dayanırdıq. O, yorulmazdı, sanki bölgənin nəfəsini hiss edərdi.
Komandirim ŞƏHİD dostlarının da yükünü çiynində daşıyırdı.Dostunun şəhadətindən sonra onun bölüyünə könüllü keçdi.
And içdi – ŞƏHİD yoldaşlarının qisasını alacaq!
Fiziki baxımdan da möhkəm idi – idmançı quruluşlu, döyüş ruhlu.
Xidmət bölgəmiz sərt iqlim şəraitindəydi, amma biz geri çəkilmədik – çünki arxamızda Gökhan komandirimiz vardı.
Bu torpaqlar uğrunda çox arzular yarımçıq qaldı.
Atalar oğulsuz, analar balasız, övladlar atasız qaldı.
Amma biz dönmədik…
Çünki biz Vətənə, bayrağa, komandirlərimizə and içmişdik.
Səni heç vaxt unutmayacağıq, komandir…
Əsgərlərinə ata, dost, qardaş idi…
(Əsgər Ali Almacık)
2012-ci ildə, Hakkarinin sərt və soyuq qışında “EFELƏR” taborunda xidmət edirdim.
Orada tanıdım Baş leytenant Gökhan Korkutu.
O, sadəcə 3-cü bölüyün komandiri deyildi – bizim halımıza yanan, ruhumuza dayaq duran bir insan idi.
Hər dəfə bölüyə gələndə əvvəl hal-əhval tutar, səmimi bir səslə soruşardı:
“Nə çətinliyiniz var? Necə gedir işlər?”
Bu sadə sual bizə güvən verirdi.
Bilirdik ki, komandirimiz bizi yalnız vəzifə üçün deyil, insan olaraq düşünür.
Bir gün otağında çay istədi. Sonra isə “Necəsən?” – deyə soruşdu.
– Yaxşıyam, komandir, amma hava çox soyuqdur… – dedim.
Masasından üç cüt qalın corab çıxardı, mənə uzatdı:
“Bunlar keyfiyyətlidir, Ali. Növbəyə gedəndə geyin, ayaqların üşüməsin.”
Bu kiçik jest illərlə unutmadığım bir an oldu.
O, sadəcə zabit deyildi – əsgərlərinə ata, dost, qardaş olan bir ürək sahibi idi.
Gökhan komandir, ŞƏHİD olmuş dostunun bölüyündə xidmət etmək üçün könüllü təyinat istədi.
Bu fədakarlığı onu gözümüzdə bir dağa çevirdi.
O, vəfası ilə sevildi, sadəliyi ilə hörmət qazandı, igidliyi ilə yadda qaldı.
Ruhun şad olsun, komandirim…

TƏRCÜMEYİ-HAL
Gökhan Korkut, 24 iyul 1985-ci ildə Antalyanın Korkuteli qəsəbəsində, Vəli və Leyla cütlüyünün ailəsində dünyaya gəlib.
İbtidai və orta təhsilini Antalyanın Kəpəz qəsəbəsində yerləşən Erenköy İbtidai Məktəbində (indiki İbrahim Doğaner İbtidai Məktəbi) və Mimar Sinan Orta Məktəbində alıb.
1999-cu ildə Bursa İşıqlar Hərbi Liseyinə qəbul olub və dördillik təhsilini uğurla başa vurub.
2003-cü ildə həmin liseyi bitirərək təhsilini Ali Piyada Hərbi Məktəbində davam etdirib.
2007-ci ilin 30 avqustunda, 88-ci buraxılışın jandarma leytenantı kimi həmin məktəbdən məzun olaraq Türk Silahlı Qüvvələrinin şərəfli zabitlərindən birinə çevrilib.
2008-ci ildə Ankaranın Beytəpə bölgəsindəki Jandarma Məktəbləri Komandanlığında zabitlər üçün təkmilləşdirmə kursunu uğurla tamamlayıb.
2008–2009-cu illərdə ilk xidmət yerində – Sinop Jandarma Komandanlığında xidmət edib.
2009–2010-cu illərdə Hatay vilayətinin Dörtyol rayonunda yerləşən Jandarma Komando Tabor Komandanlığında 2-ci Komando Bölüyünün 1-ci tağım komandiri olub.
2009-cu ildə İzmirin Foça rayonundakı Komando Məktəbində komando təkmilləşdirmə kursunu, 2010-cu ildə isə döyüş və fiziki hazırlıq üzrə kursları və Karakol Komandanlığı kursunu müvəffəqiyyətlə tamamlayıb.
2010–2012-ci illərdə Kahramanmaraşın Elbistan rayonunda yerləşən Karahasanuşağı Xüsusi Təyinatlı Jandarma Karakolunun komandiri kimi xidmət edib.
Bu müddətdə Dağ Komando İxtisas Kursu, Paraşüt-Desant Kursu, Daxili Təhlükəsizlik Əməliyyatları üzrə Planlaşdırma və İcra Kurslarını uğurla bitirib.
1 iyul 2012-ci ildə Hakkarinin Yüksekova rayonundakı “Efeler” Tabor Komandanlığına 3-cü bölük komandiri olaraq təyin edilib.
Xidmət etdiyi müddətdə Hatay Amanos dağlarında PKK/Konqra-Gel terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirib.
18 noyabr 2012-ci il tarixində, Hakkarinin Şemdinli rayonunun Tahtataş Təpə bölgəsində baş verən silahlı toqquşma zamanı qəhrəmancasına ŞƏHİD olub.




Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!