Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
26-07-2024, 09:50
Tofiq SALEHİN poeziyasından yarpaqlar


Tofiq SALEHİN poeziyasından iki yarpaq

Azərbaycan

Ey üçrəngli al bayrağım,
Göy üzündə sən dalğalan!
Öz rənginlə tutulubsan,
şəhidlərin al qanından!
Vətən kimi varlığısan, rəmzisən sən Azadlığın!
Qoy olmasın bu dünyada, bircə damcı sinə dağın,
Bir gün belə, tuş gəlmə sən nə borana, nə də qışa,
Qızıl donlu gün, Günəşlə, al baharla dur baş-başa,
Nə bir duman, nə çən qonsun, alnındakı o tunc qaşa,
Əbədi ol bu dünyada, min il belə, azad yaşa,
Azərbaycan! Azərbaycan!

Bu dünyada bircə gün də, dar ayağın, qoy olmasın,
Bu aləmdə nə düşmənin, nə də yağın, qoy olmasın,
Bağ, bağçanda bir çiçəyin, bircə gülün, qoy solmasın,
Azərbaycan! Azərbaycan!

Cəmiyyətim, sənsən mənim,
Hürriyyətim, sənsən mənim,
Səadətim, sənsən mənim,
Məhəbbətim, sənsən mənim,
Ədalətim, həqiqətim,
Qətiyyətim, sənsən mənim.
Canımdakı dəyanətim,
Qolumdakı güc-qüvvətim, sənsən mənim!
Hekayətim, rəvayətim,
Nemətim də sənsən mənim!
Sərvətim də sənsən mənim!
Andım, eşqim, saf niyyətim sənsən mənim,
Axşam, sabah söz-söhbətim sənsən mənim,
Azərbaycan! Azərbaycan!

...Ey ağ saçlı Odlar Yurdu, odu sönməz ocağımsan,
Sən ki, mənim yurdum, yuvam, qızıl, gümüş yatağımsan,
Müqəddəssən yaranışdan, cənnət, behişt torpağımsan,
Azərbaycan! Azərbaycan!

Bir dünyasan, bir həyatsan, külli-aləm, kainatsan!
Sən xoşbəxtsən,
Göylər aydın, yerlər rahat, sən azadsan!
Azərbaycan! Azərbaycan!


...Bəxtiyarsan, günəş kimi qaynar, isti qucağın var,
Od yurdusan min-min belə, odu sönməz ocağın var,
Yer altında neftin, qazın, fantan vuran yatağın var,
Qızıl, gümüş mədənisən, nemət dolu torpağın var,
Səmaları qucaqlayan Tanrı kimi dağların var,
Bar-bəhərli, tükənməyən min-min bağçan, bağların var,
Yazda, yayda qucağına, ellər axan yaylağın var,
Durna gözlü, sərin-sərin, diş göynədən bulağın var,
Maral gəzən, ceyran qaçan oymaların, oylağın var,
Bu dünyanın hər yerindən, axıb gələn, qonağın var!
Azərbaycan! Azərbaycan!

Sərdar olan qayalarda, şah dağlarda qar olmasın,
Torpağında nə yapalaq, nə də bayquş, sar olmasın,
Bircə gün də nəhəng dünya, övladına dar olmasın,
Quşların da yuvasına, şahmar girib, mar olmasın,
Bu qəhrəman millətimin bir kəsi də xar olmasın!
Azərbaycan! Azərbaycan!

Qucağında böyümüşəm, xanimanım, beşiyimsən,
Sən ki, mənim yurdum, yuvam, öz evimsən, eşiyimsən,
Mən ki, sənin şair oğlun, sən ki, mənim öz adımsan,
Sən ki, mənim vuran qəlbim, saf niyyətim, muradımsan,
Yerdə, göydə uğur verən, mənim qartal qanadımsan,
Azərbaycan! Azərbaycan!

Döyüş vaxtı düşmənlərə təslim olsam,
əsir düşsəm, fərmanım da sənsən mənim!
Xəstə düşsəm loğmanım da, dərmanım da sənsən mənim,
Ümidim də, inamım da, imanım da sənsən mənin!
Azərbaycan! Azərbaycan!
Bakı

Sevimli himni tək, oxunacaqdır

Vətənmiz nə böyük, bir aləm olub,
Həyatmız gah qılınc, gah qələm olub,
Gah sevinc, gah fərəh, gah da qəm olub,
O böyük dahilər, məndə cəm olub,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Şam kimi alışan, yanan bir canam,
O taylı, bu taylı Azərbaycanam!
Nə böyük aləməm, böyük cahanam,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Qızıl, gümüş mədənidir torpağım,
Aranım, yaylağım, cənnətdir dağım,
Şeirdir, sənətdir mənim qonağım,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Saçlarım çal-çaldır, qaşlarım dən-dən,
Yerlərlə, göylərlə yaranmışam tən,
İçimdə yerləşir, bu böyük Vətən,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Vətən qəmlənəndə, qəməm, ay ellər,
Vətən sevinəndə, şənəm, ay ellər,
Bu Vətən, bu torpaq mənəm, ay ellər,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Kitab tək önümdə açılır aləm,
Gecə də, gündüz də əlimdə qələm,
Mən də bir nəğməkar, şeyda bülbüləm,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Nələrə qadirdir, bizim bu torpaq,
Aç qoca tarixi, sən varaq-varaq,
O, Tanrı dağlara, dönüb, yaxşı bax,
Prometey odudur, bu od, bu ocaq,
Dünyanın ilkindən o, verir soraq,
Heyrətə qərq olur, hər gələn qonaq,
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Başına döndüyüm, ay bizim ellər,
Ölərmi dahilər, böyük əməllər?!
O böyük dahilər, məndə cəm olub,
Həyatım gah sevinc, gah da qəm olub,
Fırtına qoparıb, xəyal başımda,
Bakı! Azərbaycan, durur qarşımda!

Vətənsiz gözlərim, müdam yaş olar,
Ağlım uçub gedər, ağlım huş olar,
Həyatım, varlığım qarlı qış olar,
Gözümdə nə yuxu, nə də tuş olar,
Ürək buz bağlayar, ürək daş olar!
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Çağlayan ilhamım şəlalələrdi,
Mənim od ürəyim, od lalələrdi,
Həmdəmim pərvanə, divanələrdi,
Yanmaqda günəşlə yarışıram mən,
Alovdan od tutub, alışıram mən,
Vətənlə, qəlbimlə danışıram mən,
Gecə də, gündüz də çalışıram mən,
Təbimdə çaylar tək aşıb, daşıram,
Şeirlər yaradıb, nəğmə qoşuram.
Bir Vətən eşqinə, qələm çalıram!
İlhamı Vətəndən, eldən alıram!

Yaranan bir gündən, söz aşiqiyəm,
Yerlərə, göylərə sığmır düşüncəm,
Məndən şeir umur, bu böyük aləm,
Yazmağa, yazmağa çağırır qələm!
Qaynar təbim şeir, ilhamım şeir,
Məsləkim, məqsədim, məramım şeir,
Həyatım, varlığım, amalım şeir,
Əqidəm şeirdir, vicdanım şeir,
Ağlayan, inləyən kamanım şeir,
Fəryadım, fəğanım, amanım şeir,
Kədərim, möhnətim, dərdim, ələmim,
Gecə də, gündüz də yazan qələmim,-
Şeirdir, sənətdir, ay bizim ellər!
Yerlərə, göylərə sığmır düşüncəm,
Kitab tək önümdə açılır aləm,
Yazmağa, yazmağa çağırır qələm!
...Ay ellər, desəm ki, ilhamda təkəm,
Çoxunun qəlbinə toxunacaqdır!
Xalqımda bu mərdlik, bu hünər ki, var,
“Günəşə köçsə də, Aya köçsə də,
Yüz illər, min illər gəlib keçsə də”,
Mənim bu yazdığım şeirlər ki, var,
Məkkəm, Kəbəm olan Azərbaycanın, -
Sevimli Himni tək, oxunacaqdır!
Bakı,
14.02.2024
26-07-2024, 09:43
Kosmetika yox, üzündə zəhmət təri olan qız

Kosmetika yox, üzündə zəhmət təri olan qız

Masallı rayonundan olan güləşçimiz Ruzanna Məmmədovanı deyirəm. O, Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionu titulu uğrunda mübarizədən qalib ayrılaraq öz xalqına böyük sevinc yaşatdı. Belə ki, güləşçimiz doğma Azərbaycanı qatıldığı yarışda layiqincə təmsil edib. 59 kiloqram çəki dərəcəsində sərbəst güləş üzrə döyüşlərdə bütün rəqiblərdən üstün olub. O, finalda rusiyalı Yelena Kurovaya ilə üz-üzə gəlib. Tatami üstünə böyük inamla çıxan güləşçimiz rusiyalı idmançıya 14:10 hesabı ilə qalib gələrək U-20 Avropa çempionatının fəxri kürsüsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalla doğma Vətəninə qayıdıb. Onu da deyim ki, indi 18 yaşlı idmançının belə sevindirici qələbələri çoxdur.
Ruzanna Səxavətqızı 22 iyun 2006-cı ildə Masallı rayonunun Mişkəmi kəndində dünyaya göz açıb. Lap kiçik yaşlardan idmana maraq göstərən qız Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 76 saylı tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə elə burada fəaliyyət göstərən Olimpiya İdman kompleksində sərbəst güləş üzrə məşqlərə başlayıb.
Artıq dünyada yaxşı idmançı kimi tanınan Ruzanna Məmmədova Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət milli yığma komandasının üzvüdür. Qazanılan bütün uğurlarına görə isə özünü xalqına borclu sayır. Deyir ki, müdriklər beşiyi, igidlər diyarı olan belə bir ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. Qazandığım qələbələrlə daimi onun adını uca tutacağam.
Bəli, qalib bir ölkənin vətəndaşı məhz Ruzanna kimi olmalıdır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



26-07-2024, 09:09
ZƏFƏR YOLU İLƏ QARABAĞA DOĞRU


ZƏFƏR YOLU İLƏ QARABAĞA DOĞRU

Çoxları kimi biz də bu yay fürsət tapan kimi arzusunda olduğumuz Qarabağa getmək, işğaldan azad edilmiş yurdlarımızı gəzmək, şəhidlərimizin qanı-canı bahasına geriyə qayıtmış torpaqlarımızı ziyarət etmək istəyi ilə “Zəfər yolu”na çıxdıq...
Sübh tezdən yola düşürük. Qızmar yay səhərində hamar yolla, qarışıq hislərlə, ürəklər həyəcanlı, sanki quş kimi uçuruq o yerlərə sarı. Ali Baş Komandan tərəfindən təməli qoyulan “Zəfər yolu” ilə cəsarəti, dəyanəti və əzmkarlığı ilə düşməni məğlub edən Azərbaycan əsgərinin açdığı cığırla üzü o yana, 30 il həsrətində olduğumuz azad diyarlara sarı gedirik. Yol boyu sıra ilə düzülən şəhidlərimizin portretləri düz gözümüzün içinə baxır. Bir-birindən yaraşıqlı, müxtəlif rütbəli, nur çöhrəli, həyatı yarıda qırılmış cavanların gülümsər simaları, məğrur baxışları bizə deyir ki, “bəli, “QƏLƏBƏ”YƏ biz imza atdıq, düşməndən millətin intiqamını aldıq”...
- “Asta sür maşını, qoy adlarını oxuyum.” Yoldaşım, eyni həyəcanla maşının sürətini azaldır.
Kameranı açıb qərəmanlarımızı çəkməyə başlayıram. Bir deyil, on deyil, yüzlərlə şəhidin baxışları bizi müşayiət edir. “Baxın bu oğulların sayəsində biz Qarabağa, Şuşaya, Laçına gedirik” cümləsini yazıb, yol üstündən status paylaşıram. Anındaca reaksiyalar gəlir, yüzlərlə insan sonsuz ehtiram nümayiş etdirir. Mən isə bir gözüm telefonumdakı mesajlarda...bir yandan da ayrı-ayrılıqda hər biri ilə dərdləşərək xəyalımda onların doğmalarının surətlərini canlandırıram... Bir ailənin çırağını söndürən, öz ölümləri ilə millətinə isə işıqlı sabah bəxş edən, nicat gətirən şəhid oğullarımız. O oğulları doğan, böyüdən, övladıyla bağlı min bir arzusu puça dönən anaların çəkdikləri acıları, sarsıntıları yaşayıram.
Yolun bir hissəsində şəhidlərimizin sayəsində qazanılmış “Zəfər”, azad edilən torpaqlarımızla bağlı yaxın zamanlarda yaşadığımız tarixi gerçəklik, digər hissəsində isə milləti ikiyə bölən dəmir sədlər, yolun solunda qarşımıza çıxan Arazın tikanlı məftilləri, başı bəlalar çəkmiş Azərbaycanımızın keçmiş tarixi... Bu isə tamam başqa bir söhbətin mövzusudur...
İlk dayanacağımız Beyləqanda “Cərcis Peyğəmbər”in ziyarətgahı olur. Özüm məcburi köçkün ailəsinin gəlini olduğumdan nə qədər insanın burada torpağa əmanət qoyulduğunun şahidiyəm. “Füzuli alınan kimi aparacağıq öz kəndimizə” deyib, bu məzarlıqda dəfn ediblər. Burada kəndindən ayrı düşən doğmalarımızın, xüsusən qayınatam, Şahmar atanın məzarını ziyarət edirik. Bu məzara çatınca yüzlərlə şəhidin yanından keçirik. Lay divar oğulların heykəlləri önündə ayaq saxlayırıq. Onların üstündəki təsirli yazılar, anaların bağrından qopub misralara düzülən ah-nalələr ürək göynədir. Ay-ulduzlu orden və medalları ilə gülümsəyərək öz döyüş yollarından bizi agah edirlər. Rastlaşdığımız hər abidə daşı, yayın istisindaə ürəklərə məlhəm olan sərin suyunu içdiyimiz şəhid bulaqları da, eynən millətin dəyanətli, ləyaqətli oğullarından soraq verir...
Füzulinin Balabəhmənli kəndinə çatırırq. Yaxın ailə dostumuz bizi gözləyir. Müharibənin bütün gedişatının canlı şahidi olan, Birinci Qarabağ müharibəsində Gəncədə hospitalda, daha sonra 44 günlük savaşda və antiterror əməlliyyatlarında həkim kimi çalışan, yüzlərlə yaralını həmkarları ilə təcili yardım maşınında xəstəxanalara çatdıran Təvəkkül Aslanov gördükləri situasiyaları nəql edəndə nəinki səsinin titrəyişini, hətta ürəyinin döyüntüsünü belə eşidirik....

O GÖRÜNƏN KƏND SİZİNDİR?

Əvvəlcədən düşündüyümüz kimi bir gecəlik istirahətdən sonra, ertəsi gün işğaldan azad edilmiş ərazilərə doğru gedirik. Adımızı portalda yoxlayıb bizi irəli buraxırlar. Təvəkkül qardaşımız sağ hissədə olan bir yeri göstərib deyir ki, müharibənin ilk günü bütün şəhidlərimiz bu təpənin üstünə yığıldı. Bu yerə minlərlə şəhidin qanı tökülüb. Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılan qaya parçasından olan abidənin açılışında ölkə başçısı və xanımı iştirak edib. Müharibə başlayandan bir neçə saat sonra düşmənin ilk istehkamları yarılır. Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilir. Ali Baş Komandan İlham Əliyev: “Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi...”
Düşmənin cəbhə xəttinin yarıldığı gün azad edilən kəndlərimizdən birinə yollanırıq. Yəni, yoldaşımın ata yurduna, Quliyev Maşallah Şahmar oğlunun kəndinə gedirik. Onun doğulub böyüdüyü, düşmən həmləsi zamanı Bakıda tələbə olarkən geri döndüyü, hərbçi forması geyinib, əlinə silah alıb uğrunda könüllü döyüşdüyü Qərbəndə. 30 il düşmən tapdağında olan və 2020-ci il sentyabrın 27-də, müharibə başlayan gün televiziyada adı çəkilən ilk azad olunan kəndlərimizdən birinə, bütün sənədlərdə, şəxsiyyət vəsiqələrində adı “Qərbənd” kimi yazılan yurd yerinə yaxınlaşırıq. Ermənilərin xarabalığa çevirdiyi Seyidmahmudlu kəndini keçib, yolumuza davam edirik. “Zəfər yolu”ndan bir az aralıda yerləşən kəndin ot basmış yolunun üstündən təzə keçən avtomobil izləri xəbər verir ki, buranı ara-sıra ziyarət edənlər var.
-"O, görünən kənd sizindir?" - Maşallahdan soruşuram.
Dərindən ah çəkir, maşını saxlayıb, aşağı düşür. Susur, heç nə danışmır. Bütün yaşıllıqları məhv edildiyindən evlər aydın görünür.
-“Bax, bu, bizim evdir...”, “O yalın başındakı əmimin evidir”, “Bu qonşumuz filankəsin...”, “Bu Mehman müəllimin..."... Beləcə dağılmış və hazırda bir-birinə bənzər xarabalıqların vaxtilə necə görkəmdə olduğunu anlatmağa çalışır, kimlərə məxsus olduğunu sadalamağa başlayır...
-“Yoldan çıxma, mina olar!”. Sözümü dinləmir, kol-kos basmış cığırları adlamaq istəyir. Bu məqamda dostu, Təvəkkül həkim və xanımı Zöhrə müəllimənin qışqırıqları bu insansız məskəndə əks-səda yaradır: “Hara gedirsən, olmaz, diqqətli ol, geri qayıt!...”
Ailə qurduğumuz 1997-ci ildən bəri hər gün demək olar ki, bu kənd haqqında müxtəlif söhbətlər, hekayələr, xatirələr eşidərdim. Lakin ilk dəfə idi ki, torpağına ayaq basırdım. Görkəmi ilə insanı mütəəssir edən, xarabalığa çevrilən, ermənilərin viranə qoyduğu Qərbəndin bu halı gözlənilən idi. Bu səssiz məkanda, ağacları qurumuş, suyu qurumuş bulağında quşların səsi belə ərşə çəkilmişdi. Tək şəhidlərindən savayı gözə heç bir canlı məxluq dəymirdi. Kəndin cəsur igidlərinin, şəhid oğullarının şəkilləri bir guşədə toplanıb, bulaq başı deyilən yerində əks olunub. Elə bir yerdə ki, önündə xeyli sayda qalaqlanmış boş top güllələri düşmənin burada möhkəm istehkamlar qurduğunu xəbər verir. Bir məqamı da açıqlayım ki, həmin açılmış silahların düz yanında, bütün şəhidlərin cəm şəkildə toplandığı tablonun önündə gördüklərimizdən aydın olur ki, kəndi ziyarətə gələnlər bax bu yerdəcə ayaq saxlayıb, saatlarla buradan dağılmış evlərini seyr edir, məktəblərinə baxır, öz uşaqlıq və gənclik illərini xatırlayır, evlərini tərk etmək məcburiyyətində qalarkən həmin o ağır günləri ürək ağrısıyla yada salırlar. Kəndə gələn sakinlərin hətta özləri ilə oturacaq, yatacaq gətirib, samovar qaynadıb burada saatlarla ayaq saxladıqları hiss olunur. Mina təhlükəsindən bir addımlıqda olduğu evlərinə yaxınlaşa bilməsələr də, kəndə qayıtdıqlarına sevinib, uzaqdan da olsa gördüklərinə min şükür edib, şəhidlərin ruhunu yad edirlər...
Biz də yayın qızmar istisində bu viranə qoyulmuş yurdda xeyli ayaq saxlamalı olduq.
-“Axı biz Şuşaya, Laçına da getməliyik.”
Dəfələrlə bu sözləri xatırlatsaq da, onu xəyallarından ayırmaq çox çətin oldu. Kol-kos basmış hər cığır başında maşını saxlayıb, keçənləri yada saldı. Anasının uyuduğu qəbiristanlığa baxa-baxa qaldı... Onu irəli getməyə qoymadıq.
-“Axı yoldaşlarımızdan ora gedənlər var, heç birinə heç nə olmayıb”, deyib israr etdi.
-“Kənddə kimin məzarı qalıb ki? Sən bilirsən ki, ermənilər məzarları düzləyib...”
Həyəcanımızı görüb yerində dayandı. Başa düşdüm ki, yanında olmasaydıq nə minadan qorxar, nə də bütün kəndi ağuşuna almış ilan - çiyandan çəkinərdi. Körpə yaşlarından itirdiyi anasının məzarını kəndini qarış-qarış gəzib, baş daşları belə məhv edilmiş, şumlanmış qəbiristanlıqda axtara-axtara qalardı...Onu zorla xəyallarından ayırıb, geri qayıdırıq...Hamı susub, kimsə dinib danışmır....

ZƏFƏR YOLUNDA NƏLƏRİN ŞAHİDİ OLDUQ?

...Araya düşən səssizliyi mən pozuram. “Görün nə qədər yol işçisi var. Nə möhtəşəm işlər gedir..” Təvəkkül həkim azad edilən ərazilərdə aparılan bərpa quruculuq işlərindən elə şövqlə danışmağa başlayır ki, bir az əvvəl kəndindən ürək ağrısıyla ayrılan oğlan bu maraqlı söhbətlərin fonunda pessimist vəziyyətdən nikbin notlara köklənir. Füzuli şəhərinə köçürülən yaxın tanışlarından söhbət açır. Onlar üçün yaradılan şəraitdən danışır. Görülən işlərinin miqyasının genişliyi, üzərində iş gedən iri layihələr çölün bu düzündə reallaşdırılan xarüqələr sözün əsl mənasında Azərbaycanımızın qüdrətindən xəbər verir..
Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu elə bil qələmlə çəkilir. 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən, 30 yeraltı keçid, 7 körpü, 7 tuneldən ibarət olacaq yolun yüksək səviyyədə çəkilişində yüzlərlə texnika və canlı qüvvələr (xüsusi geyimli işçilər) çalışır. Füzuli Beynəlxalq Hava Limanı, Köndələnçay su anbarları kompleksi ən müasir üslubda inşa edilən nəhəng layihələrdəndir. Rayonun mərkəzində, şəhərin özündə də ürəyi riqqətə gətirən mənzərələrə rast gəlirik. Azərbaycan Prezidentinin 2020-ci ilin noyabrında Füzuliyə səfəri zamanı dediyi bu sözlərini xatırladım. “Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur....Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik...”. İndi artıq burada çoxmənzilli binaların inşa olunduğunun şahidiyik. Əhalinin bir hissəsi rahat şəkildə artıq məskunlaşmağa başlayıb.

ŞUŞADA İNSAN AXINI

“Zəfər yolu” ilə get-gedə yüksəkliyə qalxırıq. Yuxarı qalxmaqda çətinlik çəkən əksər nəqliyyat vasitələrinin təkərləri tüstüləndiyindən tez-tez sürücülər yol kənarında dayanırdı. “Bizim igidlərin keçdiyi sıldırım qayalar hansılardır?”, “Əsgərlərimiz şəhərə necə keçiblər”, “Düşmənə hansı tərəfdən zərbələr endiriblər”, - dayanmadan suallar verirəm. Şuşanı fəth edən oğulların qəhrəmanlıq etdiyi, canlarından keçdiyi bütün yerləri canlı görmək istəyi ilə hər tərəfə boylanıram. Mənzərəli yerlərdə ayaq saxlayıb, heyrətamiz təbiətinə xeyli tamaşa etdikdən sonra əvvəlcə “İsa bulağı”na qədəm qoyuruq. Burada insan seli ilə qarşılaşırıq. Bulaqdan bir stəkan su içmək üçün uzun növbə gözləməli oluruq. Bulağın yanında obyektlər qurulur. Yaxın zamanlarda burada turistlərə yüksək xidmət göstəriləcək bir istirahət mərkəzinin açılışı olacağı bildirilir.
“İsa bulağı” ilə tanışlıqdan sonra “dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylasına” qalxırıq. Şuşada sürətli işlər gedir, milli üslubda tikintilər aparılır. Maraqlı binalar, otellər inşa olunur. Şəhərdə izdiham yaşanır. Cıdır düzündə müxtəlif yaş qrupunda olan, ailəvi və kollektiv şəkildə gələn qonaqlar çəmənliklərdə istirahət edirdilər. Kimi mahnı oxuyur, bəziləri üçrəngli bayrağımızı çiyninə salıb, müxtəlif rakurslardan dayanmadan şəkillər çəkdirir, bir sözlə kimin üzünə baxırsansa ancaq ürəkdən qürurla sevindiklərini görürsən.
Şəhəri yaxşı tanıyan, hər qarışına yaxından bələd olan Təvəkkül həkim bizi daha yüksəkliyə aparır. Qalxdığımız məkanda Cıdır düzündəki insanlar bir qarış, Xankəndi isə ovucun içi kimi görünür. Şuşanın ətrafındakı kəndlər də həmçinin. Qeyri-adi mənzərələr, şəhərin yaşıl libası, başının üstündəki açıq mavi səmasına səpələnən bulud topaları, dağların döşündəki ağ rəngli qaya parçaları, sakit əsən həzin mehi adamın ruhunu dincəldirdi.
Şəhərin gəzintisinə isə Vaqifin məqbərəsindən başladıq. Ulu Öndər Heydər Əliyevin qışın oğlan çağında, qarlı havada bu məqbərənin açılışında iştirakını xatırladım. Təbiətin sərt vaxtında bu ədəbi hadisəni gerçək bayrama çevirən ümummilli liderin çıxışı gözümün önündə canlandı....
Şuşaya gedəsən, düşmən tərəfindən güllələnmiş heykəllərin, yaralanmış, təbii ki, “Zəfərimizdən”, “Qələbəmiz”dən sonra yarası qaysaqlanmış böyük şəxsiyyətlərimizlə, Natəvan, Üzeyir bəy və Bülbüllə görüşməyəsən, şəkil çəkdirməyəsən, bu qeyri-mümkündür. Beləcə ömrümün bu anlarını da fotolara köçürüb, Xan qızının yaşadığı tarixi abidəni seyr edəndən sonra, Paşinyanın rəqs elədiyi Üzeyir bəyin bağına enirik. Düşmənin yallı getdiyi yerdə Üzeyir bəyin əzəmətli heykəli elə məğrur dayanıb ki,...
Bülbülün isə qonaqları çox olduğundan evinii zirarət edə bilmirik. Bir xeyli gözlədikdən sonra təəssüf hissi ilə gələn dəfə görmək ümidiylə ayrılmalı oluruq. Sənətkarınöz həyətəində sağlığında klip çəkdirdiyi tut ağacına tamaşa edirik. Kökü qoca olan tutun cavan pöhrələri elə qol-budaq açıb ki,...
Şuşadan Laçın yoluna, Turşsu bulağına qalxırıq. Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə meşədən çıxan “Turşsu” bulağı ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi şəfa mənbəyi olub. İndi əsarətdən qurtulan bu məkanın da əvvəlki tək qonaq-qarası az deyil. Bulağın ətrafındakı maşın sıxlığı, çoxlu insanlar və bir qurtum su içmək üçün düzülən növbələri görəndə fikirləşirsən ki, illərlə bu suya həsrət qalan tək şuşalılar deyil, eləcə də ölkənin hər yerindən bura axın var.

AY LAÇIN, CAN LAÇIN, MƏN SƏNƏ QURBAN LAÇIN...

Laçına doğru istiqamət alırıq. Dağların, dərələrin müşayiəti ilə təbiətin könül oxşayan, heyrət dolu mənzərələrini seyr edə-edə gəlib ünvana yetişirik. Bir gün əvvəl nə qədər cəhd etsək də Laçında gecələməyə boş bir mənzil tapa bilmədik. Bütün evlər tutulmuşdu. Həmkarlarımın vasitəsi ilə bir gecəlik qonaq olduğumuz Zabux kəndində yerli əhalidən qat-qat artıq turistlər vardı. Burada da bir qələbəlik hiss olunurdu. Kəndin ortasından axan çayın kənarında istirahət edənlərin çoxluğundan həmin ərazidə boş masa tapmaq elə də asan olmadı.
Qonağı olduğumuz ailənin üzvləri gənclər idi. Ev sahibi Röyal Laçın Abadlıq xidmətində işləyir, xanımı isə yeni açılmış bağçada işə düzəlmişdi. “İş tapmaq sizə asan oldu?”, - sualına cavab verdi ki, burada əhalinin məşğulluğunun təmini üçün lazımı işlər görülür. İki tərəfi dağlarla əhatə olunan və kəndin ortasından axan çayın şırıltısı Bakının səs-küyündən bezib bura dincəlməyə gələnlərin ruhi qidasıdır. Qismən də olsa yorğun beyinlər dincəlir, mənəvi hüzur tapırsan...
Ertəsi günü isə Sus kəndində olduq. “Riverside” (tərcüməsi “Çay kənarı”) istirahət mərkəzində, Həkərinin sahilində iti axan çayın sədasını, suyun nəğməsini dinləməyə dəyərmiş.... “Həkəri Balıq Təsərrüfatı”nda hovuzların təmizlənməsi prosesi gedirdi. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu yerdə, il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək bu müəssisədə də xeyli insan çalışır...
Geriyə Füzuliyə qayıdırıq. Çayın kənarına düşüb, Qubadlı yolu ilə gedirik. Qarşımıza Horadiz - Ağbənd dəmir yolu xətti çıxır. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi bu gün bir reallıqdır.
Sağ tərəfimizdə isə “Həkəri su anbarı”, 7 rayonu su ilə təmin edə biləcək böyük bir hövzə, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin görüntüləri, Zəngəzur yolunun çəkilişləri, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağı, Zəngilanın Ağalı kəndi, dağların ortasında keçən tunellər və bir sözlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng layihələr deməyə əsas verir ki, yaxın zamanlarda burada yaşayış səviyyəsi, həyat möhtəşəm olacaq və ermənilər tərəfindən dağıdılmış evlərdən isə əsər-əlamət belə qalmayacaq.

Şəlalə Məhyəddinqızı,
Filologiya üzrə fəlsəfə doktoru




26-07-2024, 08:52
ŞƏHİD BACISININ ARZUSU…


ŞƏHİD BACISININ ARZUSU…

18 iyul 1979- cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olan Yusifov Mehman Musa oğlu 1985-ci ildə elə həmin kəndin indiki Elşad Orucov adına tam orta məktəbində birinci sinfə daxil olub. 1996-cı ildə tam orta təhsilini başa vurduqdan sonra 1989-2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətini yüksək nizam-intizamla başa vurub. 2002-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Gizirlik kursu"na daxil olub. Elə həmin vaxtdan etibarən XTQ-də xidmətə davam edib. O, əzmi və dəyanətilə öz üzərində çalışaraq saysız-hesabsız kurslar keçmiş lazımi bacarıq və biliklərə sahib olmağı bacarmışdır. Bir neçə dil bilirdi.
Vətən sevgisinin qüdsiyyəti onu yüksək amal və arzular uğurunda çalışmağa sövq edirdi. Mehman qeyri-adi bir insan, dəyərli qardaş, etibarlı dost, cəsur və qəhrəman vətənpərvər oğul, qayğıkeş ata idi. Böyük fədakarlıqlar və yüksək insani keyfiyyətlərinə və diqqətcilliyinə görə onu tanıyan dost-tanışları arasında "Dayı" ləqəbini qazanmışdır.
Ömrünün, həyatının yarıdan çoxunu vətənin müdafiəsinə həsr edən qardaşım Mehman Yusifov xidməti dövrü ərzində qüsursuz xidmətlərinə görə 5 medal və çoxsaylı Fəxri Fərmanlarla təltif olunub. O, 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə 5 oktyabr 2020-ci il tarixində şəhadətə ucalmışdır. XTQ-nin Baş giziri qardaşım Yusifov Mehman Musa oğlu şəhidliyindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv olunması üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq və şücaət nümunəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif olunub. Şəhidimiz həmçinin "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ağrısı, acısı və itkisi böyük olsa da mənim üçün iftixarlı və qürurlu bir hissdir ki, vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçərək qanları bahasına Azərbaycan tarixinin şanlı səhifəsinə QƏLƏBƏ İMZASI çəkənlərdən biri də mənəm canım- qardaşım Yusifov Mehman Musa oğludur. Qardaşım Yusifov Mehman Musa oğlunun simasında cəmi şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirəm. Ruhları şad olsun. Amin, İnşallah!
Qeyd edim ki, qardaşım Yusifov Mehman Musa oğlunun Məhəmməd və Süleyman adlı iki oğlu, Fatimə adlı bir qızı bizlərə əmanət qalıb. Onların simasında bütün şəhid övladlarına gözəl gələcək, sağlam və mənalı bərəkətli ömür diləyirəm. Hər birini əzəmətli və Uca Rəbbim qorusun. Amin!
Şərəfli ömür yolunu vətənə həsr etmiş yüksək "Qarabağ" ordenli XTQ-nin baş giziri şəhid Yusifov Mehman Musa oğlunun adının əbədiləşərək bir məktəbə verilməsi şəhidimizin əzizləri və yaxınları olaraq Dövlətimiz və millətimizdən ən böyük istək və arzumuzdur. Çünki vətən sevgisinin qüdsiyyətindən başı ərşə dayanan şəhid Yusifov Mehman qüsursuz xidmətləri ilə bu ada layiqdir. Onun müqəddəs adının bir elm ocağında əbədiyyən qalıb yaşaması bizlər üçün bu dünyada ən böyük təsəlli olar.
O, bu dünyadan 41 yaşında şərəf və ləyaqətlə köç eylədi. Bu gün həyatda olsaydı 45 yaşı tamam olardı. Özləri cavan qalıb yaşları hər il bir pillə qocalan qəhrəman oğulların hər birinin müqəddəs ruhlarına salam-salavatlar müqəddəs zikr və dualar bizlərdən Allah qatında ən gözəl hədiyyə olsun İnşallah!

MÖVLUDUN MÜBARƏK ŞƏHİDİM!

Yaralı köksümdə ey yanan şamım,
Ruhu aram edən, zikri-salamım.
Xisləti pak olan, gözəl məramım.
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Müqəddəs bir məqam, bayraq zirvəlim,
Ali eşqə sahib, vətən mürsəlim.
Allahın aşiqi, saf əqidəlim.
Ey cənnət sərvəri cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Gəlib ziyarətə vətən sevənlər,
Ruhunu yad edir qədir bilənlər.
Üzülüb, kövrəlib Mehman sevənlər...
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Müşk-ənbər ətirli, behişt bağısan,
Anamın köksündə həsrət dağısan.
Qürur, iftixarsan, həm də ağısan,
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!

Zəkiyyə adına qurbandı Mehman,
Gözyaşım lal axan ümmandı Mehman.
Qırx beş il ən gözəl dövrandı Mehman,
Ey cənnət sərvəri, cəsur igidim!
Mövludun mübarək olsun şəhidim!


Zəkiyyə MUSAQIZI
AJB üzvü

26-07-2024, 08:22
TƏBRİK EDİRİK!


TƏBRİK EDİRİK!

Bu gün gözəl ziyalı, uzun illərdi ətraflarda onu tanıyan, yardımına ehtiyacı olan hər kəsə təmənnasız xidmət göstərən Elman həkimin doğum günüdür. Onu bu münasibətlə ailə üzvləri, iş yoldaşları, dostları, doğmaları təbrik edirlər. Sağlamlıq, uzun ömür və fəaliyyətində uğurlar arzulayırlar.
Biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi olaraq qəzetimizin təəssübkeşi və redaksiyamızla daimi yaradıcılıq əməkdaşlığı edən qələm dostumuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik. Bir də arzu edirik ki, şirin qələmindən süzülən maraqlı, bəzən duzlu-məzəli, bəzən də kəskin satiralarını redaksiyamızın poçtundan əskik etməsin.
Əziz oxucular, fürsətdən istifadə edib öz geniş dünyagörüşü, nümunəvi davranışı və ləyaqətilə hamının rəğbətini qazanmış dostumuzu sizlərlə də tanış etmək istədik:
Rüstəmov Elman Süleyman oğlu 26 iyul 1966- cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Aşağı Girətağ kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 22 il Milli Orduda hərbi provizor kimi müxtəlif vəzifələrdə xidmət edib.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıdır.
“Xoşbəxt günlərimin açı göz yaşları”, “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Dürmək restoranı”, “Tanrı ürəklərdədir” və s. kitabların müəllifidir. E. Rüstəmovun hekayələri xarici ölkələrdə tərcümə olunaraq çap edilib. 2014-cü ildə “Qafqaz Media”-nın “Nurlu qələm” mükafatına layiq görülüb.
Hərbi Jurnalistlər Birliyinin tədbirlərinin təşkilində fəal iştirakına və göstərdiyi dəstəyə görə “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olunub.
Elman Rüstəmov doğrudan da əsl Vətənoğludur. Vətənoğlu, bir daha təbrik edirik!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!