20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 26-07-2024, 09:09
ZƏFƏR YOLU İLƏ QARABAĞA DOĞRU


ZƏFƏR YOLU İLƏ QARABAĞA DOĞRU

Çoxları kimi biz də bu yay fürsət tapan kimi arzusunda olduğumuz Qarabağa getmək, işğaldan azad edilmiş yurdlarımızı gəzmək, şəhidlərimizin qanı-canı bahasına geriyə qayıtmış torpaqlarımızı ziyarət etmək istəyi ilə “Zəfər yolu”na çıxdıq...
Sübh tezdən yola düşürük. Qızmar yay səhərində hamar yolla, qarışıq hislərlə, ürəklər həyəcanlı, sanki quş kimi uçuruq o yerlərə sarı. Ali Baş Komandan tərəfindən təməli qoyulan “Zəfər yolu” ilə cəsarəti, dəyanəti və əzmkarlığı ilə düşməni məğlub edən Azərbaycan əsgərinin açdığı cığırla üzü o yana, 30 il həsrətində olduğumuz azad diyarlara sarı gedirik. Yol boyu sıra ilə düzülən şəhidlərimizin portretləri düz gözümüzün içinə baxır. Bir-birindən yaraşıqlı, müxtəlif rütbəli, nur çöhrəli, həyatı yarıda qırılmış cavanların gülümsər simaları, məğrur baxışları bizə deyir ki, “bəli, “QƏLƏBƏ”YƏ biz imza atdıq, düşməndən millətin intiqamını aldıq”...
- “Asta sür maşını, qoy adlarını oxuyum.” Yoldaşım, eyni həyəcanla maşının sürətini azaldır.
Kameranı açıb qərəmanlarımızı çəkməyə başlayıram. Bir deyil, on deyil, yüzlərlə şəhidin baxışları bizi müşayiət edir. “Baxın bu oğulların sayəsində biz Qarabağa, Şuşaya, Laçına gedirik” cümləsini yazıb, yol üstündən status paylaşıram. Anındaca reaksiyalar gəlir, yüzlərlə insan sonsuz ehtiram nümayiş etdirir. Mən isə bir gözüm telefonumdakı mesajlarda...bir yandan da ayrı-ayrılıqda hər biri ilə dərdləşərək xəyalımda onların doğmalarının surətlərini canlandırıram... Bir ailənin çırağını söndürən, öz ölümləri ilə millətinə isə işıqlı sabah bəxş edən, nicat gətirən şəhid oğullarımız. O oğulları doğan, böyüdən, övladıyla bağlı min bir arzusu puça dönən anaların çəkdikləri acıları, sarsıntıları yaşayıram.
Yolun bir hissəsində şəhidlərimizin sayəsində qazanılmış “Zəfər”, azad edilən torpaqlarımızla bağlı yaxın zamanlarda yaşadığımız tarixi gerçəklik, digər hissəsində isə milləti ikiyə bölən dəmir sədlər, yolun solunda qarşımıza çıxan Arazın tikanlı məftilləri, başı bəlalar çəkmiş Azərbaycanımızın keçmiş tarixi... Bu isə tamam başqa bir söhbətin mövzusudur...
İlk dayanacağımız Beyləqanda “Cərcis Peyğəmbər”in ziyarətgahı olur. Özüm məcburi köçkün ailəsinin gəlini olduğumdan nə qədər insanın burada torpağa əmanət qoyulduğunun şahidiyəm. “Füzuli alınan kimi aparacağıq öz kəndimizə” deyib, bu məzarlıqda dəfn ediblər. Burada kəndindən ayrı düşən doğmalarımızın, xüsusən qayınatam, Şahmar atanın məzarını ziyarət edirik. Bu məzara çatınca yüzlərlə şəhidin yanından keçirik. Lay divar oğulların heykəlləri önündə ayaq saxlayırıq. Onların üstündəki təsirli yazılar, anaların bağrından qopub misralara düzülən ah-nalələr ürək göynədir. Ay-ulduzlu orden və medalları ilə gülümsəyərək öz döyüş yollarından bizi agah edirlər. Rastlaşdığımız hər abidə daşı, yayın istisindaə ürəklərə məlhəm olan sərin suyunu içdiyimiz şəhid bulaqları da, eynən millətin dəyanətli, ləyaqətli oğullarından soraq verir...
Füzulinin Balabəhmənli kəndinə çatırırq. Yaxın ailə dostumuz bizi gözləyir. Müharibənin bütün gedişatının canlı şahidi olan, Birinci Qarabağ müharibəsində Gəncədə hospitalda, daha sonra 44 günlük savaşda və antiterror əməlliyyatlarında həkim kimi çalışan, yüzlərlə yaralını həmkarları ilə təcili yardım maşınında xəstəxanalara çatdıran Təvəkkül Aslanov gördükləri situasiyaları nəql edəndə nəinki səsinin titrəyişini, hətta ürəyinin döyüntüsünü belə eşidirik....

O GÖRÜNƏN KƏND SİZİNDİR?

Əvvəlcədən düşündüyümüz kimi bir gecəlik istirahətdən sonra, ertəsi gün işğaldan azad edilmiş ərazilərə doğru gedirik. Adımızı portalda yoxlayıb bizi irəli buraxırlar. Təvəkkül qardaşımız sağ hissədə olan bir yeri göstərib deyir ki, müharibənin ilk günü bütün şəhidlərimiz bu təpənin üstünə yığıldı. Bu yerə minlərlə şəhidin qanı tökülüb. Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılan qaya parçasından olan abidənin açılışında ölkə başçısı və xanımı iştirak edib. Müharibə başlayandan bir neçə saat sonra düşmənin ilk istehkamları yarılır. Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilir. Ali Baş Komandan İlham Əliyev: “Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi...”
Düşmənin cəbhə xəttinin yarıldığı gün azad edilən kəndlərimizdən birinə yollanırıq. Yəni, yoldaşımın ata yurduna, Quliyev Maşallah Şahmar oğlunun kəndinə gedirik. Onun doğulub böyüdüyü, düşmən həmləsi zamanı Bakıda tələbə olarkən geri döndüyü, hərbçi forması geyinib, əlinə silah alıb uğrunda könüllü döyüşdüyü Qərbəndə. 30 il düşmən tapdağında olan və 2020-ci il sentyabrın 27-də, müharibə başlayan gün televiziyada adı çəkilən ilk azad olunan kəndlərimizdən birinə, bütün sənədlərdə, şəxsiyyət vəsiqələrində adı “Qərbənd” kimi yazılan yurd yerinə yaxınlaşırıq. Ermənilərin xarabalığa çevirdiyi Seyidmahmudlu kəndini keçib, yolumuza davam edirik. “Zəfər yolu”ndan bir az aralıda yerləşən kəndin ot basmış yolunun üstündən təzə keçən avtomobil izləri xəbər verir ki, buranı ara-sıra ziyarət edənlər var.
-"O, görünən kənd sizindir?" - Maşallahdan soruşuram.
Dərindən ah çəkir, maşını saxlayıb, aşağı düşür. Susur, heç nə danışmır. Bütün yaşıllıqları məhv edildiyindən evlər aydın görünür.
-“Bax, bu, bizim evdir...”, “O yalın başındakı əmimin evidir”, “Bu qonşumuz filankəsin...”, “Bu Mehman müəllimin..."... Beləcə dağılmış və hazırda bir-birinə bənzər xarabalıqların vaxtilə necə görkəmdə olduğunu anlatmağa çalışır, kimlərə məxsus olduğunu sadalamağa başlayır...
-“Yoldan çıxma, mina olar!”. Sözümü dinləmir, kol-kos basmış cığırları adlamaq istəyir. Bu məqamda dostu, Təvəkkül həkim və xanımı Zöhrə müəllimənin qışqırıqları bu insansız məskəndə əks-səda yaradır: “Hara gedirsən, olmaz, diqqətli ol, geri qayıt!...”
Ailə qurduğumuz 1997-ci ildən bəri hər gün demək olar ki, bu kənd haqqında müxtəlif söhbətlər, hekayələr, xatirələr eşidərdim. Lakin ilk dəfə idi ki, torpağına ayaq basırdım. Görkəmi ilə insanı mütəəssir edən, xarabalığa çevrilən, ermənilərin viranə qoyduğu Qərbəndin bu halı gözlənilən idi. Bu səssiz məkanda, ağacları qurumuş, suyu qurumuş bulağında quşların səsi belə ərşə çəkilmişdi. Tək şəhidlərindən savayı gözə heç bir canlı məxluq dəymirdi. Kəndin cəsur igidlərinin, şəhid oğullarının şəkilləri bir guşədə toplanıb, bulaq başı deyilən yerində əks olunub. Elə bir yerdə ki, önündə xeyli sayda qalaqlanmış boş top güllələri düşmənin burada möhkəm istehkamlar qurduğunu xəbər verir. Bir məqamı da açıqlayım ki, həmin açılmış silahların düz yanında, bütün şəhidlərin cəm şəkildə toplandığı tablonun önündə gördüklərimizdən aydın olur ki, kəndi ziyarətə gələnlər bax bu yerdəcə ayaq saxlayıb, saatlarla buradan dağılmış evlərini seyr edir, məktəblərinə baxır, öz uşaqlıq və gənclik illərini xatırlayır, evlərini tərk etmək məcburiyyətində qalarkən həmin o ağır günləri ürək ağrısıyla yada salırlar. Kəndə gələn sakinlərin hətta özləri ilə oturacaq, yatacaq gətirib, samovar qaynadıb burada saatlarla ayaq saxladıqları hiss olunur. Mina təhlükəsindən bir addımlıqda olduğu evlərinə yaxınlaşa bilməsələr də, kəndə qayıtdıqlarına sevinib, uzaqdan da olsa gördüklərinə min şükür edib, şəhidlərin ruhunu yad edirlər...
Biz də yayın qızmar istisində bu viranə qoyulmuş yurdda xeyli ayaq saxlamalı olduq.
-“Axı biz Şuşaya, Laçına da getməliyik.”
Dəfələrlə bu sözləri xatırlatsaq da, onu xəyallarından ayırmaq çox çətin oldu. Kol-kos basmış hər cığır başında maşını saxlayıb, keçənləri yada saldı. Anasının uyuduğu qəbiristanlığa baxa-baxa qaldı... Onu irəli getməyə qoymadıq.
-“Axı yoldaşlarımızdan ora gedənlər var, heç birinə heç nə olmayıb”, deyib israr etdi.
-“Kənddə kimin məzarı qalıb ki? Sən bilirsən ki, ermənilər məzarları düzləyib...”
Həyəcanımızı görüb yerində dayandı. Başa düşdüm ki, yanında olmasaydıq nə minadan qorxar, nə də bütün kəndi ağuşuna almış ilan - çiyandan çəkinərdi. Körpə yaşlarından itirdiyi anasının məzarını kəndini qarış-qarış gəzib, baş daşları belə məhv edilmiş, şumlanmış qəbiristanlıqda axtara-axtara qalardı...Onu zorla xəyallarından ayırıb, geri qayıdırıq...Hamı susub, kimsə dinib danışmır....

ZƏFƏR YOLUNDA NƏLƏRİN ŞAHİDİ OLDUQ?

...Araya düşən səssizliyi mən pozuram. “Görün nə qədər yol işçisi var. Nə möhtəşəm işlər gedir..” Təvəkkül həkim azad edilən ərazilərdə aparılan bərpa quruculuq işlərindən elə şövqlə danışmağa başlayır ki, bir az əvvəl kəndindən ürək ağrısıyla ayrılan oğlan bu maraqlı söhbətlərin fonunda pessimist vəziyyətdən nikbin notlara köklənir. Füzuli şəhərinə köçürülən yaxın tanışlarından söhbət açır. Onlar üçün yaradılan şəraitdən danışır. Görülən işlərinin miqyasının genişliyi, üzərində iş gedən iri layihələr çölün bu düzündə reallaşdırılan xarüqələr sözün əsl mənasında Azərbaycanımızın qüdrətindən xəbər verir..
Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu elə bil qələmlə çəkilir. 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən, 30 yeraltı keçid, 7 körpü, 7 tuneldən ibarət olacaq yolun yüksək səviyyədə çəkilişində yüzlərlə texnika və canlı qüvvələr (xüsusi geyimli işçilər) çalışır. Füzuli Beynəlxalq Hava Limanı, Köndələnçay su anbarları kompleksi ən müasir üslubda inşa edilən nəhəng layihələrdəndir. Rayonun mərkəzində, şəhərin özündə də ürəyi riqqətə gətirən mənzərələrə rast gəlirik. Azərbaycan Prezidentinin 2020-ci ilin noyabrında Füzuliyə səfəri zamanı dediyi bu sözlərini xatırladım. “Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur....Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik...”. İndi artıq burada çoxmənzilli binaların inşa olunduğunun şahidiyik. Əhalinin bir hissəsi rahat şəkildə artıq məskunlaşmağa başlayıb.

ŞUŞADA İNSAN AXINI

“Zəfər yolu” ilə get-gedə yüksəkliyə qalxırıq. Yuxarı qalxmaqda çətinlik çəkən əksər nəqliyyat vasitələrinin təkərləri tüstüləndiyindən tez-tez sürücülər yol kənarında dayanırdı. “Bizim igidlərin keçdiyi sıldırım qayalar hansılardır?”, “Əsgərlərimiz şəhərə necə keçiblər”, “Düşmənə hansı tərəfdən zərbələr endiriblər”, - dayanmadan suallar verirəm. Şuşanı fəth edən oğulların qəhrəmanlıq etdiyi, canlarından keçdiyi bütün yerləri canlı görmək istəyi ilə hər tərəfə boylanıram. Mənzərəli yerlərdə ayaq saxlayıb, heyrətamiz təbiətinə xeyli tamaşa etdikdən sonra əvvəlcə “İsa bulağı”na qədəm qoyuruq. Burada insan seli ilə qarşılaşırıq. Bulaqdan bir stəkan su içmək üçün uzun növbə gözləməli oluruq. Bulağın yanında obyektlər qurulur. Yaxın zamanlarda burada turistlərə yüksək xidmət göstəriləcək bir istirahət mərkəzinin açılışı olacağı bildirilir.
“İsa bulağı” ilə tanışlıqdan sonra “dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylasına” qalxırıq. Şuşada sürətli işlər gedir, milli üslubda tikintilər aparılır. Maraqlı binalar, otellər inşa olunur. Şəhərdə izdiham yaşanır. Cıdır düzündə müxtəlif yaş qrupunda olan, ailəvi və kollektiv şəkildə gələn qonaqlar çəmənliklərdə istirahət edirdilər. Kimi mahnı oxuyur, bəziləri üçrəngli bayrağımızı çiyninə salıb, müxtəlif rakurslardan dayanmadan şəkillər çəkdirir, bir sözlə kimin üzünə baxırsansa ancaq ürəkdən qürurla sevindiklərini görürsən.
Şəhəri yaxşı tanıyan, hər qarışına yaxından bələd olan Təvəkkül həkim bizi daha yüksəkliyə aparır. Qalxdığımız məkanda Cıdır düzündəki insanlar bir qarış, Xankəndi isə ovucun içi kimi görünür. Şuşanın ətrafındakı kəndlər də həmçinin. Qeyri-adi mənzərələr, şəhərin yaşıl libası, başının üstündəki açıq mavi səmasına səpələnən bulud topaları, dağların döşündəki ağ rəngli qaya parçaları, sakit əsən həzin mehi adamın ruhunu dincəldirdi.
Şəhərin gəzintisinə isə Vaqifin məqbərəsindən başladıq. Ulu Öndər Heydər Əliyevin qışın oğlan çağında, qarlı havada bu məqbərənin açılışında iştirakını xatırladım. Təbiətin sərt vaxtında bu ədəbi hadisəni gerçək bayrama çevirən ümummilli liderin çıxışı gözümün önündə canlandı....
Şuşaya gedəsən, düşmən tərəfindən güllələnmiş heykəllərin, yaralanmış, təbii ki, “Zəfərimizdən”, “Qələbəmiz”dən sonra yarası qaysaqlanmış böyük şəxsiyyətlərimizlə, Natəvan, Üzeyir bəy və Bülbüllə görüşməyəsən, şəkil çəkdirməyəsən, bu qeyri-mümkündür. Beləcə ömrümün bu anlarını da fotolara köçürüb, Xan qızının yaşadığı tarixi abidəni seyr edəndən sonra, Paşinyanın rəqs elədiyi Üzeyir bəyin bağına enirik. Düşmənin yallı getdiyi yerdə Üzeyir bəyin əzəmətli heykəli elə məğrur dayanıb ki,...
Bülbülün isə qonaqları çox olduğundan evinii zirarət edə bilmirik. Bir xeyli gözlədikdən sonra təəssüf hissi ilə gələn dəfə görmək ümidiylə ayrılmalı oluruq. Sənətkarınöz həyətəində sağlığında klip çəkdirdiyi tut ağacına tamaşa edirik. Kökü qoca olan tutun cavan pöhrələri elə qol-budaq açıb ki,...
Şuşadan Laçın yoluna, Turşsu bulağına qalxırıq. Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə meşədən çıxan “Turşsu” bulağı ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi şəfa mənbəyi olub. İndi əsarətdən qurtulan bu məkanın da əvvəlki tək qonaq-qarası az deyil. Bulağın ətrafındakı maşın sıxlığı, çoxlu insanlar və bir qurtum su içmək üçün düzülən növbələri görəndə fikirləşirsən ki, illərlə bu suya həsrət qalan tək şuşalılar deyil, eləcə də ölkənin hər yerindən bura axın var.

AY LAÇIN, CAN LAÇIN, MƏN SƏNƏ QURBAN LAÇIN...

Laçına doğru istiqamət alırıq. Dağların, dərələrin müşayiəti ilə təbiətin könül oxşayan, heyrət dolu mənzərələrini seyr edə-edə gəlib ünvana yetişirik. Bir gün əvvəl nə qədər cəhd etsək də Laçında gecələməyə boş bir mənzil tapa bilmədik. Bütün evlər tutulmuşdu. Həmkarlarımın vasitəsi ilə bir gecəlik qonaq olduğumuz Zabux kəndində yerli əhalidən qat-qat artıq turistlər vardı. Burada da bir qələbəlik hiss olunurdu. Kəndin ortasından axan çayın kənarında istirahət edənlərin çoxluğundan həmin ərazidə boş masa tapmaq elə də asan olmadı.
Qonağı olduğumuz ailənin üzvləri gənclər idi. Ev sahibi Röyal Laçın Abadlıq xidmətində işləyir, xanımı isə yeni açılmış bağçada işə düzəlmişdi. “İş tapmaq sizə asan oldu?”, - sualına cavab verdi ki, burada əhalinin məşğulluğunun təmini üçün lazımı işlər görülür. İki tərəfi dağlarla əhatə olunan və kəndin ortasından axan çayın şırıltısı Bakının səs-küyündən bezib bura dincəlməyə gələnlərin ruhi qidasıdır. Qismən də olsa yorğun beyinlər dincəlir, mənəvi hüzur tapırsan...
Ertəsi günü isə Sus kəndində olduq. “Riverside” (tərcüməsi “Çay kənarı”) istirahət mərkəzində, Həkərinin sahilində iti axan çayın sədasını, suyun nəğməsini dinləməyə dəyərmiş.... “Həkəri Balıq Təsərrüfatı”nda hovuzların təmizlənməsi prosesi gedirdi. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu yerdə, il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək bu müəssisədə də xeyli insan çalışır...
Geriyə Füzuliyə qayıdırıq. Çayın kənarına düşüb, Qubadlı yolu ilə gedirik. Qarşımıza Horadiz - Ağbənd dəmir yolu xətti çıxır. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi bu gün bir reallıqdır.
Sağ tərəfimizdə isə “Həkəri su anbarı”, 7 rayonu su ilə təmin edə biləcək böyük bir hövzə, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin görüntüləri, Zəngəzur yolunun çəkilişləri, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağı, Zəngilanın Ağalı kəndi, dağların ortasında keçən tunellər və bir sözlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng layihələr deməyə əsas verir ki, yaxın zamanlarda burada yaşayış səviyyəsi, həyat möhtəşəm olacaq və ermənilər tərəfindən dağıdılmış evlərdən isə əsər-əlamət belə qalmayacaq.

Şəlalə Məhyəddinqızı,
Filologiya üzrə fəlsəfə doktoru





Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!