“Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib .....                        Ukrayna Rusiyanın iddialarını “absurd” adlandırdı .....                        Qızlara söz atan məktəblini döydü, həbs olundu .....                        Müharibə istəmirik, amma... - İRAN .....                        İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı .....                        Gültəkin Hacıbəylinin evində axtarış aparılıb .....                       
21-02-2026, 10:48
Ana dilimizin qorunması milli kimliyimizin qarantıdır

Yeganə Qəhrəmanova

ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru

Ana dilimizin qorunması

milli kimliyimizin qarantıdır


Milli mənsubiyyətimizi, tarix və mədəniyyətimizi təmsil edən ana dilimiz tarixən öz inkişaf tempinə, milli köklərini qoruyub saxlamasına, ifadə imkanlarının genişliyinə və qədimliyinə görə seçilən dillər sırasındadır. Dilimizin qədimliyini ortaya qoyan çoxsaylı dəlillər və aparılan elmi araşdırmalar göstərir ki, xalqımızın tarixən zəngin və ahəngdar şifahi dili ilə yanaşı, özünəməxsus yazı sisteminə malik olan, əhatə dairəsinin genişliyi ilə fərqlənən dili olub. Qədim dövr tarixi araşdırmaçısı Bəxtiyar Aydın göstərir ki, “Dünyada ilk Turan imperiyası Azərbaycanda qurulmuşdur və böyük bir konfederasiya şəklində idi, quranlar da Saklar idi. Sak türk dövləti e.ə 665-ci illərdə Azərbaycanda qurulsa da, sərhədləri Tunaya, Anadoluya, Trakyaya, az qala Fələstinə və Misirə qədər uzanırdı. Herodotun yazdığına görə e.ə. 625-ci ilə qədər Saklar bütün Anadoluya hakim idi və bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı. Əlifbanı, yazını, pulu ilk istifadə edən türklər Saklar olub. İlk Türk əlifbası isə Sak əlifbasıdır.Törəni yazılı hala salan ilk türklər Saklar olub”.
Böyük türkoloq Firudin Ağasıoğlu yazır ki, "Bizim ən qüdrətli dövlətlərimizdən biri də Saka (İşquz) dövləti olub (e.ə VII-V əsrlər), amma heç kim bu barədə danışmaq istəmir. Halbuki Herodot yazırdı ki, bu dövlət o dərəcədə qüdrətli idi ki, bütün Asiya dövlətlərindən vergi alırdı. "Kitabi-Dədə-Qorqud" dastanında belə yazılır ki, Dış Oğuzlularla İç Oğuzlular birləşib qalın (böyük) Oğuz Elini (Dövlətini) qurdular. Bu dövlət həmin dövlətdir. İşquz çarlığının ərazisi Güney Qafqazdan Urmiyə gölünə qədər uzanırdı".
Sözsüz ki, dilimizi qorumaq, ilk növbədə, onun qədim tarixinə, zəngin keçmişinə sahib çıxmaq deməkdir. Çünki ana dilinin qorunması milli kimliyin formalaşmasına birbaşa təsir göstərən amillərdəndir. Dil hər bir xalqın milli kimliyini xarakterizə edən, onu var edən, millət səviyyəsinə yüksəldən sütunlardan biri olduğu üçün hər bir millətin ruhu, dünyagörüşü, düşüncə tərzi, milli-mənəvi dəyərləri ana dili vasitəsilə ifadə olunur, ana dili vasitəsilə qorunur və nəsildən nəslə ötürülür. Bu mənada dil milli kimliyin, milli yaddaş və dövlətçiliyin qoruyucusudur. Dil xalqın tarixini özündə yaşadan, eyni milli kimlik daşıyıcılarını birləşdirən ən güclü milli-mənəvi dəyərdir. Unutmayaq ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 80 milyondan artıq Azərbaycan türkünü birləşdirən əsas amillərdən birincisi məhz ana dilimizdir. Ona görə ana dilimizi dövlət dili səviyyəsinə qaldıran, qılıncı və qələmi ilə bu dilin keşiyində duran Şah İsmayıl Xətayi, haqlı olaraq, yazırdı ki, “Ey türk övladları, bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin, onları qoruyun, sonrakı nəsillərə çatdırın!”

Ümummilli lider H.Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyildiyi kimi, “Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur”. Təbii ki, yaranmış şəraitdən istifadə edərək indiyə qədər dilçiliyimizdə kök salmış bir sıra yanlış və təhrif olunmuş məsələlərin düzgün şəkildə araşdırılması, Azərbaycan dilinin mənşəyi, eləcə də türk dilləri içərisində rolu və mövqeyi məsələsinin aydınlaşdırılması kimi əhəmiyyətli mövzular hər birimizdən gərgin əmək, ciddi səy və milli ruh tələb edir.
Bu gün bir tədqiqatçı kimi qarşımızda duran əsas işlərdən biri də hələ neçə-neçə yüzillər bundan əvvəl Avropa alimlərinin tədqiqatlarında dilimizin qədimliyi, əhatə dairəsinin genişliyi haqqında fikirləri əks etdirən çoxsaylı mənbələrini üzə çıxarmaq, o mənbələrdə ifadə olunan həqiqətləri geniş kütlələrə və dünya elminə təqdim etməkdir.
Son vaxtlara ilk elmi qrammatikamızın banisi sayılan M.Kazımbəydən (XIX əsr) xeyli əvvəl türk-Azərbaycan dilinə dair tədqiqatlar aparmış F.Arcenti (1533), P.Ferraquto (1611), G.Miqiza (1612), eləcə də Pietro della Valle (1620) və onlarca digər Qərb dilçilərinin adlarının ortaya çıxarılması dilimizin uzun müddətdən bəri Avropa alimlərinin diqqətini cəlb etdiyini göstərir. Məşhur italyan səyyah və ədib Pietro della Vallenin 1620-ci ildə qələmə aldığı "Türk dilinin qrammatikası" (Azərbaycan dilinin orijinal qrammatikası) adlı əsəri bu araşdırmalar içərisində xüsusi yer tutur.
Dəyərli elmi tədqiqatları ilə diqqəti cəlb edən alim Zaur Əliyev 1882-ci ildə Vyanada nəşr edilən, Bavariya Dövlət Kitabxanasının Şərq kolleksiyasında saxlanılan, müəllifi Vyanada İmperator Elmlər Akademiyasının həqiqi üzvü və professor Fridrix Müller olan “Dilçilik Elminin Əsasları” adlı kitabını oxuculara təqdim edirək yazır: “Kitabın əhəmiyyəti ondadır ki, XIX əsrin sonlarında Avropa elmi artıq "Azərbaycanlı" və "Azərbaycan dili" anlayışlarını müstəqil bir etnik və linqvistik vahid kimi qəbul edirdi. Bəzi digər mənbələrin hamını "Tatar" adlandırdığı bir dövrdə, Müllerin bu cür dəqiq təsnifat verməsi elmi baxımdan böyük addım idi. Yəni o, xalqı ümumi "Tatar" dumanından çıxarıb, konkret Azərbaycanlı kimliyi ilə təqdim edir”.
Alim göstərir ki, “Fridrix Müller bu kitabda Azərbaycanı sadəcə bir coğrafi ad deyil, "mədəniyyətlərin kəsişmə nöqtəsi və dilin hakim olduğu bir mərkəz" kimi qələmə verir, eyni zamanda Azərbaycan türklərinin yaşadığı ərazilərin sadəcə indiki Azərbaycan Respublikası ilə məhdudlaşmadığı, həmçinin Cənubi Azərbaycan və Dağıstanın bəzi hissələrini əhatə etdiyi qeyd olunur. Onun fikrincə, Azərbaycanlılar daha çox oturaq, mədəni və şəhərli bir cəmiyyət quruluşuna malikdirlər, halbuki Mərkəzi Asiya türkləri o dövrdə hələ də daha çox köçəri həyat tərzini qoruyub saxlayırdılar.Ona görə bura yüksək dil mədəniyyətinə malik, böyük bir coğrafiyaya hökm edən və özünəməxsus etnik kimliyi olan bir ölkədir. Azərbaycan türkcəsi sadəcə bu xalqın öz daxilində danışdığı dil deyil, həm də Qafqazda və İranın şimalında müxtəlif xalqlar arasında ortaq ünsiyyət vasitəsidir”.
Göründüyü kimi, dilimiz həm də xalqımızın etnik kimliyini dünyaya təqdim etdirən, onu “mədəniyyətlərin kəsişmə nöqtəsi və dilin hakim olduğu bir mərkəz” kimi tanıtdıran milli varlığımızdır və bu milli-mənəvi dəyərimizi qorumaq bizim hər birimizin vicdan və vətəndaşlıq borcudur. Bu gün biz öz dilimizi, milli-mənəvi dəyərlərimizi qorumaqda daha məsuliyyətli və diqqətli olmalıyıq. Çünki qloballaşmanın gətirdiyi nailiyyətlərlə bərabər mədəniyyətlərin qarışması, milli dəyərlərin itməsi kimi təhlükələrinin də olduğu hamıya məlumdur. İnternet şəbəkəsinin genişləndiyi, rəqəmsal vasitələrin günbəgün inkişaf etdiyi şəraitdə, ilk növbədə, təsirə məruz qalan, təhlükə ilə üzləşən milli-mənəvi dəyərlərdir ki, bunların da başında dil dayanır. Başqa sözlə desək, mədəni eyniləşmə dövründə yerli xalqlar və milli dillər yox olma təhlükəsi ilə üz-üzə dura bilər. Çünki qloballaşma yad dillərin və mədəniyyətlərin təsirinə düşmək, milli yaddaşdan uzaqlaşmaq baxımından ciddi təhlükə mənbəyidir. Bu isə təkcə bir dilin deyil, onun təmsil etdiyi millətin və dövlətçiliyin də təhlükə altına düşməsi deməkdir. Ona görə də hər bir millətin qloballaşma dövründə öz milli dilini bu təhlükədən qorumaq üçün ciddi strateji dövlət proqramı olmalıdır. Bu baxımdan ölkəmiz müstəqillik əldə etdikdən sonra ana dilimizin qorunması uğrunda bir sıra mühüm addımların atılması təqdirəlayiqdir. Xüsusilə Ümummilli Liderimizin dövlət dilimizin qorunması və inkişafı istiqamətdə atdığı addımlar, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının bu yöndə ardıcıl siyasəti, qəbul olunmuş çoxsaylı fərmanlar, ölkəmizdə bu istiqamətdə vahid dövlət proqramının mövcud olması gözlənilən təhlükənin qarşısını almağa imkan yaradır. Elə Prezident İlham Əliyevin son çıxış və müsahibələrində bu məsələyə xüsusi yer ayrılması, qətiyyətli mövqe nümayiş etdirməsi də bu istiqamətdə görülən işlərin intensivliyindən xəbər verir. Bizim isə hər birimizin ziyalı və vətəndaş olaraq üzərimizə düşən vəzifələrdən biri dilimizi yad sözlərin təsirindən qorumaq, onu korlamasına imkan verməməkdir. Təbii ki, tarixən hər bir dilin digər dillərlə əlaqəsi olmuş, bir dil digərinə söz vermiş, digər dildən söz almışdır. Lakin bu proses o zaman əhəmiyyətli xarakter daşımış, dilin tənəzzülünə deyil, inkişafına təkan vermişdir ki, bu proses tamamilə təbii şəraitdə həyata keçirilmişdir. Yəni başqa dillərdən yalnız ehtiyac olduğu halda sözlər alınmış, zərurət ortaya çıxmadıqca dilin öz vahidləri fikrin ifadəsində əsas yer tutmuşdur. Təəssüflər olsun ki, müasir qloballaşma şəraitində dilimizə yad sözlərin lüzumsuz şəkildə daxil olmasına tez-tez rast gəlirik. Xüsusilə gənc nəslin dilində yersiz alınmalar, qeyri-normal ixtisar formaları, yad vahidlər tez-tez işlənilir ki, bu da bir ziyalı kimi şəxsən məni narahat edir. Məsələnin ciddiyyətini dərk edən cənab Prezidentimiz çox doğru vurğulayır ki, əcnəbi sözlərin lüzumsuz olaraq dilimizə gətirilməsi, qarışıq ifadələrin işlədilməsi dilin strukturunu zədələyir. Dilimizin qədim və zəngin dil olduğunu vurğulayan ustad Şəhriyar təsadüfi demirdi ki, “Türkün dilitək sevgili, istəkli dil olmaz, Özgə dilə qatsan, bu əsil dil əsil olmaz”.
Dilin inkişafı ilə onun saflığı arasında tarazlığı qorumaq üçün dilə göstərilən yad təsirlərin zərərsizləşdirilməsinə nail olmaq vacibdir. Azərbaycanın dövlət ideologiyası məhz dil, milli ənənə və tarixi köklər üzərində qurulduğundan milli dəyərlər sistemimizə sahib çıxmaq hər birimizdən ciddi məsuliyyət tələb edir. Bu gün Azərbaycan ailələri üçün ən mühüm məsələ övladlarının ana dilli məktəblərdə orta təhsil almasıdır. Hər bir uşağın milli-mənəvi dəyərlərə, millik kimliyinə, dilinə və dövlətinə bağlı şəxsiyyət kimi yetişdirilməsi üçün ibtidai və orta təhsili doğma dilində alması cox ciddi məsələdir. Təəssüflər olsun ki, hələ də bir çox ailələrimizdə övladlarımız rus və digər xarici dillərdə orta təhsil alır. Təbii ki, ölkə prezidentimizin qeyd etdiyi kimi, hər bir gəncin xarici dilləri bilməsi gələcək inkişaf baxımından strateji əhəmiyyətə malik məsələdir. Lakin xarici dilləri bilmək orta təhsilin yad dillərdə alınması hesabına olmamalı, hər bir şəxs ana dilini mükəmməl bilməklə xarici dilləri də öyrənməyə səy göstərilməlidir. Güman edirəm ki, ana dilinə ögey münasibətin qarşısını almaq üçün dövlət qulluğuna və digər müəssisələrə işə qəbul zamanı bu yöndə tələblər bir qədər də sərtləşdirilməli, hər bir vətəndaşın öz ana dilini mükəmməl şəkildə bilməsi prioritet məsələ hesab edilməlidir. Bu halda dövlətçiliyimizin əsasını təşkil edən “Güclü dövlət - milli ruh” ideologiyamız tam şəkildə reallaşmış olacaq.
14-02-2026, 09:04
Təbrik edirəm!


Təbrik edirəm!

Ömrümün azqala yarısı, 51 illik əmək fəaliyyətimin 30 ili Azərbaycan Televiziyası ilə bağlıdır. Bu doğma məkanda təcrübə ilə bərabər, həm də xeyli dost qazandım. Dövlətimizin, millətimizin ağır günlərində qaçqınların məskunlaşdığı dəmir vaqonları, çadır düşərgələrini gəzdim. Bəzən əsgərlərimizlə səngərdə gecələdim. Füzuli rayonunun bir qismi işğaldan azad olunanda Horadizin bərpasına qoyulan təməl daşına şahidlik elədim. 44 Günlük Vətən Müharibəsinin Zəfər Paradına da AzTV -də ikən şahid oldum. O qürurlu anları doğma kollektivimlə birlikdə yaşadım. Təqaüdə çıxsam da mənən, ruhən ordayam. Əslində indi də heç bir sözüm, xahişim yerə salınmır. Dəfələrlə hörmətli Rövşən müəllimin tapşırığı ilə AzTV-nin çəkiliş qrupu ixtiyarıma verilib. Hərbi Jurnalistlər Birliyinin xəttilə keçirdiyim tədbirlər dönə-dönə işıqlandırılıb. Başda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri, filologiya elmləri doktoru, Əməkdar jurnalist Rövşən Məmmədov olmaqla bütün kollektivi Televiziyanın 70, Azərbaycan Radiosunun 100 illiyi münasibəti ilə təbrik edirəm! Uğurlarınız daim olsun əzizlərim!
Hörmətlə: Tamxil Ziyəddinoğlu
7-02-2026, 16:02
RUHUMU RASTA KÖKLƏYƏN POEZİYA

Məhrux DÖVLƏTZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru,
ADPU-nun müəllimi



Söhrab Tahir-100

RUHUMU RASTA

KÖKLƏYƏN POEZİYA


Mən vətən deyirəm, yanır dil-dodaq,
Vətən də ağızda alovlanarmış!
Yox, hamı bilir ki, sən məndə ancaq ,
Düyünlü yumruqsan, qəzəbli baxış!

Keçmişlə gələcəyin arasında körpülər salaraq həyata müqavimət göstərməkdir şairlik. Gözdən axan yaşları qələmindən şeir kimi axıtmaqdır şairlik. Gümanı söz olub dərdini sözə çevirib cilasına ürək odu qatanlardır şairlər. Hələ nöqtəsizdir bir çoxunun cild-cild kitablara dönən misraları...
...Onun bu dünyadakı 90 illik ömründən sonra qoyub-getdiyi mirasın bədii-estetik, ictimai-fəlsəfi miqyası nəinki 90 ilin, hətta aradan keçən 100 ilin də çərçivələrinə sığışmır. 200 ildən də çox bundan əvvəl “Gülüstan”la viranə qalan yurdumuzun ,“Türkmənçay” fəlakətindən sonra dərdlərinə bir az da dərd calanan xalqımızın, gözyaşı Araz olan millətimizin möhnətinin tərcümanıdır Söhrab Tahirin poeziyası.
XX əsrin 40-cı illərində taleyin sapandı Əli Tudə, Mədinə Gülgün, Balaş Azəroğlu, Hökumə Billuri, Pənahi Makulu və başqaları ilə bərabər Söhrab Tahiri də Arazın o tayından bu tayına atdı və onların vətəndən vətənə mühacirəti başladı...Elə o gündən ürəyi şeirə döndü gözləri qürbət olan şairin.
Taleyi Şimali Azərbaycana bağlansa da, Arazın suları ürəyindən yol saldı. “Dənizlər, dəryalar mənə dayazdır, Ən dərin bir çay var, o da Arazdır”,-dedi Söhrab Tahir. Bu ürəyin yanğısını söndürməyə Araz sularının gücü yetmədi, şairin kədəri könlündən qələminə axdı misra- misra, sətir-sətir...
Onun Araz haqqında şeirləri sərt qışda açan çiçəklər kimidir; hüznü ətrindən çox, ətri az tapılan, ləçəkləri ayaz yemiş, tikanları daha sərt, budağı daha qırılğan, torpağı günəşə möhtac...Söhrab Tahirin Araz haqqında şeirləri suların zümzüməsinə bənzəsə də, çala bilməz ozanlar bu havanı, saz titrəyər, tel qırılar... Sakit axsa da, içində min illik ağrını, bölünmüş vətənin yaralarını daşıyan Arazın susmayan harayıdır şairin sözləri:
Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun
Ortadan qurumuş bir dəli çayda.

Can cövhəri vətən eşqindən mayalanan bu sətirlər bir muğam üstə kökləyir insanı...Rasta bənzəyir Söhrab Tahirin şeirləri; sükutun içində saxlanan bir hayqırtı kimi təmkinli, ağır-ağır...Onun şeirləri bir yanı ümid dolu yanıqlı səs dalğasında Rastla qovuşub uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca keçib, milyonlarla ürəklərə yol tapıb ikiyə bölünmüş vətənin hər yerinə yayılır. Sədası insanı indiki zamandan qoparır, sabahlara yolçu edir, ruhumuzu rasta kökləyir bu poeziya; həsrətin yanğın yerində mənəvi dayaq nöqtəmizə dönür. Söhrab Tahirin şeirlərini oxuyanda anlayırsan ki, bu həsrət yalnız ağrı deyil, həm də insana kimliyini unutdurmayan yaddaşdır. Anlayırsan ki, Araz ayrılıq rəmzi olsa da, sularında iki sahilin kölgəsini görüntüləyərək ümidin də içindən axır, onları bir-birinə yadlaşmağa qoymur. Araz ayırsa da, unutdurmur, əksinə, xatırladır.
Bəlkə də həyat yaşadığımız deyil, yaşaya bilmədiklərimizə necə baxdığımızdan ibarətdir. Söhrab Tahirin poeziyasına dərindən bələd olduqca düşünürsən ki, ağrının-acının içindən keçmək insanı gücləndirər, bu çətinliyin içində nəcib qala bilmək isə insanı başqalarından fərqli qılar. Və beləcə onilliklər bir-birini əvəz etdikcə qəlbinə köç edən sıxıntılar səbrinə heyran qaldı şairin...Arzuları ilə məcburiyyətləri arasında çarəsizlikləri sərt olsa da, nə vaxtsa doğma yurda qovuşmaq ümidi şeirlərinə ruh verdi. Bu ruh onun poeziyasını heç vaxt tərk etmədi:
Qorxaqlar önümdə çöküb əyilsin,
Vətənsiz vüqarım göyə dikəlsin;
Deyin azadlığa ardımca gəlsin,
Mən onun ardınca gəlmərəm daha.


Söhrab Tahir oxucunu təkcə şəxsi nisgilə deyil, ümummilli ağrıya da şərik edir. Vətən anlayışı Söhrab Tahir poeziyasında coğrafi sərhədlərlə məhdudlaşmır. Onun üçün vətən dil, yaddaş, tarix və mənəvi bütövlük deməkdir. Onun yaradıcılığı Cənubi Azərbaycan mövzusunun ədəbi təcəssümündə mühüm mərhələ olmaqla yanaşı, milli yaddaşın qorunmasında əvəzsiz rol oynayır. Söhrab Tahirin yaradıcılığında Cənub həsrəti milli ağrının səssiz fəryadıdır.Bu coğrafi bölünmədən milli faciəyə gedən yol isə Arazdan keçir.“Araz boyda şırımın”qaysaq tutmuş yarasından söz açanda, Təbrizlə Bakı arasında birlik istəyini ifadə edəndə Söhrab Tahir o taylı-bu taylı bir məmləkətin Arazüstü körpülərini salırdı. Bu körpülərin dayaqlarından biri isə o özü idi:
Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha!


Vaxtilə tanınmış ziyalı, türkoloq doktor Cavad Heyət çıxışlarından birin-
də söyləmişdi ki, heç bir millətin ədəbiyyatında mövcud olmayan həsrət
ədəbiyyatımız vardır. Həsrət ədəbiyyatı bizim üçün də dərdlərimizi bölüşmək, mənən birləşmək vasitəsi olmuşdur.
Ayrılıq, həsrət mövzusu uzun illərdir ki, hər iki tayın sağalmaz yarasına çevrilmişdir. O taylı, bu taylı elə bir Azərbaycan şairi tapmaq olmaz ki, xalqın ayrılıq həsrətinə, ağrı-acısına öz münasibətini bildirməsin. Əsrlər bir-birini əvəz edir, siyasi-ictimai epoxalar dəyişir və hər dəfə də Cənub mövzusunda olan ədəbi irs daha təzə, daha yeni nəzəri-estetik baxış bucağı tələb edir. Söhrab Tahirin şeirlərində Cənub həsrəti yalnız keçmişə yönəlmiş kədər deyil, gələcəyə ünvanlanan ümid və çağırışdırır. Şair bu həsrəti milli oyanışın, birliyə çağırışın poetik ifadəsinə çevirir.
Nəhəng insanların sadəcə doğum tarixləri vardır. Bioloji olsa belə, onların həqiqi ölüm tarixləri olmur. Bir insandan ən son söz açıldığı tarix onun ölüm tarixi ola bilər. Söhrab Tahirdən isə əsrlər keçsə də, bu günkü kimi söz açılacaq. Onun həsrət qoxulu, hicran nəğməli, əzəl mübtədası vətən olan əsərləri həmişə özündən də, müəllifindən də söz açdıracaq. Söhrab Tahirin şeirləri ünvanı bilinən, amma vaxtilə yazılıb göndərilməmiş məktublar kimidir. Həsrətdən doğulan misralar indi sanki pərvazlanıb Arazın o tayına uçur, müəllifindən, onun arzularından söz açdırır.
Söhrab Tahirin şeirlərində Cənub həsrəti Azərbaycan poeziyasında milli dərdin ən səmimi və təsirli ifadələrindən biridir. Şair bu mövzunu şəxsi taleyin hüdudlarından çıxararaq ümummilli problem səviyyəsinə yüksəltmişdir. Onun yaradıcılığı Cənubi Azərbaycan mövzusunun ədəbi təcəssümündə mühüm mərhələ olmaqla yanaşı, milli yaddaşın qorunmasında əvəzsiz rol oynayır. On ildən çoxdur ki, şair cismən aramızda yoxdur. Lakin özünün də dediyi kimi:

Dərdi dərd olmuşdur elin də mənə,
Ağladım, bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha!
17-01-2026, 23:22
ABŞ İran yaxınlığına qoşun toplayır


ABŞ İran yaxınlığına qoşun toplayır

ABŞ-ın Yaxın Şərq istiqamətində hərbi hava aktivliyi artmaqda davam edir.
Bu barədə "UK Report" adlı səhifə X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Amerika Birləşmiş Ştatlarına məxsus nəqliyyat təyyarələri Avropadakı hərbi bazalarla ABŞ-ın kontinental hissəsi arasında silah-sursat və digər hərbi yüklərin daşınmasını həyata keçirir. Eyni zamanda havada yanacaq dolduran təyyarələr bölgəyə yönəldilən gücləndirici qüvvələrin uçuşlarını və döyüş hazırlığının saxlanmasına yönəlmiş əməliyyatları dəstəkləyir.
Paylaşımda MC-130J tipli təyyarələrin uçuş sayının artmasının da diqqət çəkdiyi bildirilir. Bu isə ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin fəaliyyətində fəallığın yüksəlməsi kimi qiymətləndirilir.
Qeyd olunur ki, son günlər müşahidə edilən bu dinamika Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı risklərin artdığı bir dövrdə ABŞ-ın hərbi mövcudluğunu və operativ hazırlığını gücləndirdiyini göstərir.
13-01-2026, 21:17
DAK Bəyanat yayıb


DAK Bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi İranda baş verənlərlə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

İran İslam Cümhuriyyətinin bir çox şəhərlərində başlanan kütləvi aksiyalar bu ölkənin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar içində boğulduğunu bir daha bütün dünyaya göstərmiş oldu. İran vətəndaşı olan milyonlarla azərbaycanlının taleyini düşünən hər bir soydaşımız dünyanın harasında yaşamasından asılı olmayaraq gedən prosesləri maraq və nigarançılıqla izləyir. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI yüzildə demokratik prinsiplər heç bir dövlətin daxili işi deyildir. İranda indiki rejim yaşadıqca daxili problemlərin demokratik islahatlar, insan haqları və milli dəyərlərə sayğı çərçivəsində həllinin mümkünsüzlüyünü görür və prezident Pezeşkianın bu sahədə göstərdiyi səylərin nəticə vermədiyinə təəssüflənirik.
Dünya Azərbaycanlıları Konqresi olaraq İran etirazçılarının tələblərini haqlı saymaqla yanaşı, bu etirazlardan süni şəkildə digər qüvvələrin öz maraqları üçün istifadəsini qətiyyətlə pisləyirik. Azərbaycan Respublikasının qonşuluğunda yeni qanlı Liviya, Suriya senarilərini istəmirik.
Çağımızda qlobal dəyişikliklər gedən dünyadan təcrid olunmuş vəziyyətdə yaşamaq mümkün deyil. Dövlətə etimadsızlıq göstərən vətəndaşlara qarşı zor tətbiqini qətiyyətlə pisləyir, yüzlərlə vətəndaşın qətlə yetirilməsini rejimin vandalizmi sayırıq…
Dünya Azərbaycanlıları Konqresi olaraq bütün problemlərin demokratik, dinc və siyasi yolla həllinin tərəfdarıyıq. Ümid edirik, İranda insan haqları, demokratiya, söz azadlığı, milli dildə danışmaq, təhsil almaq, mətbuata sahib olmaq kimi haqlar tanınacaq, İran Konstitusiyasının 15-ci maddəsi nəhayət işə düşəcək, İranda yaşayan Azərbaycan türkləri və diğər xalqlar da öz hüquqlarından istifadə edə biləcəklər.
Dünya Azərbaycanlıları Konqresi həm Pəhləviləri diriltmək, həm də indiki fars-molla rejimini qorumaq istiqamətində aparılan təbliğatların səmərə verməyəcəyinə inanır, Azərbaycan türklərinin hürriyyət və istiqlalının ancaq milli iradəyə bağlı olduğunu qətiyyətlə ifadə edir.
24-12-2025, 15:25
Müsəddiq müəllimin medalı


Müsəddiq müəllimin medalı

Medianın İnkişafı Agentliyindən zəng vurub bildirdilər ki, “Bütöv Azərbaycan” qəzetinin 1 medal limiti var, kimə verirsinizsə sənədlərini agentliyə göndərin. Təşəkkür edərək redaktorumuz İlham Məmmədlinin sənədlərini agentliyə göndərdim. Sürpriz olsun deyə özünə bildirmədim. Aradan xeyli müddət keçəndən sonra- dekabrın 22- də agentlikdən yenə zəng gəldi. Bu dəfə dedilər ki, Tamxil müəllim, siz “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunmusunuz, sabah saat 10-12 arası gəlin, medalınızı götürün. Sağolun, deyib söhbəti bitirdim.
Çox pərt olmuşdum. Mən təltif üçün İlhamın adını vermişdim, bunlar təltifə məni dəvət edirlər, deyə 40 ildir əqidədaşım olan İlhamın üzünə necə baxacağımı düşünüb xəcalət çəkir, getmək istəmirdim.
Dekabrın 23-ü saat 11: 04-də yenə zəng gəldi:
“Müəllim, siz gəlmirsiniz?!”
-Gəlirəm,- deyib yola çıxdım. Yolda mətbuata bağlandığım 50 il kino lenti kimi gözlərimin qabağından keçdi.
İlk yazım “Azərbaycan gəncləri” qəzetində çap olunanda mənim 17, mətbuatımızın 100 yaşı vardı. Mən Jurnalistika fakültəsinə qəbul olununca Milli mətbuatımız 10 il qocalmış, yesir balası isə 10 illik əzablı yoldan keçmişdi. Bu məqamda bütün müəllimlərimi ehtiram, sevgi və sayğıyla xatırlayaraq dördünün adını çəkəcəm:
*Mərhum professorumuz Famil Mehdi yeganə müəllimim idi ki, qəbul imtahanlarında məruz qaldığım haqsızlığın şahidi olduğunu etiraf etmişdi.
*Professor Qulu Xəlilli yeganə müəllimim idi ki, partiya iclasında məsələm müzakirə olunanda, əsl simasını məndən başqa tanıyan olmadığını güman etdiyim, mələkdonlunun ironiyasına cavab verdi. Dedi:- müəllim, bu tələbə sizin kimi vicdanını itirməyib, partbiletini itirib. Onu da ya tapacaq, ya da təzəsini alacaq...
*Nəriman Zeynallı yeganə müəllimim idi ki, səhər-səhər dərsinə gəldiyim vaxt universitetin girəcəyində qara çərçivəyə salınmış portretini görüb hönkürmüşəm və o gün tələbə yaddaşımda bir yara açılıb.
*Müsəddiq müəllimim haqqında ayrıca söhbət açmaq istəyirəm. Fədailərdən idi. Bizə Əski əlifba öyrədirdi. Hərdən üstü örtülü Pişəvəri hökümətindən söz salırdı. Hiss olunurdu ki, milli düşüncəmizi oyatmaq istəyir. Bu o vaxtlarlar idi ki, uşaqlarımız hələ sovetin qardaşlıq laylaları ilə uyudulurdu, həm də qrup yoldaşlarımızın əksəriyyəti 16-17 yaşını təzəcə tamamlamışdı. Ona görə də belə hisslər çox uzaqdaydı. Müsəddiq müəllim dərsdə o vaxtlar Güney Azərbaycanda gözünün qabağında cərəyan edən faciələrin birindən söz açanda duyğulandı. Gözləri yaşaranda uşaqlar müəllim ağlayır,- deyib gülüşdülər. Müsəddiq müəllim heç nə demədi, göz yaşı içində auditoriyanı tərk elədi. Bir daha qayıtmadı...
...Medianın İnkişafı Agentliyinə çatanda o günlərin xəyalından ayıldım. Mənə iki medal verdilər. Vəsiqələrə baxdım ki, biri mənim digəri İlhamındır. Düzü sevindim. Medala görə yox, İlhamla bizi ayırmadıqlarına görə sevindim. Sevincimi bölüşmək üçün İlhamın dərs dediyi Bakı Qızlar Universitetinə üz tutdum. Onun medalını tələbələrinin qarşısında özünə verdim. Mətbuatdakı 50 illik fəaliyyətimə verilən medalı isə parçalanmış Azərbaycanımızın yaralarının ağrısını bizə hiss etdirən Müsəddiq müəllimin göz yaşlarına ithaf etdim.

Müəllimlərimizə ehtiramla:
Tamxil ZİYƏDDİNOĞLU
18-12-2025, 19:14
Gözün arxada qalmasın, Gülüm!


İki qərinəlik ömür yaşamışam. İlk dəfədir ki, qaynana itkisindən təsirlənib yazan gəlinin ağısı çıxır qarşıma. Gülnarə Babaşovanın yazdıqlarından duyğulandım. İstədim ki, “Bütöv Azərbaycan” qəzetinin, “Butov.az” portalının oxucuları ilə bölüşüm. Yol-ərkan gözləyənlərə sayğıyla: Tamxil Ziyəddinoğlu

Gözün arxada

qalmasın, Gülüm!



İnanmağım gəlmir, heç inana bilmirəm. Həyatımın yarıdan çoxunu bərabər yaşadığım, canım qaynanam. Dostum deyim, sirdaşım deyim, ikinci anam deyim, mən axı nə deyim ki, ürəyim soyusun. Məni tək qoymayacağını demişdin, bəs niyə tərk etdin bizi. Biz bərabər necə çətinliklərin öhdəsindən gəlmişdik, Gülüm. Bu xəstəlik necə dizini yerə gətirdi? Sən axı güclü idin. Ürəyi yaralım, necə məni tək qoya bildin. Evimin isti ocağı idin. Nəvələrini niyə belə gözü yaşlı qoydun. Sən axı onlara tək nənə yox, həm də ana idin. Məndən çox səni ana görürdülər. Balalarına qovuşdun, indi dincəl. Ayrılıq həsrətin bitti, amma mənim ailəmdə böyük bir boşluq qoydun. Canım mənim, qəlbinin, bədəninin yaralarına qurban olduğum rahat yat, məkanın cənnət olsun! Nəvələrinə sənin istədiyin kimi baxacağam, gözün arxada qalmasın, Gülüm!
12-12-2025, 21:09
Ümummilli Liderin xatirəsi Həştərxanda yad edilib


Ümummilli Liderin xatirəsi

Həştərxanda yad edilib



Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə müasir və qalib Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım tədbirləri keçirilib. Anım tədbirlərində Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri, millət vəkili Arzu Nağıyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov iştirak edib.

Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru, Hökümət sədri Denis Afanasyev və vilayətin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra “Əbədi məşəl” memorialı ziyarət olunub.

Daha sonra Azərbaycan nümayəndə heyəti Həştəxan vilayətinin Xarici Əlaqələr naziri Vladimir Qolovkov, Həştərxan vilayətinin Təhsil və Elm nazirinin müavini İrina Mudraya, Həştərxan şəhərinin meri İqor Redkin və digər rəsmilərlə birlikdə Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Nümayəndə heyəti Ümummilli Liderin anım günü ilə əlaqədar məktəbin kollektivi tərəfindən hazırlanan tədbirdə iştirak edib. Tədbirdə çıxış edən rəsmilər Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirlərdə hər zaman fəallıq nümayiş etdirdiyini, o cümlədən xalqlarımız arasında bağları daha da möhkəmlədəcək gənclərin yetişdirdiyini qeyd edib.

Sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin vitse-qubernatoru, Hökümət sədri Denis Afanasyev ilə görüşü olub. Həştərxan vilayəti ilə ölkəmizin sıx əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edən Denis Afanasyev ötən müddət ərzində xalqlarımız arasında böyük bağların yarandığını, çoxsaylı kütləvi-mədəni tədbirlərin keçirildiyini vurğulayıb. O, əlaqələrimizin bundan sonra da inkişaf xətti üzrə davam edəcəyinə ümidvar olduğunu söyləyib. Azərbaycan nümayəndə heyəti öz növbəsində Həştərxan vilayətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin daima ucu tutlduğunu vurğulayaraq buna görə vilayət rəhbərliyinə və həştərxanlılara öz minnətdarlığını bildirib. Qeyd edilib ki, Azərbaycan-Rusiya və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrə, dərin mədəni və humanitar əlaqələrə söykənir.

Daha sonra Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) və Azərbaycan diasporasının üzvləri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Milli Məclisin Komitə sədri, millət vəkili Arzu Nağıyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Həştəxan vilayətinin Xarici Əlaqələr naziri Vladimir Qolovkov iki xalq arasında münasibətlərin daimiliyinin təmini istiqamətdə gənclərin əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edərək bildiriblər ki, mədəni, iqtisadi və digər sahələrdə gənclər üçün çox böyük imkanlar vardır.


















11-12-2025, 16:00
Təbrik edirik!


Təbrik edirik!

Bu gün Zəngəzur mahalının Gığı Kənd Orta Məktəbinin 1975-ci il məzunu Həsən Piriyevin doğum günüdür. O Həsənin ki, məktəbi bitirəndən sonra düz 50 il yeniyetməlik dostumuzun üzünə həsrət qalmışıq. Elə ilk görüşümüzdə onun da dostların həsrətini necə çəkdiyinin şahidi olduq. Çox sevincli idi. Həm də ona görə ki, sinif yoldaşlarının isti münasibətini, doğmalığını və onu necə sevdiyimizi indi, ahıl çağında daha yaxşı hiss edirdi.
Bu görüşdən sonra Həsən bütün sinif yoldaşlarımızı öz halal süfrəsinə, əlinin qabarı, alnının tərilə qazandığı çörəyindən qismət kəsməyə dəvət elədi.

Nəbi, Xürrəm, Ramiz, Tamxil, Sahib, Sərvər, Pərvaz vədələşib Həsənin başına yığışdıq. Digər dostlarımız da telefon bağlantısı ilə səsimizə səs verib məclisimizə qoşuldular. Beləcə Həsənin sayəsində, xoş xatirələrlə yaddalan bir gün keçirdik. Bu gün isə bütün sinif yoldaşları Həsəni doğum günü münasibəti ilə təbrik edir, ona sağlam, uzun ömür arzulayırlar.

Əzizimiz Həsən, dünyamıza xoş gəlmisən! Ailənizə, övladlarınıza əminamanlıq, xoş güzəran arzusu ilə Gığı məktəbinin 1975-ci il məzunları!
7-12-2025, 19:20
7 Dekabr – Azərbaycan Parlamenti Günü və Dövlətçilik İrsimiz


7 Dekabr – Azərbaycan Parlamenti

Günü və Dövlətçilik İrsimiz


XX əsrin əvvəlləri dünya siyasi xəritəsində dərin dəyişikliklərin baş verdiyi, milli dövlətçilik ideyalarının gücləndiyi bir dövr idi. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycan xalqı 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdi və həmin dövlətin mühüm strukturlarından biri kimi parlamentin yaradılması demokratik idarəçilik baxımından xüsusi əhəmiyyət daşıdı.
7 dekabr 1918-ci ildə fəaliyyətə başlayan Azərbaycan Parlamenti Şərq aləmində ilk parlamentli respublika modelinin tətbiqi ilə tariximizin yeni və misilsiz bir mərhələsini açdı. Müsəlman Şərqində ən mütərəqqi və demokratik prinsiplər əsasında yaradılmış bu parlament çoxpartiyalı struktura malik idi və müxtəlif siyasi qüvvələrin təmsilçiliyi ilə plüralist müzakirə mühitini təmin edirdi. Cəmi 17 ay fəaliyyət göstərsə də, dövlətin hüquqi bazasının formalaşdırılması, idarəetmə sisteminin qurulması, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əsasların yaradılması kimi son dərəcə mühüm vəzifələri icra etdi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni yüksək qiymətləndirərək bildirirdi ki, “1918-ci ildə yaradılmış demokratik respublika bizim tariximizin böyük və parlaq bir mərhələsidir. Biz bu mərhələni layiqincə qiymətləndirməliyik”. O, eyni zamanda bu dövrün nailiyyətləri ilə yanaşı, çətinliklərinin də dərindən araşdırılmasının vacibliyini vurğulayaraq qeyd edirdi ki, “Tarixçilərin borcudur ki, demokratik respublikanın fəaliyyətinin qüsurlarını da bilməliyik ki, o səhvlər bir daha təkrarlanmasın”. Bu parlamentin yaratdığı ənənələr müasir milli dövlətçilik ideologiyasının təməl mənbələrindən birinə çevrilmişdir.

Azərbaycan parlamentarizminin müasir mərhələsi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə - ölkə ağır siyasi böhran, parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə keyfiyyətcə yeni inkişaf dövrünə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin parlament sədri kimi tarixi missiyası Azərbaycanın dövlətçiliyinin real xilası ilə nəticələndi. O, dövlət hakimiyyəti daxilində legitimliyi bərpa etdi, separatizm və silahlı qarşıdurmaların qarşısını aldı, idarəetmə sisteminin sabitləşməsini təmin etdi və dövlətin hüquqi əsaslarını yenidən qurdu. Bu mərhələdə qəbul edilən qanunlar müasir Azərbaycan dövlətinin hüquqi memarlığının əsasını təşkil etdi. Parlament onun rəhbərliyi dövründə yalnız qanunverici orqan deyil, həm də strateji qərarların qəbul olunduğu, dövlətin gələcək inkişaf yolunun müəyyənləşdirildiyi siyasi mərkəzə çevrildi. Beləliklə, 1993-cü il parlament mərhələsi müstəqil dövlətçiliyin hüquqi, siyasi və institusional bünövrəsinin möhkəmləndirildiyi dönüş nöqtəsi oldu.
Sonrakı dövrdə isə Ümummilli Lider Heydər Əliyev dövlətçilik xəttinin ardıcıl şəkildə davam etdirilməsi müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdi və bu xəttin layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkədə qanunverici hakimiyyətin fəaliyyətinin daha səmərəli və dinamik şəkildə qurulmasına geniş imkanlar yaratdı. Dövlət başçısı kimi həyata keçirdiyi siyasi, institusional və iqtisadi islahatlar Milli Məclisin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratdı, parlamentin müasir dövlət idarəçiliyi sistemində rolunu daha da artırdı. Prezident İlham Əliyevin sözləri ilə desək, “Milli Məclis ölkəmizin sosial-iqtisadi inkişafının və hüquqi dövlət quruculuğunun təmin edilməsində mühüm rol oynayır”. Bu yanaşma onun qanunverici hakimiyyətin müstəqilliyini və funksional imkanlarını yüksək qiymətləndirdiyini, dövlət başçısı kimi həyata keçirdiyi islahatlarla parlamentin daha effektiv fəaliyyət göstərməsi üçün əlverişli siyasi-hüquqi mühit formalaşdırdığını göstərir. Məhz Prezidentin rəhbərliyi ilə aparılan sistemli islahatlar, yeni iqtisadi modelin tətbiqi, idarəetmənin şəffaflaşdırılması, modern hüquqi çərçivənin qurulması və dövlət prioritetlərinin müəyyənləşdirilməsi Milli Məclisin qəbul etdiyi qanunların mahiyyət etibarilə daha çevik, inkişaf yönümlü və ölkənin strateji hədəflərinə uyğun olmasını təmin etdi. Beləliklə, Prezidentin uzaqgörən siyasəti parlament fəaliyyətinin institusional güclənməsinə, qanunvericilik prosesinin keyfiyyətinin yüksəlməsinə və ümumilikdə Azərbaycan parlamentarizminin yeni mərhələyə qədəm qoymasına dolğun töhfə verdi.
Bildiyimiz kimi, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixində yalnız hərbi-siyasi qələbə olmadı, həm də ölkənin strateji inkişafında yeni mərhələnin başlanğıcı oldu. Qazanılan Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, regionda yeni geosiyasi reallıq formalaşdı və milli dövlətçiliyin gələcək inkişafı üçün fundamental imkanlar yarandı. Bu tarixi dönüşdən sonra başlanan genişmiqyaslı bərpa-quruculuq, reinteqrasiya və sosial-iqtisadi yenidənqurma proseslərinin hüquqi təminatı Milli Məclisin əsas prioritetinə çevrilmişdir.
Parlament tərəfindən qəbul edilən qanunlar azad edilmiş ərazilərdə infrastrukturun bərpası, “Böyük Qayıdış” proqramının icrası, məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı, mina təhlükəsizliyi, yeni iqtisadi rayonların yaradılması və Qarabağ-Şərqi Zəngəzur üçün xüsusi inkişaf planlarının hazırlanması kimi məsələlərin hüquqi çərçivəsini formalaşdırdı. Bu qərarlar Azərbaycanın post-müharibə dövründə siyasi sabitliyinin, sosial rifahının və strateji inkişafının hüquqi əsaslarını təmin edən mühüm mexanizmlərə çevrilmişdir.
Xüsusi qeyd etməliyik ki, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan və əsrlər boyunca azərbaycanlıların yaşayıb yaratdığı Qərbi Azərbaycana qayıdış arzusu da milli ideoloji düşüncənin mühüm tərkib hissəsidir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və dövlətçilik fəlsəfəsi çərçivəsində bu arzu ərazi iddiası deyil, doğma yurdlarla mənəvi bağların qorunması, tarixi irsin yaşadılması və dinc şəkildə geri dönüşün hüquqi əsaslarının gələcəkdə formalaşdırılmasına yönəlmiş milli istəyin ifadəsidir. Bu ideya həm tarixi ədalətə inamı, həm də bölgədə uzunmüddətli sülh, qarşılıqlı anlaşma və insan hüquqlarına hörmət kimi prinsipləri təcəssüm etdirir. Qərbi Azərbaycana qayıdış arzusu xalqımızın yaddaşında yaşayan, lakin siyasi deyil, humanitar, mədəni və tarixi bağlılıq üzərində qurulan ümummilli bir idealdır və Azərbaycan cəmiyyətinin gələcək nəsillərə miras kimi ötürdüyü mənəvi dəyərdir.
Beləliklə, 7 dekabrdan başlayan parlamentçilik ənənəsi, dövlətçilik dayaqlarının möhkəmləndirilməsi və 44 günlük Zəfərdən sonra formalaşan yeni inkişaf mərhələsi Azərbaycan parlamentarizminin və milli dövlətçilik fəlsəfəsinin ardıcıl inkişaf dövrünü xarakterizə edir. Bu dövr tarixdən gələn zəngin irsi qoruyaraq, müasir çağırışlara cavab verən və gələcəyin ölkəsini daha güclü, sülhsevər və müstəqil qurmağa yönəlmiş strategiyaları reallaşdıran bir mərhələdir.
Tarixdən götürülən dərslərin və dövlətçilik ənənələrinin qorunması və davamlı şəkildə inkişaf etdirilməsi sayəsində gələcək nəsillərin bu yolu daha da irəli aparacağına və Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirəcəyinə inanıram.

Əziz həmvətənlər!
Sizin hər birinizi 7 Dekabr – Azərbaycan Parlamenti Günü münasibətilə ürəkdən təbrik edir, dövlətimizin inkişafı və xalqımızın rifahı yolunda uğurların davamlı olmasını arzulayıram.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!