Balaca adamın
yekə buketiBu ilin Mart ayı da geridə qaldı. Amma geridə qalan təkcə aylar, günlər deyil, həm də hər ayın, hər günün hər kəsin yaddaşında iz buraxdığı bir xatirə də qalır. Bu ilin 8 martı yadımda bir böyük adamla eyni gül dükanında buket bağlatmağımla qalıb.
Səhər-səhər paytaxtımızın Binəqədi rayonunda yaşayan əzizlərimdən birinin bayramını təbrik etməyə gedirdim. 6-cı mikrorayon dairəsindəki gül dükanına yaxınlaşdım. Müştəri çox olduğundan növbə gözləməli oldum. Gözləsəm də darıxmırdım. Çünki hamı bayram ovqatında idi. Mehribanlıqla danışıb gülüşürdülər, hərdən zarafatlaşanlar da olurdu. Məndən qabaqkı müştərinin növbəsi çatdı. Gül satan ona xüsusi zövqlə bir buket bağladı. Buket çox xoşuma gəldi, qiyməti də məni lap sevindirdi. Büdcəmə uyğun, hətta nəzərdə tutduğum qiymətdən də ucuz...

Cavan oğlan 100 manatlığı uzadıb buketi götürdü. Gülçü 30 manat çıxıb müştəriyə 70 manat qaytardı. Mənim daha fikirləşməyimə, seçim etməyimə ehtiyac qalmamışdı. Xoşhallıqla salam verib, əleyk alandan sonra dedim,- bacıoğlu, zəhmət olmasa, elə mənə də indicə bağladığın buketin eynisini bağla. Qoçaq baş üstə,- deyib, işə girişdi. Buket hazır olunca mən də cibimdən 30 manat çıxarıb əlimdə hazır saxladım. Mübadilə vaxtı gül satan ona verdiyim 30 manatı mənə qaytarıb, -
təəccüblə, dayı bu nədi?!-Dedim: Bala pulumuzu tanımadın?!-Dedi,-tanıdım e, ancaq sən az vermisən axı. 40 mant da verməlisən. Belə buketin qiyməti 70 manatdır.
- Dedim,-bəs indicə 30 manata verdin axı, iki dəqiqəyə nə dəyişdi ki?!Balaca tacir xəfifcə gülümsündü, dayıcan,-dedi- sən onlarla bəhs etmə, onlar böyük adamlardı. Buketi alırsansa 40 manat da ver, almırsansa, vaxtımı alma!
40 manat da əlavə edib buketimi aldım. Əvəzində satıcının adını soruşdum. Müşfiq, dedi. Müşfiqin “hörmət” etdiyi böyük adam isə polis serjantı idi...
Bütün xanımlarımıza sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU