“Çərşənbə günündə
çeşmə başında”Martın 24-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Aşıq Pəri Məclisi Ozan Sənətinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Çərşənbə günündə çeşmə başında” adlı bayram konserti keçirilib. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla yad edildikdən sonra meydan saza-sözə verildi. Aşıq Pəri Məslisinin sədri, şair Pərvanə Zəngəzurlu dəvəti qəbul edib sazın-sözün işığına yığışanları salamladı. Mübarək bayramlar münasibəti ilə tədbir iştirakçılarını, ümimilikdə bütün xalqımızı təbrik etdi, xoş arzularını bildirdi. Şair Südabə İrəvanlı da meydana çıxıb həmkarı ilə birlikdə qonaqları şeirlə qarşıladı.

Respublikamızın hər yerindən çəmləşən Aşıq Pəri incilərinin hərəsi özü ilə məmləkətimizin bir guşəsinin ətrini gətirmişdi. Elə zalda əyləşənlər də. Göyçədən, Borçalıdan, Zəngəzurdan, Gədəbəydən, Dərələyəzdən, Kəlbəcərdən, İrəvandan, Şəkidən, Şirvandan, Naxşıvandan təşrif buyuranların yarısının xəyalları Xıdır Qursalının səsləndirdiyi qara zurnanın sədası ilə havalanıb qərib yurdlarımızı dolaşırdı. Peşə sahiblərini təsnifləndirmədən yadımda qalan aşıq, şair, müğənni, qiraət ustalarının adlarını sadalayaraq, həm də onlara ozan sənətimizi, incəsənətimizi, poeziyamızı sevə-sevə yaşatdıqları üçün tamaşaçı təşəkkürümüzü bildiririk. Bu təşəkkür əslində zalı inlədən alqış səsləri, səhnəyə daşınan gül buketlərində öz əksini tapırdı.

Zəngəzurlunun “pərvanə”ləri ətrafına yığışmış, qalan sənət ustaları da bir-bir, iki-iki səhnə arxasından meydana çıxıb sazları, zəngulələri ilə ruhumuzu qidalandırırdılar. Onların arasında Aşıq Sevil Ədalət, Ruhiyyə Qarabağlı, Mənsurə Xıdırova, Həqiqət Şınıxlı, Səbinə Gədəbəyli, Xanım Göyçəli, Dərya Mərdanzadə, Lalə Əbilova, Zəhra Şuşalı, Xədicə Göyçəli, Əli Zeynalabdin, Xaqani Zeynalabdin, Ramil Şınıxlı, Sahil Laçınlı, Anar Laçınlı, Təranə Gədəbəyli, Fazil Gədəbəyli, İlqar Gədəbəyli, Ələkbər Kəlbəcərli, Mahirə Göyçəli, Məlahət Göyçəli, Şəfəq Ələsgərqızı, Pəri Rəncbərli, Mehparə Səfərli və Sona Dərələyəzlinin hərəsi yaddaşımızda bir iz buraxdı. Amma sazı və könül oxşayan rəqsi ilə ortalığı ayağa qaldıran balaca qız hər musiqi nömrəsinə özgə bir naxış vururdu.
Gənclik illərini “Lalə Qızlar” ansamblına həsr etmiş Əməkdar artist Rəhilə Bəndəliyevanın ifa etdiyi “Sənsiz yaşaya bilmərəm” mahnısı 40 ilə yaxındır yurd həsrətilə qovrulan Qərbi Azərbaycanlı tamaşaçıları duyğulandırdı.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarovanın rəhbərlik etdiyi “İrəvan Xalq Çalğı alətləri ansamlı”nın kollektivi də “Çeşmə başı”ndaydı. Beləcə Dədə Ələsgər dühasının işığında - “Çərşənbə günündə çeşmə başında” bayram ovqatlı bir gün yaşadıq.
Sizlərə də xoş ovqat arzusu ilə:Tamxil ZİYƏDDİNOĞLU