Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab olunan Göytəpə arxeoloji abidəsi ciddi təhlükə altındadır. Təbii aşınma və diqqətsizlik nəticəsində abidənin ilkin quruluşu tədricən dağılır. Göytəpə təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün böyük tarixi əhəmiyyət daşıyır. Burada eramızdan əvvəl VI minillikdə neolit dövrü insanlarının yaşadığı müəyyən edilib. Bir neçə il əvvəl aparılan arxeoloji qazıntılar zamanı qədim insanların məişət əşyaları, əmək alətləri və hətta qəbirlər aşkar edilib. Bu tapıntılar Göytəpənin regionun ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu təsdiqləyir. Lakin hazırda abidə baxımsız vəziyyətdədir və təbii amillərin təsiri ilə aşınaraq məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb. Yerli sakinlər və müəllimlər hesab edirlər ki, ərazidə açıq muzey yaradılması vacibdir. Onların fikrincə, bu, həm tarixi irsin qorunmasına, həm də gənc nəslin maarifləndirilməsinə xidmət edər. “Burada açıq muzey təşkil olunsa, şagirdlər üçün çox faydalı olar. Gələcək nəsillər də bu tarixi yaxından tanıya bilər”, – deyə sakinlər bildiriblər. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası-nın Arxeologiya və Antropologiya İnstitutundan qeyd olunub ki, Göytəpədə 2008-ci ildən etibarən Yaponiyanın Tokiya Universiteti ilə birgə uzunmüddətli tədqiqatlar aparılıb. Hətta 2012-ci ildə dövlət səviyyəsində ərazidə arxeoloji parkın yaradılması ilə bağlı sərəncam verilsə də, layihə müxtəlif texniki səbəblərdən bu günədək həyata keçirilməyib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!