İran İsrail və ABŞ bazalarını yenidən vurduİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd – 4” adlı hərbi əməliyyatın 96-cı mərhələsini icra etdiyini açıqlayıb. Bildirilib ki, bu çərçivədə İsrail və ABŞ-nin regiondakı bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirilib.
Bu barədə SEPAH rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, İsrailin hərbi təyyarələrini yanacaqla təmin edən Hayfadakı neft emalı zavodu hədəfə alınıb və obyektin əsas hissəsi ciddi zərər görüb.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, ölkənin əsas enerji mərkəzlərindən biri sayılan və dünyanın ən iri neft-qaz emalı komplekslərindən olan Həbşanda ABŞ-yə məxsus “ExxonMobil” və “Chevron” şirkətlərinə qarşı hücum həyata keçirildiyi bildirilib.
Məlumata əsasən, Ər-Rüveys bölgəsində yerləşən və ABŞ silahlı qüvvələrinə yanacaq, həmçinin İsrail üçün hərbi məhsullar istehsal edən Amerika neft-kimya zavodu raket zərbəsi ilə vurulub, nəticədə genişmiqyaslı yanğın baş verib.
SEPAH həmçinin bəyan edib ki, ABŞ-nin Bəhreynin Sitrə adasında yerləşən neft-kimya müəssisəsinə PUA hücumu edilib və orada da yanğın qeydə alınıb. Eyni zamanda, Küveytin Əş-Şueyba liman şəhərindəki neft-kimya obyektlərinə hücumdan sonra kompleksin fəaliyyətinin dayandırıldığı vurğulanıb.
Qurumdan əlavə edilib ki, mülki obyektlərə qarşı hücumlar davam edərsə, əməliyyatın növbəti mərhələsi daha genişmiqyaslı və daha sərt olacaq.