"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 20-01-2022, 14:11
Ayaz Musayev yaradıcılığı - Çağdaş çağımızın çağlayan çayı

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

İsti yay günlərindən biri idi. Zamanın dostluq, aşinalıq süzgəcindən mərdliklə keçən Səyavuş Əlizadə ilə Mərdəkanı qarış-qarış gəzirdik. Xoş xatirəyə çevrilən, yaddaşımızda əbədilik qazanan bu gəzintiyə göy üzündə günəş çıxmazdan qabaq başladıq. Səyavuşun dünənə dayalı, sabaha inamlı sözündən-söhbətindən, sanki nur çilənirdi. Tariximizin, mədəniyyətimizin, incəsənətimizin sözün əsl mənasında keşikçisi olan kolleksiyaçı ilə görüşümüz Mərdəkan qalasında, günəşin batan tellərini izləməklə yekunlaşdı.
İllər bundan öncə, məhz həmin gün Səyavuş Əlizadə mənə böyük sevgilə ərsəyə gətirdiyi "Bakılı belə danışır" kitabını da hədiyyə etdi. Sonra da dostcasına, qardaşcasına: "Ədə, kitabı mütləq oxu, haaa!" - söylədi. Müəllifin bu fikirləri sevgidən doğan istək və tələb idi. Əlbəttə, tələb etməyə də mənəvi haqqı çatırdı, çünki müəllifin kitabının hasilə gəlməsində ömrünün altmış ilini ədəbiyyatımızın tərəqqisi yolunda şam kimi əridən xalq yazıçısı Qılman İlkinin böyük zəhməti, fədakar əməyi olmuşdur.
Səyavuş Əlizadənin o zamankı fikirləri indiki kimi yadımdadır: "Qılman müəllimlə hər görüşümüz yenilik idi, tapıntı idi. Bildiyini sevə-sevə öyrədir, köməyini əsirgəmirdi. İlk kitabımın da baş məsləhətçisi oldu, yorulmadan redaktə etdi". Daha sonra əlavə edərək: "Əsgər, Qılman müəllimin oğlu Ayaz Musayev böyük yazıçımızın şərəfli yolun davam etdirir." - dedi. Və çox keçmədi ki, "Tanıyırsanmı?" - sualını da mənə ünvanladı.
Tale elə gətirdi ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi oldum. Ayaz Musayevin timsalında fakültəmizin digər vicdanlı müəllimlərini yaxından tanıdım. Buna taleyin xoş qisməti, xoş niyyəti... və sadalanacaq yüzlərlə söz birləşməsi tapmaq olar. Odur ki, göydə taleyi yazan Tanrıya, yerdə isə taleyimizdə əvəzsiz rol oynayan müəllimlərimizə min kərəm şükür (!) və min kərəm təşəkkür (!) yetirir, fikirlərimə isə davam edirəm.
Fikir demişkən, Ayaz Musayevin "Dialoq" adlı kitabında xüsusi bir məqam diqqətimi çəkir. Fakültəmizin sadə və səmimi müəllimi Mahmud Mahmudov həmin kitabda "Müəllif haqqında söz" adlı sərlövhə altında yazır: " "Ata yolu" adlı gələcək kitabımın əlyazmasına "Ön söz"ü almaq üçün mərhum yazıçımız, görkəmli sənətkar Qılman İlkinin mənzilinə gəlmişdim". Mahmud müəllimin digər fikirləri də olduqca maraqlı və əhəmiyyətli çəkiyə malikdir: "Ayaz müəllim hər şeydən əvvəl olduqca sadə və təvazökar bir insandır. Hər hansı məsələ üzrə özünü öymək, döşünə döymək onun təbiətinə busbütün "müğayırdır".
Müəllimimiz Mahmud Mahmudovun fikirləri ilə yazının əvvəlində adını çəkdiyim gənc kolleksiyaçı, hələ o zaman ilk kitabı işıq üzü görən əziz dostum Səyavuş Əlizadə düşüncələri arasında yaxınlıq və ortaya çıxan nəticə ondan ibarətdir ki, xalq yazıçısı Qılman İlkin göstərdiyi mənəvi qayğı ilə (burada fiziki zəhmət də var) həm də xalqın övladı olmağı bacarmışdır. İndi bu yüksək keyfiyyətlər: kübarlıq, zadəganlıq, əsilzadəlik özünü Ayaz Musayevdə göstərir.
Jurnalistika fakültəsinə qədəm qoyduğum ilk dərs günü yadımdadır. Ayaz müəllim yuxarı kurslara dərs tədris edirdi. Auditoriyanın qapısı isə açıq idi. Demək olar çox dərslər yekunlaşmışdı. Fakültədə az adam var idi. Mən isə dəhlizdə var-gəl edirdim: kitabım auditoriyaların birində qalmışdı. Sabahkı dərsə hazır olmalıydım. Narahat və nigaran halıma Könül Niftəliyeva və Ayaz Musayev biganə qalmadılar. O zaman müəllimlərimin mənəvi böyüklüyünü gördüm. Ayaz müəllimin sadəliyi və istiqanlığı isə tələbə qəlbinə o vaxtdan yol tapdı... Böyük M.S.Ordubadi əbəs yerə deməyib ki, "qədəmlərini tanıdığın yerlərə qoy".
Ənənələrə sadiqlik, müasirliyə açıqlıq Ayaz müəllimin təbiətindədir. O, mütərəqqi insan, zamanla ayaqlaşan ziyalıdır. Bütün bunlar onun yaradıcılığında da özünü göstərir. Vaxtilə dəyərli yazıçımız Qılman İlkin "Bakı və bakılılar" əsərində paytaxt Bakı ilə bərabər onun kəndlərini, tarixini, camaatını, bir sözlə keçmişini və çağdaşlığını qələmə alır. Yazıçının "Sən Bakını tanıyırsanmı?" adlı kitabı isə tarixi qaynaq baxımından olduqca əhəmiyyətlidir. Burada Bakının bilinməyən tərəfləri, sirli məqamları yazıçı məharəti ilə oxucuya çatdırılır. Qılman İlkin yaradıcılığı, kitabları cəmiyyətimiz - biz gənclər üçün qoyub getdiyi mənəvi vəsiyyətdir, mənəvi qidadır.

Bu gün texnologiyanın yüksək inkişafının nəticəsi olaraq, hər birimiz həm də sosial şəbəkənin bir üzvünə çevrilmişik. Ənənəvi münasibətlər həm də onlayn məcraya "daşınıb". Beləliklə, ənənəvi dostluğun onlayn davamını yaşayırıq. Bu yaşam tərzi fərqli və maraqlıdır. Kübar insanlar burada da öz yüksək mədəniyyəti ilə seçilirlər.

Ən böyük sosial şəbəkə olan FB istifadəçi sayına görə də seçilir. Adi həyatda olduğu kimi, burada da müəllimlərimizlə dostluq edirik. Ayaz müəllim dövrün müasir tələbini ziyalı baxışı, maarifyönlü istiqamətdə davam etdirərək, burada da gənclərə müəllimlik etməyi bacarır. Onun sosial şəbəkə üzərindən Azərbaycan tarixini və Bakının müasirliyini əks etdirən fotoşəkilləri, müdrik deyimləri olduqca sevilir və rəğbətlə qarşılanır. Və bunun nəticəsi olaraq, "Fikirlərə Bürünmüş Sətirlər" kitabı ərsəyə gəlir. Hətta deyərdim ki, bu kitabın sətirləri ətirlidir. Bu kitab həm də bir tələbənin, yəni mənim stolüstü vəsaitimə çevrilib.
Ayaz Musayevin işıq üzü görən kitabına ön sözü Ustad Cahangir Məmmədli yazıb. Və bu kitabı "ağıllı kitab" adlandırıb. Redaktoru isə dosent Mahmud Mahmudovdur. Müəllimlərimdən sonra bu kitab haqqında fikir bildirmək isə bir tələbə üçün məsuliyyətli və şərəflidir. Onu da qeyd edim ki, kitabda dünənlə bu gün arasında sıx vəhdət halını almış, müasir qiyafə "geyinmiş" fikirlər də var. Qədim xalqın bəzi deyimləri müəllifin diliylə müasirlik qazanmış, çağdaş çağımızda çay kimi çağlayıb, oxucu qəlbinə yol tapa, cığır aça bilmişdir.
Bəşəriyyəti adını dilimizə gətirmək istəmədiyimiz məlum virus bürüyəndə və dünyaya "Evdə qal, sağlam qal" sos siqnalı veriləndə Ayaz Musayev sosial şəbəkə vasitəsilə maraqlı sətirlərə imza atdı. Fikirlərin bir çoxunu kitabda oxuyuruq: "İnternetsiz dünya adama dar görünür", "Ey distant rejimində keçən həyat, sən nə qəribəsən!"
El dilində belə bir deyim var: "Mart çıxdı, dərd çıxdı". Ümumbəşəri virus da ölkəmizə məhz mart ayında "gəldi". O zaman yuxarıda çəkdiyimiz el məsəlinə Ayaz müəllim maraqlı yanaşma sərgilədi: "Mart mərd çıxdı, amma dərd naxələf çıxdı". Görünən də odur ki, naxələf virus hələ də bəşəriyyət üzərindən sovuşmayıb.
Kitabda tərbiyəvi əhəmiyyətə malik çoxsaylı sətirləri görmək olar: "Fikriniz haradadırsa, özünüz də oradasınız. Odur ki, həmişə yaxşı yerlərdə olmağa çalışın". Yaxud: "Feysbukdakı dostları mənə göstər, sənin kim olduğunu deyim". Bu fikirlərdə əxlaq, mədəniyyət yükü vardır. "Heç kim bu dünyaya əbəs yerə gəlmir. Hər bir insanın öz missiyası var" - deyən Ayaz Musayev hər kəsi düzgün əməl sahibi olmağa, yaxşı işlər görməyə, qəlbində xeyirxahlıq toxumunu cücərtməyə çağırır. Bu deyim isə müəllifin dilindən bəşəri səslənir: "Xeyirxahlıq və mərhəmətə nə məhdudiyyət? Təki istək olsun!" Ayaz müəllimin bu qəbildən olan digər deyimlərinə də nəzər salaq: "Özgə bostanına daş atmayın. Həmin daş bumeranq kimi özünüzə qayıda bilər.", "Balta unudar, amma ağac yaddan çıxarmaz!", "Xoş o kəslərə ki, yaxşılıqdan başqa əllərindən bir iş gəlmir."
"Siz dünyada öz bacarığınızdan istifadə edə biləcək yeganə insansınız" - cümləsi isə bəşər insanını qəflət yuxusundan oyadır, onun yadına ən ali varlıq olduğunu salır. Həqiqətən də bacarıq saf əmələ, düzgün tərbiyəyə, vicdana söykənməlidir. Hələ o zaman Sədi Şirazi deyirdi:
Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər.

Ayaz Musayevin bu fikirləri isə dediklərimizə ən tutarlı cavabdır: "İnsaniyyət olmayan yerdə heç nə yoxdur!"
Ayaz müəllimin "Fikirlərə Bürünmüş Sətirlər" kitabında diqqətimi çəkən ifadə belədir: "Mədəniyyət əncir yarpağı ilə başlayır. Əncir yarpağı götürüldükdə mədəniyyət məhv olub gedir." Bu deyimin fəlsəfi qatını açmaq olduqca çətindir. Odur ki, mənəvi tərəfinə toxunaq. Bütün ağacların çiçək açdığını görürük, amma əncir ağacında bu mənzərə elə də gözə çarpmır. Təbii ki, əncir ağacı da çiçək açır. Ancaq bu çiçəklər içi boş meyvələrin daxilində gizlənir. Bu da Tanrının bir möcüzəsidir. Narın dilimləri arasında olan pərdənin özü də Yaradanın möcüzəsidir. Bunu bədii şəkildə həm də mədəniyyət, əxlaq pərdəsi də adlandırmaq olar. Əncir yarpağı da ilk bəşər övladının abır-həya pərdəsi olub. Əncir çiçəyinin gizli açılması kimi, insan bədəninin də məhrəm qatlarının açılmaması, gizli qalması lazımdır.
Meyvə adı çəkmişkən yadıma ağ şanı, qara şanı, Kəhrəba üzümü, ənciri... ilə məşhur olan Bakı düşür. Və bir də əməlləri, gördüyü işlərilə xalqın qəlbində müqəddəslik qazanmış insanlar. Böyüklərdən eşitdiyim, bəlkə də oxuduğum bu olmuş hadisə isə düşünürəm ki, oxuculara, bunu bilməyənlərə də maraqlı olacaq. Azərbaycan milli burjuaziyasının ən parlaq simalarından olan, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ömrünün sonlarını Mərdəkandakı bağ evində keçirirdi. O zaman hələ uşaq olan Qılman İlkin və dostları hər kəs kimi dənizə çimməyə gedərdi. Onların yolu, məhz Tağıyevin evlərinin yanından keçərdi. Tağıyev dəfələrlə o uşaqları bağına meyvə yeməyə dəvət edibdir. Tağıyev hər amalı, əfkarı, məqamı ilə xalqına atalıq etməyi bacarıb. Ayaz Musayevin haqqında danışdığımız kitabında müəllifin Tağıyev haqqında olduqca müdrik kəlamı yer alır: "Hər varlanan hacı - Zeynalabdin olmaz!"
"Yubiley - çoxlu insan, gözəl nitqlər, gül dəstələri... Amma sən hələ sağsan." - müəllifin bu ifadəsində kinayə var: insana vaxtında dəyər verilməsinə hesablanıb. Sətirlərə qüvvət olaraq yada qüdrətli şairimiz Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri düşür:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Bu dəfə yamanın "ay aman" - diləməsi də onu məğlubiyyətdən, kapitulyasiya aktını imzalamaqdan qurtara bilmədi. Orta məktəbdə oxuyanda Qılman İlkinin "İntiqam" hekayəsini oxumuşdum. Sonralar həmin hekayənin filminə də baxdım. Qarabağ mövzusunda yazılan hekayədə namuslu Azərbaycan qadını erməni terrorçusundan intiqamını alır. Bu səhnə məni uşaq olmağıma baxmayaraq ruhlandırmışdır. Vətən torpaqlarının azadlığına inamımı artırmışdı. Tanrıya şükürlər olsun ki, zaman yetişdi. Haqq öz yerini tapdı. Ayaz Musayevin müdrik fikirləri kimi: "Qarabağ savaşı: 30 il duruş, bir gün vuruş!"

Bütöv.az


Paylaş



Bölmə: Ədəbiyyat / Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!