Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Rəsmi İrəvan Aİ-dən dəstək istəyir .....                       
10-01-2025, 08:43
Bir kəndin əhvalatı

Abid ABİDOV(Şamiloğlu),
Müəllim, Afurca kəndi


Bir kəndin əhvalatı
(Esse)
Seyidlər kimdir?
Seyid ərəb sözü olub, əfəndi, rəis, öndər mənasını verir.
Həzrəti Məhəmmədin (s.a.v.) kiçik nəvəsi Həzrəti Hüseyn və onun nəslindən gələnlərə seyid deyilir. Həzrəti Məhəmmədin nəsli qızı Həzrəti Fatimə ilə çoxaldı. Həzrəti Həsən və Həzrəti Hüseyn Həzrəti Fatimə ilə Həzrəti Əlinin oğullarıdır. Həzrəti Həsənin nəslindən gələnlərə şərif deyilir. Seyid ilə şəriflərə peyğəmbərimizin uşaqları mənasına gələn “Övladi-Rəsul” deyilir.
Peyğəmbər əfəndimiz cümə gününə “günlərin seyidi”, Həzrəti Həsən və Həzrəti Hüseynə “Cənnət gənclərinin seyidləri” adını vermişdir.
İslam dövlətlərində həmin dövrlərdə peyğəmbərimizin nəslindən gələnlərə böyük hörmət göstərilirdi. Osmanlı sultanlarının şərif və seyidlərə xüsusi sevgi və hörmətləri vardı. Belə ki, Türkiyədə seyid və şəriflərin işlərinə baxan ayrı təşkilat vardı. Onların haqları qorunurdu. Onlara layiq olmayan işlərdə işləmələrinə, bu nəsildən olan qadınların başqa nəsillərlə evlənmələrinə icazə verilmirdi.
Şəriflər başlarına ağ sarğı, seyidlər isə yaşıl sarğı sarıyırdılar. Bununla onları tanımaq mümkün olurdu.
Seyid və şəriflərin rahat yaşamaları üçün hər cürə xidmət göstərilirdi. Onlar vergilərdən azad olunmuşdular. Onlara dövlət təqaüd verirdi. Onları əsgərliyə aparmırdılar. Mərasimlərdə onlar dövlət adamlarından qabaqda gedirdilər. Onların etdiyi dualar məqbul sayılırdı.
“Əhli-Beyt” Həzrəti Peyğəmbərimizin ailəsi və onun nəsilləri mənasına gəlir. Müsəlmanların nəzərində “Əhli-Beytə” aid olanlar müstəsna bir mövqeyə sahib olmuşlar. Onları sayıb-sevmək vacib bir iş kimi qəbul olunmuşdur.
Kərbəlada olan hadisələrdən sonra sağ qalmış Zeynalabidin əvvəlcə Şama gəlir. Sonra Mədinəyə gedir. Bir müddətdən sonra bəzi seyidlər Bağdada gedirlər. Bəziləri isə Şam şəhərində qalırlar. Seyidlərin hörmətə sahib olmaları hakim dairələrin xoşuna gəlmirdi. Onlar fikirləşirdilər ki, seyidlər güclənər, hakimiyyəti ələ ala bilərlər. Onların Bağdadda qalması üçün əngəllər törədilirdi. Bu məqsədlə onların bir hissəsi Xorasana köçür, bir hissəsi isə Türkiyəyə pənah aparır.

Afurca seyidlər məskənidir
Çox gözəl mənzərəsi var kəndimizin. Uca Allah öz qadir əllərilə yaratmışdır kəndimizdəki bu mənzərələri. Kəndin girəcəyindəki məşhur “Təngə dərəsi” xüsusi gözəlliyi ilə insanı valeh edir. Kəndin yuxarısındakı Ağ qaya, Qilit yaylağı necə də möhtəşəm görünür! Qilit yaylağında olan qırx dənə bulağın suyu bir-birinə qarışıb axır, Qırmızı qayanın üstündən tökülərək şəlalə əmələ gətirmişdir. Bu şəlaləyə babalarımız “Suatan” adı vermişlər. Yetmiş beş metr hündürlükdən tökülən bu şəlalə hamını valeh edir.
“Afurca” adının mənası hündürlükdən tökülən su deməkdir. Kənd payız fəslində daha gözəl görünür. Kəndin evləri yaşıllıqlara qərq olmuşdur. Dağların başına elə bil ağaclardan çələng hörülüb. Payızda isə bu yaşıllıqlar sarı, qırmızı, bənövşəyi, mavi, çəhrayı rənglərlə əvəz olunur. Kənd rəngbərəng dona bürünür.
Kəndin aşağısından axan Vəlvələ çayı yaz yağışları yağanda aşıb-daşır, qabağına çıxan hər şeyi – ağacları, iri daşları götürüb aparır. Şəlalənin suyu da Vəlvələ çayına qarışır.
“Təngə” adının mənası dar yer deməkdir. Keçmiş zamanlarda buradan keçməyə yol yox idi. Adamlar bu dağdan o tərəfə piyada, suyun içi ilə, çayın axınına qarşı keçərək gedirdilər. Gediş-gəliş olduqca çətin idi. Çox sonralar – Sovet höküməti dövründə dağ çapılaraq yol salınmışdır. Dağın olduqca gözəl görünüşü var. Sal daşlardan “hörülmüş” bu dağ elə bil ki, iki laya ayrılıb. Sağ və sol tərəflərdə çox hündür qayalar var, onlar xüsusi, əzəmətli görünüşü ilə ilk baxışda insanları qorxutsa da, sonradan buna öyrəşirlər. Təngə dağından salınan yol Afurca kəndinin qabaq tərəfindən keçərək Qonaqkənd qəsəbəsinə və ətraf kəndlərə gedir. Bu yol ilə Şamaxı rayonuna da getmək mümkündür. Kəndin aşağı tərəfində nisbətən düz, geniş bir yerdə iki türbə vardır. Burada bizim seyid babalarımız basdırılıb. Sonradan qəbirlər üzərində türbələr tikilmişdir.
Afurca kəndi qədim zamanlardan müqəddəs kənd sayılmışdır və bu gün də öz müqəddəsliyini qoruyub saxlayır. Əhalisi isə hörmət sahibi olmuşlar.
Yadımdadır, hələ uşaq ikən görürdüm ki, yoldan keçən adamlar maşınlarını saxlayıb üzlərini kəndə tərəf tutur, babalarımıza salam verir, dua oxuyur, sonra yollarına davam edirdilər. İşi çətinə düşənlər, sağlamlığı zəif olanlar bura ziyarətə gəlir, babalarımızdan kömək istəyir, öz arzularına çatırlar.
Sovet dövləti qurulanda Afurcanın əhalisi sıxışdırılmış, ruhanilər sürgünə göndərilmişlər. Kəndin məscidi sökülmüş, onun daşları ilə klub tikmişlər. Həmin dövrdə camaat qorxudan namaz qıla, ibadətlə məşğul ola bilmirdilər. Evlərində olan dini kitabları vaxtı ilə babamızın namaz qıldığı yerə aparıb tökmüşdülər.
Qəbiristanlığın qapısı bağlanmışdı. Camaatı türbələrin yanına buraxmırdılar. Sonradan vəziyyət yaxşılaşdı. Adamlar azad yaşamağa başladılar.
Mən seyid babalarımız haqqında bəzi məlumatları kəndin yaşlı adamlarından öyrəndim. Onlar haqqında bu yazını yazmağı özümə borc bildim. Çünki indiki və gələcək nəsillər öz babalarını tanımalı, nəsilləri haqqında məlumat əldə etməlidirlər. Belə olduqda, insan daha da saflaşır, onda yaşamaq arzusu daha da güclənir. Belə insan rəhmli olur, başqalarına öz köməyini əsirgəmir. Gözəl fikirləri olan bir insan həm daxili, həm də xarici gözəlliyə sahib olur. Pis fikirlər, nifrət ondan uzaqlaşır. Axırda o, hər yerdə yaxşı insan kimi tanınır. Tərbiyəli, mədəniyyətli bir insana çevrilir. Belə insan cəmiyyətimiz, xalqımız üçün çox dəyərlidir.

Tarix unudulmur
XII əsr. Suriya. Şam şəhəri. Hal-hazırda bu şəhər Dəməşq adlanır. Dəməşq sözünün mənası ərəb dilindən “təşəbbüs” mənasını verir. Hələ qədim zamanlarda bəzi mənbələrdə bu Ərəb ölkəsini“ başı bəlalı ölkə”də adlandırırdılar. Tez-tez səlcuqlar, səlibçilər, Misir məmlükləri, monqollar Suriyaya hücum edib, ölkəni dağıtmışdılar. Əhali aclıq içində yaşayırdı. 1187-ci ildə Səlahəddin Əyyubi ətrafına könüllüləri toplayıb onları silahlandırdı. İşğalçılar ölkədən qovuldu. Lakin ölkə xarabalığa çevrilmişdi; evlər dağıdılmış, əhali qırılmışdı. Sağ qalanlar çadırlarda, uçuq evlərdə yaşayırdı. Aclıq, dilənçilik hökm sürürdü. Belə bir yerdə yaşamaq çox çətin idi. Barada çayı Şam şəhərini iki yerə bölmüşdü. Çayın hər iki sahilində dağılmış yaşayış evləri vardı. Şəhər Qasyon dağının ətəklərində yerləşirdi. Ölkədə mədrəsələr, məscidlər dağıdılmışdı. İnsanlar işləyib çörək pulu qazanmaq üçün heç bir iş yeri tapa bilmirdi.
Şam şəhərinin yoxsullar məhəlləsində üstü qamışla örtülmüş bir evdə bir ata ilə oğlu yaşayırdı. Ev çiy kərpicdən tikilmişdi. Yağış yağanda burada yaşamaq çox çətin olurdu. Ana bir il idi ki, həyatdan getmişdi. Ata və oğul mədrəsədə dərs keçirdilər. Hər ikisi yüksək savada malik idi. Həm dini, həm də dünyəvi elmləri çox yaxşı bilirdilər. Lakin yoxsulluqdan, aclıqdan adamlar uşaqlarını dərsə göndərə bilmirdilər. Buna görə də mədrəsələr bağlanmışdı.
Çox vaxt ata və oğul evdə oturub ibadətlə məşğul olurdular. Ata Quran oxuyur, oğul qulaq asırdı. Sonra ata Seyidşah oğlu Məhəmmədə mənsub olduqları nəsil haqqında söhbət edirdi. Ata və oğul yeddinci imam Musa Əl Kazımın nəslindən idilər. Peyğəmbərimizdən sonra şəcərədə yeddinci yerdə Musa Əl Kazım dururdu. Ata və oğul özlərində İlahi tərəfindən verilmiş kəraməti hiss edirdilər. Buna görə də insanlara kömək etmək, xidmət göstərmək onların arzusu idi. Şamdan “Əhli-Beyt” ailələrinin hamısı köçmüşdü. Bircə ata və oğlu qalmışdı.
Bir gün ata və oğul bütün gecəni söhbət elədilər. Belə qərara gəldilər ki, Şamdan köçüb uzaq bir yerə getsinlər. Oğul atadan soruşdu ki, biz getdiyimiz yerdə nə işlə məşğul olacağıq? Ata dedi ki, biz orada mədrəsə açarıq. Uşaqlara, böyüklərə savad, elm öyrədərik. Artıq qərar qəti idi. Səhər tezdən yuxudan durdular. Əvvəlcə qəbiristanlığa getdilər. Ananın və bütün qohum-qardaşın qəbirlərini ziyarət etdilər. Sonra oradan qayıdıb azuqə və paltarlarını götürüb piyada yola düşdülər. Yol olduqca çətin və məşəqqətli idi. O vaxt nəqliyyat ancaq at, öküz, dəvə idi; onların sahibləri adamları bir şəhərdən digərinə aparırdılar.
Ata və oğul əvvəlcə at arabası ilə yola düşdülər. Bir neçə günə Türkiyəyə çatdılar. Türkiyədə onları böyük hörmətlə qarşıladılar. Onlara təklif etdilər ki, qalıb burada yaşasınlar. Lakin ata oğluna dedi ki, bizim gedəcəyimiz yer mənim gözlərimin qarışısındadır. Mən həmin yeri görürəm. Biz oraya çatmalıyıq.
Onları böyük hörmətlə Türkiyədən yola saldılar. Bir neçə günə onlar Azərbaycanın Naxçıvan vilayətinə çatdılar. Bir neçə gün burada qaldılar. Camaat onlara qonaqpərvərlik göstərib evlərində saxladılar, onları azuqə ilə təmin etdilər. Bir neçə gündən sonra onları atlarla yola saldılar. Günlərlə yol gəlib Azərbaycanın Quba bölgəsinə çatdılar. Burada bir neçə gün qalıb istirahət etdilər. Hər yerdə onlara hörmət edirdilər. Ata oğluna bildirdi ki, biz dağlara tərəf getməliyik.
Onlar səhər tezdən yola düşdülər. Dağlara tərəf hərəkət edib Təngə dağına çatdılar. Dağın dibində oturub istirahət etdilər. Sonra çırmalanıb çayın o biri tərəfinə keçdilər. Oradan çox məsafə gedib Afurca kəndinin qarşısında dayandılar. Ata oğluna dedi ki, gözlərimin qabağına gələn kənd bu kənddir. Biz bütün ömrümüzü bu kənddə yaşamalıyıq.
Onlar yoxuş yol ilə gedərək kəndə çatdılar. Kənddə onları çox yaxşı qarşıladılar. Kəndin ağsaqqalı Həsən kişi bu kənddə hörmət sahibi idi. Hamıya kömək edirdi. Həm şadlıq, həm də yas məclisləri onun köməyi ilə həyata keçirilirdi. O, kəndə başçılıq edirdi. Kənddə məscid tikdirmişdi. İmkansız ailələrə öz kömək əlini uzadırdı. Ata və oğul onun yanına gedib bu kənddə yaşamaq istədiklərini bildirdilər. Onlara müvəqqəti yaşamaq üçün ev verdilər. Sonra kəndin aşağısında onlar üçün yer ayırdılar. Kənd camatının köməyi ilə onlar üçün ev tikdilər. Kənddə mədrəsə tikintisinə başlanıldı. Az vaxtda bura hazır odlu. Onların hər ikisi məktəbdə işləyirdi. Kənd uşaqlarına savad öyrədirdilər. Onlar dini elmlərlə yanaşı, dünyəvi elmləri də tədris edirdilər. Az vaxtda dil də öyrəndilər. Bu kənddə türk dili ilə yanaşı, tat dilində də danışırdılar.
Həmin vaxtda seyid Məhəmmədin artıq iyirmi yaşı vardı. Evlənmək yaşı çatmışdı. Seyidşah ata Həsən kişinin evinə elçi getdi. Onun kiçik qızını oğlu üçün aldı. Toy mağarı quruldu. Həsən kişinin qızı seyid Məhəmmədin həyat yoldaşı oldu. Bu, hamını sevindirirdi. Kənd peyğəmbər nəslindən olan bir ailə ilə qohum olmuşdu. Onlar şad və xoşbəxt yaşadılar. İllər keçdi. Seyidşah baba həyatdan getdi. Onu evlərindən bir az aralıda basdırdılar. Seyid Məhəmməd yaşa doldu. Onu bu kənddə seyid Kələ Ağa adlandırırdılar – mənası Böyük Ağa deməkdir. Onların üç oğlu var idi. Böyüyünün adı Ələddin, ortancılın adı Qələmi, kiçiyinin adı Canqardaş idi. Onlar da atalarından dərs almışdılar. Olduqca savadlı idilər. Onlar bölgənin başqa yerlərində yaşayıb mədrəsələrdə dərs deyirdilər. Ələddin Xırt kəndində, Qələmi Xınalıq kəndində, Canqardaş isə Küçeyi kəndində fəaliyyət göstərirdi. Elə indi də onların türbələri həmin kəndlərdədir.
Seyid Məhəmməd babamızın böyük kəramətləri vardı. Bu kəramətləri ilə hamını heyrətə gətirirdi. O, bu kəramətlərdən əhalinin xoşbəxt yaşamağı üçün istifadə edirdi. Kənd ağsaqqalları danışırdılar ki, bir dəfə babamız ilə qayınatası Həsən kişi arasında narazılıq yaranır. Babamız kənddən köçmək istəyir. O, yola düşüb gedir. Bütün qoyun sürüləri, mal naxırları onun ardınca getməyə başlayır. Bunu görən Həsən kişi tez onu geri qaytarır.
Babamız namaz qılmaq üçün hər həftənin cümə günü atla Dərbənd şəhərinə gedir. Həmişə həyat yoldaşına deyir ki, mən bir günə Dərbənd şəhərinə gedib Böyük Cümə məscidində namaz qılıram. Axşam namazına evə çatıram. Həyat yoldaşı ona deyir ki, sənin bu işində mənim də köməyim var. Mən sənin paltarını təmiz yuyuram, xörəyini təmiz hazırlayıram.
Bir dəfə nənəmiz xörək bişirirmiş, qazanın altından quru mal təzəyini keçirir. Həmin gün babamız vaxtında evə gəlib çata bilmir. Təngə dağının dibində axşam namazını qılır. İndi həmin yerdə onun nişangahı qorunub saxlanılır.

Kəndin yuxarısında “Çiləxana” adlanan bir yer var. Camaat buranı da ziyarət edir. “Çiləxana”nın yuxarısında babamızın namaz qıldığı bir namazgah vardı. Təbiət tərəfindən daşlar baş-başa durub otaq əmələ gətirmişdir. Babamız burada namaz qılıb Allaha ibadət edirmiş.
“Çiləxana”nın aşağı tərəfində “Buzxana” adlanan bir bulaq var. Deyilənə görə, babamız çomağını yerə vurub bulaq yaratmışdır. Bununla kəndin suya olan ehtiyacını təmin etmişdir. Kəndin aşağı başında iri bir daş var. Daşın ortasında bir çuxur var. Deyilənə görə, babamız dincini almaq üçün dirsəyini bu daşın üzərinə qoymuş, ona görə çuxur əmələ gəlmişdir.
Namazgahdan üst tərəfdə bir oyuq vardır. Yayın ən isti vaxtlarında burada buz olur. Ağır xəstələr üçün buradan buz çıxarıb aparırlar. Bununla da xəstələr sağalıb, şəfa tapırlar. Buranı da öz kəraməti ilə babamız yaratmışdır.
İllər keçdi. Babamız həyatdan getdi. Onu da atasının yanında dəfn etdilər.
Həmin vaxtlarda kəndin qəbiristanlığı kəndin yuxarısında idi. Babamız orada dəfn olunduqdan sonra kənddə rəhmətə gedənləri orada dəfn etdilər. Böyük bir qəbiristanlıq yarandı.
Ata və oğulun qəbirləri üzərində tübələr tikildi. Həmin müqəddəs yer Seyidşah, seyid Kələ Ağa qəbristanlığı adlanır. Xalq bu müqəddəs yeri sevir, bu yerə hörmətlə yanaşır. Belə müqəddəslər heç vaxt unudulmur, ürəklərdə yaşayır.
İllər keçdi. Afurca kəndində əhali çoxaldı. Ətrafdakı torpaqlara köçüb yeni kəndlər saldılar. Sonra isə ölkənin başqa bölgələrinə köçüb yurd saldılar. Seyidlərin bir çoxu Türkiyəyə köçdü.
1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Onun “naib”lərindən biri Afurca seyidi idi. Buna görə seyidlərə qarşı inamsızlıq əmələ gəldi. Onları bir növ təhlükə gözləyirdi. 1860-cı ildə bir neçə ailə məsləhətləşib Türkiyəyə köçdülər. Bu köç 1900-cu illərə kimi davam etdi. Bir qrup Afurca seyidi Türkiyədə Niksarın Yarbaşı kəndində, digər bir qrup Malatya bölgəsinin Hamidiyə kəndində, başqa bir qrup isə Samsunda yerləşmişdi. Lakin onlar bir yerdə yaşamaq istəyirdilər. Buna görə Afurcadan köçmüş seyid İsa Əfəndi Sultan Əbdüləzizin yanına gedir, onun tərəfindən qəbul olunur. Sultan Əbdüləziz onun seyid olmağını yoxlamaq qərarına gəlir. Seyid İsa Əfəndi sarayın bağında olarkən sultan əmr edir ki, onun üzərinə bir aslan buraxsınlar. Aslan seyid İsa Əfəndinin ayaqlarını yalayır.
Sultan ikinci bir sınaq keçirir. Pilləkənin altında Quran kitabını gizlədirlər. Seyid İsa Əfəndi pilləkənə çıxmamış durur. Deyir ki, yox, gələ bilmərəm, yolumun üzərində sizdən də böyük “padşah” var. Quran kitabını götürürlər, o, yuxarı çıxır.
Sutlan onu tanımaq üçün otuz səkkiz dənə sual hazırlatmışdı. O, sualların hamısına dürüst cavab verir. Sultan Əbdüləziz ona xüsusi bir sənəd verir. Bu sənədə görə seyidlər Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər.
1883-cü ildə indiki İrşadiyyə kəndinin əsası qoyuldu. Kənd əvvəlcə Afurca adlandırılmışdı. Sonra onu Seyidlər adlandırdılar. İndiki zamanda dövlət qurumları tərəfindən rəsmi olaraq İrşadiyyə adlandırılmışdır. Seyidlər elə bir yer seçmişdilər ki, eyni ilə bizim Afurcanın mənzərələrini xatırladır. İrşadiyyədə yaşayan seyidlər arasında alimlər, sənətkarlar, dövlət məmurları yetişmişdir.
Qonşu kəndlərdən İrşadiyyə kəndinə seyidləri ziyarət etmək üçün çox adamlar gəlirlər. Onların xeyir-dualarını dinləmək üçün bu kəndə pənah gətirirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra yollar açıldı. Birinci dəfə 1992-ci ildə onlardan iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurca kəndinə gəldilər. Çox sevinirdilər. Bu sevinc göz yaşları ilə müşayiət olunurdu. Onların ardınca Türkiyədən bir çox adamlar ziyarətə gəldilər. İndinin özündə də əlaqələr daha da genişlənir.
Həyat davam edir. Tarix unudulmur. Nəsillər yaşayır, yaradır. Öz müqəddəs əcdadlarını heç vaxt unutmurlar.


10-01-2025, 08:12
MİLLİ DƏYƏRLƏRİ QORUYAN ŞAİR

MİLLİ DƏYƏRLƏRİ QORUYAN ŞAİR

Zaur Ustac, çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bir şair, yazıçı və publisistdir. 1975-ci ildə Bakı şəhərində doğulan Zaur Ustac, 1988-ci ildən başlayaraq mətbuatda fəaliyyət göstərir və 40-dan artıq kitabın müəllifi kimi ədəbi aləmdə geniş tanınır. Onun yaradıcılığı, həm milli ruhu, həm də müasir dövrün sosial və siyasi məsələlərini dərindən təsvir edən, oxucularını həm düşündürən, həm də dərindən hiss etdirən bir keyfiyyətə malikdir.
Z. Ustacın şeirlərindəki milli məzmun, vətənpərvərlik və tarixə dair dərindən düşüncələr, onu müasir Azərbaycan poeziyasının aparıcı simalarından birinə çevirib. Onun şeirlərindəki əsas mövzu Azərbaycan xalqının milli kimliyi, tarixi və torpaq sevgisi ilə bağlıdır. Bu xüsusiyyətləri ən çox "Bayraq, Bizim Bayrağımız", "Araz", "Sevin, a Təbriz!" və "Ana Dilim" kimi şeirlərində müşahidə etmək mümkündür. Bu şeirlərdə yazar, milli mübarizə və vətənpərvərlik mövzularını bədii şəkildə işləyir.
"Bayraq, Bizim Bayrağımız"
Bu şeir, millətin vətənə, torpağa olan bağlılığını və hər bir kəsin öz kimliyini qorumağa olan vəzifəsini ön plana çıxarır. Z. Ustacın "Bayraq, Bizim Bayrağımız" şeirində, Azərbaycan bayrağı və onun dalğalanması milli mübarizənin simvolu kimi təqdim edilir.
"Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!"

misraları, Azərbaycanın hər iki tərəfinə olan məhəbbəti və həmçinin, Araz çayının sərhəd kimi təcəssüm etdirilməsi millətə aidiyyət hissinin güclü təzahürüdür. Şeirin hər bir misrasında torpaq və bayraq, bir millətin birlik və bütünlüyünün əks-sədası kimi vurğulanır. Ustac burada həm də Azərbaycan xalqının coğrafi sərhədlərindən asılı olmayaraq, vətən sevgisini göstərməkdədir.
"Araz"şeiri isə milli kədər və həmrəylik mövzusunu işləmiş bir əsərdir.
Zaur bəy bu şeirində Araz çayını bir simvol kimi istifadə edərək, onun iki sahilindəki Azərbaycan torpaqlarının kədərini, ayrılığını və birliyini dilə gətirir.
"Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!"

misrası ilə, həm Qərbi Azərbaycan (Güney Azərbaycan) həm də Şimali Azərbaycanla bağlı yaranmış ayrı-seçkiliyi və torpağın bölünməsinin acı təsirlərini hiss etdirir.
Arazın suyu, bu dualı torpaqlara məlhəm kimi təsvir olunur; bu, həm də xalqın bölünmüşlük və acı çəkən məqamda birləşmə arzusunu göstərir.
Şeirdəki “Yaralı torpağa məlhəmdir Araz!” misrası, həm də tarixən yaralanmış və mənəvi baxımdan sarsılmış bir xalqın təmizlənməsinə olan ehtiyacı işarə edir.
"Sevin, a Təbriz!" şeirində isə, Azərbaycanın güneyindəki Təbriz şəhərinə olan mənəvi bağlılığı ifadə edir. Bu şəhər, Azərbaycan xalqının qədim mədəniyyətinin, dilinin və tarixinin mərkəzlərindən biri olmuşdur.
Şeir, Təbrizə olan sevgini və burada yaşanan ayrı-seçkilikləri əks etdirir. Ustac burada həm də bir çağırış edir, bu dəfə biryolluq bitəcək olan ayrılıqlara,
"Nə güzəşt olacaq, nə də ki, aman!" – deyərək, milli birliyin vacibliyini vurğulayır.
Bu şeir, həm də müasir dövrdə yaşanan sosial və siyasi məsələlərə diqqət çəkir, ayrılığın artıq dayandırılmasının zəruriliyini göstərir. Təbrizdəki vəziyyətin təsvirində, Ustac öz xalqının birliyinin və gələcəkdəki arzularının ifadəsini tapır.
Zaur Ustacın "Ana Dilim" şeiri, milli kimlik və dilin qorunmasının əhəmiyyətini vurğulayan bir digər əsəridir. Bu şeirdə dil, yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyinin qorunması üçün vacib bir amil kimi təqdim edilir.
"Bu dil, Tomrisin dilidir;
Layla deyib, Hökm verib…"

misralarında isə Ustac, Azərbaycan dilinin tarix boyu bu xalqın mədəniyyətini və irsini qoruyub saxladığını, xalqın dədə-baba söhbətlərini və qədim ənənələrini yaşatdığını qeyd edir. Ana dili, şairin baxış açısına görə, sadəcə bir vasitə deyil, həm də millətin sərhədini müəyyən edən bir "sərhəd" və "tabu"dur.
Zaur Ustacın yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatında yalnız bir şairin poeziyasından daha çoxunu təqdim edir. Onun əsərlərindəki milli məzmun, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və dilinin qorunması mövzusunda ciddi bir elmi yanaşma da mövcuddur.
Ustacın şeirlərində, xüsusilə "Araz", "Bayraq, Bizim Bayrağımız" və "Ana Dilim" kimi əsərlərində göstərilən milli hissiyat, Azərbaycan ədəbiyyatında ənənəvi olaraq davam etdirilən vətənpərvərlik mövzusunun müasir dövrdə də necə əhəmiyyətini qoruduğunu göstərir. Onun şeirləri, xalqa öz tarixi kimliyini, köklərini və bütün bölgələrdə yaşayan insanları birləşdirən güclü bir mesaj verir. Ustacın əsərlərindəki yüksək vətəndaşlıq mövqeyi, oxucuları təkcə estetik baxımdan deyil, həm də sosial, mədəni və tarixi mənada dərindən düşündürür.
Bir çox digər çağdaş şairlərdən fərqli olaraq, müəllif həm müasir, həm də ənənəvi Azərbaycan ədəbiyyatını birləşdirərək, hər iki cərəyanın ən güclü tərəflərini özündə birləşdirir. Onun yaradıcılığı həm də milli dəyərləri yaşatmaqla bərabər, zamanın tələblərinə uyğun şəkildə bədii ədəbiyyatın sərhədlərini genişləndirir.
Zaur Ustac, Azərbaycan poeziyasına özünəməxsus bir təsir göstərmiş, şeirləri ilə oxuculara milli birlik və mübarizə, dil və mədəniyyətin qorunması mövzusunda güclü mesajlar göndərmişdir.
Onun əsərlərindəki dərindən düşünülmüş milli məzmun, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfədir. Onun şeirlərindəki təhlil edilən mövzular, həm müasir Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun gəlir, həm də tarix boyu formalaşmış Azərbaycan ruhunu yaşadır.
Zaur Ustacın poeziyasını oxumaq, yalnız bir şairi deyil, həm də bir xalqın tarixini, milli kimliyini və mübarizəsini anlamağa kömək edir. Zaur Ustaca həm yaradıcılığında, həm də həyatında böyük uğurlar arzulayıram!
Onun poeziyası, həm milli dəyərləri qorumağa, həm də yeni nəsillərə ilham verməyə davam etsin!

Cahangir NAMAZOV,
Dünya Talantları Beynəlxalq Birliyi üzvü,
Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi,
"Bütöv Azərbaycan" qəzetinin Özbəkistan üzrə təmsilçisi.

9-01-2025, 19:08
İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçiliyinin kökündə nə dayanır?



İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçiliyinin kökündə nə dayanır?

Müqəssir kimdir?
AzTurk.News
08.01.2025

Bu məsələni daha yaxşı başa düşmək üçün qeyd etmək lazımdır ki, İran rejiminin Azərbaycana qarşı düşmənçiliyi təkcə siyasi və ya iqtisadi fikir ayrılıqları ilə məhdudlaşmır. Əksinə, bu düşmənçilik ümumilikdə türklərə – həm Azərbaycan türklərinə, həm də Anadolu türklərinə qarşı dərin və köklü bir düşmənçiliyi əks etdirir. Ötən əsrdə həm Pəhləvi rejimi, həm də İslam Respublikası Azərbaycan türklərinin tarixini, dilini və mədəniyyətini təhrif etməyə və ya sıxışdırmağa fəal cəhd göstərib.
Tarixi zəmin: Repressiya irsi
Bu düşmənçiliyin kökündə son yüz ildə İranda hökmranlıq edən rejimlərin, milli birliyə təhlükə hesab etdikləri ölkənin etnik və mədəni müxtəlifliyindən qorxmaq dayanır. Pəhləvi dövründə fars dili və mədəniyyətinə əsaslanan homojen bir İran kimliyi (bir millət-bir dövlət) yaratmaq üçün siyasətlər həyata keçirilirdi. Bu siyasət türklər, kürdlər, ərəblər və bəluclar da daxil olmaqla, fars olmayan etnik qrupları marginallaşdırdı. İran İslam Respublikası da bu fars mərkəzli siyasətləri miras aldı və onları öz şiə mərkəzli ideologiyası ilə birləşdirərək azlıq qruplarına qarşı repressiyaları gücləndirdi.
İran cəmiyyətində narsisizm mədəniyyəti
İran rejiminin ayrı-seçkilik siyasəti daha dərin bir məsələyə işarə edir: cəmiyyətin bəzi hissələrində geniş yayılmış üstünlük və hüquq mədəniyyəti. Bu zehniyyət sistematik irqçiliyi və qeyri-fars etnik azlıqlara zülmü gücləndirdi. Bəzi araşdırmalar göstərir ki, həll olunmamış sosial travmalar, rejimin avtoritar təbiəti ilə birlikdə siyasətə və dini ideologiyaya nüfuz etmiş narsisist münasibətləri gücləndirib.
Daha ətraflı araşdırmaq üçün biz narsistlərin 10 əsas xüsusiyyətini və onların İran rejiminin davranışındakı əksini araşdıraq.
Narsissizmin 10 klassik xarakteristikası
1. Özünə möhtəşəm bir hörmət hissi
- Nailiyyətləri şişirtmək və ləyaqətsiz bir şəkildə onları üstün genlərə məxsus bir amil kimi tanınmağı gözləmək.
2. Uğur, güc və ya mükəmməllik fantaziyaları ilə məşğul olmaq
- Daim sonsuz uğur, güc və üstünlük xəyalında olurlar.
3. Xüsusi və unikal olduğuna inam
- Onlar hesab edirlər ki, yalnız müəyyən qruplar onları başa düşə və ya onların yerinə sahib ola bilər.
4. Həddindən artıq heyranlığa ehtiyac duymaq
- Özünə hörmətini qorumaq üçün daim tərifə və təsdiqə ehtiyacı var.
5. Haqlı olmaq hissi
- Başqalarından xüsusi rəftar və öz istəklərinə sözsüz şəkildə tabe olmağı gözləyir.
6. Başqalarından sui-istifadə etmək
- Peşman olmadan (həyasızcasına) şəxsi mənfəət üçün insanlardan və ya şəraitdən istifadə edir.
7. Başqalarının dərdinə şərik olmaq hissinin (empatiyanın) olmaması
- Başqalarının duyğularını tanımaq və ya başa düşməmək.
8. Başqalarına həsəd aparmaq və ya başqalarının sizi qısqandığına inanmaq
- Tez-tez qısqanır və ya başqalarının da onu qısqandığına inanır.
9. Təkəbbürlü olmaq və ya özünü vacib hesab etmək davranışı
- Daim başqalarına qarşı təkəbbürlü və alçaldıcı davranışlar nümayiş etdirir və tez-tez onları aşağılayır.
10. Saxta inam altında gizlənən kövrək özünə hörmət
- Güvən səthinin altında gizlənən və tənqiddən asanlıqla zədələnən etibarsızlıq.

Narsisizm və şiə ideologiyası arasındakı oxşarlıqlar
Şiəlik, İran İslam rejimi tərəfindən şərh edildiyi kimi, narsisizmlə əlaqəli bir çox xüsusiyyətləri əks etdirir. Şiələr qürurla digər İslam məzhəblərindən, xüsusən də sünnilərdən üstün olduqlarını bəyan edir və çox vaxt onları batil və ya azğın hesab edirlər. Bəzi tanınmış şiə alimləri hətta sünniləri kafir adlandırırlar.
Şiə əqidəsi İmam Əlinin və onun nəslinin ilahi mənsubiyyətini vurğulayaraq, müstəsnalıq və hüquq hissi yaradır. Bu dünyagörüşü Xomeyni və Xamenei kimi özlərini İslam dünyasının qanuni liderləri və İmam Zamanın davamçıları hesab edən rəhbərlərin münasibətində də özünü göstərir. Aşağıda narsisizmin 10 xüsusiyyəti və onların şiə inancları ilə oxşarlıqlarının ətraflı müqayisəsi verilmişdir:
Narsissizmin xüsusiyyətləri və şiə baxışı
1.Özünə möhtəşəm bir hörmət hissi
- Narsisizm: Nailiyyətləri şişirdir və özünü mahiyyətcə üstün hesab edir.
- Şiə baxışı: Şiə alimləri tez-tez iddia edirlər ki, onların əqidəsi və İmam Əliyə sədaqəti onları digər müsəlmanlardan üstün edir.
2. Məşğuliyyət və haqlı olduğuna inanmaq
- Narsissizm: Bilikli və ən uğurlu olmaq vəsvəsəsi.
- Şiə baxışı: İslamın şiə təfsirlərinin ilahi rəhbər və yeganə düzgün yol olduğuna inam.
3. Xüsusi və eksklüziv mənsubiyyət hissi
- Narsisizm: Özünü elit (seçilmiş), xüsusi qrupun bir hissəsi kimi görür.
- Şiə baxışı: Şiələr özlərini 12 İmamın seçilmiş ardıcılları hesab edirlər.
4. Tanınma və təsdiqə ehtiyac
- Narsisizm: Daim başqalarından tərif və təsdiq umur.
- Şiə baxışı: Aşura kimi dini mərasimlər tez-tez şiələrin möhkəmliyinə və şəhadətinə heyranlıq oyatmağa çalışır.
5. Haqlı olmaq hissi
- Narsisizm: Xüsusi rəftar və istəklərə uyğunluq gözləmək.
- Şiə baxışı: Siyasi və dini liderlik üçün ilahi haqqa inam.
6. Tarixi rəvayətlərdən istifadə
- Narsisizm: Şəxsi mənfəət üçün şəraiti manipulyasiya etmək.
- Şiə baxışı: Şiəlikdə sədaqəti və şəxsiyyəti gücləndirmək üçün İmam Hüseynin şəhadətini vurğulayır.
7. Müxalif fikirlərə empatiyanın olmaması
- Narsisizm: Başqalarının hisslərinə və perspektivlərinə məhəl qoymur.
- Şiə baxışı: Sünni təfsirləri çox vaxt göz ardı edilir və ya gözdən salınır.
8. Başqalarına qarşı qısqanclıq və şübhə
- Narsisizm: Paxıllıq hiss edir və ya başqalarının onlara həsəd apardığını düşünür.
- Şiə baxışı: Əksəriyyəti sünni olan xalqları şiə ideologiyasına düşmən və ya paxıl kimi qəbul edir.
9. Təkəbbürlü davranış və ya başqalarına hörmətsizlik
- Narsisizm: Təkəbbürlü davranış və başqalarını alçaltmaq.
- Şiə baxışı: İranın dini və tarixi irsi ilə fəxr etmək, çox vaxt başqalarının nailiyyətlərinə məhəl qoymamaq.
10. Saxta inam altında gizlənən kövrək özünə hörmət
- Narsisizm: Zahiri inam pərdəsi altında gizlənən güvənsizlik.
- Şiə baxışı: Dini kimliyin güclü ifadələrindən tez-tez zəiflikləri gizlətmək üçün istifadə olunur.
Düşmənçiliyin güclənməsində ruhanilərin rolu
İran İslam Respublikası rejimi öz ideoloji çərçivəsini həyata keçirmək üçün daha çox din xadimlərinə və ya mollalara arxalanır. Amili (Ərdəbilin imam cüməsi) kimi insanlar gərginlik yaratmaq və icmaları parçalamaq üçün tez-tez təxribatçı ritorikadan istifadə edirlər. Onların rolu rejimin ideoloji hekayələrini təbliğ etmək və repressiv siyasətlərə haqq qazandırmaqla yanaşı, türk ünsürünə (həm daxili, həm də xarici) qarşı düşmənçiliyi gücləndirməkdir.
Tarix göstərir ki, din xadimləri avtoritar rejimlərin qanuniləşdirilməsində mühüm rol oynayıblar. Təlimlərini siyasi gündəmlərə uyğunlaşdıraraq, fərqli fikirlərə nəzarət etmək və onları yatırtmaq üçün dini doktrinadan sui-istifadə edirlər.
Ona görə də hakimiyyətdə kimin olmasından asılı olmayaraq – istər Pezeşkian, istərsə də başqaları; onların hamısı bu faşist rejimin göstərişlərini yerinə yetirməyə və bölücülük rolunu oynamağa məcburdurlar. Rejim Türkiyə, Azərbaycan və ya Ərəb Körfəzi (Kəngər Körfəzi) dövlətləri kimi qonşu dövlətlərin iqtisadi və siyasi uğurları ilə qarşılaşdıqda, öz xudbin (eqoist) daxili mahiyyətini və bədxahlığını və bu hadisələrə dözə bilmədiyini ortaya qoyur. Rejim qarşılaşdığı uğursuzluqlarında özünə düşmən hesab etdiyi ABŞ, İsrail və ya digər güman edilən xarici qüvvələri günahlandırmağa başlayır.
Bu arada təcrübəli siyasətçi Məsud Pezeşkian ictimai rəyi çaşdırmaq, özünün və rejimin səmərəsizliyini ört-basdır etmək üçün “Nəhcül-bəlağə”dən məharətlə istifadə edir. İşinin səmərəliliyini nümayiş etdirmək səylərinə baxmayaraq, Pezeşkian rejimin üzləşdiyi əsas problemlərin həllində dəfələrlə uğursuzluğa düçar olub. Onun mövcud problemlərin həlli üçün effektiv yollar təqdim edə bilməməsi getdikcə daha aydın görünür və gec-tez vəziyyəti daha da pisləşdirmədən istefa verməyə məcbur olacaq.
İran rejiminin azərbaycanlılara qarşı unudulmaz cinayətləri
Azərbaycan xalqı istər sərhədin bu tərəfində, istərsə də digər tərəfində (hazırda İran-Azərbaycan sərhəd xətti kimi tanınır) heç vaxt unutmayacaq ki, bu rejim (indiki İran rejimi nəzərdə tutulur) Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin iyirmi faizi Ermənistan tərəfindən işğal olunarkən (təbii ki, Rusiyanın açıq-aşkar dəstəyi, hərbi və iqtisadi yardım ilə azərbaycanlılara qarşı cinayət və qırğınların baş verdiyi zamanlarda) necə hərəkət edib. Bu dövrdə bir çox farsdilli iranlıların səssizliyi və hətta səssiz dəstəyi də eyni dərəcədə narahatedici idi. Bu da rejimin köklü irqçiliyini, faşizmini və İran-Fars narsisizmini daha çox ifşa etdi. Əslində bu hərəkətlər ayrı-ayrı hadisələr deyil, başqalarının hüquq və ləyaqətini qəbul etmək istəməməsi ilə idarə olunan sistematik qərəzli siyasətin bir hissəsi idi.
Birlik və cavabdehliyə doğru hərəkət
İran rejiminin siyasəti azlıqların, xüsusən də Azərbaycan əhalisinin əksəriyyətinin üzərində dərin izlər buraxıb. Lakin bu hərəkətlər həm də İranın qeyri-fars xalqının müqavimət göstərmək, axtarmaq və ədalətə nail olmaq iradəsini gücləndirib. Bölücü (separatçı) ideologiyalara qarşı mübarizə təhsil, tənqidi düşüncəyə dözümlülük və dəqiq tarixi yanaşmalar tələb edir.
Etnik və dini qruplar arasında qarşılıqlı hörmət və bərabərliyə əsaslanan gələcəyin qurulması üçün birlik və cavabdehliyin təşviqi vacibdir. Zülmün köklərini dərk edərək, icmalar bölücü ideologiyaları aradan qaldırmaq və daha əhatəli dünya yaratmaq üçün birlikdə işləyə bilərlər.
Yusif Nəmin
8 yanvar 2025

Mənbə:
https://azenglishnews.com/%d8%b1%db%8c%d8%b4%d9%87-%d8%af%d8%b4%d9%85%d9%86%db%8c-%d8%b1%da%98%db%8c%d9%85-%d8%a7%db%8c%d8%b1%d8%a7%d9%86-%d8%a8%d8%a7-%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%db%8c-%d8%a2%d8%b0%d8%b1%d8%a8%d8%a7%db%8c/

https://azenglishnews.com/what-is-the-root-of-the-iranian-regimes-hostility-toward-the-republic-of-azerbaijan/
6-01-2025, 21:22
Azərbaycan Respublikası ilə İran Məddahlar Respublikasının münsibətlərinə dair

Əli Rza Ərdəbili:


Azərbaycan Respublikası ilə İran Məddahlar Respublikasının münsibətlərinə dair

İran İslam Respublikası rejimi bölgə coğrafiyasında yarandığı tarixdən (1979) etibarən dünya və bəşər sivilizasiyasına müharibə elan etdi. Həmin müharibə məkanında ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Azərbaycan Respublikası və ya Türkiyənin olmasının onun üçün heç bir fərqi yoxdur. Üç ölkə - Rusiya (çeçenlərin, ukraynalıların qatilləri), Çin (uyğur türklərinə qarşı soyqırım törədənlər) və Ermənistan (Azərbaycan xalqını qətlə yetirənlər, 8 şəhəri və minlərlə Azərbaycan kəndini məhv edənlər) və bir-iki başqa dövlət istisna olmaqla, Birləşmiş Millətlər Təşkilatının 193 üzv ölkəsindən geri qalanların hamısı İran İslam Respublikası rejiminin "düşmənləri" siyahısındadır.
Bu rejimin bəşəriyyətə və bəşər sivilizasiyasına qarşı müharibəsini idarə etmək üçün Seyid Həsən Amilinin Ərdəbildəki ofisi beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, sözügedən bu qurum bir qayda olaraq Türkiyə və Azərbaycan Respublikasına qarşı nifrət və düşmənçilik tonunu yüksək səviyyədə saxlamağa dair tapşırıqları yrinə yetirir. 2025-ci ilin 4 yanvar günü İslam Respublikası adlı rejimin rəsmi qəzetlərindən biri olan "Cümhuri-ye İslami" qəzetində Seyid Həsən Amilinin Ərdəbildəki “nifrət maşını” barədə bir məqalə dərc olunub. Bu məqalədə İran İslam Respublikası "Mədahlar Respublikası" adlandırılıb. Nəzərə almaq lazimdir ki, İranda “məddah” sözü ikili mənada işlənir; biri “yaltaq” və digəri “mərsiyə oxuyan”.
Hazırda "Mədahlar Respublikası"nın Ərdəbildəki yerli şöbəsinin fəaliyyəti İran fəqihlərinin mövcud rejimi ilə iki ölkə - Türkiyə və Azərbaycan arasında yeni bir böhran yaratmaqda uğurlu olub. Dekabrın 24-də (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə) sosial şəbəkələrdə İranın Azərbaycan bölgəsində keçirilən bir mərasimə aid qısa video yayımlanıb. Videoda tədbirin aparıcısı deyir:
"Salamlar sayqılar, əziz qonaqlar. Uzaqdan və yaxından gələn bütün qonaqlara xoş gəldin deyirəm. Xoş gəlmisiz, əziz qonaqlar! Bu günlərdə Qarabağ Fatehi cənab İlham Əliyevin doğum günüdür. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Cənab Prezidentimizin doğum günüdür. Qarabağın Fatehi cənab İlham Əliyevin. Çox təşəkkür edirəm alqışlarınız üçün! Böyük bir alqış gəlsin! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan!" (Qaynaq: https://www.instagram.com/reel/DEI4BaMt6i7/?igsh=MW00enhmbGN0NWVzdQ%3D%3D)
Əvvəllər deyilərdi ki, bir yəhudi ya sağçı ola bilər, ya da solçu, yəhudi dininə inanan ya ateist ola bilər, ya zəngin, ya da ki kasıb, İsraildə və ya dünyanın başqa bir yerində yaşaya bilər, amma heç bir halda həmin yəhudinin İsraili sevməməsi mümkün deyildir. Eyni şeyi İranın Azərbaycan və digər inzibati-ərazi bölgələrində yaşayan türklər üçün də demək mümkündür. Bu insanlar Azərbaycan Respublikasına olan sevgi və bağlılıqlarını hər fürsətdə sözləri, əməlləri və mədəni tədbirləri ilə nümayiş etdirirlər.
Bu fenomen nə İranın bölünməsi kimi məsələlərlə əlaqəlidir, nə də sırf siyasi bir mövzudur. Çünki hakim rejimlərin siyasi mahiyyətindən, dünyadakı mövcud vəziyyətdən, müharibə, sülh, mənfəət və zərərlərdən asılı olmayaraq, Arazın hər iki sahilindəki Azərbaycan türklərinin bir-birinə olan mehriban münasibəti hər zaman siyasi sərhədləri aşaraq, ideoloji və siyasi məhdudiyyətlərdən kənar bir inam olaraq qalmaqdadır.
Məddahlar Respublikasının bir çox Azərbaycan əsilli rəhbərləri və rəsmi nümayəndələri müxtəlif tədbirlərdə göstəriblər ki, onlar da yazılmamış bu qaydalardan kənarda qala bilmirlər. Belə ki, Azərbaycan əsilli həmin məmurlar, istər diplomatik aparatın kadrları arasında, istərsə də hər hansı digər rəsmi vəzifədə olarkən, Azərbaycan Respublikasının nümayəndələri ilə görüş zamanı bir qayda olaraq ilk fürsətdə Azərbaycana olan şərtsiz sevgilərini (əlbəttə ki, öz mövqelərini təhlükəyə atmadan) etiraf etməyə çalışırlar. Məddahlar Respublikasında həm Azərbaycan Respublikasına olan təbii sevgini gizlətmək, həm də ona qarşı mübarizə aparmaq işində nifrət karvanını təşkil etmək üçün dövlət büdcəsi və təhlükəsizlik tədbirləri səfərbər edilir.
Bu iddianı Güney Azərbaycan və İranın digər bölgələrində yaşayan Azərbaycan türklərinin Azərbaycan Respublikasına olan münasibətləri barədə də rahatlıqla ifadə etmək olar. İranlı bir Azərbaycan türkünün Azərbaycan sevgisini onun İranın idarə olunması barədə hansı fikrə sahib olması, hansı dini və siyasi inanclara malik olması, İranın hansı bölgəsində və ya ölkə xaricində yaşaması dəyişdirə bilməz.
Bir zamanlar İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nəşri olan "Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Jurnalı"nda bir məqalədə qeyd olunmuşdu ki, bütöv Tacikistanda hər kəsin tanıya və sözlərini əzbərdən bildiyi bir mahnı yoxdur. Amma Azərbaycanda Dərbənddən Həmədana qədər hər kəsin bir mahnı, bir atalar sözü, bir nağıl və ya hekayəni tanımadığı bir yer yoxdur. Həmin ərazilərdəki şəhərlərin və qədim mədəniyyət mərkəzlərinin zamanında Səfəvilər, Əfşarlar, Qacarlar, Çar Rusiyası, Sovet rejimi, Pəhləvi və ya indiki İran İslam Respublikası rejimlərinin idarəsində olmasından asılı olmayaraq, Azərbaycanın vahid mədəniyyət dünyası dəyişməz olaraq qalmışdır.
Azərbaycan mədəniyyətinin, tarixi, dini-əxlaqi dəyərlərinin İslam dünyası, İran, Cənubi Qafqaz, hətta Şimali Qafqaz xalqları ilə ortaq cəhətlərinin olması təbiidir və bunu inkar edən də yoxdur. Lakin bu kontekstdə irəli sürülən əsas tezis ondan ibarətdir ki, bir azərbaycanlı heç vaxt Azərbaycana düşmən ola bilməz. Şairin də dediyi kimi, "aşiqlərin səbəbi səbəblərdən ayrıdır". Nifrət ideologiyasında (Vilayəti-fəqih və İranşəhri baxışları) əriyənlərin Azərbaycan mədəniyyəti, kimliyi və varlığına qarşı pis əməllərinin səbəbi tamamilə fərqli bir mövzudur.
Pəhləvi rejimi dövründə "Azərbaycan–Azərbaycan" sərhəddinin soyuq müharibə dövründəki "Almaniya–Almaniya" sərhəddindən daha keçilməz olmasına baxmayaraq, Arazın hər iki sahilindəki bu sevgi bağına xələl gətirə bilmədi. Məddahlar Respublikası da bunu bacara bilməyəcək. Bu respublikanın Ərdəbildəki yerli şöbəsi də öz ideoloji və siyasi nifrətini hətta bir nəfərə belə təlqin etmək işində çox acizdir.
Məddahlar Respublikası bu gün öz yaratdığı "müqavimət oxu"ndan İran xalqının milyardlarla dollar sərvətini yandırmaq və Ərəb Yaxın Şərqində saysız-hesabsız insanları qətlə yetirmək cəhdlərindən sonra öz uydurma saraylarından xaric edilib. Maraqlıdır ki, Məddahlar Respublikasının vəhşilik aktları ilə yadda qalan bütün bu illəri Azərbaycan Respublikasının inkişaf və tərəqqi illəri ilə üst-üstə düşüb.
Məddahlar Respublikasının Azərbaycan torpaqlarının işğalını əbədiləşdirmək üçün həyata keçirdiyi bütün tədbirlərə baxmayaraq, Azərbaycan 86,6 min kvadrat kilometr ərazisinin hər bir qarışında suverenliyini bərpa etməyə nail olub. Xüsusilə, Ukraynadakı acı hadisələrdən sonra keçmiş Sovet İttifaqı respublikalarının bütün beynəlxalq siyasət mütəxəssisləri Azərbaycan Respublikasının böyük beynəlxalq oyunçulara qarşı öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi müdrik siyasətin əhəmiyyətini daha çox dərk ediblər.
Hətta müasir Azərbaycan Respublikasının Rusiya imperiyası təsirlərindən xilas olduğu dövrdə, hələ Bakının əfsanəvi neft sərvətləri və bu sərvətlərin həmin bölgənin insanlarının həyatına gətirdiyi mədəni dəyişikliklərin görünmədiyi zamanlarda belə, "Arazın o tayına olan sevgi" möhkəm və dəyişməz olaraq qaldı.
Mirzə Məlikməmməd xanın erməni əsilli atası Mirzə Yaqub xan Türkmənçay müqaviləsinin bağlanmasından 48 il sonra, 1 dekabr 1876-cı ildə Arazın cənubundakı Azərbaycan torpaqlarına dair müşahidələrindən sonra şahzadə Fərhad Mirzə Mötəmidüdövləyə yazdığı məktubunda Cənubi Azərbaycan xalqı arasında "öz xalqının və tayfasının digər yarısına qoşulmaq arzusu" barədə məlumat verir. Əslində onun bu məktubunda digər yarısı çar Rusiyasının himayəsi altında yaşayan və İran əhalisi arasında hər baxımdan qibtə obyekti olan bir xalq təsvir edilmişdir (Rəhim Rəisniya; İran və Osmanlılar XX əsrin astanasında, “Sütudə” Nəşriyyatı, Təbriz, 1374/1995, I cild, səh. 188).
Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklər ölkənin bir neçə on milyonluq müxtəlif cəhətlərə sahib olan əhalisini təşkil edir. Onların mövcud rejimə yaxınlıq və ya uzaqlıq səviyyəsi, siyasi baxışları və dini inancları əlbəttə ki, fərqlidir. Amma Mirzə Yaqub xanın şahzadə Fərhad Mirzə Mötəmidüdövləyə yazdığı məktubundan gətirdiyimiz yuxarıdakı sitatdan da göründüyü kimi, hətta İranın ariyalı, təkdilli və təkmədəniyyətli bir milli dövlət qurma layihəsi rəsmi olaraq başlamazdan əvvəl belə, Arazın o tayına sevgi Azərbaycan türklərinin qəlbində mövcud idi.
Bu gün də İranın dövlət siyasətinə əsasən Azərbaycan mədəniyyəti, dili və kimliyi assimilyasiyaya və məhvə məhkum edildiyi halda, Arazın o tayına olan bu sevgi tükənməzdir və bunun da bir çox səbəbləri vardır. Bu sevgi sadəcə siyasətdən daha böyükdür və gündəlik siyasi müzakirələrin çox uzağında olan bir bağlılıqdır.
Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklər öz gözləri ilə görürlər ki, onların bütün mədəni və kimlik komponentləri İranda məhv olmaq təhlükəsi ilə üzləşərkən, Arazın o tayında inkişaf edir, çiçəklənir və dünyanın dörd bir yanında tanınır.
Ömrü boyu Məddahlar Respublikasında sünni bir idarəçinin, ya valinin varlığı və ya yoxluğu ilə bağlı mübahisələrə şahid olan bir azərbaycanlı bilir ki, 107 il bundan əvvəl qurulmuş birinci Azərbaycan Respublikası hökumətində yəhudi və xristianlar yüksək dövlət vəzifələrini, hətta nazir postunu belə tutublar. Bununla belə həmin azərbaycanlı eyni zamanda İran İslam Respublikasında öz kimliyi və mədəniyyətinə qarşı təhqir kampaniyalarının zaman-zaman baş verdiyinə də şahiddir.
Bu iki ziddiyyətli mənzərənin nəticəsi isə, Arazın o tayına olan sevginin daha da güclənməsindən başqa bir şey deyil.


5-01-2025, 21:31
Təbrik təbrik üstündən..


Təbrik təbrik üstündən...

Köhnə ili bəd xəbərlə yola salsaq da, yeni ili yeni ovqatla, yeni uğurlarla, dostların xoş xəbərləri ilə qarşıladıq. Bu səhər Ramiz Əsədov dostlara Səlvər müəllimin doğum günü olduğu xəbərini verdi. Beləcə Zəngəzur mahalının Qafan Rayonunun Gığı kənd orta məktəbinin 1975-ci il məzunları Rasim, Xürrəm, Sayad, Sara, Gülnarə, Fatma, Firudin, Tamxil sinif yoldaşları Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibətilə təbrik etdilər. Özbəkistandan Şahlar həkim də uşaqlıq dostlarının səsinə səs verdi. Səlvər müəllimə ən xoş arzularını çatdırdı. Dostların sırasında Səlvər müəllimin qudası Əli bəy də vardı. Bir-birindən xoş arzuların hamısı səbəbkara ünvanlandı.

Bu arada Mahmudlu kənd İcmasının üzvü Qəribəli Məhəmmədəli oğlu Azadəliyevin təbrikini də qeyd etmək yerinə düşər.
Qəribəli qeyd edir ki, bu yeni il ərəfəsində elimizin dəyərli insanlarından biri Mahmudlu kənd icmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevin 67-yaşı tamam olur. Səlvər Azadəliyevin Azərbaycan xalqının şərəfi, mənafeyi naminə çox töhfələr verib. Beləki 33 il ərzində müəllim, direktor vəzifələrində çalışaraq övladlarımıza təhsil verib, Vətənimizə savadlı Dövlət xadimləri, məmurları və digər sahələr üzrə mütəxəssislər, Vətənə xeyir verən dəyərli insanlar yetişdirməkdə böyük əməyi olub. Həmçinin xalqına xidmət edən Dövlət məmuru vəzifəsində çalışan yüksək tərbiyəyə sahib olan 3 övlad böyüdüb.
Səlvər Azadəliyev uzun illər Abşeron rayonunun seçki məntəqə sədri və hal-hazırda Sumqait şəhərində seçki dairəsinin katibi vəzifəsində çalışır. O, Qərbi Azərbaycan Gənclər Təşkilatına töhvə verən müvafiq xidmətinə görə həmin təşkilatın Təşəkkürnaməsi ilə təltif edilib.
Bu Şərəfli-dəyərli ömür yollarını uğurla addımlamış Mahmudlu kənd İcmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibəti ilə təbrik edir, ona həyatının bundan sonrakı dövründə də Xalqımıza,Vətənimizə Bütöv Azərbaycanımıza xidmət edən Şərəfli 💯 il ömür arzulayırıq.

30-12-2024, 11:59
Əlli bir ildən sonra çöysüyən həsrət


Əlli bir ildən sonra çöysüyən həsrət

1988-ci ilin acı rüzgarı Qərbi Azərbaycandakı soydaşlarımızı pərən-pərən saldı. Ailələr ev-eşiyindən, min illərin məskunları yurd-yuvalarından, qohum-əqraba bir-birindən, yeniyetməlik dövrünü yaşayanlar tay-tuşlarından, məktəblilər uşaqlıq dostlarından, bir sözlə, hər kəs öz ata ocağından, dost-tanışından ayrı düşdü. Bu qanla gələn qada Zəngəzur mahalını da bürüdü. Bu mahalın ən füsunkar təbiətə malik olan, bütün gözəllikləri özündə cəmləyən guşələrindən biri Qafan rayonu idi.
Rayonun mərkəzi olan Qafan şəhəri Zəngəzur Mahalının demək olar ki, sənaye mərkəzi idi. Burdakı 4 nömrəli məktəb isə bir elm- təhsil ocağı kimi rayonun bütün kəndlərinin, hətta Şimali Azərbaycanın ora yaxın rayonlarının-Qubadlı, Zəngilan, Cəbrayılın şagirdlərinə də öz isti qucağını açıb, onların təhsil almasında bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli rolu olmuşdur. Rus İmperiyasının məkrli siyasəti sayəsində zaman-zaman ermənilərin bu qədim Oğuz yurdunda məskunlaşdırılması nəticəsində əhalinin say tərkibi getdikcə ermənilərin xeyrinə dəyişmişdir. Bütün bunlara, erməni millətçilərinin cürbəcür təzyiqlərinə baxmayaraq, Qafan şəhər 4 nömrəli tam orta məktəbi bir məbədgah kimi orada yaşayn Azərbaycan türklərinin həm təhsil almasında, həm də milli ruhda, vətənpərvərlik ruhunda böyüməsində çox böyük əhəmiyyət kəsb etmişdir.

Məktəbin 1973-cü il 10B sinif məzunları da bir çox soydaşlarımız kimi, erməni-rus faşistlərinin silahlı basqınları nəticəsində deportasiyanın acısını-ağrısını yaşaya-yaşaya keçmiş Sovet İtifaqının müxtəlif şəhərlərinə, Azərbaycanın yaxın rayonlarına, Naxçıvana, Gəncəbasara, Sumqayıta, Bakıya səpələnərək əlaqələrini itirmişlər. İndi nəvə-nəticə sahibi olan, ahıl çağlarının qayğısını yaşayan soydaşlarımız ürəklərində dərin izlər buraxmış gözəl Vətənləri Zəngəzurda yaşadıqları xoşbəxt günlərin həsrətini çəkirlər. Uşaqlıq çağlarını, təhsil aldıqları ibtidai və orta məktəbləri, sevimli müəllimlərini, dəcəl, şən, sinif yoldaşlarını heç unuda bilmədilər. Harda olsalar da, nələr çəksələr də, həmişə bu xoş xatirələrlə yaşadılar. Övladlarına, nəvələrinə hər zaman Zəngəzurumuzun təbiətinin gözəlliyindən, orada yaşamış insanlarımızın qoçaqlığından, vətənpərvərliyindən, işgüzarlığından, zəhmətsevərliklərindən, elmə-təhsilə olan həvəslərindən, fitnəkar, qaniçən ermənilərlə yanaşı yaşayaraq öz ana dillərini, adət-ənənələrini, milli təəssübkeşliklərini, ləyaqətlərini necə qoruduqlarından danışırlar. Onları qədim-dədə baba yurudumuz Qərbi Azərbaycanımıza, Zəngəzurumuza, ləyaqətlə qayıdacağımıza və öz ata-baba ocağımızda tonqallar qalayıb, qazanlar asacağımıza, yenidən qurub yaradacağımıza əmin edirlər.

Deyirlər ki, o illər bambaşqaydı. 15, 16, 17 yaşlar arası. Yeniyetməlikdən gəncliyə keçid dövrü, ömrün ən qaynar çağı. Qonşu kəndlərdən qəşəng qızlar, çılğın-çılğın yaraşıqlı oğlanlar bir mərkəzə- Qafan şəhər 4 saylı orta məktəbinə axışırdı. Bəzən od çıxan, şimşək çaxan baxışlardan ürəklərə eşq atəşi düşürdü. Kimisi səadətini burda tapırdı, kimisi bir ömür daşıyacağı könül yarası alırdı, kimisinnin də qismətinə sevdasını ürəyinə gömmək düşürdü. Beləcə hərə öz taleyinə düşəni götürüb ömür yoluna davam edirdi.

Budur, 51 ildən sonra yollar yenə kəsişib. Amma hərənin bir umudla gəldiyi bu yollar o yollar deyil. Nə Bakı-Qafan qatarının fit səsi gəlir, nə də kəndlərdən mərkəzə gələn var. Nə dərsdən qaçıb, Dəmiryolu stansiyasına gedən var, nə də dərsdən çıxıb kəndlərə səpələnən yeniyetmələr. Nə haçalanan dağ yolları var, nə yol üstündəki sıldırım qayalar, nə də Gülxacın köhlənyoran yoxuşları. Nə Yuxarı Gödəklidə işıq yanır, nə Xələcdə tüstü çıxır, nə də Qazangöldə kef məclisi, çal-çağır var. Bu dəfə Arzuların, xəyalların qanadında bir araya gələnlərin hərəsi öz öləzimiş arzularının qanadıyla yurd həsrətini körükləyir...


68 illik ömürlərinin yarıdan çoxunu yurddan aralı, qürbətlərdə odsuz-ocaqsız, bir-birindən xəbərsiz keçirən dostlar, rəfiqələr nəhayət görüşə bildilər.
Görüşə gələnlər içərisində, Yuxarı Gödəkli kənd sakinləri Əlövsət Xalıqverdiyev, həyat yoldaşı Rəqibə İsbiyeva, Nazilə Hüseynova, Süleyman Mehdiyev, Firudin Həsənov, Xələc kəndindən Gülşən Abdullayevə, Oxtar kəndindən Gülşən Qəhrəmanova, Bəkdaş kəndindən Adilə xanım, Qaraçimən kəndindən Qızılgül Həziyeva, həyat yoldaşı Turab Hüseynov, Fəxrəddin Mirzəyev, Şünasim Qasımov var idi. Görüşü Əlövsət Xalıqverdiyev açaraq Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın, dünyasını dəyişən müəllim və sinif yoldaşılarının xatirəsini bir dəqiqəlıik sükutla yad etməyi xahiş etdi.
Bütün şəhidlərimizə və dünyadan köçən müəllimlərimizə, şagirdlərə Allahdan rəhəmət dilədikdən sonra yaddaqalan bir gün yaşandı. Görüş gözəl təamlarla zəngin süfrə arxasında, çox maraqlı və şən ovqatla keçdi. Hər kəs öz uşaqlıq xatirələrini bölüşdü. Bu uzun ayrılıq illərində hər birinin həyatında olan acılı-şirinli günlərdən, ailələrindən, övladlarından danışdılar. Bir sözlə hər kəsin keçdiyi həyat yoluna qrup şəklində ekskurs etdilər. Yekunda son zəngdə çəkilmiş xatirə şəkili üzərində əks olunmuş böyük tord kəsildi, xatirə şəkilləri çəkildi və sinif yoldaşları bundan sonra daha tez-tez əlaqə yaradıb, ünsiyyət quracaqlarına əminliklərini bildirdilər.
Əlövsət Xalıqverdiyev 51 illik ayrılıqla bağlı keçirdiyi hissləri belə ifadə etdi:

SON ZƏNGİMİZ...
Başımız çox qarışmışdı.
Ayrılığa alışmışdıq.
Son zəngimin səsi gəldi.
Sinif yoldaşlarım görüşə gəldi.
Axtarıb bir-bir tapmışıq.
İlləri yola salmışıq.
Sizlər üçün darıxmışıq.

Nə az, nə çox 51 il.
Ayrılanda 17 yaş.
Görüşürük 70 yaşda.
Kədər, sevinc çöküb yaşa.
Alınlarda o qırışa.
İlləri yola salmışıq.
Sizin üçün darıxmışıq.

Nəzər saldım hər söhbətə.
Uzun çəkən bu həsrətə.
Oxuduğum o məktəbə.
Sizlə ötən o illərə.
Nə yaxşı ki, görüşürük.
O illərin xatirəsin
Bircə-bircə bölüşürük.
Vətənimiz Qafan olub.
Son zəngimiz orda olub.


Əlövsət XALIQVERDİYEV
19.11.2024






25-12-2024, 22:01
Yazıçılar Birliyində kitab təqdimatı

Yazıçılar Birliyində kitab təqdimatı

Bu gün, dekabrın 25 də AYB-nin Natəvan klubunda AYB VƏ AJB -nin üzvü , şair-publisist Təranə Dəmirin şair,"Ulduz"jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığından bəhs edən "Üşüyəndə özünü yandıran şair" və şeirlərdən ibarət "Sərhədsiz sərhədlər" kitablarının təqdimat mərasimi baş tutub. Tədbirdə oxucular və şairin qələm dostları, tələbə yoldaşları, müxtəlif media mənsubları iştirak ediblər. Yazıçı -publisist Elçin Hüseynbəyli, şair Qəşəm Nəcəfzadə, İbrahim İlyaslı, Qulu Ağsəs, Fəxrəddin Teyyub, Lilpar Cəmşidqızı, Nazilə Gültac, Nəzirməmməd Zöhrablı, jurnalist Dilşad Mirzəyeva və başqaları Təranə Dəmiri təbrik edib, ürək sözlərini, xoş arzularını bildiriblər, yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbirdə həmçinin şairin şeirlərindən nümunələr də səsləndirilib. Qeyd edək ki, "Üşüyəndə özünü yandıran şair"kitabı "Mücrü" nəşriyyatında dərc olunub və naşiri Müşfiq xan, redaktoru isə Nəzirməmməd Zöhrablıdır. "Sərhədsiz sərhədlər" kitabı isə "Maarif " nəşriyyatında dərc olunub, redaktoru Qulu Ağsəsdi. sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.
23-12-2024, 13:15
“Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Məktəblilər Prezidenti belə təbrik etdilər...

“Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Uşaqların Gələcəyi Naminə" təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinin qaliblərinə sertifikat və antik dövrdən müasir dövrə qədər filosofların həyatı, onların əsas ideyalarının əks olunduğu “Məktəbli Fəlsəfəsi” adlı kitab təqdim edilib.
Bu barədə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib.
Təşkilat sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi. Biz də təşkilat olaraq hər il möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək və nəticələri cənab Prezidentin ad günündə açıqlamaq qərarına gəldik. Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi orta məktəblərin V-IX sinif şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 02 dekabr 2024-cü il tarixdən 15 dekabr 2024-cü il tarixədək təqdim edilib. Şagirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib və 5 ballıq sistemlə qiymətləndirilib".

Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur.
Müsabiqənin yekunlarına əsasən 26 baIIa “Nidanın gücü” məqaləsi ilə Xətai rayonu 25 nömrəli tam orta məktəbin 8b sinif şagirdi Rzayeva Xədicə Elnur qızı əsas qalib elan olunub. 24 balla qaliblər sırasında olan digər mükafatçılar isə Xətai rayonu, 25 nömrəli məktəbin 8b sinif şagirdi Mirvari Mirişli və Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin 6b sinif şagirdi Vəkiloğlu Məryəm Mehtixan qızı “Xalqın gücü” məqaləsi ilə uğur qazanıblar.
Təşkilat sədri Könül Quliyeva bütün qaliblər adından Ali Baş Komandanımız Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!"
21-12-2024, 20:36
Məryəm GƏNCƏLİYEVA yazır:

Məryəm GƏNCƏLİYEVA yazır:

Yuxusu çin olmuşdu...

Hər tərəfdən dağlarla əhatə olunmuş Gığı kəndinin şiş qayalı dağlarının başında qartallar qıy vurur, kəklikləri daşdan daşa qonaraq səs- səsə verir, baharda yamyaşıl çəmənləri göz oxşayır, payızında isə çılpaq təpələrini duman alırdı. Bu kəndin insansevər, ağıllı- kamallı, el qədri bilən adamları cox olub. Sədaqət kişi də onlardan biri idi. O, Gığı heyvandarlıq sovxozunun qoyunçuluq təsərrüfatına baxırdı. Halal əməyi, sakit təbiəti, qonaqsevərliyi ilə eldə böyük hörmət qazanmışdı.
Sədaqət kişi havalar isinən kimi yaylağa qalxar, bir də soyuqlar düşəndə kəndə- isti ocağına qayıdardı. O, öz işini çox sevirdi, təbiəti, onun əsrarəngiz gözəlliyini seyr etməkdən doymurdu. Kiçik övladları ona “ata bu işi burax, elə işə get ki, başqalarının atası kimi sən də axşamlar evimizə gəl” desələr də, o gülümsəyərək “siz də əgər Qazangölün, uca zirvəsi ilə baxanı heyran edən Qapıcığın gözəlliyini gözlərinizlə görsəydiniz, heç qışda da gəlməzdiniz” deyə onları əzizlərdı.

Sədaqət kişi qar yerə düşənədək el yaylaqdan qayıtsa da, iş yoldaşları ilə Binə deyilən yerdə bir müddət heyvanları saxlayar, qar havası başlayanda kəndə enərdi. Son günlər onun gözlərinə yuxu getmirdi, kənddə hamilə qoyub gəldiyi Zenfira xanımı düşünürdü. Kənddən də gəlib- gedən olmadığından narahatlığı çox artmışdı. Axşamlar gecə yarıyadək yuxuya gedə bilmirdi, gözlərini qatı qaranlığın nöqtəsinə dikir, Allahdan xanımının övladını sağ- salamat dünyaya gətirməsini diləyirdi. Təlaş içində kənddən xəbər gözlədiyi günlər sanki ilə dönürdü. Axır ki bu intizar sona yetdi, ailənin böyk uşağı Nöhraz Binəyə - onun yanına gəlib qardaşı olduğunu söylədi. Sədaqət kişi sevindiyindən uşağı bağrına basdı, “İlahi, sənə şükür, arxam, dayağım gəldi dünyaya, ocağımın nurunu artıranımın biri də artdı” dedi. O, hardan bilərdi ki...
Arzu ilə doğulan Muradov Nəsrulla Sədaqət oğlu 1976-cı il noyabrın 5- də anadan olmuşdu. Kiçik yaşlarından yaşına uyğun olmayan ağır işlərdən yapışar, ailəyə kömək edər, gördüyü işləri tay- tuşlarına danışaraq onlarda da həvəs yaradardı. O, yeddi yaşına çatanda Gığı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1988-ci il noyabrın axırlarında məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birlikdə Bakıya gəlmişdi. Nəsrullanın doğulduğu Gığı kəndi də başqa kəndlər kimi erməni təcavüzünə məruz qalmışdı.Camaat öz ev- eşiyini tərk etmək istəməsə də, silahlı basqın nəticəsində yurd- yuvalarını qoyub kimin harada güman gələn bir kimsəsi vardısa, oraya üz tutmuşdu. Ailələr pərən- pərən düşmüşdülər. Nəsrullanın ailəsi də bir neçə il qabaq işsizlikdən baş götürüb Bakıya gələn qardaşı Əsədullanın yanına gəldi. Hamının dadına çatan, hamıya əl tutan Sədaqət kişinin öz oğlu olsa belə gənc Əsədullaya sığınması ürəyincə deyildi. Əsədulla da hələ özünə lazımınca yurd- yuva qurmamışdı, ona görə də oğluna yük olmasını özünə sığışdıra bilmirdi. Bu sıxıntını sezmiş kimi Əsədulla atasına:

-Yaman günün ömrü az olar, atacan, tezliklə əl-ələ verib hər şeyi yoluna qoyacağıq dedi. Nəsrullanın oxumağa həvəsi çox olduğu üçün onu Maştağadakı Nəriman Nərimanov adına 128 nömrəli orta məktəbin 5- ci sinfinə yazdırdılar. O, məkəbə gedəndə bir qədər proqramdan geri qalmışdı, amma özündə təpər tapdı, oxudu, sinif yoldaşlarına çatdı.
1993-cü ildə həmin məktəbi bitirərək sənədlərini sürücü- mexanik peşəsinə yiyələnmək üçün Xəzər rayonu (əvvəlki adı Əzizbəyov idi) Binə qəsəbəsindəki 101 nömrəli texniki peşə məktəbinə verdi. İki il burada oxudu. 1995-ci il mart ayının 4- də həqiqi hərbi xidmətə getmək üçün Sabunçu rayon hərbi komissarlığından Nəsrullaya çağırış gəldi. Nəsrulladan ayrılmaq istəməyən anası Zenfira xanım dilləndi:
- Ay bala, sən hələ körpəsən, məktəbin də yarımçıqdır, gəlsənə məktəbini bitirib sonra gedəsən. Qardaşı Qasım da anasının sözünü təsdiqlədi. Nəsrulla gülümsədi və dedi:
- Ay ana, düşmən yurdumuzda at oynadır, mən getməyim, o getməsin, bəs bu vətəni kim qorusun?!
Beləliklə martın 5- də Nəsrulla hərbi xidmətə yola düşdü. O, hərbi xidmətinin dörd ayını Bakı şəhəri Abşeron rayonundakı Pirəkəşkül kəndində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində təlimdə olmuşdu. Dörd aydan sonra onu N saylı hərbi hissəyə göndərirlər. Bu zaman cəsarətli, boylu- buxunlu olduğu üçün təlim keçən türk hərbiçiləri tərəfindən bəyənilir. Nəsrulla oradan da başqa hərbi hissənin kəşfiyyat bölüyünə xidmətə göndərilir. Artıq daimi yeri bəlli olduğu üçün qardaşı Qasım tez- tez onun yanına gedib- gəlirdi. O, kəşfiyyatçı olduğundan çox vaxt hərbi hissədə olmurdu. O zaman mobil telefonlar olmadığından Qasım ora gedəndə rabitə ilə əlaqə saxlayıb qardaşının onun görüşünə gəldiyini xəbər verirdilər. Sevindiyindən ildırım sürətilə gəlib qardaşı ilə görüşür, həsrətli gözlərlə onu diqqətlə süzdükdən sonra ata- anasını, bacıları Gülsabah və Möhtəbəri, kiçik qardaşı Abdullanı soruşurdu.

-Evdə nə var, nə yox, atamgil necədirlər, məni kim soruşur?
Qasım qolunu onun boynuna salaraq bağrına basıb üz- gözündən öpərək:
- Hamı: qohum- əqraba, dost- tanış, qonşular, hamı səni soruşur.
Beləcə iki qardaş bir neçə saat söhbətləşər, hal- əhval tutub ayrılardılar. Nəsrulla gələcək planlarından danışar, qayıdandan sonra boyük fermer təsərrüfatı yaradacağından söhbət salıb ağıllı fikirləri ilə Qasımı heyran qoyardı. Bir sözlə, böyük arzuları vardı Nəsrullanın...
1997- ci il iyul ayının ilk günlərindən birində axşam saat 12 radələrində ailədə Qasımdan başqa hamı yatmışdı. Nədənsə, Qasımın gözlərinə yuxu getmirdi, ürəyi təlaşla döyünürdü, televizoru açıb baxmağa başladı. Tez- tez öz- özünə “niyə ürəyim bu qədər təlaş keçirir?” deyə düşünürdü. Elə bu andaca həyət qapısının döyüldüyünü eşidib bayıra çıxır, gözlərinə inanmır. Qabağında duran Nəsrulla idi. Bir qədər diqqətlə baxıb yuxu olmadığını anlayır, iki qardaş illər ayrısı kimi görüşürlər. Onların hay-küyünə yatanlar oyanır. Ailə üçün bu gəliş bir toy- bayrama çevrilir. Gecə ikən Sədaqət ata erkək kəsir, Zenfira ana qazan asib plov bişirir. Xəbər tutan qohumlar onlara toplaşır. Müharibə zonasından gəldiyi üçün hər kəs onunla görüşməyi özünə borc bilirdi. Axı onların sayəsində hər kəs evində rahat yatırdı. Nəsrulla səhər tezdən gedəcəyini deyəndə hamı mütəəssir olur, niyə belə tez qayıtmasının səbəbini soruşduqda yuxu gördüyünü, evlərindən, ailələrindən nigaran olduğunu, o səbəbdən gəldiyini söyləyir. Bu xəbəri eşidən Zenfira ana:
- Niyə belə tez, ay bala, mən ki səndən doymadım. Kaş ki bircə gün qalardın,- deyir.
Kicik qardaş Abdulla da bu zaman Nəsrullaya dedi:
-Qaqaş, ehtiyatlı olun, deyirlər lənətə gəlmişlər hər yanı minalayıblar, minaya düşərsiniz. Qaqaş, heç ürəyinizdə qorxu var?
- Kimdən? Yox, biz qorxmuruq, onlar bizdən qorxurlar. Bizi görəndə tülkü kimi qaçırlar.
Nəsrulla yuxusunu danışdı:
”Gördüm ki, qapımızda çadır qurulub, məclis verilir, rahatlıq tapmadığım üçün gəldim. Gələrkən də kəşfiyyatçı yoldaşlarıma Bakıya getməyimin səbəbini söylədim, dedim ki, məni soruşan olsa, yaxınlıqda olduğumu deyin, əgər həyəcan siqnalı olsa belə deyin ki, sizin ətrafınızdayam. O, anasının boynunu qucaqladı, gözlərindən öpdü,” darıxma, anacan, mən yenə gələcəyəm, zaman bitmir ki, qayıdacağam, özü də zəfərlə, qələbə ilə” dedi.
Ana yol tədarükü görmək istədikdə “heç nə apara bilmərəm, axı mən qaçıb gəlmişəm, deməzlərmi bu nədir, haradandır?” deyib bir daha ata- anası, qohuları ilə görüşüb Qasımla evdən çıxdı. Qasım söyləyirdi ki, Nəsrulla evimiz gözdən itənədək tez-tez geri çevrilərək sanki bir daha görə bilməyəcəyi evlərinə, ailəsinə baxırdı. Qasim onu avtovağzala qədər aparıb yola salır. Avtobus tərpənib getdikcə, nədənsə, Qasım da bu dəfə onu buraxmaq istəmirmiş kimi avtobus gözdən itənədək ardınca yüyürür.

Bir müddət keçəndən sonra Nəsrullanın bacısı Gülsabah ağlayaraq çox pis yuxu gördüyünü söyləyir, qardaşı Qasım ona ürək- dirək verib “bacı, qorxma, yuxudur, narahat yatmısan, ona görə belə qarışıq yuxu görmüsən” desə də, o, çox narahatlıq keçirirdi. Bir necə gün sonra Sabunçu rayon hərbi komissarlığından ataya çağırış gəlir. Komissar Sədaqət atanı çox mehribanlıqla qarşılayır və ona bir neçə sual verərək söyləyəcəyi məlumatı çatdırmaq üçün məqam gözləyirdi. Komissar ondan neçə övladı olduğunu, onların nə işlə məşğul olduğunu soruşur.Ata :
-Oğlum Əsədullanı Maştağada yoldan keçərkən maşın vurub, dünyasını dəyişib, Qasım hərbi xidmətini başa vurub, Fövqəladə Hallar Nazirliyinin işçisidir, Nəsrulla isə hərbi xidmət çəkir, kiçik oğlum Abdulla da orta məktəbi bu il bitirib, sənədlərini ali məktəbə verib. Nə üçün soruşursunuz, yoldaş komissar?- deyə soruşdu.
Komissar oğul itirmiş bir ataya bu ağır xəbəri verməyin çox çətin olduğunu başa düşsə də, “Sizə mənim bir xəbərim var, oğlunuz yüngülcə yaralanıb, onu Bakıya gətirirlər. Bunu sizə bildirmək üçün çağırmışdım, görürəm, çox dözümlü atasınız, sizə səbr arzulayıram” deyərək sözünü bitirdi və köks ötürdü.
Komissarın “səbrli olun” deməsi Sədaqət kişinin ürəyini sızlatdı. Yadına qızı Gülsabahın yuxusu düşdü, “görəsən, Nəsrulla doğrudanmı yaralanıb, yoxsa komissar mənə təskinlik üçün belə dedi” düşündü. O, çevrilib komissardan nəsə soruşmaq istədi, gücü çatmadı, qəhər boğazına yığılıb qaldı, dizlərinin əsdiyini görən Qasım onu maşına mindirib evə gətirdi, anasına “ana, Nəsrulla yaralanıb, onu evə gətirirlər” dedi. Ananın əlindəki qab yerə düşüb çilik- çilik oldu, onun naləsi göyə yüksəldi, qonum- qonşu tez tökülüb gəldilər, qohum-əqrəbaya səs düşdü.
Nəsrullanın nəşi gələnədək Sədaqət kişi “ürəyinə daş bağlayıb” həyat yoldaşı Zenfira xanıma Nəsrullanın yaralı olduğunu desə də, ana buna inanmadı,əl atıb üz- gözünü al qana boyadı. Az sonra bir hərbi maşın ağır- ağır həyətə yaxınlaşdı, üzəri Azərbaycan bayrağı ilə örtülmüş nəşi tabutla bərabər gələn hərbçi əsgərlər ehmalca yerə endirdilər. Ən çətin anda belə təmkinini pozmayan, min bir əziyyətə sinə gərən Sədaqət kişi indi oğul itkisi qarşısında çox aciz qalmışdı, nə qədər özünü toplamağa çalışsa da, bacarmadı, “niyə belimi qırdın, oğul, iki oğul itkisinə mən necə dözərəm”- deyə fəryad etdi.
Bir müddət əvvəl onları görməyə gələn oğulun bu gün nəşi gəlmişdi. Zenfira ananın ucaboylu, enlikürək, qədd- qamətli, bacarıqlı oğlu onları əbədi gözüyaşlı qoyub gedirdi. 1997- ci ilin 22 iyulunda şəhid olan Nəsrulla 23 iyulda Maştağadakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Onunla gələn əsgərlər ehtiram xatirəsi üçün avtomatdan yaylım atəşi açdılar, hərbi komissar onun haqqında döyüş bölgəsindən gələn xasiyyətnaməni oxudu, haqqında yazılan “qəhrəman, qoçaq, cəsarətli, mərd, düşmənə əyilməyən əsgər “ olduğunu xüsusi vurğu ilə söylədi, cibindən cıxardığı əl yaylığı ilə göz yaşını sildi. Rayonun icra nümayəndələri onun üzərinə əklillər qoydular, gül- çiçəklə bəzəndi məzar, amma oğul itirən bir ananı heç nə ilə ovutmaq olmurdu…
Qardaşı Qasımın söylədikləri: Nəsrullanın məhəllədə, oxuduğu məktəbdə, qonşular, qohumlar arasında çox böyük hörməti vardı. Mən ondan böyük olsam da, çoxları məni onunla tanıyırdı, mən də onun bu cür dəyərli olduğu ilə qürurlanırdım. O, böyüklə böyük, kiçiklə kiçik idi, həmişə özündən böyüklərlə dostluq edərdi, tay- tuşlarına “uşaqdırlar” deyərdi. Xalam oğlu Yusifin oğlu Asif Goranda təlimdə olarkən köhnə əsgər kimi onu əziyyət çəkməyə qoymamış, heç kimin onu incitməsinə yol verməmiş, yemək sarıdan da qayğısına qalmışdır.(Asif bu gün də onu xatırlayanda gözləri dolur.) Nəsrullanın əsgər yoldaşları onun çox ağıllı olmasından, hər kəsə ehtiramla yanaşmasından, sanki hamıdan yaşca böyük, ağsaqqalyana öyüd- nəsihət verməsindən danışırdılar. Nəsrulla kəşfiyyata gedəndə bizdən yaşca böyük kimi məsləhət verər, “ gəlin, üç- üç ayrılaq, birdən minaya düşə bilərik, heç olmasa sağ qalanımız olsun” deyərdi. Onun əsgər yoldaşlarından biri deyirdi ki, o, evdən qayıdandan sonra çox özünə qapanırmış, sanki bizə ürək- dirək verən o deyilmiş. Elə ki biz tez- tez kəşfiyyata çıxdıq, işimiz çoxaldı, onun vəziyyəti də dəyişdi. ( O gördüyü yuxunun təsirindən qurtula bilmirmiş.)
Nəsrullagil son kəşfiyyata çıxanda yenə üç- üç ayrılaraq yollanıblar. Az keçməmiş 200 metr radiusda mina açılaraq Ağdaşdan olan bir əsgərin ayağını aparıb, Nəsrullanın isə kürək nahiyyəsini dəlik- deşık edib. Minanın açıldığını görən digər əsgərlər onları xilas etmək üçün sürünüblər. Nəsrullanın ən yaxın dostu onu çiyninə götürmək istəyəndə artıq şəhid olduğunu görür. Açılan minanın qəlpəsindən biri onun şah damarını zədələdiyi üçün o çox qan itirmişdi.

Qardaşımı Tərtərdə yuyub kəfənləmişdilər, amma biz yenə onu yuyata apardıq. Məqsədim onun harasından yaralandığını bilmək idi. Zahirən o sanki yatmış kimi tabuta uzanmışdı. Baxanda gördüm ki, qəlpələr onun kürək nahiyyəsini param- parça etmiş, şah damarını kəsmişdi. Qardaşımın bu halı heç zaman gözlərimin önündən getmir, hər kəs məni qaraqabaq biri kimi tanıyır, başa düçmürlər ki, illər ötsə belə mən gözlərimlə gördüyüm bu yaranı unuda bilmirəm. Deyirəm ki, görəsən, kimsə mənim sinəmin necə param- parça olduğunu heç xəyalına gətirirmi?
Mənə elə gəlir ki, böyük Yaradan Nəsrullanı son görüş üçün bizə göndərmişdi. Bəzən düşünürəm ki, bəlkə o, yuxusunda özünün yas mərasimini görmüşdü, ona görə gəlmişdi bizimlə görüşə. Bəlkə, atamı, anamı, hansımızısa görmüşdü öz yuxusunda. Bu “bəlkə”lər illərdir mənim yaxamı buraxmır, tez-tez yuxuma gəlir, “məndən nigaran qalma, çox gözəldir yerim” deyir. Bircə onunla təsəli tapıram və qürurlanıram ki, qardaşım VƏTƏN uğrunda şəhid olub, mərdcəsinə, qəhrəmancasına, cəsurcasına, xidmət zamanı şəhid olub, məmur balaları kimi xarici dövlətə qaçıb gizlənməyib, ölümün gözünə dik baxaraq vətənin xilasını düşünüb. O, Tərtərin ölümsaçan, əsgərlərin cəlladı olan Marquşavanında, Həsənqayada, Maralyanda həbi xidmət keçərək vətənə borcunu yerinə yetirib.
Mən bilirəm ki, qardaşım Zəngəzurun Gığı kəndində doğulsa da, Azərbaycanın hər qarışına vətən deyib onun işığının sozalmasına razı olmayan, üçrəngli, məğrur Azərbaycan bayrağını enməyə qoymayanlardan biridir. Bilirəm ki, zamanın qocalsa da, qardaşımın yaşı necə var elə, həmişə cavan qalacaq, tarixə qəhrəman adı ilə yoldaşlıq edəcək.
Bir zaman mən də olmayacağam, amma o olacaq, axı o, neçə- neçə ailənin işığının yanması üçün şəhid olmuşdur. Vətənə xidmət ömrü ona nağıllaşan bir ömür bağışladı. Bəlkə, bir zaman kimsə uşaqlarına nağıl danışanda deyəcək ki, biri vardı, biri yoxdu, Nəsrulla adlı igid bir oğlan vardı…
21-12-2024, 04:34
Yandırılmış Kitablar üçün Mərsiyə

Səhra RZAYİ


Yandırılmış Kitablar üçün Mərsiyə
(O alovlar şölə çəkib şəfəq salır zülmətə…)

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə…
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,


Arazın bu tərəfində payız yalnız yarpaq tökülməsi anlamına gəlmir. 78 il əvvəl Təbrizin Saat Meydanı, cahil insanların alovlarında yanan və məhv olan kitabların canlı şahidi oldu. Bu cahilliyin alovu yalnızca minlərlə kitabı yandırmaqla qalmadı, həm də bir il ərzində Azərbaycan mədəniyyəti və ədəbiyyatında təqdirəlayiq işlərə imza atmış inqilabın ağacını da qurutdu.
Müharibə, insanlığın ağrı və əzab dolu dünyamıza hədiyyə etdiyi ən acı anlayışdır. Bu istənməyən hədiyyə, yalnız dünyamıza deyil, həm də insan düşüncələrinə də kədər və qəm yaymışdır. Bu hadisələrlə dolu dünyada və mənasız müharibələrdə bir insanın ölümü nə qədər acı və ədalətsiz olsa da, bir kitabın yanıb məhv olması da bir o qədər ağrılıdır.
Ədalətin çətin tapıldığı bir yerdə, kitabların məhv edilməsi bəşəriyyətin mədəniyyətinə vurulan dərin bir yara və bəşəri tarixdə bir qara ləkədir..
Bu yazı, insan cəhalətinin atəşində yanan və külə dönən kitabların qısa hekayəsidir.
Güney Azərbaycanda 1946-cı il dekabr ayının 17-də baş verən mədəni soyqırım “yandırılmış kitablar günü” adı ilə xatırlanır.
İran şahlıq rejiminin (Pəhləvilər sülaləsi) təzyiqindən və səriştəsizliyindən boğaza yığılmış xalq milli hakimiyyətini təsis etdi və milli dəyərlər çərçivəsində həyatını qurmağa başladı. İkinci Dünya muhaibəsinin nəticələri ilə dünyada və bölgədə daha da demokratikləşmə ümidində olan xalq 1946-cı ildə İran şah rejiminin hərbi hücumuna məruz qaldı. Qısa müddətdə minlərlə insan öldürüldü, on minlərlə soydaşımız ölkədən mühacirət etdi, bir o qədəri də sürgün edildi. Bu barədə tarixi sənədlərdə çox sayda məlumat verilir. Lakin 1946-cı il dekabr ayının 17-də, Azərbaycanda demokratik dövlət quruluşunun dagıdılmasından 4 gün sonra İran rəsmi dairələri kütləvi şəkildə kitab məhsullarının yandırılması aktlarını keçirməyə başladı.
Azərbaycan dilində bütün növ kitablar, bədii ədəbiyyat, məktəb dərslikləri, mətbuat nümunələri, üzərində Azərbaycan dilində yazı olan hər bir kağız, sənəd yandırıldı. Bu işi rəsmi dövlət orqanları nəinki gizli etmirdi, hətta kütləvi tədbirlər keçirilirdi, məktəblərdə kiçik yaşlı uşaqları öz ana dilində olan kitablarını gətirməyə və kütləvi mərasimlərdə yandırmaga məcbur edirdilər.
İnsanlıq tarixi daim maddi və mənəvi dəyərlərin çoxunun yox olmasına şahidlik edib. Bunlar arasında kitablar ən qiymətli mənəvi xəzinələrdir ki, insanın ehtirasları səbəbindən alovda məhv olmuşdur. Bu faciə daha da ağrılı olur ki, hər yandırılmış kitabın bir ömürlük təcrübə olduğunu və sahibinin bildiklərini gələcək nəsillərə miras qoyduğunu anladıqda dərk edirik. Hərçənd ki, bu günün inkişaf etmiş texnologiyası insanlığa tarixinin bir çox qaranlıq nöqtələrinə çatmağa və onları bərpa etməyə imkan verir, amma heç vaxt o insanları, qələm tutan və o kitabları yazanları, həmçinin həmin əsərlərin yaranmasına səbəb olan şəraitləri yenidən yarada bilməyəcək. Çünki keçmişə qayıtmaq mümkün deyil. Buna görə də, nə qədər tarix təkrarlanarsa da, hər təkrar da özünə xas bir rəngə sahibdir. Yandırılmış kitablar, yandırılmış Şuş şəhəri kimi, tarixlərin dərinliklərində dəfn olub və heç vaxt geri qayıtmayacaq.
Kitabların yandırılması, zamanla pis bir vərdişə çevrilmiş və müharibələrin sonunda həyata keçirilirdi. Bu yalnız kitabları deyil, həm də insan cəmiyyəti üçün tarixi, mədəni və sosial dəyərə malik bütün yazıları və sənədləri əhatə edirdi. Keçmişdə rəsmi bir mərasim kimi həyata keçirilən bu pis vərdiş tarix boyu dəfələrlə təkrarlanmışdır. Müasir dövrdə, texnologiyanın və rəngarəng inqilabların təsiri ilə artıq kitab yandırmaq xəbəri yoxdur, amma bu faciə başqa bir şəkildə, media və kitabların senzurası olaraq özünü göstərir.
Tarixdə izləri qalan ilk böyük kitab yandırma hadisəsi, orta əsr Avropasında və Xristian papaları tərəfindən həyata keçirilmişdir. Kilsə, padşahın əmri ilə, yəhudilərin pis və Xristian dünyası üçün zərərli hesab etdiyi bütün sənədləri və kitabları yandırmışdır. Nəticədə, orta əsrlərdə bir çox qiymətli kitablar kilsənin dəstəyi ilə yandırılıb və tarixdən silinmişdir.
Çağdaş dünyada baş vermiş olan kitab yandırmalarından biri olaraq Şərqi Berlin və Almaniyada II Dünya Müharibəsi zamanı baş verən hadisələr göstərilə bilər. Almaniyanın nasistləri, sonralar dünyanı qan və işgəncələrə qərq edən bu rejim, cinayətlərinə başlamaq üçün 1933-cü ilin 11 may tarixində böyük bir teatr oyununda, faciəvi bir gecədə, minlərlə kitabı alovlandırdılar.
Alman şairi və tarixçisi Bertolt Brecht, bu kədərli mənzərəni təsvir edərək belə yazır:
Kitablar yandırılır
Xalqın önündə, meydanlarda,
Böyürüncə Hitler Hazrətləri
Zərərli fikirlərlə dolu kitabların yandırılması
Araba kitab daşıdı- öküzlər odun meydanlarına araba
Gözdən düşmüş şairlərdən biri,
Həm də lap yaxşılarından biri
Göz gəzdirərkən odlanacaq listə,
Ağlı başından getdi
Unudulmuşdu onun adı
Tez qaçaraq, getdi çalışma otağına
Sanki öfkəsindən qanadlanmışdı
O saat bir məktub yazdı zorbalara
"Benimkileri də yandırın" dedi. "Benimkileri də"
Edəməzsiniz mənə bu pisliyi,
Qıraqda buraxamazsınız məni
Mən də lap gerçəyi söyləmədimmi kitablarımda?
Nədən davranırsınız mənə yalancıymışam kimi?
Yandırın mənimkiləri də.


Tarixin digər acı hadisəsi, 1955-ci ildən başlayıb 1971-ci ilə qədər davam edən Cənubi Afrikada böyük kitab yandırma hadisəsidir. Bu böyük kitab yandırma hadisəsində müxtəlif mövzularda, xüsusilə siyasət, tarix, mədəniyyət və klassik ədəbiyyat sahələrindəki dəyərli kitablar, ən önəmlisi etnikçilik səbəbi ilə özəl və dövlət kitabxanalarından toplanıb alovlara verilmişdir.
Dünyada sonuncu kitab yandırma hadisəsi, bir neçə il əvvəl Əfqanıstanda rejim dəyişkənliyi ilə eyni dövrdə baş verdi. O tarixi diyarda, böyük və tarixi "Buda" heykəlinin yerə yıxılmasından sonra, indi elmi-tarixi kitablar növbəsi gəldi. Taliban qüvvələri və puştunların dəstəyi ilə bütün kitabxanalar yandırıldı və oradakı kitablar məhv edildi.
Kitab yandırmanın acı dolu hekayəsi öz bədbəxt izini İranda, xüsusilə Güney Azərbaycanda da qoymuşdur. Bu torpaqların keçmişindən bu günə qədər tarixin iki böyük kitab yandırma faciəsinə şahid olduğunu görürük. Uzaq keçmişdə monqolların genişmiqyaslı kitab yandırmasından sonra İranın müasir tarixi "Pəhləvi" adlanan qara bir ləkə ilə qaralmışdır. Min illik türk hakimiyyətinə, Qacarlar sülaləsi ilə sona çatan dövrə, Pəhləvilər hakimiyyəti başlayandan etibarən türk düşmənçiliyi siyasəti ilə qısa müddətli hakimiyyətini həyata keçirmişdir. Özünü guya mədəniyyətli göstərən və monqolları kitabları yandırdığı üçün vəhşi adlandıran bu hakimiyyət illər sonra özünün də onlardan geri qalmadığını sübut etmişdir.
1325-26 ci il(1945-46), Azər ayının 26 -21 sı Cənubi Azərbaycan üçün kədərli bir payızın başlanğıcını gətirdi. O illərdə, Azərbaycan Demokrat Firqəsi məğlub olduqdan və Mir Cəfər Pişəvərinin bir illik hökuməti sona çatdıqdan sonra, Pəhləvi hökuməti, baş nazir Qavam ol-Saltaneh hiyləgərliyi və Rza Xanının sərtliyi ilə öz qoşunlarını Təbrizə göndərdi. Onlar, Azərbaycanının maddi və mənəvi sərvətlərini, habelə bir illik Azərbaycan hökumətinin mədəni irsini tamamilə məhv etməyi planlaşdırırdılar.
Bu siyasi təmizləmə yalnız insanları qırmaqla yekunlaşmadı. Pəhləvilərin dəhşətli və vəhşi teatrı, son pərdəsində şəhərin müxtəlif guşələrində sallanan edamları ilə müşayiət olunurdu və inqilabçıların cansız cəsədləri, şəhər boyu qorxu və dəhşət salırdı. O gündə Təbrizin Saat Meydanı göyə yüksələn böyük alovların, içindəki kitabları külə çevirib yandırdığı bir alovun şahidi oldu.
O böyük hadisədə ki, gələcək nəsillər heç vaxt onu unuda bilməyəcəklər, müxtəlif mövzularda olan minlərlə kitab-mədəniyyət, ədəbiyyat, siyasət, tarix və həmçinin uşaqların dərslikləri-odun alovlarına qurban verildi. Bu faciəli hadisədə Azərbaycanın yazılı xəzinələrinin böyük bir hissəsi məhv oldu. Bu kədərli hadisədən sonra, 1952-ci ildə Azərbaycanın böyük şairi Səməd Vurğun Parisin Sülh Konfransında iştirak etdi. O, yandırılan kitablar üçün yazdığı şeiri oxuyaraq, bu acı hadisəni Azərbaycan xalqına qarşı böyük bir hörmətsizlik kimi qiymətləndirdi.
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə…
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə;
O alovlar şölə çəkib şəfəq salır zülmətə…
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var…
Hər şikəstəm övladıdır bir müqəddəs diləyin;
De, onları heç duydumu sənin o daş ürəyin?

O qara günlərdən 78 il keçsə də, tarix göstərdi ki, qatillərin yandırdığı kitabların qara tüstüsü yalnız öz gözlərini kor edib və onları tarixdən əbədi silib. Bu gün, kitabsevərlər və həmçinin Azərbaycan mədəniyyəti və ədəbiyyatının sevərləri, həmin kədərli günlərin xatirəsini yaşatmaq üçün Azər ayının 21-26 tarixlərini bir-birinə kitab hədiyyə edərək və bir dəstə gül təqdim edərək qeyd edirlər.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!