Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent
BİR ÖMRÜN SALNAMƏSİHəyatımda çox insanlarla rastlaşmışam, çox hadisələrin şahidi olmuşam. Yaxşılıq da görmüşəm, yamanlıq da. Həmişə düşünmüşəm ki, dünya yaxşılığın üzərində bərqərar olur. Xeyirxah və işıqlı insanların əməlləri ilə gözəlləşir, nəsillər bir-birini əvəz etdikcə xeyirxah və ürəyi nurlu insanlar yaddaşlara köçür, acılı-şirinli xatirələrin işığında bizi dünənimizə qaytarır, yaddaşımızı təzələyir. Bu mənada, ömrünü vətən övladlarının elmə, təhsilə yiyələnməsinə həsr edən böyük şəxsiyyətlərin adı isə həmişə hörmət və ehtiramla çəkilir. Belə tanınmış şəxsiyyətlərdən biri də Qərbi Azərbaycanda milli maarifimizin inkişafında mühüm yer tutan, azərbaycanlı müəllim kadrların yetişdirilməsində böyük rol oynayan, xalqımızın mənəvi təkmilləşməsinə, milli yüksəlişinə xidmət edən tanınmış, fədakar ziyalılarımızdan biri də Baba Mehrəli oğlu Məmmədov olmuşdur. Onun bu sahədəki xidməti həyatlarını İrəvanda xalqımızın savadlanması, maariflənməsi yolunda əvəzedilməz işlər görmüş Mehdi Kazımov, Əşrəf Bayramov, Mustafa Hüseynov, Əhməd Əhmədov, Əkbər Rzayev, Cəfər Əhmədov, Həbib Məhəmmədzadə kimi əsl milli maarif mücahidlərimizin nəcib əməlləri ilə yanaşı duracaq dərəcədə mühüm olmuşdur.

Baba müəllim 1937-ci ilin dekabr ayında Ağbaba mahalının Göllü kəndində anadan olmuşdur. Baba müəllim Ağbaba mahalının sayılıb-seçilən və böyük tarixi ənənəsi olan, bölgədə nəcib və xeyirxah əməlləri ilə böyük nüfuz qazanmış dərzililər tayfasından idi. Stalin repressiyasının vurduğu ağır yaralar, çəkdiyi çalın-çarpaz dağlar bu ailədən də yan keçməmişdir. Babası Dərzili Məmməd “kulak” adı ilə Qa¬zaxıstana sürgün edilmişdir. Stalin vəfat etdikdən sonra geri qayıdıb, bir neçə il yaşadıqdan sonra vəfat etmişdir. Amma bu ağrılara, acılara, çətinliklərə baxmayaraq, təhsil almaq Baba müəllimin ən böyük arzularından idi. O vaxtlar Göllü kəndində məktəb olmadığından Baba müəllim hər gün kilometrlərlə yol qət edib, orta təhsilini qonşu kəndlərində tamamlamışdır. Onun böyük arzularından biri də İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində ali təhsil almaq idi. Amma taleyin qisməti ilə Baba müəllim Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olur. Universiteti bitirdikdən sonra öz doğma kəndinə qayıdır.
1959-cu ildə ilk pedaqoji fəaliyyətinə Göllü kənd yeddillik məktəbində başlayır. Qısa zamanda öz pedaqoji fəaliyyəti, bilik və bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Baba müəllim 1963-cü ildə Göllü kənd 8 illik məktəbinə Azərbaycan dili və ədəbiyyatı, 1964-cü ildə məktəbin tədris hissə müdiri, 1969-cu ildə isə direktoru vəzifəsinə təyin olunur. Həmin illərdə Göllü kənd orta məktəbində qaynar və şəffaf bir ab-hava hökm sürmüşdü.
Baba müəllimin fəaliyyət dairəsi təkcə onun pedaqoji fəaliyyəti ilə məhdudlaşmır. O, pedaqoji fəaliyyətlə yanaşı Amasiya rayonunun ictimai həyatında da aktiv iştirak etmiş, həmçinin kolxoz ilk partiya təşkilatının katibi vəzifəsində də çalışmışdı. Mövcud dövrün tələbləri baxımından bu sahəyə xüsusi siyasi savad tələb olunurdu. Baba müəllimin dərin biliyə və erudisiyaya malik olması onun bir sıra sahələrdə uğurlu fəaliyyətinə zəmin yaratmışdır.
1970-ci illərin əvvəllərində kənd sovetinə ali təhsilli kadrlar yerləşdirərkən Qara Namaz və Göllü kəndlərini birləşdirən Qara Namaz kənd sovetinə sədr seçilmiş, uzun müddət bu vəzifədə ləyaqətlə çalışmışdır. Onun milli və siyasi iradəsi sayəsində həmin sovetliyə daxil olan kəndlərin içməli su məsələsi, kəndlərarası yolların təmiri, klub-kitabxana işinin qaydaya salınması, kəndlərdə kino qurğlarınınu qoyulması, gənc azərbaycanlı ailələrinə yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması və bir çox məsələlərin həll edilməsində böyük xidmətləri olmuşdur.
1970-ci illərdə Amasiya rayonunda mövcud olan problemlərdən biri kəndlərin rayon mərkəzi ilə gəliş-gedişini təmin etmək üçün nəqliyyat probleminin aradan qaldırılması idi. Bu problemin aradan qaldırılması hər zaman Baba müəllimi dərindən düşündürmüş, onun təşəbbüsü, səyi və bacarığı sayəsində Qara Namaz-Göllü- Sultanabad-Təpəköy-Amasiya nəqliyyat marşrutu açılmışdı. Həmin nəqliyyatdan Düzkənd, Çaybasar, Balıqlı kəndlərinin əhalisi də yararlanırdı.

Baba müəllimin milli ictimai zəminə söykənən fəaliyyəti haqqında çox danışmaq olar. Onun milli təəssübkeşliyi, ömrü boyu xalqına bağlılığı və xidməti barəsində olan bir sıra məqamlardan birini xüsusi qeyd etmək istərdim. Bir dəfə Amasiya rayonunun birinci katibi büro iclaslarının birində rayondakı tarixi abidələrin qorunması haqqında söhbət açarkən, o vaxt Qara Namaz kənd sovetinin sədri işləyən Baba müəllim söz alıb danışmaq istədiyini bildirir. O, hər bir kəndin söykəndiyi dağda olan qalaçalardan danışıb, əsl tarixi abidələrimizin elə qəbirstanlıqlar olduğunu büro üzvlərinin diqqətinə çatdırır. Kənd¬lərin qəbiristanlıqlarının əksəriyyətinin yol kənarında olduğunu və mal-qaranın onların içindən keçdiyini bildirərək, sovetliklərin büdcəsi hesabına qəbiristanlıqların ətrafına çəpər çəkilməsi təşəbbüsünü irəli sürür. Çox çəkmədən Baba müəllim bu təşəbbüsünü gerçəkləşdirərək Qara Namaz və Göllü kəndlərindəki qədim qəbiristanlıqlara paslanmayan metal torla çəpər çəkdirir. Onu da qeyd edək ki, Göllü qəbiristanlığında əski qarapapaq qəbirləri də vardır və Qaçaq Yusifin də qəbri həmin məzarlıqda yerləşirdi.

Uzun müddət direktoru olduğu Göllü kənd 8 illik məktəbin 10 illik tam orta məktəbə çevrilməsi də Baba müəllimin iradəsi və qətiyyəti sayəsində olmuşdur. Çünki şagirdlərin tam orta təhsil alması üçün qonşu kəndlərə gediş-gəlişi qış aylarında çox böyük çətinlik törədirdi. Sədri olduğu sovetliyin inzibati-ərazi vahidliyinə daxil olan kənd məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana fondlarının yeni kitablarla zənginləşdirilməsi və digər məsələlərin həll edilməsi hər zaman onun diqqət mərkəzində olmuşdur. Baba müəllim səmərəli pedaqoji-ictimai fəaliyyətinə görə “Əməkdə fərqlənməyə görə”, “Əmək veteranı” adına, bir sıra fəxri fərman və mükafatlara layiq görülmüşdür.
Erməni şovinizmi əhatəsində Baba müəllimin bu fədakar, milli təəssübkeşlik fəaliyyəti heç də asan olmamışdır. Erməni şovinist dairələrinin təqib və təzyiqlərinə baxmayaraq, Baba müəllim azərbaycanlı kəndlərinin ictimai-mədəni, sosial həyatının yüksəldilməsi üçün var qüvvəsi ilə çalışmışdır.
Ermənilərin mənfur siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı kimi Baba müəllim də dədə-baba ocağından, əzəli və əbədi yurdundan zor gücünə deportasiya olundu. Bakıda məskunlaşmağa məcbur oldu. Doğma yurd yerlərinin həsrətini çəkə-çəkə burada da dünyasını dəyişdi. Bu günlərdə bir ömürlük yaşamı ilə xatirələrə çevrilən Baba müəllimin dünyasını dəyişməsinin ildönümüdür. Nəcib və xeyirxah əməlləri ilə böyük bir mahalın, elin, obanın yaddaşına, mənəvi və ictimai tarixinə daxil olmuş Baba müəllim bu gün də minnətdarlıqla yad edilən böyük ziyalılarımızdan və şəxsiyyətlərimizdəndir. Onun xeyirxah, nəcib əməllərini, işıqlı yolunu bu gün fəxr və qürur duyduğumuz övladları ləyaqətlə davam etdirirlər.