"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 21-03-2024, 08:48
Ürəklərdə yaşayan Yengibar müəllim


Ürəklərdə yaşayan Yengibar müəllim

Böyük ədibimiz M.F.Axundovun bir kəlamı var: “Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar”. C.Məmmədquluzadə də yazırdı: “Elə yaşayasan ki, öləndən sonra da ölməyəsən”... Bu nöqteyi-nəzərdən mərhum Yengibar müəllimin mənalı ömrü nəsillərə nümunə olacaq bir dastana bənzədiləcək.
Yengibar müəllim 1939-cu il noyabrın 14-də Şirvanın Konservatoriyası adlanan Cəyirli kəndində dünyaya göz açmışdır. Körpəliyi Böyük Vətən müharibəsinə təsadüf etmişdir. Atası mərhum Hüseyn əmi 1941-1943-cü illərdə orduda xidmət etmişdir. 1943-cü ildə II qrup müharibə əlili kimi ordudan tərxis olunmuşdur. O, səkkizillik məktəbi Cəyirli, IX-X-cu sinifləri isə Nərimankənd kəndində bitirmişdir. Azərbaycan dilinə, ədəbiyyata, humanitar fənlərə olan həvəsi onu o vaxtkı Azərbaycan Dövlət Universitetinə aparıb çıxarmış, yüksək qiymətlərlə ora qəbul olmuşdur. Universitetdən qabaq Şamaxıda Sabir adına texnikumun İbtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. Uzun illər kənd məktəbində ibtidai sinif müəllimi və ali təhsili başa vurandan sonra Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir.
Bir gün Filarmoniyada tədbirdə iştirak edirdim. Məşhur bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı da həmin tədbirin aparıcılarından biri idi. Təsadüfən fasilədə onunla tanış oldum. Ədəbiyyatşünas alim olduğumu bildirdim. Hansı bölgədən olduğumu soruşdu. Şamaxıdan olduğumu dedikdə o, məndən bir nəfəri soruşdu. Dedi ki, oradan bir tələbə yoldaşım var idi. Adı Yengibar idi. Dedim ki, doğma əmim oğludur. Çox sevindi. Dedi,- çox güclü dilçi və ədəbiyyatçı idi. Aspiranturaya gəlsə idi, elmimiz bir filoloq-alim qazanardı.
20-25 il bundan qabaq Neftçalada bir toy məclisində Tədbir Mahmudov adlı maarif xadimi ilə görüşdüm. O da mənim Cəyirli kəndindən olduğumu biləndə Yengibar müəllimin tələbə yoldaşı olduğunu söylədi və dedi ki, əgər o, elmi fəaliyyətini davam etdirsəydi, böyük ədəbiyyatşünas alim olardı.
Yengibar müəllim məktəb direktoru olana qədər məktəbimiz səkkizillik təhsil ocağı idi. Onun təşəbbüsü, nüfuzu, rayondakı məsul vəzifəli dostlarının köməkliyi ilə 70-ci illərdə məktəbimiz onillik məktəbə çevirildi. Camaatımız bu işdən olduqca sevindi və ona həmişə dua etdilər. Çünki onillik məktəb olmayan vaxtlarda şagirdlər texnikanın azlığından təhsillərini davam etdirə bilmirdilər. Bəziləri kəndimizdən neçə kilometrlərlə uzaqda olan Nərimankənd kəndində və başqa yerlərdə təhsillərini davam edirirdilər.
Yengibar müəllim bilikli, savadlı müəllimləri rəhbərlik etdiyi məktəbə dəvət edərdi, onlara kənddə mənzil tapardı, onlar üçün şərait yaradardı.
Bir sovetlikdə yerləşən qonşu Çalov kəndinin IX və X sinif şagirdləri də bizimlə bir yerdə təhsil alırdılar. Camatımız Yengibar müəllimi indi də xoş xatirələrlə xatırlayırlar.
H.B.Zərdabi demişdir: “El üçün çalışan həmişə yaşayar”... Yaxşı yadımdadır, biz məktəbdə oxuyanda kasıb və ya atası-anası olmayan uşaqlara ildə bir dəfə dövlət tərəfindən geyim verilərdi. Yengibar müəllim ədalət pirinsipini əsas götürüb ailə vəziyyəti acınacaqlı olan şagirdlərə qayğı göstərib, onları sevindirər, paltarı geyindirəndə “mübarəkdir” də deyərdi. Yengibar müəllim ürəyiyumşaq, insanpərvər, xeyirxah şəxs idi. Bu xeyirxahlıq, nəciblik ona mərhum əmim Hüseyn kişidən keçmişdi. Vaxtı ilə nərimankəndli mərhum müəllim Davud Orucov deyərdi ki, Hüseyn kişini xeyirxahlar cəmiyyətinin sədri qoymaq lazımdır. Onunla söhbətim olanda yaxşılıqdan söz açılanda o saat Nizamidən, Söhrab Tahirdən və başqalarından misal çəkərdi. Bəzən də mənə deyərdi ki, ay əmioğlu, yaxşılıq elə möhtəşəm, uca ağacdır ki, hər yerdən görünür. Hərdən əmioğlunu yada salanda bir bənd şeir də yadıma düşür:

Yaxşı insanların sorağındayıq,
Yaxşılar saxlayır yer kürəsini.
Yaxşılar olmasa, hardan bilərik
Bu qoca dünyanın yaxşı, pisini?!

Yengibar müəllim bu dünyaya elə bil yaxşılıq etmək üçün gəlmişdi. O, bilirdi ki, yaxşılıq bütün sevinclərin əsasını təşkil edir. O, insanı düşüncəli, diqqətli, uzaqgörən, müdrik, mərd, safürəkli, xoşbəxt və tərifəlayiq edir, yaxşılıq insanın kiçik dünyasının günəşidir, təmiz vicdan isə onun göy qübbəsidir. Belə insanları həm uca Allah, həm də insanlar sevir. Yaxşı insanlar dünyasını dəyişəndən sonra da anılır, yada salınır və çox hörmətlə xatırlanır. Söhrab Tahir demişkən:

Sədaqətdən, səxavətdən ucadır,
Yer üzündə bəsər kimi qocadır,
Dünya boyda, cəmi üçcə hecadır,
İnsan gedər, adı qalar - “Yaxşılıq”.
Gedənləri yada salar yaxşılıq.

Yengibar müəllimin ömür yolu maraqlı hadisələrlə zəngin, rəngarəng həyat səhifələrindən ibarət olan fəsillərə bölünüb. Onun üzündə həmişə işıqlı bir təbəssüm görünərdi. Ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə həsr edən Yengibar kimi vətənpərvər ziyalılar dünyanın bəzəyidirlər. O, mülayim təbiətli, xoş sifətli, səmimi, öz halal zəhməti ilə yaşayan, vətənini, xalqını qəlbən sevən xeyirxah, nəcib, sadə və mehirban insan idi. Məktəbimizin məzunları Yengibar müəllimin rəhbərlik etdiyi müəllim kollektivinin nümunəvi tədrisinin nəticəsində ali və orta-ixtisas məktəblərinə qəbul olardılar. Ona görə də məktəbimizin adı, həmişə hər yerdə nümunə kimi göstərilərdi. Elimiz, obamız, camaatımız qədirbiləndir. Sizi unutmaq olarmı?
Yengibar müəllim haqsızlığa, ədalətsizliyə dözməzdi. O qədər vətənpərvər, millətini sevən bir insan idi ki, 37-ci il repressiyasının qurbanları olan H.Caviddən, M.Müsfiqdən, Y.V.Çəmənzəminlidən və bu kimi ədiblərdən söhbət düşəndə qəhərlənərdi və sovet hökumətinin qılıncının qabağının, dalının kəsdiyi bir vaxda deyərdi ki, vallah, bu saxta hökumət vaxt gələcək dağılacaq. Dostları, həmyaşıdları ona deyərdi ki, ehtiyyatlı ol, səndən “danos” yazarlar, vəzifədən çıxararlar. O, həmin an gülə-gülə həyatı qədər sevdiyi M.Ə.Sabirdən bir şeir deyərdi:
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm!
Derlər utan, heç kəsə bir söz demə,
Həq sözü derkən utana bilmirəm!


Siz ömrünüz boyu Allahın adına layiq yaşadınız, Yengibar müəllim. Şair R.Məmmədzadə demiş:

Bir ömrün işığı sənə bəs eylər,
Allahın adına layiq yaşasan...

Yengibar müəllimin ən üstün cəhətlərindən biri də dostluqda sədaqəti, qonaqpərvərliyi idi. Vaxtı ilə Şamaxı şəhərində böyük nüfuz sahibləri olan, xalq arasında hörmət, izzət qazanmış, keçmiş rayon Partiya Komitəsinin məsul işçisi şair Qurbət Əziz, Maarif şöbəsinin müdiri Əkrəm Hüseynov, rayon Maliyyə şöbəsinin müdiri Qulam müəllim, Qəleybuğurd kəndinin məktəb direktoru Şahbaz müəllim, Nərimankənd kənd məktəbinin direktoru Davud Orucov onun yaxın dostları idi. Orta məktəb yoldaşı akademik Mirabbas Qasımov da onun xətrini çox istəyirdi.
Bir maraqlı tarix də heç yadımdan çıxmaz; orta məktəbin IX ya da X siniflərində oxuduğum zaman Yengibar müəllimin evinə iki qonaq gəlmişdi. Biri həmyerlimiz, mərhum akademik Sədi İmanov, biri də bədii qiraət ustası, diktor, Xalq artisti Soltan Nəcəfov idi (sonralar bildim ki, Soltan Nəcəfov vaxtı ilə kəndimizdə müəllim işləmişdir, arzusu bu olub ki, müəllim işlədiyi kəndi ziyarət etsin). Yengibar müəllim necə qonaqpərvərlik etdisə, hər ikisi heyran qaldı. O, belə qonaqpərvərliyinə görə həmişə xatırlanır.
Fikrimcə, biz valideynlərimizdən çox, bizə dərs deyən müəllimlərimizə borcluyuq, Çünki atamız bizi göydən yerə endirmişsə, müəllimlərimiz bizi yerdən göyə qaldırmışdır. Bunu da böyük yunan filosofu Sokrat demişdir.
Aprel ayında Yengibar müəllim dünyasını dəyişdi. Həmin gün elimiz, obamız, onu sevən dostları, qohumları kədər içində idilər...
“Gəlimli, gedimli, son ucu ölümlü dünya, əcəl aldı, torpaq yedi, fani dünya kimə qaldı...”. Yengibar müəllim bunu da orta məktəbdə “Dədə Qorqud” dastanını keçəndə deyərdi. O, indi Cəyirli kənd qəbirsanlığında uyuyur. Gözəl insanların, işıqlı, nurlu ziyalıların, sevimli müəllimlərin məzarı bir ziyarətgah yeridir. Onların müqqəddəs məzarlarını ziyarət etmək, müəllimlərə müqqəddəs bir şəxs kimi səcdə etmək hər birimizin mənəvi borcudur.
Şəhriyar yazırdı:

Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.

Sizin yeriniz həmişə görünəcək, Yengibar müəllim.
R.Rza demişkən:
Elə yaşa, elə yarat,
Bir gün hamıya aydın görünsün
Yerində qalan boşluq...

Ruhun şad olsun, Əziz Yengibar müəllim!

Tahir ŞİRVANLI,
Filologiya üzrə fəlsəfə doktoru



Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!