TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 15-04-2022, 21:58
SİNƏSİ XATİRƏLƏRLƏ DOLU İNSAN


SİNƏSİ XATİRƏLƏRLƏ DOLU İNSAN

Çoxdan idi düşünürdüm ki, Vərqa müəllim haqqında bir yazı ilə mətbuatda çıxış edim. Xüsusən də onun bu il tamam olacaq 90 illik yubileyi ilə bağlı. Bu yaxınlarda onun vəfat etməsi yazının zamanına və məzmununa az da olsa təsir etdi.
Vərqa Kərimov 1 iyul 1932-ci ildə Göyçə mahalının Daşkənd kəndində Rəsullular nəslində doğulub. Vərqa müəllimə maraqlı və həm də az-az rast gəlinən adı haqqında sual edəndə belə deyərdi: “Mən dünyaya gələndə atam Hüseynlə anam Güldəstə düz 300 il əvvəl Azərbaycan şairi Məsihi tərəfindən Azərbaycan dilində yazılmış “Vərqa və Gülşa” adlı məsnəvinin baş qəhrəmanı Vərqanın adını mənə qoyublar. Deyilənlərə görə, Vərqa adı hələ ondan da qabaq xalq arasında məşhur olan qədim bir əfsanədə də çəkilirmiş. O rəvayəti Göyçədə yaşlılar nağıl kimi danışardılar. Sonralar bu əfsanə unuduldu”.

Belə bir deyim var ki, insana qoyulan ad onun taleyində mühüm rol oynayır. Vərqa müəllimin dediyi əsərin süjet xəttini əmioğlu və əmiqızının məhəbbəti təşkil edir. Elə o da 1957-ci ildə əmisi qızı Xuraman xanımla ailə həyatı qurmuşdur. Bir az da dəqiq desək, Vərqa müəllimin atası Hüseyn ilə Xuraman xalanın atası Fəzi kişi doğmaca əmioğludurlar. Vərqa müəllimlə Xuraman xala sevə-sevə, əzizləyə-əzizləyə iki oğlan, beş qız (Sərdar, Validə, Nəcibə, Aybəniz, Mehman, Gülbəniz, Sima) böyüdüb, boya-başa çatdırıblar. Onların hər birinə təhsil verib, ev-eşik sahibi ediblər. Bu ailə cütlüyü 56 illik şad-xürrəm bir ömür sürdülər. Hər ikisi də Daşkəndlilər üçün, doğmaları üçün çox əziz, doğru yol göstərən insanlar idi. Еlin-obanın hörmət bəslədiyi ağsaqqal-ağbirçək kimi hamı onlardan məsləhət alar, tövsiyələrini qanun hesab edərdilər. 7 avqust 2013-cü ildə Xuraman Fəzi qızının 78 yaşında vəfatı Vərqa müəllimi tənha buraxsa da, övladları və nəvələri onu darıxmağa, sıxıntı çəkməyə qoymadılar. O, nəvə-nəticələrinin əhatəsində ahıllıq dövrünü də gözəl keçirdi. 15 mart 2022-ci ildə Vərqa müəllim 90 yaşında yaşadığı Yeni Daşkənd kəndində vəfat etdi. Uzunömürlülüyün ilk yaşında bu dünyadan köçməyin kədərinin içində bir sevinc də var. Bu yaş az-az adama qismət olur. Bu baxımdan Allahdan onun doğmalarına, övladlarına, nəvələrinə və nəticələrinə belə bir yaş arzulayıram. İnanıram ki, iyirmi beş nəvə-nəticəsi olan baba və nənə daim xoş xatirələrlə anılacaq, yaddaşlardan silinməyəcəklər.
Vərqa müəllimlə Xuraman xala bu sətirlərin müəllifinin qayınatası və qayınanası idi. Hər ikisi Göyçə ilə, Daşkəndlə, nəsil-nəcabətləriylə bağlı maraqlı və zəngin xatirələrə, məlumatlara malik idilər. Topladığım məlumatların deyərdim ki, çox hissəsini Vərqa müəllimin söyləmələrindən qələmə almışam. Bir dəfə adətim üzrə Vərqa müəllimdən Məşədi Qasımla bağlı nəsə soruşdum. O, söhbətə başlar-başlamaz Xuraman xala qayıtdı ki, “A kişi, qoy onu mən danışım”. O da yarı zarafat, yarı ciddi dedi ki, “yaxşı danış, Məşədi Qasım sənin babandı”.
Vərqa müəllimin sinəsi xatirələrlə dolu idi. Nəsə soruşanda saatlara, həm də çox dəqiq danışar, hətta hadisələrin baş verdiyi illəri də müqayisəli şəkildə söyləyər, yorulmaq bilməzdi. Xuraman xala da ondan geri qalmazdı. Çox kiçik yaşlarından gördüyü, böyüklərdən eşitdiyi sözləri, hadisələri hafizəsində cəm etmişdi. O, Aşıq Ələsgərin, Aşıq Nəcəfin, Həsən Xəyallının, Xasay Zeynalovun, atası, el şairi Qəmgin Fəzinin şeirlərini sinədəftər etmiş, yeri gələndə həmin şeirləri xüsusi şövqlə deyərdi. Xuraman Fəzi qızı çox nəcib, xoşxasiyyət, qonaqpərvər, yanımcıl, qohumcanlı bir qadın idi. Evimizdə hərdən ondan söz düşəndə rəhmətlik Pürüzə nənəm deyərdi ki, “Heç bir bacı, heç bir övlad Xuraman ola bilməz”. Çünki Xuraman xala doqquz nəfərlik ailəsiylə yanaşı, xəstə anası Savatın, uzun illər əlil yaşamış qardaşı Qiyasın xidmətində durmuşdu. Belə xeyirxah nəcib işlərdə Vərqa müəllim də həyat yoldaşından geri qalmaz, hətta qaynı Qiyasın həyətyanı sahəsində gözəl bir bağ da salmışdı. O bağ bütün Yeni Daşkəndlilərin şəkil çəkdirmələri üçün gözəl, mənzərəli bir məkan idi. Bu gün hamımızın əlimizdə olan tarixi fotoşəkillər rəhmətlik Qiyas Fəzi oğlunun əl işləridi.

Vərqa Kərimov 1940-cı ildə Daşkənd kənd orta məktəbində ibtidai təhsil almağa başlamışdır. Təhsil müddəti müharibə və ondan sonrakı çətin illərə düşdüyündən, bir neçə il təhsilinə ara verməli olmuşdur. 1952-ci ildə, 9-cu sinifdə oхuyarkən Basarkеçər RHK-dan həqiqi hərbi хidmətə çağırılmışdır. Ukrayna, Moskva və Lеninqradda üç il hərbi хidmət kеçdikdən sonra 1955-ci ildə Bərdə rayonunun Yеni Daşkənd kəndinə gəlmiş və orta məktəbdə təhsilini davam еtdirərək 1957-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Orta məktəbi qurtaran ildən 1961-ci ilə kimi Yеni Daşkənd kənd orta məktəbində təsərrüfat müdiri işləmişdir.
Vərqa müəllim Böyük Vətən müharibəsindən sonrakı ağrılı-acılı, əzablı illərlə bağlı belə danışardı: “Göyçədən piyada arana – Şəmkir rayonunun Keçili kəndinə gələr, orada işləyər, əmək haqqımıza düşən taxılı belimizdə Daşkəndə aparardıq. Çox çətin, qıtlıq, aclıq olan illər idi. Bir neçə ailə ilə birlikdə gəlib gedərdik. Bizimlə Hacıyev Xasay və bacıları, Ocaqverdi oğlu Məhərrəm və qardaşı uşaqları, və başqaları gedərdilər. İçimizdə bircə Ocaqverdi oğlu Məhərrəm kişinin atı vardı. Qalan hamımız piyada, özü də yüklə Göyçəyə qayıdardıq”.
Vərqa müəllimin söylədiyi bu kiçik xatirəyə əlavə olaraq onu da deyim ki, Şəmkir rayonunun Keçili kəndində olarkən nənəm Pürüzənin (Ocaqverdi oğlu Məhərrəmin qardaşı qızı) iki-üç yaşlı qızı orada vəfat etmişdir. İndi biz Daşkəndlə Şəmkir rayonu arasındakı məsafəni göz önümüzə gətirsək və o yerlərin relyefini də nəzərə alsaq onların nə qədər zəhmətə qatlaşdıqlarının şahidi olarıq.
Zəhmətdən heç vaxt usanmayan Vərqa Kərimov 14 aprеl 1962-ci ildə işləmək üçün Sumqayıt şəhərinə gedir. O, 1966-cı ilə qədər Sumqayıt Supеrfosfat Zavodunda işləyir. İşlədiyi müddətdə, yəni 1964-cü ildə Sovеt İttifaqı Komunist Partiyasının üzvü olmuş və 1965-ci ilin yanvarında Sumqayıt şəhərində üç otaqlı mənzillə təmin olunmuşdur. Həmin illərdə Bakı və Sumqayıtda Daşkəndlilərdən yeganə Vərqa müəllimin şəxsi mənzili olub. Bu ev kəndçilərimizdən çoxunun isti yuvası, ali məktəblərə imtahan verməyə gələn abituryentlərin hamısının mənzili olmuşdur. Hətta həmkəndlimiz məşhur riyaziyyatçı Tanrıverdi Hacıyev hər yay bu evdə onlarla uşağı imtahanöncəsi qəbula hazırlayar, həm də bu evdə qalarmışlar. Vərqa müəllimin bu xeyirxahlığından bu gün də həmkəndliləri dönə-dönə ürək dolusu danışırlar.

Elm və təhsil almağa böyük maraq göstərən, heç vaxt təhsilə laqeyd qalmayan Vərqa Kərimov öz təhsilini də davam еtdirmək məqsədi ilə 1966-cı ildə V.İ.Lеnin adına Azərbaycan Pеdaqoji İnstitutunun “Ümumi tехniki fənlər və fizika” fakültəsinə qəbul olmuş, institutu 1972-ci ildə bitirmişdir. Bundan sonra təyinatla 1972–1973-cü illərdə Sumqayıtın Corat qəsəbəsində müəllim işləmişdir. Ailəsi və uşaqları şəhər həyatına alışa bilmədiyindən Vərqa müəllim daimi olaraq Yeni Daşkəndə qayıtmalı olur. Yuxarıda qeyd etmişdik ki, Vərqa müəllim Sumqayıt Supеrfosfat Zavodunda işləmişdir. Elə bu səbəbdən də sonralar bronxial astma xəstəliyinə tutulur. Həkim məsləhət bilir ki, ona dağ havası müsbət təsir edər, uzun müddət yaşamasına səbəb olar. Ona görə də Vərqa müəllim 1976-cı ildə Sumqayıtdakı mənzilini Şuşa şəhərindəki eynisahəli bir mənzillə dəyişir. Hər yay üç ay tətil günlərini səfalı və cənnətməkan Şuşa şəhərində istirahət edir. Cıdır düzündə gəzib, İsa bulağının billur kimi saf suyundan içir. Bu mənzil də eyni ilə Sumqayıtdakı kimi çox qohumların, doğmaların istirahət yeri olur. Bu evdə qalıb istirahət edənlər də həmin günləri ömrün xoş və unudulmaz illəri kimi xatırlayırlar. Vərqa müəllimin övladlarından Sərdar Sumqayıtda, Mehmanla Gülbəniz isə Şuşada bir müddət orta təhsil alıblar.
Vərqa Kərimov 1973-cü ildən 2011-ci ilə qədər Bərdə rayonunun Yеni Daşkənd kənd orta məktəbində müəllim işləmiş, yaşa görə tədrisdən ayrılmışdır.

Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist



Paylaş



Bölmə: Göyçə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!