Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 12-11-2022, 07:58
"Nur ocağı" ədəbi məclisi Həvva Nazimin şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Həvva Nazimin şeirlərini təqdim edir:
QƏLƏBƏLƏR ÇALA HA
Yaradanım gözəlliyi bol versin,
Gül yaraşar hər yamaca, yala ha.
Hər insana hamar, dümdüz yol versin,
Düzülməsin daş cığıra, yola ha.
*
Acı sözlər kövrək qəlbə bir oxdur,
Söz getdimi, dönməsinə yol yoxdur.
Dünyamızda dərdli insan nə çoxdur,
Yığ dərdləri, ver atəşə, qala ha.
*
Kasıba nə varlıların dəbindən?
Qazanc çıxır sanki dəniz dibindən,
Heç bir cavan utanmasın cibindən,
Dost -tanışdan qoy qalmasın dala ha.
*
Bu dünyada anılarsan rəhmətlə,
Hər kəs ilə bil, davransan hörmətlə,
Halal çörək qazanılar zəhmətlə,
Qüvvət versin Rəbbim ələ, qola ha.
*
Hər alına zəhmət təri bulana,
Halal ömrə, Həvva, ömür calana,
Yer üzündə haqq-ədalət dolana,
Xeyir şərə qələbələr çala ha.
GEDİR
Günlər yarpaq-yarpaq qopur təqvimdən,
Payız xəzanıtək tökülüb gedir.
Bir ucdan toxuduq həyatımızı,
Bir ucdan ilməsi sökülüb gedir.
*
Göz atıb dünyaya boylansaq hara,
Sözümüz boğulur, çəkilir dara,
Çatmayır əlimiz xoş arzulara,
Ürəyin küncünə bükülüb gedir.
*
Görmədik həyatda sultanlıq, xanlıq,
Qismətdə olanı etdik yavanlıq.
Bir vaxtlar hay-küylə gələn cavanlıq,
Yavaşca aradan əkilib gedir.

A DAĞLAR
Dolanbac cığırlar belini qucar,
Öpər yanağını duman, a dağlar.
Düşdükcə yadıma kəndim, el-obam,
Yaman darıxıram...yaman, a dağlar.
*
Yalçın qayaların yenilməz durar,
Yamyaşıl saçını küləklər darar,
Ürəyim o eşqlə, həsrətlə vurar,
De, varmı görüşə güman, a dağlar?!
*
Könlümün qumrusu qürbətdə ötməz,
Möhtəşəm duruşun gözümdən getməz,
Vəsfinə qurduğum cümlələr yetməz,
Yazılsa böyük bir roman, a dağlar.
*
Vətəndə qardaşın acısa canı,
Ağrıyar bacının burda sol yanı,
Gözündə qor ilə qarşılar danı,
Tapammaz rahatlıq, aman, a dağlar.
*
Həvva, o dağlara yetməyir əlin,
Qoxlaya bilmirsən çiçəyin, gülün,
Gəlsə yamacından əzizdi, bilin,
Quşun dimdiyində saman, a dağlar.
KİM OĞURLADI?
Könlümün sultanı, söylə bir görüm,
Üzündən gülüşü kim oğurladı?
Atəşin isitdi hey gülə-gülə,
Közündən gülüşü kim oğurladı?
*
Qəhqəhə atardı xoşbəxt kəlmələr,
De, nədən onlara çöküb kölgələr?
Yad gəlir sözlərin, daha özgələr...
Sözündən gülüşü kim oğurladı?
*
Ürəyim qanadlı quş oldu hər an,
Qəlbin aynasına boylanan zaman.
Nəmli gözlərinin nəminə qurban,
Gözündən gülüşü kim oğurladı?
ÜRƏYİM
Susqundur qələmim indi, a dostlar,
Yanır bağrımbaşı, qordu ürəyim.
O qədər ağlayıb hər şəhidinə
Tor gəlib gözünə, kordu ürəyim.
*
Xiyaban bəzəyən qərənfilə bax,
Laylay şəhid balam, deyən dilə bax,
İçimdə yas tutan simə, telə bax,
Mizrabı ağlayan tardı ürəyim.
*
Torpağın qoynuna verdik neçə can,
Nə zaman bitəcək... söyləyin, haçan?
Nur üzlü şəhidim, ruhuna qurban,
Söyləyən anadı, yardı ürəyim.
BİR "RUHANİ" ÇAL
Aşıq qardaş, köklə kövrək sazını,
Buz qəlblərin ərit, axıt buzunu,
Qoy yayılsın dərə-təpə uzunu,
Dağı-daşı bir lərzəyə sal görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
*
Nənə, baba havasıdır o bəstə,
Qol qaldırıb sındırarlar ahəstə,
Dinlədikcə şəfa tapar hər "xəstə",
Ruhumuza təbib, loğman ol görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
*
Babalardan miras qalıb telli saz,
Vur mizrabı, bizi bizdən al bir az,
Dur meydanda hünər göstər, dastan yaz,
"Ruhani"ylə könüllərdə qal, görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
YAZDIM
Vəsf etdim yurdumun hər qarışını,
Sözümü Gədəbəy elinə yazdım.
Yazda məcrasından çıxıb gurlayan,
Coşğun çaylarına, selinə yazdım.
*
Yazdım çəmənində qoyduğum izə,
Dərdli bənövşəyə, gülən nərgizə,
Sevgilər sığdırdım könlümdə sizə,
Hər bir çiçəyinə, gülünə yazdım.
*
Dağları vüqarla səf-səf düzülər,
Yolları bir yumaq olub çözülər,
Vıyıltı səsləri gendən sezilər,
Əsən küləyinə, yelinə yazdım.
*
Yayılsın hər yana "Baş Sarıtel"in,
Koroğlu yurdudur yurdum, siz bilin,
"Ağrın alem" deyən o doğma elin,
Şirin ləhcəsinə, dilinə yazdım.
*
Hüsnünə aşiqdir köksümdə vuran,
Vətən sevgisidir ruhumu saran,
Həvva, xatırlasan inləməz haran?!
Ötən aylarına, ilinə yazdım.
YAŞA, ƏLVAN KƏLAĞAYIM
Tarixlərdən birlikdə yol gəlmişik,
Həm kövrəlib, həm sevinib gülmüşük,
Bir ucunla gözümüzü silmişik,
Qız-gəlinlər qoy bağlasın başa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Xonçalara nur saçan gün, ay idin,
Xoş xəbərçün muştuluğa pay idin,
Sandıqlarda cəvahirə tay idin,
Ol könlümə yenə sultan, paşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Butaların gülümsəyə, naz edə,
Könüllərdə zimistanı yaz edə,
Qanad açıb hər yana pərvaz edə,
Səs-sorağın sərhədləri aşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Babəkləşək, düşmən bağrın dağlayaq,
Al qırmızı kəlağayı saxlayaq,
Əsgərimçün darvazaya bağlayaq,
Tuş gəlməsin sevincimiz daşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Arzumdur ki, qaranlıqlar dan olsun,
Kəlağayım millətimə şan olsun,
Təbriz, Bakı bütövləşib can olsun,
O tay, bu tay olaq birgə, qoşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!

OLA BİLMƏZ
Ha töküb çınqılı qalaq eyləsən,
Məğrur, əzəmətli dağ ola bilməz.
Sındırıb o kəsi hədyan söyləsən,
Qan ağlar ürəyi, sağ ola bilməz.
*
Deməyin məhəbbət quru ad imiş,
Sızlayan könülə sevinc yad imiş.
Uşaqlıq damaqda şirin dad imiş,
Ondan gözəl əyyam, çağ ola bilməz.
*
Böyüdür arzular, qocaldır istək,
Tumarla başların, oxşa, sığal çək.
Söyüdlər gözəldir həyalı qıztək,
Amma bar-bəhrəli bağ ola bilməz.

OLDUM
Sən mənim ruhuma aşiq bağbanım,
Mən könül bağında süsənin oldum.
Sevgindən azacıq uzaq düşəndə,
Hərdənbir inciyib küsənin oldum.
*
Səmadan nur saçan ulduzlar dərib,
Sevgimin yoluna, izinə sərib,
Tufana, borana hey qanad gərib,
Ruhuna nəsimtək əsənin oldum.
*
Bir dəli sevdanın dalınca getdim,
Azdım yollarında...ömürlük itdim,
Ömrümdən pay verib, hədiyyə etdim,
Günümdən qurbanlar kəsənin oldum.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!