HAQQ YOLÇUSU HAQQIN DƏRGAHINA YOL ALDI. Auditoriyanın kandarını yağır eləmişdim. Elə hey sağa-sola var-gəl edirdim. Ayaz müəllim narahatlığımı hiss etdi. Sakit halda mənə yaxınlaşdı. Məsələnin nə yerdə olduğunu biləndən sonra köməyin əsirgəmədi. Ayaz müəllimə təşəkkür etmək istəyirdim ki, elə bu zaman üzünü mənə tərəf çevirdi:
- Məni tanıyırdın?
- Ayaz müəllim, əlbəttə, tanıyırdım. Siz Qılman İlkinin oğlusunuz. Sözüm Ayaz müəllimin çox xoşuna gəldi. Ömrünün müdrik yaşında belə Qılman Musayev oğlu olmaqdan qürur duyduğunu gördüm. Sanki mənəviyyat adamı ən böyük mükafatını aldı. Təşəkkür etdi. Doğrusu, təşəkkür, minnətdarlıq Ayaz müəllimə düşürdü. Fəqət elə etdi ki, yaxşılığı barədə danışmayım. Duruxduğumu görüb bir kəlmə söz dedi: "İnsanlıq borcu".
Əlqərəz. İşlərimi sahmana saldı. Elə o zamandan sözlərimiz də sahman oldu, doğma oldu. Ayaz müəllim, əsl insan adam idi. O, canyanğısı, həmdəmliyi, sadəliyi, kübarlığı ilə seçilən ziyalı idi. Daxili aləmində Nəsiminin sirri-mütləq eşqini, həqqü həqiqət eşqini qəlbi, qələmi ilə yaşadırdı. Qəlbinin böyüklüyünə heyran qalmışdım - birinci kurs tələbəsinin şəklini feysbuk səhifəsində paylaşmışdı. Qələminin də böyüklüyü heyrət doğurmuşdu - "Jurnalistika fakültəsinin müsəlləh Əsgəri" yazmışdı.
Ayaz müəllim, haqqa tapınan, haqq yolunda yürüyən insan idi. 2022-ci il yenicə qədəm qoymuşdu. İkinci həftənin cümə günü - 14 yanvar tarixində Ayaz müəllimlə Bakı Dövlət Universitetinin həyətində görüşdük. Bundan bir gün öncə telefonla xeyli söhbət etmişdik. İmzalı kitablarını hədiyyə edərək: "Bilirəm ki, sən sözə qiymət verirsən, mütaliə etməyi xoşlayırsan" - deyə bildirdi. Nəşriyyat işindən, ədəbi redaktədən danışdıq. Özümdən aslı olmadan, təbii tərzlə, ancaq qeyri-təbii halda dedim: "Ayaz müəllim, xahiş edirəm, bizə dərs deyin, çox xahiş edirəm" (bu anı xatırlamaq çətindir).
Görüşümüzdən bir-iki gün keçməmişdi ki, böyük məhəbbətlə, sevgilə Ayaz Musayev yaradıcılığına baş vurdum, müəllifi olduğu "Fikirlərə bürünmüş sətirlər" kitabı haqqında yazı hazırladım.
Aprel ayı idi. Dərslərimiz başlamışdı. Həmişəki kimi ilk üz tutduğumuz yer Xalidə müəllimə Cavadovanın otağı idi. "Xudahafiz" - edib otaqdan çıxmışdıq ki, Ayaz müəllimlə qarşılaşdıq. Əhvalımızı soruşdu, dərslərdən xəbər aldı. Sonra da qrup qızlarına məni işarə edərək: "Müsəlləh Əsgəri qoruyun" - dedi.
Hər kəsin Ayaz Musayev şəxsiyyətinə sayğı duruşunda olduğunu görürdüm. Fakültəmizin müəllimi Mahmud Mahmudov öz dostu, həmkarı haqqında yazır: Ayaz Musayev bir əlamətinə görə tamamilə müstəsnadır, yəni gündüz çıraqla da axtarsan beləsinin tayı-bərabəri tapılmaz. Bilirsiniz nədə? Vaxt qədrini bilməkdə, dəqiqlikdə, dürüstlükdə". "Şeyx Sənan" Quranı əlindən yerə qoymadığı kimi, Ayaz Musayev də dürüst, dəqiq, vicdanlı, kübar, həmdəm olmağı bütün ömrü boyu həyatının kredosu bildi, bu amalla yaşadı, bu əqidə ilə yaşlandı.
Rəhmətlik Məmməd Rahim yazırdı ki, insanlar arasındakı körpünün, mehribanlığın, məhəbbətin sütunları vəfadır, insana hörmətdir...
Hər zaman müşahidə etmişəm: bu dünyada qəlbi ilə daşlaşanlar var, bir də insanlıq qalasını ucaldaraq daşlaşanlar. İkinci kateqoriya insanlar rəhmətlik Musa Yaqubun yazdığı "Bu dünyanın qara daşı göyərməz"indəki qara daşı yaxşı əməllərilə göyərdər də, ağardar da...
Ayaz müəllim, çox yaxşı insan idi. O, "Vəhdəti-vücud" mərtəbəsində, məqamındaydı. Əməllərilə Yaradana yaxın bəndə idi. Ayaz müəllim, mənəviyyat insanı idi. Onun təbiətinə "Mən", "Sən" anlayışı yad, "Biz" ifadəsi doğma idi. Ayaz Musayev bizə - onu tanıyan hər kəsə doğmadan da doğma idi. Ayaz Musayev tərcümə işinin kamil bilicilərindən sayılırdı. Rəhmətlik Tofiq Rüstəmovun mənəvi və elm yolunu ləyaqətlə yaşadırdı. Hər iki ziyalı işıqlı insanlar idi. Bu məqamı onların simalarında da görmək olurdu. Çox maraqlıdır ki, Ayaz Musayev Jurnalistika fakültəsinə "İşıq" nəşriyyatından gəlmişdi. İşıqlı, nurlu, xoş xasiyyətli, xoş təbiətli, xoş çöhrəli idi - Ayaz Musayev. İsminin mənası da əməllərində olduğu kimi idi: işıqlı və isti.
M.C.Ruminin hekayətlərinin birində adil adam günün günorta çağı əlinə fənər alıb, İlahi mərifətlərlə dolu olan gerçək insan axtarışına çıxır. Bunu görən biri dillənir: "Ey sərbəst düşüncə sahibi! Görmürsən ki, bu bazar tıxa-basa adamla doludur?!" - Həqiqət də belədir. Adamla dolu dünyada gerçək insan tək-tük, bəzən də yox dərəcəsində.
Ayaz müəllim, gerçək insan idi - Mövlanənin axtardığı insan. Bu yaxınlarda telefonla danışdıq. Vədələşdik ki, yaxın zamanda Səyavuş Əlizadənin "Xəzər" muzeyinə gedək. Deyirdi ki, bu, gənc dostum Səyavuşa hədiyyə olar. Eh, fani dünya. Sən demə, zaman bizə başqa hədiyyə hazırlayıbmış.
Payın artıq olmasın, ey fələk!Əsgər İsmayılovBDU Jurnalistika fakültəsinin tələbəsi