Kəmalə Vəliyeva yazır:
Yaradanın dilsiz mələkləri... Bəzi insanlar küçədəki heyvanlarla çox pis rəftar edirlər. Bu yaxınlarda qarşıma xəbər çıxdı: İcra hakimiyyəti əmr verib ki, küçə itləri güllələnsin. Və güllələtdiriblər də. Bu insanlığa sığan hərəkətdirmi? Bir Azərbaycan vətəndaşına belə addım yaraşarmı? Düzdür, bəzi itlər təhlükəlidir, insanlara hücum edirlər. Lakin ağıllı, şüurlu insan bunun qarşısın almaq üçün addımlar atar. Müəyyən bir orqana müraciət edə bilər ki, dövlət bu problemin qarşısını almaq üçün müəyyən tədbirlər görsün. Heyvanlara qarşı amansız davranış tək Bakıda deyil, digər bölgələrimizdə də müşahidə olunur. Biz bu hadisələrə bəzən televiziya, bəzən də saytlar vasitəsilə, yaxud fərdi şəxslərin video qeydləri nəticəsində şahid oluruq. Təəssüf və acı doğuracaq haldır. Axı Azərbaycan 2007-ci ildə Ev Heyvanlarının Mühafizəsi üzrə Konvensiyasına qoşulub. Bu konvensiyaya görə, dövlət sahibsiz heyvanları əzaba, ağrıya məruz qoymadan sayını azaltmaq üçün lazımi tədbirlər gerçəkləşdirir, sığınacaqlarda yerləşdirir. Lakin bəzən bunları nəzərə almayanlar da tapılır. Buna görə bu gün ölkəmizdə yüzlərlə, minlərlə, heyvan öldürülür. Ancaq heyvanların qısırlaşdırılması, tibbi müainəsi icra hakimiyyətlərin və bələdiyyənin vəzifəsidir. Gərək ki, bu işdə məsul olanlar dövlətin qayda-qanunlarına səti yanaşmasınlar. Ancaq o gün gördüyüm xəbər həm məni, həm də mənim kimi heyvansevər insanları məyus etdi. Axı necə günahsız heyvanların güllələnməsi barədə göstəriş vermək olar?
Heyvanlara qarşı rəhmsiz davranmaq, şiddət göstərmək olmaz. Yadda saxlayaq ki, heyvansevən insandan insana xətər dəyməz. Bizim birinci növbədə Tanrının dilsiz yaratdığı heyvana məhəbbətimiz olmalıdır ki, ətrafımızdakı
insanları saf, təmiz sevgi ilə sevək. Əgər kimsə bir heyvan götürüb bəsləsə, onun qayğısına qalsa, insanda heyvana qarşı məhəbbət hissi oyanar. Eyni zamanda heyvanda da insana qarşı sevgi hissi yaranar. Axı, heyvanların hiss etmə qabiliyyəti güclüdür. Mən sosial şəbəkələrdə qardaş ölkəmiz Türkiyə ilə Azərbaycanı müqayisə etdikdə görürəm ki, Türkiyə sahibsiz heyvanlara qarşı daha mərhəmətlidir. Sosial şəbəkədə izlədiyim video məni təsirləndirdi. Türkiyədə qarın içərsində bir pişik donub qalmışdı. Türk vətəndaşı da həmin pişiyi qarın içərisindən götürüb paltosunun içərisində isitməyə çalışırdı. Bu hərəkət həmin insanın mərhəmətindən, insanlığından, sağlam düşüncəsindən irəli gəlir. Küçədə sahibsiz heyvan gördükdə əgər əlimizdə yemək, çörək varsa, həmin heyvana verə bilərik. İnanın, bunu Allah dəyərləndirir. Çünki bütün canlıları Allah yaradıb. Heyvanlardan qorxmaq lazım deyil, heyvanlara qarşı sərt davranan insanlardan qorxmaq lazımdır. Əgər sahibsiz itlərdən əziyyət çəkirsizsə, onlara şiddət göstərmədən bu məsələni həll etmək olar. Sual yaranır: Necə? Cavab isə sadədir: “Toplan” qayğı mərkəzinə müraciət etmək olar. Qayğı mərkəzində həmin itlərə quduzluğa qarşı peyvəndə vurulur, birka taxılır. İtə birka taxılıbsa, demək, təhlükəsizdir. Belə itlər sonra təbiətə yenidən buraxılır. Bu zaman sahibsiz itlərin sayı azalacaq. İnsanlar heyvanlardan qorxmayacaq. İnsanlarda heyvanlara qarşı sevgi, məhəbbət hissi yaranacaq. Heyvanlara qarşı rəhmli davranmaq hər insanın işi deyil. Bu iş böyük
ürəkli insanlara xasdır. Gəlin, geniş düşünək, heyvan və insan arasında çox ciddi fərqlərin olduğunu hamımız çox yaxşı bilirik. İnsanın
dili, şüuru var. İnsan ağrını, acını, dərdi dilə gətirə bilir, lakin heyvan bunu edə bilmir. Bu yerdə Mövlanə Cəmaləddin Ruminin bir kəlamı yadıma düşdü:
“Heyvanlar mənim səssiz qullarımdır. Onlar indi zülmə susurlar, amma hesab günü danışacaqlar!”. Bəli, bəzi insanlar heyvanlara zülm edirlər, heyvanlarsa, susurlar. Heç nə edə bilmirlər. Amma onlar hesab günü danışacaqlar! Bəzən sosial şəbəkələrdə heyvanlarla bağlı videolar qarşıma çıxır. Yoldan hər hansısa bir heyvan keçir, həmin anda da maşın şütüyür. Maşın həmin heyvanı vurur. Sürücü maşını kənara çəkib, heyvanla maraqlanmır. Görməzlikdən gəlir. Bu, düzgün hərəkət deyil. Ümumiyyətlə, bu davranış insana yaraşan xüsusiyyət deyil. Bu, eyni zamanda onu göstərir ki, həmin insan bir canlının həyatına son qoydu, həmin adam — sürücü insanın da həyatına son qoya bilər, deyə düşünürəm. Nəticədə, bir canlını həyatdan edir. Məni ən çox düşündürən məsələ, qış aylarında sahibsiz heyvanların soyuqda qalmasıdır. Daha doğrusu, donaraq qalması, nə yeyir, nə içir deyə çox düşünürəm. Biz insanlar üşüyürüksə, deməli, heyvanlar da üşüyür. Axı onlar da canlıdırlar. Gəlin, bir olaq, mübarizə aparaq, sahibsiz, günahsız heyvanların öldürülməsinin, onlara əziyyət verilməsinin qarşısını alaq. Heyvanları
qoruyaq, onları incitməyək!