"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 4-01-2016, 14:08
KNYAZ ASLANIN ƏYARI


İnsan ömrünün dəyəri vaxtla, zamanla ölçülməz. Bu dəyər yaşanan ömrün məna və məzmununda, insanlıq adına hesablanmış mizan-tərəziyə qoyulan zaman üzə çıxan göstəricidədir. Bu göstəricinin meyarı – insanlığın əyarıdır, söyləsəm, səhv etmiş olmaram, zənnimcə.
Haqqında ürək sözlərimi qələmə almaq istədiyim insanın da əyarı onun bu cəmiyyətimizdə tutduğu yer və mövqe, çəki və sanballa ölçülür. Və... mən deyərdim, elə bir əyara uyğun gəlir ki, istənilən tərəfdən yanaşdıqda bütün parametrləri ilə düz mütənasiblik təşkil edir.
Knyaz Aslanı adını eşidib, üzünü görmədiyim şəxs kimi səciyyələndirsəm, səhv etmiş olaram. Ən azından ona görə ki, jurnalistlik fəaliyyətim dövründə ara-sıra müxtəlif tədbirlərdə uzaqdan-uzağa görür və fəaliyyətini müşahidə edirdim. Hər zaman da yarısı su altında gizlənmiş aysberqi xatırladırdı mənə. Nədən ki, bəzi çıxışlarını dinləyəndə, elə bilirdim ki, onun istedad və qabiliyyətini tam olaraq ortaya çıxartması üçün lazım olan mühiti hələ tapmayıb. Özünüifadə bu adamda sanki zahiri görkəmlə özünü büruzə verirdi: həyasına qısılı, pafosdan, yersiz bər-bəzəkdən, rəng-boyadan uzaq, cilddən-cildə girmək bacarığı olmayan bir “diplomat” təsiri bağışlayırdı mənə.

İllər keçdi. 2009-cu ilin martı idi səhv etmirəmsə... “Filologiya elmləri namizədi” alimlik dərəcəsi diplomumuzu almaq üçün bizi AMEA Rəyasət Heyətinə çağırmışdılar. Xeyli sayda diplomantın toplandığı təqdimetmə mərasimində Knyaz Aslanın da olduğunu görəndə elə bil doğmamı tapdığımı sandım. Çünki uzun illərin ağır sınağının bəhrəsini dərəcəyi bir gündə adam olduqca böyük həyəcan keçirir. Sevincini, həyəcanını bölüşməyəmi, ya nə səbəbəsə, bilmirəm... Hər halda, bu hissi tək yaşamaq olduqca çətiniydi mənə. Diplomumuzu alıb, bir-birimizi təbrik etdik. O gün çəkdirdiyimiz xatirə şəkli bu gün də arxivimdədir.
... Xeyli müddət vardı Knyaz müəllimi görmədiyim. Təxminən bir il əvvəl olar, N.Nərimanovun ev-muzeyində keçirilən tədbirə dəvət olunmuşdum. Mərasimdə məruzəçilərdən biri Bakı Dövlət Universitetinin kafedra müdiri Knyaz Aslan idi. Olduqca təsirli bir məruzə ilə çıxış etdi Knyaz müəllim. Tələbələri ilə gəlmişdi. Tədbirdən sonra sevimli müəllimləri ilə şəkil çəkdirən tələbələrinin onu necə böyük sevgiylə əhatəyə aldıqlarını görəndə, zənnimdə yanılmadığımı bir daha hiss etdim. Bəli, bu o idi: tələbələrinin sevimli müəllimi, cəmiyyətimizdə özünün layiqli yerini tutmuş ziyalı və şair Knyaz Aslan...

Çalışdığım Folklor İnstitutunun “Cənubi Azərbaycan folkloru” şöbəsində Səadət adlı qızımızla iş yoldaşıyıq. Bir dəfə necə oldusa, söhbət zamanı kafedra müdirlərinin olduqca gözəl insan olduğunu xüsusi vurğuladı. Maraq güc gəldi, həmin şəxsin kimliyini soruşdum. Knyaz Aslanın adını çəkəndə, yenidən şair-alim dostumuzun həyatda qazandığı hörmət və ehtiramın, sevgi və sayğının nədən qaynaqlandığını beynimdə xeyli çək-çevir elədim. Və özlüyümdə bir daha yəqinləşdirdim ki, əgər insanın daxilində zəngin potensial, yaradıcılıq təmayülü, insanlıq iksiri... və sair gərəkli xüsusiyyətlər varsa... onlar hər nə cür olur-olsun, yer altını dəlib çıxan qeyzerlər kimi, günlərin bir günü öz halal ünvanına yetişəcəkdir.
Knyaz Aslanı tələbələri müəllimləri kimi, dostları yaxın bir sirdaş kimi, oxucular da istedadlı bir şair kimi tanıyır, dəyərləndirir, sevirlər.
Mən də bir oxucu olaraq, Knyaz Aslanın poeziya dünyasına kiçicik bir səyahət etmək istərdim.
Diqqətli oxucu yəqin ki, əksər şeirlərində şairin özünü yetərincə ifadə etdiyinin fərqindədir. Yəni, şair hansı mövzuya toxunur-toxunsun, orada öz həyatının hansısa bir çalarını verməyə nail olur. Ola bilsin, qələm adamı olaraq, dünyanın ağrı-acılarını, yaxud insanın sevincli anlarını şeirə gətirmək, könül çırpıntılarını poetik bir şəkildə, obrazlı ifadələrlə nəzmə çəkmək bəlkə də çoxlarına adi gələ bilər. Lakin hamının gördüyünü görüb də, tamamilə fərqli bir şəkildə, oxucunun qəlbini ehtizaza gətirəcək bir halda təqdim etmək bacarığı hər qələm sahibinə müyəssər olan xoşbəxtlik deyil. Məsələn, həyatda insanların üzləşdiyi haqsızlıqları bir qələm adamı kimi şair görün necə inandırıcı ştrixlərlə şeirə gətirir:

Şeytan qarışdırır insan ağlını,
Haqsız şişə çəkir haqqın bağrını.
Oğru məhkəmədə udur doğrunu,
Qalan haray olur, hay olur indi...

Məlumdur ki, haqsızın haqlının bağrını şişə çəkdiyi bir zamanda bağrıdidələrin ah-fəğanı göyə qalxar, lakin bu səsi nə eşidən, nə əncam çəkən tapılar. Çünki həyatın gərdişindən baş çıxarmaq hər adamın işi deyil. Fələyin fitnə-felinə uyanlarla, şeytanla dil tapmağı bacaranlarla barışmayanda, yenə özünə üz tutur şair:

Danma, Knyaz Aslan, söylə dogrunu,

Tamah məhvə çəkir insan oğlunu...
Bəlkə unutmuşuq haqqın yolunu,
İlahi, dünyanın qibləsi hanı?!...
İlahi, dünyanın qibləsi hanı?!...


Doğrudan da, bəzən insana elə gəlir ki, din, iman, insanlıq duyğusu biryolluq aradan götürülüb və “üz tutmağa qiblə tapılmayan dünyada” duruş gətirib ömür sürmək cəhənnəm əzabından betər gəlir insana:

Ağlar gözü yaş ağrıdır,
Qanlı dizi daş ağrıdır...
Dəli çax-çax baş ağrıdır,
Dəyirman öz işindədir!..


Şair bu şeirdə məlum el məsəlini ustalıqla şeirə gətirir: “Dəyirman bildiyini eylər, çax-çax baş ağrıdar”. Lakin danılmaz həqiqətdir ki, dünya beş-üç yaxşının hesabına mövcudluğunu qoruyub-saxlaya bilir, əks halda məhvərindən çıxar, ağılsız başların qurduğu tələyə düşənlərin özü kimi, yaşadıqları dünya da məhvə məhkum olar:

Kim unutsa soyu, kökü,
Qəbirdə od tutar börkü...
Bir obanın qeyrət yükü
Min kişinin beşindədir!...


Məhz qeyrətlilərin, vicdan sahiblərinin dayaq durduğu el-obaya şər yaxın gəlməz, insanlığın qəsdinə duranların bəd niyyəti gözlərində qalar. Tanrı yeri-göyü xəlq eləyəndən gecəylə-gündüz, xeyirlə-şər əzəli-əbədi mübarizədədir:

Аyrı yаrаnmаmış nə хеyir, nə şər,
Həyаt həm kədərdir, həm də ki, nəşə...
Аtаsız-аnаsız qаlmаsın bəşər,
Körpə bələyindən yаrаlаnmаsın!..


Günümüzün acı reallığı budur ki, səbəbsiz qırğınlar, ədalətsiz müharibələr, insanlığın süqutuna hesablanmış soyqırımlar nəsillərin yer üzündən birdəfəlik silinməsinə gətirib çıxarmadadır. “Tumurcuq diləklərin daşa çırpıldığı” bir vaxtda yersiz qan düşmənçiliyinə, amansız müharibələrə “dur!” deyənlərin ilk cərgəsində şairlər gəlir, çünki onlar insanlıq dininə, insanlıq məfkurəsinə xidmət edirlər. Nə qədər acınacaqlı da olsa, şair insanların ürəyindən keçən bir həqiqətə işıq salır: bütün vaxtsız ölümlərin kökündə insana, insanlığa biganəlik, qəddarlıqdan doğan vəhşilik, zülm, istibdad durur:

Zaman, Knyaz Aslan, bizi dilimlər,
Haqqı külüngləyər haqsız zülümlər...
Sinələr dağlayar vaxtsız ölümlər,
Əcəl öz vaxtında gəlsə, yaxşıdır...


Həyatın qanunudur: bir gün gələn bir gün də getməlidir, lakin vaxtsız ölüm insanların sinəsinə çalın-çarpaz dağ çəkir... Və şairin də ən ümdə arzusu budur ki, bəşər övladı qan qardaşının qanına susamasın. Vaxtsız ölümlərə son qoyulsun!

Bu kiçik yazımızı yekunlaşdıraraq, bir daha xatırladırıq ki, şairin söz xəzinəsi olduqca zəngindir. Oxucunun qəlbinə yol tapa biləcək bir sıra mətləblərdən hali olmaq istəyənlər Knyaz Aslan poeziyasına müraciət etsələr, insanları barışa, sülhə, mənəvi kamilliyə səsləyən poeziya nümunələri ilə tanış olsalar, çox şey qazanmış olacaqlar. Bu şeirlər ülvi hisslərdən, saf duyğulardan, insana, insanlığa, Vətənə, Torpağa, Elə, Ulusa sevgidən qaynaqlanıb. Halallıqdan, dürüstlükdən, doğmalıqdan, hürdən mayalanıb. Təsadüfi deyil ki, şair “Yaxşıdır” adlı növbəti bir şeirində insanları məhəbbətə, sayğıya, sevgiyə, düzlüyə, dürüstlüyə, saflığa, böyük-kiçik yeri bilməyə çağırır. Çünki layiq olduğu yeri tay-dəyişik salanlara zaman onsuz da haçansa öz layiqli yerini tanıdacaqdır:

Min aləm yaranar bir məhəbbətdən,
Yalan söz insanı salar qiymətdən...
Yerini bilməyən düşər hörmətdən,
Hər kəs öz yerini bilsə yaxşıdır...


Biz də öz növbəmizdə Tanrının layiq bildiyi yerdə bərqərar olan dostumuz, həmkarımız Knyaz Aslana bundan sonra da yeni-yeni yaradıcılıq uğurları, uzun və mənalı ömür yolu arzulayırıq.

Sayğılarla: Qiymət MƏHƏRRƏMLİ


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!