Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                        Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın! .....                       
Tarix : 17-12-2015, 13:19
ALİM VƏ ŞAİR HAQQINDA ALİM SÖZÜ


Dəyərli alim, pedaqoq, şair, vətəndaş
Knyaz Aslana gözaydınlığı


Azərbaycan xalqının milli-mədəni irsinin, elminin, mədəniyyətinin, təhsilinin, ədəbiyyatının, incəsənətinin inkişafında və zənginləşdirilməsində əzəli və əbədi Borçalı mahalının özünəməxsus rolu vardır. Borçalı eli Azərbaycanın zəngin mədəni və mənəvi dəyərlərə, milli identifiklik elementlərinə malik olan bölgələrindən biridir. Qətiyyətlə deyə bilərik ki, bu mahal Azərbaycan xalqının mənəvi incilər xəzinəsində, mədəni külliyyatında, intellektual elitasında əzəmətli yer tutan sənət əsərləri, folklor nümunələri, qüdrətli şəxsiyyətləri ilə qiymətləndirilmişdir.
Borçalı mahalının yetirmələrinin, bu bərəkətli torpaqda doğulan, bu elin-obanın halal çörəyi, saf suları, təmiz havası ilə böyüyən insanlar hər zaman xalqına, vətəninə, millətinə şərəflə, sədaqətlə xidmət etmiş, onun inkişafı və tərəqqisi üçün əllərindən gələni əsirgəməmişlər.
Məhz bu müqəddəs diyarın qoynunda dünyaya gələn, yetişən, formalaşan, daim öz xalqının mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin inkişafına yorulmadan xidmət edən, torpaqlarımızın qarı düşməndən müdafiəsi, dövlətimizin və dövlətçiliyimizin əsaslarının qorunması yolunda bütün gücü ilə mübarizə aparan dəyərli şəxsiyyətlərdən biri də mənim ən əziz və sevimli tələbələrimdən biri olan, bu gün birlikdə çiyin-çiyinə çalışdığım dəyərli ziyalı, tanınmış alim, istedadlı şair, görkəmli jurnalist və publisist dostum Knyaz Aslandır.

Knyaz Aslan Azərbaycan xalqının çox qüdrətli və əzəmətli qələm sahibidir. O, XX əsrin 80-ci illərindən etibarən milli ədəbiyyatımızın inkişafına, poeziyamızın zənginləşməsinə özünün dəyərli poeziya nümunələri ilə diqqətəlayiq xidmət göstərmiş, eləcə də ədəbi-bədii fikrin, publisistika və jurnalistikanın müxtəlif aspektləri üzrə güclü qələm sahibi olaraq peşəkar surətdə fəaliyyət göstərmiş, öz imzasını qələminin qətiyyəti və şücaəti ilə Azərbaycan ictimaiyyətində tanınmasına müvəfəqiyyətlə nail olmuşdur.
Mən bir müəllim olaraq Knyaz Aslan haqqında danışarkən böyük səmimiyyətlə, fərəhlə, qürurla danışıram. Hesab edirəm ki, bir müəllim, pedaqoq üçün, bir alim üçün öz tələbəsinin möhtəşəm nailiyyətləri, cəmiyyət qarşısında ciddi xidmətləri, mötəbər auditoriyalar tərəfindən yetkin və qiymətli bir şəxsiyyət kimi kompleks səciyyələndirilməsi böyük başucalığıdır. Bu mənada ilk olaraq Knyaz Aslanı bir müəllim olaraq həm mənə, eləcə də onun bir şəxsiyyət kimi formalaşmasında əməyi, zəhməti olan digər insanlara daim başucalığı gətirmiş şəxsiyyət kimi yüksək qiymətlədirirəm.
Bəşəri inkişafın bütün mərhələlərində mövcud olan pedaqoji prosesin məntiqi qanunauyğunuqları ilə tanış olduqda məlum olur ki, əksər alimlərin, mütəfəkkirlərin, filosofların – bütün müəllimlərin ən böyük sərvəti onların yetirmələri, ardıcılları olmuşdur. Məhz həmin yetirmələrin nailiyyətləri, uğurları onların müəllimləri üçün ən yüksək sərvət, ən qiymətli nemət hesab edilmişdir. Bu
mənada Azərbaycan milli kitabxanaşünaslıq elminin yaradıcıları və jurnalistika məktəbinin baniləri üçün Knyaz Aslan qədirbilən bir yetirmə, səriştəli bir ardıcıl kimi sözün həqiqi mənasında qiymətli sərvət hesab olunmağa tamamilə layiqdir.

Knyaz Aslanın bioqrafiyası ilə tanış olan hər bir kəsdə onun bir ziyalı, şəxsiyyət olaraq məxsusi məziyyətləri, potensial imkanları, intellektual keyfiyyətləri, ictimai-siyasi proseslərə münasibəti, vətəndaşlıq mövqeyi, xalqına və millətinə bağlılığı səviyyəsi barədə dolğun təsəvvür yaranır. Həqiqətən Knyaz Aslanın bioqrafiyası Azərbaycan ziyalısının ümumiləşmiş bioqrafiyası üçün olduqca əhəmiyyətli bir nümunə kimi qiymətləndirilməlidir.
Knyaz Aslan öz məxsusi məziyyətləri baxımından universal bir şəxsiyyətdir. Öz əzəmətli qələmi ilə o, elmdə, mədəniyyətdə, poeziyada, publisistikada, jurnalistikada xüsusi mövqe ortaya qoya bilmiş və onu tutarlı çəkildə əsaslandırmağa nail olmuş bir istedaddır.
Knyaz Aslanın tələbəlik illəri Sovet hakimiyyətinin son dövrlərinə, Azərbaycanda demokratik xalq hərəkatının başlanmasının ilk vaxtlarına təsadüf edir. Xalqımızın, millətimizin və dövlətimizin sonrakı müqəddartı üçün olduqca mühüm əhəmiyyət kəsb edən həmin dövrdə Knyaz Aslan xalqının müstəqillik arzularına, azadlıq ideallarına səs verən fəallardan olmuş, mənsub olduğu xalqın müstəqillik uğrunda apardığı mübarizəsinə həm canı, həm də qələmi ilə xidmət etmişdir. Knyaz Aslan həmin dövrdə artıq yetkin bir şəxsiyyət kimi fəaliyyət göstərirdi. Belə ki, o, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmamışdan əvvəl Bakı Mədəni-Maarif Texnikumunu bitirmiş, burada püxtələşmişdi. Hamıya aydındır ki, Azərbaycanda mədəniyyətin, maarifin, ədəbiyyatın, publisistik fəaliyyətin inkişafında ciddi rol oynayan təhsil ocaqlarından biri də məhz bu texnikum olmuşdur.

Knyaz Aslan Bakı Dövlət Universitetini müvəfəqiyyətlə, ciddi təhsil uğurları ilə bitirdikdən sonra aspiranturada saxlanıldı. Bu dövr yenicə müstəqilliyini əldə etmiş Azərbaycan xalqı üçün olduqca çətin və ağrılı bir zaman idi. Bədnam ermənilər Azərbaycan torpaqlarına qarşı məkrli təcavüz siyasəti yeridir, ölkəmizin suverenliyinə müdaxilə edərək ərazilərini işğal edirdilər. Belə bir vaxtda Knyaz Aslan könüllü olaraq Vətənin müdafiəsinə qalxan ziyalılar arasında ön mövqedə dayanırdı. Bu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyən Knyaz Aslan dəfələrlə ön cəbhə xəttinə getmiş, aparılan savaşlarda döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmiş, eyni zamanda operativ hərbi informasiyalar hazırlamışdır. Bütün bunlar onun bir ziyalı, bir qələm sahibi kimi güclü vətənpərvərlik və dövlətçilik məhəbbətinin bariz nümunələridir. Qeyd etməyi özümə borc bilirəm ki, ümumiyyətlə, Knyaz Aslanın doğulub böyüdüyü ailədə Vətənə, dövlətə və dövlətçiliyə sədaqətlə, fədakarcasına xidmət hissləri çox güclü olmuşdur. Bunu bu ailədə yetişən, vətənpərvərlik və Vətənə xidmət ruhunda formalaşan unudulmaz polkovnik Şahbaz Aslanovun, bu ailədə boya-başa çatmış digər insanların dövlətə və dövlətçiliyə şərəflə xidməti, şərəfli tərcümeyi-halı fonunda əyani göstərmək olar.

Knyaz Aslan peşəkar jurnalist, görkəmli publisist kimi daim mətbu orqanlarla sıx əməkdaşlıq etməklə yanaşı, özü də bir çox mətbu orqanların təsis edilməsində yaxından iştirak etmiş, onların müxbiri, redaktoru və baş redaktoru olmuşdur. Lakin o, bütün bunlarla yanaşı doğma Bakı Dövlət Universitetindən, onun ən aparıcı tərkib hissələrindən biri olan Kitabxanaçılıq-informasiya fakültəsindən ayrı düşməmiş, kollektivin ən nüfuzlu, ən hörmətli üzvlərindən biri kimi fəaliyət göstərmişdir. Məhz Knyaz Aslanın əzəmətli qələmi milli kitabxanaşünaslıq elminin inkişafı yolunda da səfərbər olmuşdur.

Knyaz Aslan ölkə kitabxanalarının materialları əsasında uzun illərdən bəri üzərində çalışdığı və milli kitabxanaşünaslıq və pedaqogika elmləri üçün ciddi inteqrativ aktuallıq kəsb edən şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu ətrafında apardığı tədqiqatlar, bu aspektdə nəşr etdirdiyi çoxsaylı məqalələr Azərbaycan milli kitabxanaşünaslığının tamamilə yeni və ciddi əhəmiyyətə malik bir istiqamətinin əsaslandırılması baxımından olduqca əhəmiyyətlidir.
Məhz bu uğurlu elmi tədqiqatların nəticəsi olaraq Knyaz Aslan 2004-cü ildə BDU-da yaradılmış Birdəfəlik Dissertasiya Şurasında “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” adlı dissertasiya işini uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldü. Bu dissertasiya işi mütəxəssislər tərəfindən Azərbaycan elminin mühüm nailiyyəti, milli kitabxanaşünaslıq və pedaqogika nəzəriyyəsi üçün xüsusi mahiyyət kəsb edən elmi hadisə kimi qiymətləndirildi.

Beləliklə, Knyaz Aslanın bir tədqiqatçı olaraq elmi-araşdırmaçılıq fəaliyyəti öz layiqli bəhrəsini verdi və bu prosesin obyektiv məntiqi davamı kimi ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi dərəcəsi verildi.
Knyaz Aslan öz əhəmiyyətli elmi araşdırmalarını hazırda "Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri" mövzusunda doktorluq dissertasiyası üzərində davam etdirir, bu istiqamətdə nüfuzlu Vətən və xarici nəşrlərdə müxtəlif elmi məqalələr və hesabatlarla çıxış edir.
Knyaz Aslan həmçinin Kitabxanaçılıq-informasiya fakültəsinin nəşr etdirdiyi bir sıra sanballı elmi-nəzəri və praktiki jurnalların redaksiya heyətinin üzvü, redaktoru və baş redaktor müavini kimi də xüsusi fəallıq göstərməkdədir. Bu günlərdə isə o, “Kitabşünaslıq və Redaktor Sənəti” adlı elmi-nəzəri və metodik-təcrübi jurnal təsis etmişdir. Əminik ki, Knyaz Aslan hazırda ilk nömrəsi çapa hazırlanan həmin nəşrin baş redaktoru kimi bir çox yeniliklərə imza atacaq.
ALİM VƏ ŞAİR HAQQINDA ALİM SÖZÜ


Ümumiyyətlə, Knyaz Aslan 1988-2012-ci illərdə Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr pilləsində kitabxanaşünas-informator və kitabşünas-nəşriyyat redaktoru ixtisasları üzrə "Dünyа kitаbхаnаlаrı tarixi", "Oxucularla iş", "Sosial proseslər və kitabxanalar", "Аzərbаycаndа təhsil sisteminə kitаbхаnа xidməti", "Redaktənin əsasları" və s. fənlərdən, magistratura pilləsində isə "ABŞ və Qərbi Avropa ölkələrində kitabxana-informasiya xidmətinin müasir vəziyyəti", "Azərbaycançılıq milli ideologiyasının təbliği", "Kitabxanalarla nəşriyyatların qarşılıqlı əlaqələri", "Müxtəlif növ ədəbiyyatın redaktəsi", "Kitabın texniki redaktə problemləri", "Kitab çeşidi nəzəriyyəsi və metodikası", "Mətn nəzəriyyəsi", "Müasir jurnalistikanın problemləri" və s. fənlərdən mühazirələr oxuyub.
Knyaz Aslan qeyd etdiyimiz kimi, özünəxas şəxsi nüfuzü, peşəkarlığı, yüksək intellektual məziyyətləri, peşə səmimiyyəti və s. etibarilə kompleks şəxsiyyətdir. Məhz Bakı Dövlət Universitetinin rektoru tərəfindən də Knyaz Aslanın bacarıqlı kadr, səriştəli mütəxəssis, universal ziyalı və şəxsiyyət kimi keyfiyyətləri yüksək qiymətləndirilmişdir. Rektor, akademik Abel Məhərrəmovun müvafiq əmri ilə 2012-ci ildə o, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.

Mən uzun illər ali təhsil sistemində müxtəlif rəhbər strukturlarda çalışmış bir insan kimi məhz Knyaz Aslanın bu vəzifəsinin öhdəsindən layiqincə gəldiyi, bacarıqlı təhsil təşkilatçısı kimi fəaliyyətinin olduqca məqsəduyğun olduğu qənaətindəyəm.
O, 2012-ci ildən Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında bakalavriatura və magistratura pillələrində "Redaktənin əsasları", "Müxtəlif növ ədəbiyyatın redaktəsi", "Redaktor sənətinin aktual problemləri", "Mətn nəzəriyyəsi və təcrübəsi" və s. kimi ixtisas fənlərindən mühazirələr oxuyur.

Knyaz Aslan həmçinin fakültə Tədris-Metodik Şurasının sədri kimi də burada təhsil prosesinin idarəedilməsinin səmərəli təşkili və optimallaşdırılması prosesinin uğurla həyata keçirilməsində yaxından iştirak edir ki, bu da onun elmi-nəzəri və təşkilatçılıq fəaliyyətinin kompleksliliyini bir daha əsaslandırmağa imkan verir.
Knyaz Aslan poeziya ruhlu, poeziya təbiətli şair və şəxsiyyətdir. Borçalı mahalının əksər insanlarında olan səmimi şairanə ovqat, poeziyanın, xüsusilə xalq şeirinin füsunkar sehri onun bütün vücuduna hopmuşdur. Məhz xalq-aşıq şeirindən, folklordan, xəlqilik elementləri əsasında yaradılan poeziyadan gələn təbii ovqat Knyaz aslan şeirinin və poeziyasının ilham şahpəridir.


Gözəllər gülləri arayıb, gəzib,
Güllərin bəxtinə gözəl düşübdü.
Gözəllər gülləri çox sevdiyindən
Güllər də bu qədər gözəlləşibdi!..



Şəxsən mən özüm bir şeir, poeziya həvəskarı və deyə bilərəm ki, şeiriyyatdan xəbədar olan bir insan kimi Knyaz Aslanın poetik dünyasından qələminə süzülərək maddiləşən şeirlərində poetika ilə xəlqiliyin, zamanla uyğunlaşmanın, ədəbi-realizmin bədii priyom və vasitələrlə çox ciddi ustalıqla uzlaşmasını aydın duya bilirəm.


İllər qanadlıdır, bilmirəm, nədir,
Göz yumub açınca uçur quş təki.
Hansı xatirəmsə səfər üstədir,
Gözlərim zillənib yenə yol çəkir...
***
Hər insan bir kərə gələr cahana,
Ya gödək, ya uzun bir ömür yaşar.
Ömrün keşməkeşli dolaylarında
Bəzən dərə keçər, bəzən dağ aşar...



Knyaz Aslan ozan-aşıq sənətinin incəliklərinə bələd olan, aşıq şeirinin, ozan fəlsəfəsinin qaynaqlarını yaxşı bilən qələm sahibidir. Onun yaradıcılığında, poetik irsində ozan sənətinin müqəddəsliyi, aşıq şeirinin ideya-bədii və təbii qaynaqlarının təsviri, ozan-aşıqların şəxsiyyətinin incəlikləri, bir sözlə, bütövlükdə ozan-aşıq sənətinin kompleks ədəbi-bədii və fəlsəfi aspektləri ciddi ustalıqla tərənnüm olunur ki, məhz bu faktor da mənim həm də bir ozan-aşıq sənəti vurğunu kimi Knyaz Aslanın poetik dünyasına olan marağımı və diqqətimi artıran başlıca amillərdən biridir.


Aşıq qardaş al sinənə sazını,
Könül açan min dastandan de, danış!..
Şaiq kimi bir nurani qocadan,
Nəriman tək nər aslandan de, danış!
O torpağa bir şöhrətdir Borçalı!..
Tükənməyən bir sərvətdir Borçalı!..
Məğrurluğu dağlar ondan borc alıb,
O cənnətdən, gülüstandan de, danış!..

ALİM VƏ ŞAİR HAQQINDA ALİM SÖZÜ


Knyaz Aslan şeirinin ideya-bədii qaynağı Borçalı ədəbi mühitinin zənginliyi kontekstində Azərbaycan xalq ədəbiyyatının ən mötəbər mənbələrinə söykənir-desək, qətiyyən yanılmarıq. Knyaz Aslanın yaradıcılığı ilə tanış olanlar bunu dərk edə bilərlər ki, bu poeziyada zəngin mötəbər qaynaqlılıq elementləri aydın nəzərə çarpır. Məhz bu, onun yaradıcılığının ədəbi-bədii səviyyəsinin yüksəkliyinə və zəngin qaynaqlılığına bariz sübutdur.
Uca Tanrım, səndən bir diləyim var:


Heç kəs diləyindən yaralanmasın!
Bir gülsüz, bülbülsüz qalmasın bağlar,
Çəmən çiçəyindən yaralanmasın!
Zirvəni buludsuz necə çəkim mən?!
Göydən ulduzları nə cür söküm mən?!
Knyaz Aslan deyər, ağac kökündən,
İnsan ürəyindən yaralanmasın!..



ALİM VƏ ŞAİR HAQQINDA ALİM SÖZÜ

Knyaz Aslan bütün varlığı ilə həm də vətənpərvər şairdir. Onun poeziyasında vətənpərvərlik hisslərinin tərənnümü olduqca güclüdür. Onun doğma Borçalı mahalının taleyilə, Qarabağ düyünü, Təbriz həsrəti, Göyçə, Zəngəzur, İrəvan dağı ilə bağlı qələmə aldığı poetik qüssələri Azərbaycan ədəbiyyatının ən milli vətənpərvərlik nümunələri kimi çox qiymətlidir.


And içmişik Koroğluya, qılınca,
Qayıtmarıq biz qələbə çalınca...
Gələcəyik Qarabağı alınca,
Gələcəyəm gözlə məni, gözlə sən...
Gözlə məni, gələcəyəm, gözlə mən...
***
Ürəyim titrəyən payız yarpağı,
Qopub düşəsidi-bir himə bənddi.
Yağılar əlində vətən torpağı,
Hayana baxıram-hər yan kəmənddi...
***
And içib üçrəngli ulu bayrağa,
Əmrə müntəzirdir bu millət, bu xalq.
Bir çıx ətalətdən, bir dur ayağa,
Azadlıq yolunda hünər göstər, qalx!..



Güclü məhəbbət duyğuları, sevgi hissləri dolu poeziya duyğuları da Knyaz Aslanın şeiriyyatından qırmızı xətt kimi keçir ki, bu da şair dostumun poetik təcəssüm çoxtərəfliliyinin mühüm göstəricilərindən biri kimi hər şeydən əvvəl bir oxucu və poeziya vurğunu kimi mənim diqqətimi çəkir.


Bir ötən sevgimin sorağındayam,
Alıb bu günümdən qopara məni...
Bir itən sevgimin fərağındayam,
Sirli bir aləmə apara məni...
Çırpınan ürəyim həsrət yuvası,
Kədərli gözlərim intizardadır.
O hicran məlhəmi, o qəm dəvası,
O qəlb aşinası görən hardadır?!
Yox, yalan deyilmiş sevgi həyatda,
İnandım məhəbbət dastanlarına...
Yeri olmayacaq bu kainatda
Əgər qovuşmasa yar öz yarına.



Knyaz Aslan hələ tələbə vaxtlarından öz səlis və aydın nitqi ilə müxtəlif səviyyəli, müxtəlif xarakterli məclislərdə çıxış etmiş, özünün natiqlik məharəti ilə də diqqəti cəlb etmişdir. Mən dəfələrlə iştirak etdiyim nüfuzlu elmi və ədəbi məclislərdə, sanballı auditoriyalarda Knyaz Aslanın öz gözəl və səlis natiqlik məharəti ilə auditoriyanın diqqətini necə heyranlıqla özünə cəlb etdiyinin şahidi olmuşam və bununla qürur hissi keçirmişəm. Onun səlis nitqinin, ardıcıl və məqsədəmüvafiq çıxışlar etmək mədəniyyətinin yüksəkliyi məndə bir müəllim olaraq fərəh hissi oyadıb.

Knyaz Aslanın bioqrafiyasının diqqəti cəlb edən daha bir aspekti də onun halal zəhmətlə, alın tərilə yaşayan zəhmətkeş ailəsində dünyaya gəlməsi, formalaşması, yetişməsidir. Borçalı elinin bütün insanları kimi, Knyaz Aslanın da böyüyüb boya-başa çatdığı ailəsinin sadə, öz halal əməyi ilə keçinən zəhmətkeş bir ocaq olduğunu onu tanıyanların hamısı kimi, mənə də məlumdur. Məhz Knyaz Aslanın öz fəaliyyətində həmişə hallalığı, zəhməti prioritet götürməsi onun şəxsiyyətinin daha bir mütərəqqi məziyyəti kimi qiymətləndirilir ki, bu da bir ziyalı, bir alim, bir qələm adamı üçün çox ciddi bir faktordur.
Knyaz Aslan həm orta məktəbi qızıl medalla, həm də məzunu olduğu Bakı Mədəni-Maarif Texnikumunu (1981-1983), Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya (1983-1988) və Jurnalistika fakültələrini (1994-1998), İctimai peşələr fakültəsinin jurnalistika bölməsini (1985-1987), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu (1987-1988) fərqlənmə diplomları ilə bitirib. Qətiyyətlə deyirəm ki, Knyaz Aslan bu ciddi təhsil uğurlarının heç biri üçün yalnız öz intellektual potensialından, əzəmətli qələmindən, gərgin zəhmətindən qeyri heç bir digər “kömək”lərdən bəhrələnmiyib.


Knyaz Aslan həmişə Azərbaycan xalqının yüksək keyfiyyətlərə malik ziyalısı və qələm sahibi kimi Azərbaycanda milli kontekstdə, dövlət və dövlətçilik aspektində öz ziyalı və vətəndaş mövqeyini obyektiv surətdə ortaya qoymağı bacarmışdır. O, bir alim-tədqiqatçı, publisist, jurnalist, naşir kimi Azərbaycan xalqının milli təəssübünü müdafiə edən, milli mədəniyyətin və ədəbiyyatın özünəməxsus sütunları üzərində inkişafının zəruriliyini vurğulayan, elm və təhsil prosesinin mütərəqqi ümumbəşəri təcrübə və milli ənənələr əsasında tərəqqisinin vacibliyi haqqında daim mətbuatda, kütləvi informasiya vasitələrində çıxış edən dəyərli aydınlarımızdandır.

ALİM VƏ ŞAİR HAQQINDA ALİM SÖZÜ[/center]
Knyaz Aslan Bakı Dövlət Universiteti ilə yanaşı olaraq, ölkənin ən mütərəqqi təcrübəyə malik ali təhsil müəssisələrindən biri olan Xəzər Universiteti ilə də uzun müddət sıx əməkdaşlıq etmiş, burada təşkil edilən təhsil prosesinin fəliyyətində yaxından iştirak etmişdir. Göründüyü kimi Knyaz Aslanın elmi-nəzəri və ədəbi-bədii-publisistik fəaliyyətində özünəməxsus orijinallıq, məxsusi spesifik komponentlər təzahür edir. Knyaz Aslan öz qələmi ilə Azərbaycan milli kitabxanaşünaslıq elmində, milli publisistikamızda və şeiriyyatımızda öz dəst-xətti bütün yüksək məziyyətləri ilə dərhal nəzərə çarpan bir şəxsiyyətdir. Onun qələmindən çıxan əsərlər milli dilimizin müvafiq aspektlər üzrə ən gözəl çalarlarını özündə təcəssüm etdirir.


Knyaz Aslanın layiq görüldüyü mükafatların sayı-hesabı yoxdur. Bu mükafatların hər biri onun şəxsiyyətinə verilən qiymətin, hörmətin və ehtiramın təcəssümləri kimi qiymətləndirilir.


Knyaz Aslan həm də gözəl ailə başçısıdır.
İnanırıq ki, onun övladları da Azərbaycan xalqının gələcək inkişafına və tərəqqisinə sədaqətlə xidmət edəcək, vətənimizin çiçəklənməsi yolunda gözəl işlər görəcəklər.

Beləliklə, Azərbaycan xalqının dəyərli ziyalısı, sayılıb-seçilən alimi, əzəmətli qələm sahibi, görkəmli şair-publisist və jurnalist Knyaz İlyas oğlu Aslanın 55 illiyi tamam olur.

Sevimli tələbəm, dəyərli dostum, səmimi həmkarım Knyaz Aslan!
Səni anadan olmağının 55 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, sənə ən xoş arzularımı yetirirəm. Uğurların davamlı və bol, qələmin daha da iti, canın sağlam və gümrah, sevdiklərinlə, ailənlə xoşbəxtlik dolu ömür arzu edirəm!..

Dəyərli dostum! Özünün həmişə xalqa sədaqətlə xidmət göstərən mötəbər insanlara xitabən söylədiyin müdrik ifadəni fürsətdən istifadə edib indi sənin ünvanına söyləyir, “Ömür pillələri ilə yüz yaşa doğru!” - deyirəm!.. Uğur olsun!..



Xəlil İSMAYILOV
Bakı Dövlət Universitetinin Kitabxana resursları
və informasiya axtarış sistemləri kafedrasının müdiri,
Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!