Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 23-10-2014, 13:51

 

 

Sevda Mikayılqızı

Haçansa bir dəfə İranda olmuşam. Tehranda. Azərbaycandan keçərək bu ölkəyə gedən çeçenlərdən ibarət turist qrupunun rəhbəri kimi. Bu sahədə tam diletant olsam da, turizm firmasına rəhbərlik edən bir dostumun  «Ölmüşəm, yerdən götür!» - xahişinə etinasız qala bilməmişdim. Həyat yoldaşının səhhəti ilə bağlı qəfil üzə çıxmış ciddi bir problemin həlli ilə məş­ğul olmalı olan dostum, «Sən bunu bacaracaqsan, çətin deyil, çünki qrupdakı adamlar özləri təcrübəlidirlər, nə lazım olduğunu lap yaxşı bilirlər. Səndən tələb olunan - sadəcə Azərbaycanın nümayəndəsi kimi qrupu müşa­yiət etməkdir, vəssalam!» - deyərək, mənim yol, yemək, otel xərclərindən azad olacağımı vur­ğulayır, üstəlik  özümlə doğmalarımdan istədiyim bir nəfəri də pul ödəmədən aparmağa ixtiyarım olduğunu söyləyirdi. Bu məqamı «göydə tutan» kiçik oğlumun səfərə məndən qabaq  hazır olması tərəddüdümə  son qoydu. «Ya Allah!» - deyib, yola düşdük. 

Necə getdiyim, yolda nə gördüyüm, bu ölkədə hansı maraqlı hadisələrin şahidi olduğum barədə sonra söhbət açacağam.

Tehranda iyirmi günə yaxın qaldıq. Bura turist kimi gələn qrup üzvlrəri əslində alverlə məşğul idilər. O vaxt Çeçenistanda şiddətli döyüşlər gedirdi. Şamil Basayevin gündəmdə olduğu vaxtlar idi. Vətənlərinin müstəqilliyi uğrunda mücadiləyə qalxan çeçen kişilərinin ev-ailə qayğıları bütünlüklə qadınların üstünə düşmüşdü və onlar bu missiyanı mərdliklə, çətinliklərdən  şikayət etmədən yerinə yetirirdilər.

Səfər müddəti başa çatdıqdan sonra bizim iyirmi iki qadın və iki kişidən ibarət qrupumuzu sərhəddi keçib Vətənə qayıtmağa qoymadılar ki, bəs yükünüz normadan artıqdır. Sən demə sərhəddən əlində apara biləcəyin iki şeydən artıq yük  keçirmək olmazmış. Bunu hələ bura gələndə fars­ca yazılıb divara vurulmuş xəbərdarlıqdan bilməli imişik.

İlişdik qaldıq İran Astarasında. Vətənlərində müharibə gedən, başıpapaqlılarının hamısı döyüş­lərdə olan və dolanmaq xatirinə bura alış-verişə gələn çeçen qadınları nə qədər mərd olsalar da, namərd əlində qalmışdılar.  Olmaz, vəssalam! Hava isti, yeməyə, yatmağa, yuyunmağa düz-əməlli yer yox… Avtobusda adam neçə gün yaşayar?

Problem çözülənə qədər o vaxtlar matah sayılan İran mallarından - köynək, corab, ayaq­qabı, pal-paltardan ibarət iri bağlamaları saxlamaq üçün kirayə otaqlar tutmalı olduq. Bu işdə bizə bir cavan oğlan yardımçı oldu. Əslində oğlanın işi elə bu idi, yəni çörəyi, göstərdiyi bu xidmətdən çıxırdı. Nə isə. Bir ətək pul verib aldıqları şeyləri etibarlı yerdə yerləşdirərək bu qayğıdan azad olan çeçen qadınları bir az sakitləşsələr də, vəziyyət hələ də acınacaqlı olaraq qalırdı. Qalmışdıq yernən göyün arasında. Çıxış yolunu göstərən yox idi. Sərhəddəki səlahiyyətli məmur bircə söz bilirdi: Əsla! Yəni, «Olmaz!». Vəssalam! Neynirsiz eləyin!

Qadınlar gecələmək üçün dəstəylə avtobusa  qayıt­dılar. Mən isə rəis-qrup olduğuma görə bizə xidmət göstərən həmin oğlanın evində qalmalı, ailəsinin  qonağı olmalı idim.  Qayda beləymiş. Əslində danışmaq istədiyim əhvalat bundan sonra başlayır.

Qonaq olduğum ev, ailə heç vaxt yadımdan çıxmaya­caq. Dili dilimdən, qanı qanımdan olan insanların arasındaydım. Adətən «o taylı» deməklə özümüz də fərqinə varmadan aramıza həm də sözdən sərhəd çəkdiyimiz  doğma azərbaycanlılarımızın əhatəsində idim. Qoy mətləbdən uzaq düşməyim. Yoxsa illərlə keçə bilmədiyimiz Araz adlı sərhədlə bağlı can yanğısı, qəlb harayı yadıma düşər: Axma, Araz! Dayan, Araz!
       Bir ürəyi cəllad kimi
       iki yerə bölmək olmaz!!!

Çox sadə, səmimi, istiqanlı insanlar idilər. Üç otaqdan və eyvandan ibarət evlərini təzə tikdirmişdilər. Yəqin elə bu səbəbdən otaqlarda hava elə bil ki, qədərindən artıq idi. Üstəlik də otaqlarda heç bir mebel - şkaf, divan, stol, stul  yox idi. Əvəzində bütün evlər son qarışına qədər gözəl xalçalarla döşənmişdi.

Mən orda bizdə olduğu kimi qalın yorğan-döşək, iri balış-zad görmədim. Yatmaq istəyən  divariçi dolab­lara yığılmış al-əlvan ipək üzlü döşəyi əvəz edən ensiz və çox da qalın olmayan altlıqdan, nazik mütəkkə və yün­gül örtükdən ibarət yüngül yatacaq dəstlərindən birini xalçanın üstündəcə (istənilən istiqamətdə) sahmanla­yıb uzanır, səhər duranda da yumrulayıb qoyur onu  yerinə. Vəssalam.

Burda hər şey sadə, təmiz və qeyri-adi idi. Xalçanın üstünə salınan böyük  süfrənin ətrafında oturub tələsmədən çörək yemək də. Bizim əlüstü nəsə  «atışdırmağımız»la, tələsik nəsə «udmağımız»la müqayisədə bu, əməlli-başlı bir ritual idi. Elə bil süfrənin böyük olması da ailə üzvlərinin bir-birinə daha yaxın, daha mehriban, daha diqqətli olmasına xidmət edirdi. Narazı, əsəbi, dilxor adam yox idi burda. Həssaslıq, qayğıkeşlik, mehribanlıq vardı. Böyü­yün böyük, kiçiyin kiçik yeri aydınca görünürdü. Evin ab-havası özü idi tərbiyə verən. Nəinki bir-birinə, heç uşaqlara da  «belə dur, elə otur» deyən görmədim.

Hə, gəldik çatdıq uşaqlara. İki qardaş, iki bacı idilər. Böyük bacı nişanlı idi. Ailənin ona münasibətində isti bir kövrəklik duyulurdu. Bu münasibət ana quşun ilk dəfə yuvadan uzaqlara uçmağa hazırlaşan balası ilə bağlı narahatlığını xatırladırdı. Ana pərvaz etməyə hazırlaşan balasına fəxrlə, qürurla baxsa da, arada xəfif bir nigaranlıq da olur axı... Bir yandan da, «kaman  ayrılıq nəğməsin çalır»dı...

İkinci qız qaynar həyat idi. Şən, gözü­açıq, sərrast düşüncəli, göyçək. Bir dəfə  mənə nəsə çox diqqətlə baxdığını hiss edib, üzümü ona çevirəndə, baxışlarımdan sualımı oxuyan həssas qız, «Siz televiziyada çıxış eləmişdiniz, hə?» deyə soruşdu. Bir-iki dəfə belə bir şey olmuşdu. Amma o vaxtdan az qala bir il ötdüyünə, həm də bunu ötəri epizod hesab etdiyimə görə, «Yox» dedim. Qız bir az susduqdan sonra: 

- Zoğalı rəngdə kostyum geymişdiniz. Yaxası, qolları qara rəngli köbə ilə işlənmişdi, balaca döş cibindən də qara rəngli parçanın ucu görünürdü, - dedi.

Deməyə söz tapmadım. Tanımadığın adamla bağlı bir görüntünü bu cür təfərrüatı ilə necə yadda saxlamaq olardı?! Qızın fenomenal yaddaşının gücünə heyran qalmışdım.

Böyük qardaş haqqında artıq danışmışam. Ailə öz hörməti ilə ona sambal verir, qazancını qiymətli edirdi.

Mənim hekayətimin əsas qəhrəmanı olan kiçik qardaşın isə 5-6 yaşı olardı. İlk gündən mənə bağlanmışdı. Utandığından mənə çox yaxına gəlməsədə baxışları ilə hər hərəkətimi izlədiyini duyurdum. Nisbətən fərqli görkəmimə, davranış tərzimə, nə bilim daha nəyə görəsə məni qeyri-adi adam kimi qəbul etdiyini başa düşürdüm. Mən ümumiyyətlə uşaqları çox sevirəm. Təbii ki, bu uşaq da istisna deyildi. Amma onun daha məzmunlu olduğunu sonra biləcəkdim.

İlk dəfə görsəm də ürəkdən bağlandığım  bu ailə ilə sağollaşıb səhər tezdən gəldim «iş yerimə», yəni sərhəd keçid məntəqəsinə. Gün bizim problemin həlli ilə bağlı kiminsə gəlməsini gözləməklə, rəhmətlik nənəm demiş, «dərs-xors» eləməklə keçdi və biz heç bir dəyişikliyə nail ola bilmədik. Gecələmək üçün qadınlar avtobusa, mən isə oğlanla birlikdə onların evinə qayıt­dım. Bərk utansam da, inşallah, sabah yola düşüb gedərik deyə özümə təsəlli verərək, pərtliyimi gizlətməyə çalışdım. Ailənin məni bir az da artıq mehribanlıqla, toy-bayram kimi qarşılaması özümə qapılmağa imkan vermədi. Balaca oğlanın sevinci isə yerə-göyə sığmırdı. Sakitcə oturub danışanlara qulaq assa da altdan-altdan mənə baxır, bütün görkəmi ilə çox şad olduğunu büruzə verirdi. Səhər tam əminliklə ki, bu gün yola düşəcəyik, necə deyərlər, «əsaslı» sağollaşıb onlardan ayrıldım.

İndi görün, axşam yenidən bura qayıtmaq zorunda qalanda  mən necə olaram. Belədə deyirlər ki, çırtma vursan qanı çıxar. Xəcalət çəkirəm ki, camaata əziyyət verirəm, narahat eləyirəm. Evim, ailəm üçün darıxıram. Uşaqlarımdan nigaranam. Bir yandan da vəziyyətimizin qeyri-müəyyənliyi. Bulud kimi dolmuşam, kiprik çalmağa qorxuram ki, «yağış» yağar, biabır olaram. Ailə mənə təsəlli verir, səbirli olmağı tövsiyyə edir. Çətinliklə gülümsəməyə çalışır, təşəkkür edirəm. Ətrafımda dolaşan balaca dostum da fikirli görünür. Bilirəm ki, mənə görə qayğılıdır. Başını sığallayıb ona maqnitli kəpənəklər bağışlayıram, qoy səndə yadigar qalsın deyirəm. Kövrəlir. Qalxıb harasa gedir. Xeyli vaxtdan sonra anası bu uşaq hara getdi deyə, onun arxasınca otaqdan çıxır. Daha gec olduğundan onları gözləməyib, nişanlı qızla öz otağımıza keçirik. Səhərə kimi yerimdə qovruluram, yata bilmirəm.

Səhər  evdən çıxanda balaca dostum mənimlə sağollaşanların arasında yox idi. Gözüm­lə  onu axtardığımı görən anası:

- Gizlənib, - dedi. - Gəlməyəcək.

- Niyə?

- Çünki, inşallah sən bu gün mütləq yola düşəcəksən.

- ?!

-  Sənin xəbərin yoxdu... Demə uşaq hər gün dua eləyir­miş ki, sən gedə bilməyəsən, yenə qayıdıb gələsən bizə. Amma dünən sənin çox pərişan olduğunu görüb, təzədən Allaha yalvarıb, düa edib ki, aç onun yolunu, qoy getsin öz evinə. Gözləri ağlamaqdan qıp-qırmızı olub. Odur ki, gizlənib. İstəmir ki, sən onu belə görüb bikef olasan.

... Həmin gün doğrudan da sərhədi keçib evimizə qayıda bildik.

O vaxtdan xeyli vaxt kecib. Amma indiyəcən elə bilirəm ki, Vətənimin o tayında məni gözləyən var...

Sevda Mikayılqızı

...

 

 



Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!