UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 25-11-2015, 08:34
Azərbaycan öz yolu ilə gedəcək - Prezident İlham Əliyev



“Hörmətli deputatlar, xanımlar və cənablar. Beşinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, deputatlar ölkəmizin hərtərəfli inkişafına öz dəyərli töhfəsini verəcəklər, Milli Məclisin işi çox səmərəli olacaq və Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir”.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib.

Prezident bildirib ki, noyabrın 1-də keçirilən seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib: “Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilib. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq ediblər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparıb. Ümumi fikir belə olub ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə edib. Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir. Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha sübut edib ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə verib. Eyni zamanda, onu da qeyd etməliyəm ki, son illər ərzində ölkədə gedən quruculuq prosesi də seçkilərin nəticələrinə öz müsbət təsirini göstərmişdir. Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərib, eyni zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini veriblər. Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir”.

Dövlət başçısı vurğulayıb ki, son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır: “Əlbəttə, biz bunu böyük uğur kimi qəbul edirik. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıbdır. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir.

Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır”.

Qarşıda duran bəzi vəzifələr haqqında fikirlərini bildirən Prezident vurğulayıb ki, həllini gözləyən problemlər var: “Biz öz fəaliyyətimizi bu problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Əlbəttə ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun.Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülüb. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq”.

Prezident qeyd edib ki, bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb: “Bir daha demək istəyirəm ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün əlbəttə, tarixi əsaslar da mühüm rol oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər ərzində Azərbaycanın diplomatik səyləri, eyni zamanda, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti əlbəttə ki, real mənzərəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq.

Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır. Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.

Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir.

Bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək. Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilibdir, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.

Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmişlər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.

Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq, eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır.

Bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır.

Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi. Yenə də deyirəm, Azərbaycan öz yolu ilə gedəcək. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ qurumu”nu tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik.

Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir. Baxmayaraq, bizim təbii ki, büdcə gəlirlərimiz azalıbdır. Ancaq hərbi xərclər ən prioritet məsələdir. Çünki, bir daha demək istəyirəm ki, bu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!