ZİYALILIQ ZİRVƏSİ
Elm yolunu seçən insan üçün Allah da behiştə sarı bir yol açır... Məhəmməd peyğəmbər (ə.s.) Keçmişimizdən ta müasir dövrümüzə qədər “Ziya” kimi Allah nemətinin yer üzərindəki təcəssümü Azərbaycan ziyalılarına olan hörmət daim baş ucalığımızın günəş rəmzi olub. Bu rəmzi qoruyub saxlayan və bu ucalığı yüksək tutan Azərbaycan ziyalıları dünya mədəniyyətinin ən gözəl təmsilçiləri hesab olunmalıdır. Bu məqalə mövcud mənəvi dəyərlərimizi daim uca tutan və yorulmadan tədqiq edən alimlərimizdən birinə həsr olunmuşdur.
Bir övlad kimi Azərbaycanımızın sayılıb seçilən ziyalılarından birinin həyat və yaradıcılığını əks etdirən məqalə yazmaq mənim üçün həm şərəfli, həm də məsuliyyətli bir iş oldu. Bu məsuliyyətli işi mənə həvalə etdiyi üçün t.ü.f.d, professor Hacı Nuru oğlu Həsənova dərin minnətdarlığımı bildirirəm.
Elmin inkişafı- ölkənin inkişafı deməkdir. Hər bir dövlətin gələcəyi, zənginləşməsi onun elm sahəsində, təhsildə və maariflənmədə əldə etdiyi uğurlarla və nailiyyətlərlə möhkəm bağlıdır. Bu bağlılığın kökü isə ziyalılardan bəhrələnir.
Həqiqətən də ömrünü, yaradıcılıq qabiliyyətini və fəaliyyətini Vətənə həsr edən alim həyatı mənalı və məsuliyyətli olduğu qədər də, dəyərlidir. Tarix elmləri doktoru, professor Tofiq Talış oğlu Vəliyev məhz belə ziyalılarımızdan olaraq bir salnaməyə bənzər ömür həsr etmişdir Azərbaycana. 1934 -cü il 7 may tarixində Azərbaycanın dilbər Qarabağ guşəsində, Ağdam rayonunun Kürdlər ( Qurdlar) kəndində xeyirxah və mötəbər bir ailədə dünyaya göz açmışdır Tofiq Vəliyev. O, hələ uşaq yaşlarından məhrumiyyətlərlə üzləşərək, çalışmış və valideynlərinin adına, hörmətinə layiq olmaq üçün bütün varlığı ilə təhsilə - elmə yiyələnmişdir. Belə ki, Ağdamda nüfuzlu bir ziyalı kimi tanınan, haqsevər insan, xeyriyyəçi şəxs olan rus dili müəllimi – görkəmli pedaqoq o dövrün ədalətsizliyinin qurbanı olanlar cərgəsində həbs edilən Talış Fərzalı oğlu Vəliyev Sibirə sürgün edilmişdir. Elə o gündən həyatda nifrətin gözünə dik baxmağa qadirliyi örnək tutan ömrünün son günlərinə qədər hər zaman və hər yerdə bacardığı qədər haqq söyləməyi və həqiqət tərəfdarı olmağı özünə bir yol seçir. Odur ki, uca Tanrımız nurlu yollarla inkişaf etməsi üçün zirvələrə doğru yoluna işıq saçmış, “Vətən xaininin övladı” olan ədalətsiz damğaya baxmayaraq yüksək pillələri qalxması üçün zamininə almışdır.
İbtidai təhsili doğma kənddə, orta təhsili isə (7 illik məktəbdə) Əlimədədli kəndində alan Tofiq Vəliyev 1948-ci ildə Ağdam Pedaqoji Texnikumuna daxil olur. 1951-ci ildən pedaqoji təhsilini başa vuraraq Yevlax rayonu Qoyunbinəsi kəndində müəllim kimi ilk əmək fəaliyyətinə başlayır. O, təhsilini davam etdirərək, APİ – yə qəbul olunur və I kursu başa vurduqdan sonra ADU-nun ( indiki BDU) tarix fakültəsinə qəbul olunur. Tələbə ikən Stalin təqaüdü alan Tofiq Vəliyev universitetdən elmi ixtisasçı kimi AMEA-nın Tarix İnstitutuna göndərilir. Çalışdığı 40 ildən çox müddətdə kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksələn Tofiq Vəliyev elmi işlər üzərində çalışmış və tədqiqatlar apararaq, nailiyyətlər qazanmışdır. O, ömrünün 30 ilindən çoxunu kapitalizm dövründə Azərbaycanın sənaye tarixinin tədqiqinə həsr etmiş, Tarix İnstitutunda
müdafiə etdiyi namizədlik və doktorluq dissertasiyası mövzuları da bu mühüm problemlə bağlı olmuşdur.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın ən geridə qalmıs feodal-patriarxal münasibətləri ölkəsi olması haqqında tarixşünaslıqda, hətta bolşevik partiyasının qərarlarında kök atmış müddəanın heç bir elmi osası olmadığını öz əsərlərində ilk dəfə olaraq Tofiq Vəliyev sübuta yetirmişdir.
1960-ci ildə Tarix Înstitutunun əyani aspiranturasına daxil olmuş və 1966-ci ildə namizədlik dissertasiyası müdafia etmiş, 1970-1973-cü illərdə Tarix Înstitutunun elmi katibi vəzifəsində işləmişdir.

1973 – 1988 -ci illərdə İnstitutda baș elmi işçi, 1988-1990 cı illərdə isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır, 1986-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. AMEA-nin Tarix Ïnstitutunda işlədiyi illərdə Tofiq Vəliyev orada hazırlanmış çoxcilidli “Azərbaycan tarixinin” IV cildinin müəlliflərindən biri kimi böyük işlər görmüşdür. Professor Tofiq Vəliyev elmi fəaliyyəti dövründə XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi, "İmperializm dövründə Azərbaycanın sənayesi və proletariatı", "İnqilab barikadalarında, “XX əsrin əvvəllərində sənaye fəhlələrinin vəziyyəti və tətil mübarizəsi” monoqrafiyalarını və onlarca sanballı məqalələrini yazmışdır. Professor Tofiq Vəliyevin elmi axtarışları çox cəhətlidir. Onun elmi tədqiqat işləri təkcə sənaye tarixinin öyrənilməsi ilə məhdudlaşmır. Sənaye tarixi ilə yanaşı fəhlələrin təşəkkülü, onların vəziyyəti və tətil mübarizəsi də bu əsərlərdə öz əksini tapmışdir. XIX-XX əsrin əvvəllərində Azərbaycan kənd təsərrüfatında kapitalizmin inkisaf məsələləri, müstəmləkə əleyhinə çevrilmiş üsyanlar, kəndli çıxışları, qaçaq hərəkatı, XX əsrin əvvəllərində ölkəmizdə baş vermiş milli-azadliq hərəkatı tarixi, siyasi partiyalar və siyasi təşkilatlarin fəaliyyəti, ayrı-ayrı şəxsiyyətlər haqqında, eləcə də bir çox digər mühűm məsələlər Tofiq Vəliyevin elmi maraq dairəsinə daxildir.

Azərbaycanın ilk üzvi kimya alimi M.Xanlarovun Almaniya həyatı, M.C. Topçubaşov nəslinin düyünə salınmıș tarixinin ilk mənbələr əsasında öyrənilməsi və onların şəcərəsində tam aydınlıq yaradılması da onun xidməti hesab edilmişdir. O, hələ AMEA Tarix İnstitutunda işləyərkən “Azərbaycan Sovet Ensiklopediyası”nın II -X cildləri üçün tariximizin müxtəlif problemlərinə dair 30-a yaxın məqalə yazmışdır. Tofiq Vəliyev 1990-cı ildə BDU-da pedaqoji işə keçməsinə baxmayaraq AMEA Tarix İnstitutundakı fəaliyyətini davam etmişdir. O, elmi işləri tarix fakültəsindəki pedaqoji fəaliyyəti ilə bacarıqla əlaqələndirmişdir. 1993-cű ildən BDU-nun tarix fakültəsinin “Slavyan ölkələri tarixi” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1993-1998-ci illərdə Tofiq Vəliyevin rəhbərliyi altında orta məktəbin 5-11-ci sinifləri üçün "Azərbaycan tarixi" dərslikləri çap edilmişdir. O, həm də həmin dərsliklər üzrə proqramın və dərs vəsaitlərinin müəllifidir. Ali məktəblər üçün nəzərdə tutulmuş "XX əsr Azərbaycan tarixi" dərsliyi 2004-cü ildə çapdan çıxmışdır. Bu, Azərbaycan tarixşünaslığında müvafiq əsrin tarixini əks etdirən ilk belə əsərdir. Tofiq Vəliyev 2000-2003-cü illərdə isə Azərbaycanda ilk dəfə olaraq orta məktəblərin 9-10-cu sinifləri üçün "Umumdünya tarixi" dərsliklərini hazırlayıb çap etdirmişdir. O, 250-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, orta və ali məktəblər üçün 14 dərslik və dərs vəsaitinin müəllifidir. Təhsil sahəsindəki uğurlarına görə 1994-cü ildə Təhsil Nazirliyinin Fəxri formanı ilə təltif olunmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona “Respublikanın Əməkdar müəllimi” fəxri adı verilmişdir. O, 2004-cü ildə humanitar elmlər sahəsində BDU üzrə “İlin alimi" və 2007-ci ildə isə "İlin müəllimi" fəxri adlarına layiq görülmüşdür. 2004-cü ildə Tofiq Vəliyev Nyu-York Elmlər Akademiyasınn həqiqi üzvü seçilmişdir. 1993-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurası “Tarix” bölməsinin sədri vəzifəsində işləmişdir. O, 2002-2007-ci illərdə Tarix İnstitutu nəzdindəki doktorluq dissertasiyalarının müdafiə Şurasının sədr müavini və həmsədri olmuşdur. İki elmi jurnalın – “Tarix və onun problemləri” və “Dünyaya baxış” redaksiya heyətinin sədri vəzifəsində çalışmışdır. 20 ildən çox bir müddətdə tarix üzrə Respublika Elmi əlaqələndirmə Şurasının sədr müavini vəzifəsində çalışmışdır. 1995-2002-ci illərdə Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tarix, etnologiya, fəlsəfə, pedaqogika və psixologiya elmləri" üzrə Ekspert Şurasınin sədri vəzifəsində işləmișdir.
2007-ci ildən Ali Attestasiya Komissiyasmnın "Tarix və siyasi elmlər” üzrə ekspert şurasına sədrlik etmiş professor Tofiq Vəliyev keçmiş SSRİ məkanında, eləcə də Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilmiş Ümumrespublika və Ümumdűnya elmi konfrans və konqreslərdə respublikamızı layiqincə təmsil etmişdir. O, tarixçi kadrların hazırlanmasında öz əməyini əsirgəməmişdir. Onun rəhbərliyi ilə 7 elmlər doktoru və 16 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Elmi-pedaqoji fəaliyyəti dövründə onlarla namizədlik və doktorluq dissertasiyasına opponent olmuşdur. Ömrüünün son bir neçə ilini “ Şərqi Avropa kapitalizm dövründə (1800-1917) "Slavyan ölkələri tarixi" dərsliyi üzərində işləmiş və çap etdirmişdir. Professor Tofiq Talış oğlu Vəliyev 2014-cü il may ayının 26-da vəfat etmişdir.
Hazırda Vəliyevlər ailəsində onun adını daşıyan gənc Tofiq Vəliyev böyüyür və babasının dəsti xəttini davam etdirir. Son olaraq demək istərdim ki, 2004-cü ildən atam professor Tofiq Vəliyevin davamçısı olaraq AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda işləyir onun yolunu davam etdirməyə çalışıram. Ruhun şad olsun Ata!
Xuraman Tofiq qızı Vəliyeva“Şimali Azərbaycanın XIX –XX əsrin əvvəlləri
tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d.