Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 14-04-2023, 20:52
Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...


Xəyalım qanadlandı - Zəngəzuru gəzib dolaşdım...

Onu 40 ildən artıq tanıdığım bir həmkar və dost kimi deyil, alim kimi “Bütöv Azərbaycan”a təqdim edəcəyimi bilməzdim. Budur, Natiq Babayevin (Qubadoğlu) AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş monoqrafiyası qarşımdadır. Kitabın adı araşdırmaların yetərincə ciddi mahiyyət daşıdığına bəri başdan dəlalət edir: “Şərqi Zəngəzur Oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi”. Əvvəlcə dostumun yeni uğuruna sevindiyimi bildirərək, ardınca monoqrafiya barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.
Görün, Natiq müəllim necə dərin elmi (həm də publisistik) fəhmə malikdir ki, Zəngəzur adının diləzbərimizə çevrildiyi, soydaşlarımızın Qərbi Zəngəzura zəruri qayıdışının gündəmə gəldiyi və Prezident fərmanı ilə, erməni işğalından azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı iqtisadi rayonların tərkibinə yenidən baxılaraq, beş ulusun Şərqi Zəngəzur adı altında birləşdirildiyi tarixi bir dövrdə daha da aktuallaşan mövzuya üz tutub və sanballı bir tədqiqata imza atıb. Doğrusu, onun gənclik illərimizdə tapışdığımız və şəxsi, həm də ədəbi yaxınlığımıza ünvan olmuş Sumqayıtdan Bakıya köçməsi üzündən son illərdə bir qədər aralı düşdüyümüzə görə Natiqin elmi uğurlarından elə də ardıcıl xəbərim olmayıb. Dissertasiya müdafiə edərək, coğrafiya üzrə fəlsəfə doktoru adı aldığını da xeyli sonra bilmişəm. (Yəqin, o qədər sevincək olub ki, bu uğuru daha sıx ünsiyyətdə olduğu dostlarla qeyd edərkən mən də yadına düşməmişəm. Eybi yox, təki dostların sayı daim piramidik şəkildə artsın və hansısa gözəl tədbir zamanı kimsə unudulsun).

Natiqlə AzTV-də birlikdə çalışmışıq. Tale qismətimiz olan jurnalistika, eləcə də poeziya barədə çoxlu söhbətlərimiz, mübahisələrimiz olub. Beləcə, mötəbər sözün qədirbilən qulluqçusu olmuş, bişə-bişə bərkimişik. Sonra o, İTV-yə transfer edib, mənsə “Xalq qəzeti”nə keçmişəm və əlaqələrimiz bir qədər zəifləyib. Ara-sıra onun “Torpaq”, “Bir kəndin nağılı”, “Toponimlər”, “Danışan tarix” kimi verilişlərinə də baxmışam. Dönə-dönə əmin olmuşam ki, zəhmətdən qorxanlardan, öyrənməkdən usananlardan deyil. Amma, sən demə, bölgələrə ezamiyyətə təkcə maraqlı teleproqramlar hazırlamaq üçün getmirmiş, həm də qədim ünvanlarımızın tarixi adları haqqında bilgilər toplayırmış və bu da sonda elmi iş üçün əsas “xammal” olub. Hər bir halda, fədakar yurdsevərlik örnəyidir.
Şəxsi kitabxanamda Natiq Qubadoğlunun “Bəlkə bir də görüşdük”, “Mənsiz dözə bilsən”, “Ömür doyumluq deyil” adlı şeir topluları yer alır. Artıq bir neçə gündür ki, oykonimlər haqqında elmi monoqrafiyası da bu sıraya iddialıdır. O mənada ki, hələ oxunma mərhələsindədir, beş-altı günə digərləri ilə çiyin-çiyinə duracaq.
Hələliksə, fikrimcə, özlüyündə böyük dəyər daşıyan yeni nəşrin mütaliəsi gözümü, könlümü sevindirir, zəkamı nurlandırır. Əslən qədim türk oylağı Yardımlıdan olsam da, monoqrafiyanın bəhs etdiyi Şərqi Zəngəzur ərazisi qəlbimdə uşaqlıqdan “taxt” qurmuş bir yerdir. Natiq də bilir ki, mənim anam laçınlıdır və o yerlərdə çox dincəlmiş, çox gəzib-dolanmışam. Bir də ki, mənsubiyyət bölgəsi vacib deyil, hamımızın Azərbaycan adlı bütöv bir diyarı var və hər qarışı canımızın bir parçası kimi çox dəyərlidir.
Müəllifin tarixinə və ad mənşəyinə aydınlıq gətirdiyi yer adlarından bir neçəsini yada salım: Ağanus, Ağoğlan, Alxaslı, Cicimli, Fərəcan, Baldıqğanlı, Bozlu, Əhmədli, Fətəlipəyə, Güləbird, Hocaz, Qazıdərəsi, Mığıdərə, Malxələf, Məlikpəyə, Səfiyan, Suarası, Şəlvə, Tərxanlı, Zabux... Əksəriyyətində olmuşam. On-on iki yaşımda ilk dəfə Mığıdərədə dayım uşaqları ilə quzu da otarmışam, at da minmişəm. (Bu sıraya üzünü görmədiyim Ağcakəndi də əlavə edərdim. Çünki xatirələrimin bir ucunun gedib bağlandığı ana nənəmin adını daşıyır, elə bilirəm ki, məhz o kənddə yedditaxta tuman geyinmiş Ağca nənəmin dizinin dibində oturub söhbətlərini dinləmiş, ətirli dovğasından içmişəm).

...Hərdən anamdan zarafatla soruşardım ki, məgər kəndinizə ad tapılmayıb, Mığıdərə deyirlər? O da cavab verərdi ki, əslində bizim kəndimiz Çinarlı olub, sonra camaat ordan bura köçüb. Amma bu barədə heç bir mənbə yoxdur, - demişəm. Anam da qayıdıb ki, yəqin, yazmayıblar. Buna görə Natiqin kitabında da “Çinarlı” adını axtardım, yenə də heç nə tapmadım. Görünür, tarixi mənbələr yoxdur.
Nə isə, dediyim odur ki, dostumun monoqrafiyasının mütaliəsi məni qanadlarına alıb çox uzaqlara apardı. Buna görə ona böyük minnətdarlıq düşür.
Kitab bir-biri ilə tarixi bağlılığı olan, Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan, habelə uzun müddət 1861-ci ildə yaradılmış Zəngəzur qəzasında birləşən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayılın söz abidələri haqqında bitkin, dolğun bir əsərdir. Bu qədim yurd yerləri öz coğrafi mövqeyi, saf təbiəti, gözəl iqlimi, igid və mərd oğulları ilə hər zaman diqqətdə olsa da, Zəngəzur toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil etsə də və ədalət naminə desək, yetərincə tədqiq olunsa da, mövzuya dönə-dönə qayıdılması zəruridir. Çünki, araşdırdıqca, necə deyərlər, üstünü toz basmış nə qədər bilgilər üzə çıxır. O da var ki, Şərqi Zəngəzur regionu 30 il ərzində erməni nankorların işğalı altında olan zaman toponim soyqırımına da məruz qalıb və adları erməniləşdirilib.

Aşkar gerçəkdir ki, işğal faktı yer adlarımızın haylar tərəfindən kütləvi saxtalaşdırılmasına zəmin yaratmışdı. Laçın şəhəri – Berdzor, rayonu isə Kaşataq, Kəlbəcər – Karvaçar, Cəbrayıl – Djrakan, Zəngilan – Kovsakan, Qubadlı – Sanasar, Ağdərə - Mardakert, Şuşa – Şuşi, Xankəndi – Stepanakert, Füzuli – Varanda, Xocavənd – Martuni, Ağdam – Akna, Xocalı – İvanyan və sair və ilaxır... Dilə da, ağıla da yatmır. Haqqında bəhs etdiyimiz, milli qeyrət timsallı tədqiqatlarla yer-yurd adlarımızın öyrənilməsi isə həm dünyaya əsl həqiqətləri çatdırmaq, həm də Azərbaycana qarşı ərazi iddialarında olan haramzadə qonşularımıza tarixi faktlarla cavab vermək baxımından önəmlidir. Müəllif müxtəlif komponentli oykonimləri də qruplaşıdrıraq ətraflı izahını verib. Üstəlik, İrəvan xanlığında qeydə alınmış əsas Azərbaycan-türk tayfaları barədə bilgiləri də paylaşıb. Budaq Budaqov, Əlövsət Quliyev, Qiyasəddin Qeybullayev və digər alimlərin bu sahədəki araşdırmalarını da qədirşünaslıqla dəyərləndirib.
Mən dostumun monoqrafiyası haqqında ətraflı elmi təhlilə söykənən resenziya yazmaqdan uzağam. Bu, baş redaktor Zakir Eminov, elmi redaktor Mahirə Abbasova, rəyçilər Qasım Hacıyev, Nazim Tapdıqoğlu kimi alimlərin, coğrafiyaşünasların missiyasıdır. Yalnız onu deyə bilərəm ki, etnotoponimlərin bu cür hərtərəfli öyrənilməsi, oğuzların bu ərazilərin aborigen sakinləri olduğunun sübuta yetirilməsi təbii iftixar duyğusu yaradır. Bu, milli-mənəvi dəyərlərimizə sayğı baxımından xüsusilə zəruri bir işdir.
Bir də onu deyim ki, Natiq qardaşım “Babayev” soyadı və“Qubadoğlu” təxəllüsü ilə tanınır. Mənsə onu illərdir ki, “Babasoy” deyə çağırıram. İndi bu kitabının nəşri bir daha sübut etdi ki, gerçəkdən soykökünə sıx bağlı ziyalı, milli kimliyi ilə canı-dildən fəxr edən alim-publisistdir.
Deməli, səhv etməmişəm.
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist

"Bütöv Azərbaycan" qəzeti
14 aprel 2023


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!