Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 18-11-2023, 03:30
İnsanlığın fövqündə dayanan adam

Rauf Tağıyev

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru


İnsanlığın fövqündə dayanan adam

1985-ci ilin payızı idi. Azərbaycan Dövlət Universitetindən dərsdən çıxıb tələbə yataqxanasına gedirdim. Bir-iki addım atmışdım ki, yanımda bir maşın dayandı. Cavan, yaraşıqlı bir oğlan maşının qapısını açaraq, nəzakətlə, buyur əyləş,- dedi. Onu tanımasam da, kimliyini, məni hara aparacağını bilməsəm də, heç nə soruşmadan maşına oturdum. Maşını yerindən tərpətməmiş dedi, -əgər dostun, yaxının varsa, onu da götürək. Yox, -dedim, hələ qrup yoldaşlarımla düz-əməlli tanış olmamışam. Beləcə sükut içində yol yoldaşlığımız başladı. Nətanışım məni tanımadığım bir möhtəşəm restorana gətirdi. Ömrümdə görmədiyim, çeşid-çeşid nemətlərlə bəzədilmiş zəngin süfrə açdırmışdı. Heyrət içində baş verənləri və gördüyüm mənzərəni seyr edirdim...
Süfrə arxasında tanışlığımızdan məlum oldu ki, Rauf müəllim Azərbaycan Dövlət Universitetində işləyir. Həm də mənim qəbul imtahanı verdiyim illərdə qəbul komissiyasında çalışıb. Üzləşdiyim haqsızlıqların şahidi olsa da, müdaxilə etmək səlahiyyəti olmadığından vicdan əzabı çəkib. Elə məni tapmağına da təəssübkeşliyi, humanistliyi və işlədiyi müqəddəs təhsil ocağının şərəfini qorumaq istəyi səbəb olub. Düzü bu hadisə məni çox duyğulandırdı. Üzləşdiyim o qədər vicdanını pula satan rüşvətxorların arasından belə bir vicdanlı ziyalının çıxması neqativ təsəvvürümü alt-üst elədi. Bu qədər ali mərtəbədə qərarlaşan birinin bu davranışına necə qarşılıq verəcəyimi bilmədim. Düşündüm ki, nə bu dərəcədə təəssübkeşlik olar, nə də bu qədər vicdan duyğusu. Belə ucalıq, belə mənəviyyat yalnız insanlığın fövqündə duranlara xas ola bilər.
Görüşümüz, tanışlığımız başa çatandan sonra mən bir daha Rauf müəllimlə görüşmək, onunla ünsiyyət qurmaq haqqında düşünmədim. Çünki o mənim kimilərlə oturub duracaq səviyyənin sahibi deyildi. O qədər kübar, o qədər nəcib, o qədər lütfkar biri idi ki, alicənablığının, davranış tərzinin, xoş rəftarının qarşısında adam özünə yer tapa bilmirdi.
Aradan bir müddət keçmişdi. “Novruz” bayramı ərəfəsi idi. Bir də gördüm ki, Jurnalistika fakültəsinə gəlib. Bayramımı təbrik elədi, xatirə şəkili çəkdirdik. Onu tanıyanlar yaxşı bilir ki, Rauf müəllim çox həssas insandır. Tanıdıqlarına, ünsiyyətdə olduqlarına qarşı həddindən çox diqqətcildir. 1988-ci il martın 20-də 30 yaşım tamam olurdu. Günün bir vaxtı qapı döyüldü. Çıxıb gördüm gələn Aqildir- Rauf müəllimin qardaşı. Əlində böyük bir bağlama gətirmişdi. Bağlamanı mənə uzadıb, Rauf göndərib,- dedi. Doğum gününü təbrik edir. Beləliklə, həyatımın ilk doğum günü hədiyyəsi də Rauf müəllimdən gəldi. Qeyri- ixtiyari düşündüm ki, bu adam dünyanın ən halal süd əmmiş, ən halal çörəklə böyümüş adamıdır. Ona görə də öz nəcib əməllərilə ətrafındakıların günahını yuyur. O qədər işgüzar, o qədər zəhmətsevərdir ki, hətta öz arzusuna çatmaq üçün zəhmətə qatlaşanları mükafatlandırır...
Həmin ilin bağ mövsümündə Rauf müəllim övladları ilə məni bağına apardı. Özü yer belləməyə, nəsə əkməyə başladı. Mən də bir işin qulpundan yapışmaq üçün beli götürdüm, əlimdən aldı. Lapatkanı götürdüm, onu da əlimdən alıb kənara atdı. Bir sözlə nəyə əl uzatdımsa, heç bir iş görməyimə imkan vermədi. Dedi,-sən uşaqların başın qatsan işləməyimə mane olmayalar bəsdir. Onda uşaqlar balaca idlər, yanılmıramsa, hələ məktəbə də getmirdilər. Uşaqlarla bir az əylənmişdik ki, ataları bizi süfrəyə dəvət elədi. Ömrümüzün bir günü də belə rövnəqləndi. Günümüz maraqlı, əyləncəli keçsə də, heç bir iş görməməyim məni daxilən narahat edirdi. Axı necə olar ki, kənddə böyümüş, fiziki işdə bərkimiş birinin bostan əkininə kömək etməsinə imkan verməyəsən?!
Bu sualın cavabını Rauf müəllimin xoşgörüsündə, dərin analizetmə təfəkküründə və könülləri rametmə qabiliyyətində tapdım. Yəqin düşünüb ki, əgər mənim işləməyimə imkan versə, fikirləşərəm ki, məni bağa istirahətə deyil, işlətməyə gətirib. Onda da saf niyyəti fəzilətə keçməz, diqqət və qayğısına kölgə düşər, süfrəsindəki çörəyin dadı, duzu qaçar. Bəli, o gün heç vaxt yaddan çıxmayan bir gün oldu. O vaxtlar mənim müəyyən qədər dünyagörüşüm, həyat təcrübəm olsa da, 30 il ərzində insan övladından qarşısındakına belə isti münasibət görməmişdim. Təzə bilmişəm ki, o məndən cəmi-cümlətanı 4 yaş böyükmüş. Amma onun heyrətamiz davranışı, uşaq kimi əzizləyib nəvaziş göstərməsi məni doğrudan da uşaqlaşdırırdı. Çox utanırdım. Mənə elə gəlirdi ki, Rauf müəllim lap qocamandır, ululardan uludur. Dədə Qorqudun, Nizaminin, Füzulinin yaşıdıdır. Qısa müddətdə o, ruhu, ziyası, fəhmi ilə könül sarayımda özünə elə möhtəşəm taxt qurdu ki, o taxtın qiymətsiz tacı yalnız ona məxsusdur.
Təəssüf ki, səmimi görüşlərimizin, xoş günlərimizin ömrü qısa oldu. Qarabağda baş qaldıran separatizm Qərbi Azərbaycanda erməni faşizmi formasında təzahür elədi. Bütün soydaşlarımız kimi, Zəngəzur mahalındakı ailələrimiz, qohum-əqrabalarımız qanlı qırğınlarla doğma od-ocağından didərgin salındı. Başımız onların dərdlərinə qarışdı. Ardınca Azərbaycanı Milli Azadlıq Hərəkatı bürüdü. Təbii ki, hamımız erməni faşistlərinin işğalçılıq siyasətinə, onları açıq-aşkar himayə edən Sovet imperiyasına qarşı mübarizəyə qoşulduq. Daha Rauf müəllimlə görüşə bilmədik.
1990-cı ildə universiteti bitirib redaksiyaya təyinat aldım. Millətimizin övladı olaraq qanlı, qadalı illəri yaşaya-yaşaya dövlətimizin müstəqilliyini bərpa elədik. 20 Yanvarın qaranlığında qırğınlardan keçdik. Xocalı soyqırımının acısını yaşadıq. Bir milyon qaçqının, məcburi köçkünün dərd yükündən hamımıza pay düşdü. Bir-birimizdən xəbərsiz eyni amal, eyni əqidə uğrunda-Bütöv Azərbaycan yolçuluğuna çıxdıq. 4 il sonra bir təsadüf nəticəsində yollarımız yenidən kəsişdi. Beləki, 1992-ci ilin aprelində Milli İstiqlal Partiyasından Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Etibar Məmmədovdan müsahibə almaq üçün partiyanın qərargahına getdim. İki gün ərzində AMİP-in qərargahında Etibar Məmmədovla görüşməyimiz mümkün olmadı. Mühafizəçilər qarışıq kimə müraciət elədimsə, heç kəs E.Məmmədova yaxınlaşıb müxbir müsahibə almağa gəlib deməyə cəsarət etmədi. Üçüncü gün də eyni vəziyyət təkrarlananda əsəbiləşib qışqırdım: “Burda bir kişi tapılmır ki, hünəri çata Etibara deyə jurnalist səndən seçki ilə bağlı müsahibə almaq istəyir.”
Səsimə yan otaqdan Rauf Tağıyev çıxdı. Qardaş, niyə hirslənmisən, deyib məni köksünə sıxdı. Gözlənilməz görüşdən həm çaşdım, həm sevindim. Amma dərdləşməyə vaxtımız çatmadı. Rauf müəllim vəziyyəti bilən kimi, tərəddüd etmədən içəri keçib namizədin razılığını aldı. Beləliklə Etibar Məmmədovdan müsahibə götürdüm. Bu məqamda bir nüansı xüsusi qeyd etmək istəyirəm. O zaman müsahibənin sonunda Etibar Məmmədovdan soruşmuşdum: “İlk seçiciniz olub səs verməyəcəyim sizi bədbinləşdirmir ki?”
Etiraf edim ki, 30 min tirajla çıxan bir qəzetdə Prezidentliyə namizədə belə münasibət sərgiləmək o vaxtkı ictimai rəyin formalaşdırılmasında mühüm rol oynamışdı. Maraqlı orasıdır ki, Azərbaycan Milli İstiqlal partiyası sədrinin köməkçisi – sədr aparatının rəhbəri Rauf müəllim aradan keçən 31 il ərzində o məsələni nə bir dəfə üzə vurdu, nə də açıb ağartdı. Axı Etibarla məni o görüşdürmüşdü. Daha bilmədim ki, partiya liderinə münasibətdə qənaətimin düzgünlüyünə əmin idi, yoxsa böyüklüyündən belə şeylərə əhəmiyyət vermirdi...
Aradan illər keçdi. Qərbin, Amerikanın yeni-yeni texnologiyaları məmləkətimizə ayaq açdı. Mobil telefonlar həyatımızın bir parçasına çevrildi. Dost-tanışla, qohum-əqraba ilə telefon görüşmələri insanlararası münasibətləri soyutmağa başladı. Avropa qapıları Azərbaycana ayaq açandan evlərdən qonum-qonşu ayağı kəsildi. Qonaq-qara qeybə çəkildi. Bir sözlə çox şey dəyişdi. Amma Rauf müəllim heç dəyişmədi. Nəzakəti, təvazökarlığı, hər şeyin incəliyinə qədər ölçüb biçmə xasiyyəti olduğu kimi qaldı.Onunla növbəti görüşümüz Azərbaycan Televiziyasında oldu. Nə xoş ki illər əvvəl bağlarında Gizlən-qaç oynadığım balaları artıq böyümüşdü, atası da məni oğul toyuna dəvət etməyə gəlmişdi. Xəbər məni nə qədər sevindirdisə, bəy atasının zəhmət çəkib ora qədər gəlməsi bir o qədər narahat elədi. Dedim:- bir zəng vurub, ünvanı deməyiniz yetərdi, nahaq zəhmət çəkmisiniz. Dedi,- o işlər elə olmur. İllər uzunu həsrətlə gözlədiyin günün müjdəsini dostlara telefonla verməzlər. Gərək üz-üzə dayanıb gözündəki sevinci görəsən, ürəyindən keçənləri duyasan...
Toy günü Rauf müəllimin dostlarının sırasında olmağın qürurunu yaşadım. Ürəkaçan məclisdə heç kimi diqqətdən kənarda qoymadı. Hər masaya dönə-dönə baş çəkdi. Onun hər gəlişi hamıya müsbət enerji verirdi. Ona görə də şadlıq sarayında qeyri-adi aura yaranmışdı.
Rauf müəllimlə ünsiyyətdə olduqca gördüm ki, istiqanlı, dostcanlı olmaqla bərabər, həm də fövqəladə təşkilatçılıq qabiliyyəti var. Bu qənaətə ən çox da Oktay Əsədovun seçki gərargahında gəldim. Hər kəs onunla ünsiyyətdə olmağa, kimisi bir tapşırıq almağa, kimisi də gördüyü iş barədə hesabat verməyə can atırdı. Ona görə də seçki kampaniyasının təbliğat-təşviqat işləri yüksək səviyyədə keçirilirdi. Bir neçə dəfə, seçki qabağı, Oktay Əsədovun fəaliyyəti ilə bağlı Azərbaycan və rus dillərində yazılan məqalələrin çap olunmamış variantlarını oxuduğunun şahidi olmuşam. 40 ilin peşəkar jurnalistlərinin buraxdıqları siyasi, məntiqi və bəzən də texniki səhvləri elə ustalıqla redaktə edirdi ki, savadına, yaradıcılıq səriştəsinə heyran qalırdım.
2008-ci ildə “Bütöv Azərbaycan” qəzetini təsis edib, çapına başlamışdım. Bir müddət sonra bir səhər Rauf müəllim mənə zəng eləyib, işə gedəndə burdan keç, sözüm var,- dedi. Onda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirdi. Yanına getdim. Qəzetə görə təbrik edib, uğur arzuladı. Hamımızın amalı Azərbaycanımızı bütöv görmək və bu yolda hər cür fədakarlığa hazır olmaqdır,-dedi. Redaksiyamıza bir qabı açılmamış notebook bağışladı. Düzü, həmin vaxt redaksiyamız təzə formalaşırdı, o notebooka çox ehtiyacımız var idi.
Bəzən insan övladının dəyəri onun sözə, sənətə verdiyi qiymətlə də ölçülür. Bu mənada Rauf müəllimi örnək göstərmək olar. 2012-ci ildə nəğməkar şair Hafiz Baxışın 80 illik yubileyini keçirirdik. Ondan soruşdum ki, sizin vaxtınız olacaq yubiley tədbirinə qatılmağa. Dedi:- bəs necə? Bu, Hafiz Baxışdı e, o vaxta filana baxmaz. Mən də gələcəm, həyat yoldaşım Nailə xanım da. Elə də oldu. Hər ikisi gəldi. Onu da qeyd edim ki, kabinetindəki stolun üstündə Hafiz Baxışın kitabları tığlanmışdı. Gələn-gedən dost tanışlarına kitab hədiyyə etməklə həm şairi təbliğ edir, həm də ata yurdu Zəngəzurun kitabda vəsf olunmuş gözəlliklərini diqqətə çatdırırdı. Əslində bu da vətən sevgisinin, insanpərvərliyin bir təzahür formasıdır.
2018-ci ildə “Xudafərin” şadlıq sarayının “Təbriz” zalında qəzetin 10 illiyini və “Güllə səsinə açılan qapı” kitabımın təqdimatını keçirirdik. Təxminən 100 nəfərin iştirakını nəzərdə tutmuşduq. Qapı açılıb Rauf müəllim içəri daxil olanda çox qürurlandım, həm də xəcalət təri məni basdı. Onu yubileyə dəvət eləmədiyimə görə pərt olduğumu görüb, dedi-heç narahat olma! Bilirəm ki, mənə əziyyət vermək istəməmisən. Sən də onu bil ki, “Bütöv Azərbaycan” qəzeti təkcə sənin deyil, şüarında yazdığın kimi, Azərbaycanı bütöv görmək istəyənlərindir. Odur ki hamımızın yolu bir, amalı eynidir. Bu yolu birlikdə, əl-ələ verib sona qədər getməli, bölüklənmiş vətənimizi bütövləşdirməli, ayrı düşmüş millətimizi birləşdirməliyik.
Rauf müəllimlə son vaxtlar nisbətən tez-tez görüşürük. Qərbi Azərbaycan İcmasının işində çox fəal iştirak edir. Atalar demiş: -niyyətin hara, mənzilin ora. Onun da niyyəti, məqsədi soydaşlarımızın Qərbi Azərbaycandakı dədə-baba yurdlarına, öz doğma ata ocaqlarına qayıdacaqlarına inam hissini artırmaq, onların karvanına qoşulub doğulduğu Açağu kəndinə qayıtmaqdır.
Rauf müəllim elə bir ucalıqdadır ki, çox-çox uzaqlardan seçilir, yaxınlaşdıqca hərarəti könül qızdırır, yaxşı tanıyanlar tərəfindən ürəkdən sevilir və özünün olmadığı yerlərdə yeri görünür. O böyüklükdə insanın həyatını, fəaliyyətini, missiyasını bir qəzet məqaləsi deyil, heç bir kitaba da sığdırmaq mümkün deyil. Mən sadəcə öz gördüklərimin, bildiklərimin bir qismini yazmaqla onun nə qədər təmənnasız, nə qədər comərd, xeyirxahlıqdan zövq alan alicənab olduğunu oxucularımızın diqqətinə çatdırmaq istədim. İstədim hamı bilsin ki, təkcə mənə- tanımadığı, üzünü görmədiyi birinə bu qədər sayğıyla, bu qədər diqqət və qayğıyla yanaşan insan dostlarının, doğmalarının, ətrafındakıların yolunda nə qədər əzab-əziyyətə qatlaşıb. Nə qədər ağır yüklərin altına çiyin verib?! Bir sözlə, nəsil-nəcabətinə baş ucalığı, el-obasına üz ağlığı gətirmək üçün özünü şam kimi əridib. Əridikcə də nuru çöhrəsinə vurub.
Əzizim Rauf müəllim, sizə hədiyyə edəcək dəyərdə nəsə tanımıram . Ona görə də xahiş edirəm, 70 illik yubileyinizə ünvanladığım söz çələngimi qəbul edin! Sizə sevgi və sayğılarla:
Tamxil ZİYƏDDİNOĞLU,
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
Hərbi Jurnalistlər Birliyinin sədri.



Rauf Tağıyev həyat yoldaşı Nailə xanımla

Soldan qardaşı Nurəddin, oğlu İlqar, Rauf və qardaşı Aqil

Rauf Tağıyev general-leytenant Kərim Kərimovla

Nəvəsi Fatehlə

Tələbələri ilə


Tanıtım: Rauf Tağıyev 1953-cü il noyabrın 18-də Qərbi Azərbaycanın Qafan rayonunun Açağu Kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat fakültəsini bitirib.1986-cı ildə elmi iş müdafiə edərək Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
alimlik dərəcəsi alıb. 30-a yaxın elmi məqaləsi çap olunub.
1997-ci ildən Bakı Dövlət Universiteti Ali riyaziyyat kafedrasının baş müəllimi olan Rauf Tağıyev paralel olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiə Nazirliyi kollegiyasının məsul katibi, məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəis müavini və rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikasında yaradılmış bir sıra dövlət, hökumət komissiya və nümayəndə heyətlərinin üzvü, 2002–2007-ci illərdə Avropa Şurası Miqrasiya Komitəsinin (SDMG) Azərbaycan təmsilçisi olub. Azərbaycan Respublikasının bir sıra qanunlarının (o cümlədən, Əmək Məcəlləsinin, Miqrasiya Məcəlləsinin) hazırlanmasında fəal iştirak edib.


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!