20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 25-11-2022, 07:34
Şeyx Nizamini ziyarət və ya səkkiz gün piyada yol gedən yolçu

Şeyx Nizamini ziyarət və ya səkkiz gün piyada yol gedən yolçu

Nizami Gəncəvi bəşər mədəniyyətinin dühalarındandır. Onun poeziyası həmişə zamanın fövqündə dayanıb. Yəqin ki, dünya durduqca belə olacaq. Nizami sənətinin genişliyindən cild-cild kitablar yazılıb, insanlar zaman-zaman onun sözünün sehrinə düşüb. Bu genişliyin məğzini, mənasını nələr şərtləndirir? Bu suala hərə bir cür cavab verib. Mən yazıda sübutlar, aksiomlar, postulatlar yürütmək fikrində deyiləm. Nizamiyə hər kəsin öz münasibəti var – alim yanaşması bir başqadır, şair yanaşması tamam başqadır. Bir də Nizami aşiqi olan sadə insanlar var.
Bu günlərdə Buzovna qəsəbəsinin axundu, ilahiyyatçı alim, şair Hacı Soltan Əlizadə mənə bir əhvalat danışdı. Bu vaqeə məni son dərəcə təsirləndirdi. Buzovna qəsəbəsində sadə həyat tərzi sürən, maldarlıqla ailəsini dolandıran bir insan yaşayır. Heybət Hacı Dadaş oğlu. Onun Nizami şəxsiyyətinə və yaradıcılığına vurğunluğunu sözlə ifadə etmək çətindir. Onun Nizamiyə sevgisində hardasa ilahi bağların olduğuna inanıram. Heybət kişi Nizamiyə vurğunluğunu qeyri-adi formada ifadə edib. Necə? Deyim, siz də agah olun.
Hacı Soltan danışır:
Günlərin bir günü yolla gedirdim, Heybət kişigilin qapısından keçəndə gördüm, qapının ağzında kətil qoyub oturub. O, əlində Nizaminin kitabını tutmuşdu və kitabı oxuduqca gözlərindən yaş süzülürdü. Ayaq saxladım, salamlaşdıq. Soruşdum ki, Heybət kişi, nə baş verib, niyə ağlayırsan? Dedi ki, Hacı, bilirsən, Şeyx Nizami ömür boyu Həcc ziyarətinə getməyi arzulayıb, amma bu, ona qismət olmayıb. Gör e, o boyda Nizamiyə bu müqəddəs ziyarət qismət olmayıb! Amma indi baxıram, elə adamlar Həccə gedir ki, deməyə söz tapmıram. Buna görə ağlayıram... Allah Şeyxin məqamını həmişə uca eləsin!
Heybət kişi heç vaxt “Nizami” deməz, ondan söz düşəndə həmişə ehtiramla “Şeyx” deyər. Hacı Soltan danışır ki, Heybət kişinin bu sözləri məni mütəəssir etdi. Uzun müddət onun bu sözləri fikrimdən çıxmadı.
Doğrudan da, heç bir savadı olmayan sadə bir kəndli çoxlarının əhəmiyyət vermədiyi bu incə məqamı tuta bilib və sidq-ürəkdən Nizaminin Məkkəni ziyarət edə bilməməsinə təəssüfünü göz yaşlarıyla ifadə edir. Nizami ona görə böyükdür ki, elmsiz, təhsilsiz insanlar da ondan nəsə götürə, faydalana bilir. Əslində Nizaminin mürəkkəbliyi aydınlığındadır. O, özünün hikmət xəzinəsini hər kəsin üzünə açıb və hər kəs öz düşüncəsinə uyğun o xəzinədən özü üçün nəsə götürə bilib. Nizami sanki əl yeri bilinməyən bir xalça toxuyub, bu xalçada hər şey nə vaxtsa, hardasa olub. Amma hər şey yenidir, təkrarsızdır. Sehrli barmaqlar bu xalçanı ideal səviyyədə yaradıb, gördüyümüz, bildiyimiz gerçəklərdən yaradıb.
Hacı Soltan danışır:
Aradan uzun müddət keçdi. Günlərin bir günü Heybət kişi mənə dedi ki, Hacı, sabah səhər sübh namazından sonra yanına gələ bilərəm? Dedim, əlbəttə, nə məsələdir? Dedi mən əhd eləmişəm, Buzovnadan Şeyx Nizaminin Gəncədəki məqbərəsinə qədər pay-piyada yol gedəcəyəm. Heyrətə gəldim, bu qədər uzaq yolu piyada necə getmək olar? Dedi Hacı, xahiş edirəm, məni Quranın altından keçir, mənə xeyir-dua ver, sağ-salamat gedib gəlim. Amma sən Allah, bu söhbət ikimizin arasında qalsın, heç kəs bilməsin. Baxdım ki, səfər paltarındadır, yeməyə də özüylə azuqə götürmüşdü. Xeyir-dua verdim, sağollaşdıq. Heybət kişi yola düşdü. Bir neçə gün fikrim onun yanında qaldı ki, görəsən necə oldu, necə getdi, sağ-salamat mənzil başına çata bildimi? Zarafat deyil, 400 kilometrlik yolu gecə-gündüz pay-piyada getmək hər adamın işi deyil. Görün, bunun Nizamiyə eşqi, məhəbbəti nə qədər böyük imiş! Gəncədə Nizaminin məqbərəsi tikiləndən bəri belə bir hadisə yəqin ki, heç vaxt yaşanmayıb. Onun salamatlığı üçün dua edirdim.
Heybət kişi sərasər səkkiz gün iyirmi saat yol gedir. Rayonlardan birindən keçəndə qarşısına bir dəstə adam çıxır. Qəribə görkəmi, səfər geyimində olması onların diqqətini cəlb edir. Ondan hara getdiyini soruşurlar. Deyir ki, Şeyx Nizaminin məqbərəsini ziyarətə gedirəm. Soruşurlar ki, o kimdir? Heybət kişi bərk əsəbiləşir, özündən çıxır. Deyir siz Şeyx Nizamini, Azərbaycanın mütəfəkkir şairini tanımırsınız? Ayıb olsun sizə! Adamlar onu anlamırlar, təəccüb içində ötüb keçirlər. Növbəti dəfə qarşısına çıxan adamlar ondan hara getdiyini soruşurlar, Heybət kişi səfərinin məqsədini dilə gətirir. Adamlar yenə onu anlamırlar.
-Yaxşı, bu səfərinin məqsədi nədir? – deyə soruşurlar.
-Şeyx Nizami böyük şairdir, müqəddəs adamdır. Mən əhd eləmişəm ki, piyada onun məzarına qədər yol gedib o türbəni ziyarət edəcəm,- Heybət kişi cavab verir.
Adamlar başlarını bulayıb ötüb keçirlər.
Heybət kişi yorulanda, acanda yolüstü kafelərdən birinə girib nahar edir, həm də bir az dincəlirmiş. Sən demə, imkanlı, vəzifəli şəxslərdən biri onu görüb maraqlanıb ki, bu adam kimdir, hara gedir? Deyiblər Nizaminin məqbərəsini ziyarətə gedir, özü də pay-piyada yola çıxıb. Həmin şəxs sürücüsünə tapşırır ki, nəzarət elə, yol boyu bu adam hansı kafeyə, restorana girsə, ondan pul almasınlar.
Heybət kişi Nizaminin məqbərəsinə çatanda tamam haldan düşmüşdü, ayaqları şişmiş, ayaqqabıları sökülüb bir neçə yerdən çat vermişdi. Danışır ki, özümü məzarın üstünə güclə çatdırdım, elə oradaca düşüb qaldım. Məqbərənin bələdçiləri bu qəribə ziyarətçinin halını görüb təsirlənmişdilər. İlk dəfə idi ki, belə ziyarətçiyə rast gəlirdilər. Heybət kişi nəzir edibmiş ki, Şeyxin məqbərəsinə sağ-salamat çatsa, ordan da İmamzadə pirini ziyarət edəcək. Orda tanımadığı bir adam Heybət kişiyə pul verir ki, bu nəziri də mənim adımdan İmamzadəyə apar.

Hacı Soltan deyir ki, 2021-ci il Nizami ili elan olunmuşdu. Hər kəs öz qabiliyyəti, bacarığı daxilində Nizamiylə bağlı öz töhfəsini verdi: alimlər Nizamişünaslığın toxunulmayan mövzularını araşdırıb tədqiqat əsərləri yazdılar, şairlər, yazıçılar bədii əsərlər yazdılar, rəssamlar Nizaminin əsərlərinin illüstrasiyalarını çəkdilər. Heybət kişi isə özünün təbirincə desək, Şeyx Nizamiyə məhəbbətini bu formada ifadə etdi. Səkkiz gün Nizami eşqiylə yol getdi; piyada, usanmadan, yorulmadan, bu yolun cəfasını sevgiylə çəkdi və ziyarəti qəbul olundu.
Nizami sözünün gerçək mənasının üstündə fövqəladə bir məcazi mənası və onun minbir zənginliyi iç-içədir. Real məna o qədər möhtəşəm təmasdır ki, ən uca, ən uzaq məcaz dünyasını çiynində daşıya bilir. Heybət kişinin Şeyxin ruhu ilə təması ilahi eşqin təcəllasıdır və məcazlar dünyası bu görüş üçün zəmin hazırlamışdı. Heybət kişi Nizaminin kitabını dəfələrlə oxuduqca onun fəlsəfəsinə özü də bilmədən aşina olmuşdu, Şeyxin ilahi həqiqət məqamına yüksəlmişdi və içində möhkəmlənən bu həqiqət onu bu uzun və çətin bir səfərə sövq etmişdi. Allaha can atan insanın sevgisində təmənnasızlıq var. Peyğəmbərlərin, övliyaların, alimlərin yolunda hər cövrü-cəfaya dözə bilmək üçün insanın içində bir iman işığı parlamalıdır. Heybət kişinin mənəvi dünyası iman işığı ilə müzəyyən idi.
O, Nizaminin yetişdirdiyi insan idi.
Kənan Hacı


Paylaş



Bölmə: Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!