BƏƏ Prezidenti İlham Əliyevlə əlaqə saxladı .....                        Müəllimlərin vəzifə maaşlarına əlavələr edildi .....                        ABŞ dövlət katibi Hakan Fidanla görüşdü .....                        Naxçıvanda ilk dəfə bu imtahan keçirildi .....                        Keçmiş ABŞ prezidenti reytinqlərdə Baydeni üstələdi .....                        Ərdoğan BMT-də islahatlar aparmağa çağırdı .....                        Putinin namizədliyiylə bağlı işçi qrupu yaradıldı .....                        Xankəndidə qalan erməni sakin həyat yoldaşıyla abidəni ziyarət etdi .....                        Kanadanın XİN Başçısı da Bakıyla İrəvanın birgə bəyanatına reaksiya verdi .....                       
29-01-2022, 17:55
Bacılar, daha mənə bacın qurban deməyin!

Mənim beş bacım vardı. Amma indiyədək nə qədər zəngin bir xəzinəyə sahib olduğumun fərqində deyildim. Böyük bacım Bahar ailə ömrümüzün ilk baharı oldu. Ata ocağımıza uşaq səsi, övlad nəfəsi gətirdi. Beş bacı, iki qardaşın böyüyü oldu. Bizlər böyüdükcə də o müdrikləşdi, yolumuzu aydınlatdı, bəzən taleyimizə işıq tutdu.


Bəs sən neylədin, ikinci bacım-Elmira?! Ailə sarayımızdan bir “kərpic” saldın. Həm də elə saldın ki, onu nə yerinə qoymaq, nə də yerini doldurmaq olar. Ata ocağından pərən-pərən düşmüş qardaş bacıların qürbətlərdə həyatın hər cür ağrı-acısına sinə gərib duruş gətirdiyi bir vaxtda qəfil gedişinlə qəddimizi əydin, hərəmizin ürəyində bir yara açdın. Elə bir yara ki, nə qaysaq bağlayar, nə sarğı tutar.
Sənin ölümünü heç ağlıma belə, gətirmirdim. Gizlicə arzulayırdım ki, döğmalarımın arasından birinci mən gedim və bu bir bəxtəvər gediş olsun. Bacılarım-Bahar, Elmira, Zeynəb, Əzizə, Nəzifə cənazəmin başında halay çəksin. Qardaşım Neyman el-obanın, dost-tanışın başsağlığını qəbul eləsin. Bacım oğlanları-Şahin, Əleyman, Asif, Əşrəf, Aydın, Ayaz, Kamal, Elçin, Əfranla Əfqan tabutumu qaldırsın, qızlarım isə anaları ilə arxamca baxsın. Gəray gözümə torpaq atsın. Beləcə dünyamızla urvatlı vidalaşım…

Amma sən ömrümün xəzanın gətirdin. Əlimi işdən, dizimi təpərdən, gözümü nurdan saldın. Vallah, sənin qədər mənə zülm eləyən olmadı. Hər səhər çayıma göz yaşı qatdın. Ürəyimin yaşamaq eşqini söndürdün. Çünki son vaxtlar ürəyimdən çox keçirdi ki, sizi başıma yığım, o illərə qayıdaq. Od -ocaqlı, yurd-yuvalı günlərimizi xatırlayaq. Çimənyurda, Musuyurduna yaylağa köçdüyümüzü, Meşəbaşına, Kövşənə binə düşdüyümüzü yada salaq. Yığdığınız kəkotunun, çaşırın, əvəliyin, zərisin, yemliyin, cacığın, talalardan topladığınız çiçəklərin ətrindən danışaq. Əksimizi dəryalara daşıyan ayna bulaqlarımızın axarına düşək, Kurud kəndimizin min cür nemətinin həsrətindən köks ötürək. Qış günləri soba üstünə döşədiyiniz kartofdan, bir az da mən şuluq eləyəndə əlinizə keçəni alıb qovarağımı götürməyinizdən deyib, gülək. Bir sözlə, o bəxtəvər- bacılı günlərimə qayıtmaq istəyirdim. Sən məni qabaqladın. Bizi məzarının başına yığdın. Burda peşman-peşman ağlar qoyduğun bacılarımın, balalarının, gəlinlərinin üzünə baxıram. Bilmirəm hansını ovudum, hansının göz yaşın silim…
İndiyə qədər məndən bir şey istəməyən Səriyyə bu gün qarşıma dikilib dayı, anamı ver,- deyir,-mən anamı istəyirəm! Çarəsizlikdən ona qoşulub ağlamaq, hönkürüb ürəyimi boşaltmaq istəyirəm. Amma sənin taleyin o qədər keşməkeşli, dərdlərin o qədər dözülməz olub ki, səni rahatlıqla ağlamaq olmur. Ağlamaq tutanda ürəyim az qalır yerindən çıxa…

Belə məqamlarda adamı dərdin əlindən xatirələr alır. Bizim də acılı-şirinli xatirələrimiz var. Elə lap sənin uşaq vaxtlarından, yaşıdlarınla “Çatı-çatı”, “Axsaq qıçı”, “Top çəmən”, “Beşdaş” oynadığın, oyununuz pozulanda qardaşın ölsün deyən qızlarla saçyolduya çıxdığın günləri xatırlayıram. Yeni ildə Bahar bacımla, Zeynəblə birlikdə bizə “Yolka” bəzəyərdiniz. O vaxtlar indiki kimi zənginlik olmadığından Ardıc ağacına pambıq dolayıb, konfet, şokolad asmaqla gözəlləşdirərdiniz. Neymanla ikimiz xəlvətcə şokolatı soyub içini yeyər, kağızını olduğu kimi asılı saxlayardıq. Bu əməlimizdən “Yolka”nı sökəndə xəbər tutardınız. Növbəti bayramda-“Novruz” ərəfəsində isə bizə səməni cücərdər, yumurta boyayardınız. Beləcə xoşbəxt günlərimiz gəlib keçərdi…

Bir-birindən şirin, bir-birindən əziz olan o günlər geridə qaldı. Böyüdün. Ailə qurdun, ana oldun. Elə bir ana ki, övladların üçün kömür külünə dönəcək qədər yandın. Sovet dövründə bizim tərəflərdə görünməmişdi ki, hansısa valideyn neçə günlük yola çıxıb əsgər yanına getsin. Sən onu da etdin. İki illik ayrılığa dözə bilmədin. 1987-89-cu illər arasında bibimiz oğlu Əbülfəti bələdçi götürüb, Sverdlovsk vilayətinə-Asifin xidmət elədiyi hərbi hissəyə gedərək çəkdiyin bala həsrətinə son qoydun.
Qəribədir ki, ikimiz də martın 20-də doğulmuşuq. Sən ikinci bacı, mən ikinci qardaşam və sən nədənsə həmişə düşünürdün ki, bizi bir-birimizə bağlayan nəsə var. O qədər ibadətə bağlanıb, axirətə köklənmişdin fikirləşirdim ki, ya bacım məni bir qardaşı istəyəcəyindən çox istəyir, ya da bu bir fanatizmdir. Ona görə də hər şeyi İlahi mühakiməyə verir. Amma 2021-ci ilin dekabrında sənin haqlılığına əmin oldum. Belə əmin oldum ki, məni bir anın içində öldürücü həyəcan bürüdü. O cür dəhşətli həyəcanı heç zaman hiss etməmişdim. Nə müharibə bölgəsində, nə də 1988-ci ildə valideynlərimizi Qafandan gətirərkən erməni quldurları üstümə silah çəkəndə. Sən demə məni həyəcan basanda sən haqqa yürüyüb aramızdakı o İlahi bağı qoparırmışsan.
Bəli qopardın, həm də hamı ilə bütün bağları qopardın. İndi əzizlərin, səni sevənlər, tanıyanlar, xətrini əziz tutanlar xəyalınla danışır, səni xatirələrlə anırlar. Qayının oğlu Bəylər onu qollarının üstündə necə layla çalıb yuxuya verdiyindən, Vüqar isə onu oğlanlarından heç ayırmadığından ürək dolusu danışır. Övladların ana qayğını, şəfqətli əl işlərini, güzəranınızın ağır vaxtlarında uşaqlara şərf, əlcək, corab, papaq, palto toxuduğun günləri yada salırlar. Sonbeşiyin Ayazın dostu-Şahinin isə xatirələri qurtarmaq bilmir. Gah qızı Nərgizə, gah ailəsinə, gah da özünə olan analıq münasibətindən söz açır:

“Elmira xala bambaşqa idi,- deyir. Ayazla mənə heç fərq qoymazdı. Hətta bəzən mənə daha çox ərk edər, ona demədiklərini mənə deyər, mənə ürək qızdırardı. Mən də onun qulluğunda anam qədər sevə-sevə durardım, buyruqlarını can-başla yerinə yetirərdim. Əlinin duzunu, bişirdiyi yeməklərin ləzzətini də süfrəsinə qonaq olan hər kəs bilir. Onun bişirdiyi şirniyyatları, pirojkiləri xoşladığımı bildiyindən hər gələndə, iki daşın arasında olsa belə, mənim üçün bir şey bişirər, evə də pay göndərərdi. Həm də bizə üç pay qoyurdu. Birin yoldaşıma, birin anama, birini də qaynanama. Elə bizimkilər də onu o ki var əzizləyirdilər. Çox həssas olduğu üçün çalışırdıq ki, bütün hərəkətlərimiz ürəyincə olsun. Elmira xalanın yeri bizim ailədə hələ çox görünəcək”.
Bacı, xatirələrinlə bağlı söhbətimizi can bacım, sirrim, sirdaşım bacım, zəhmətkeş, cəfakeş bacım, hamının dərdini öz içindən keçirən bacım, tənhalara bacılıq edən mərd bacım, kişi tinətli bacım, süfrəsi boş analara süfrə açan bacım, -deyə- qulaqlarıma çığlayan bir səs pozdu. Uşaqların yerbəyerdən qalxıb qucaqlayanda öyrəndim ki, o səs 40 illik iş yoldaşın, 50 illik sirdaşın, dərddaşın olan Gəncə xanımın səsidir. O da qara xəbərin qanadında gəlib, səfi pozulan bacılarımıza qoşuldu və onu sənin yerinə qoydum. Qoydum ki, yenə 5 bacım olsun. Sənin üçün darıxanda ona zəng eləyim. Elədim də. Səsimi eşidib, adımı duyanda Tamxil, sənə qurban olum,- dedi. Ətim ürpəşdi. İstədim qışqıram, haray çəkəm ki, bacılarım, daha mənə bacın qurban deməyin! Bacı qurbanlığı çox acıymış…
Mənim bacım- Elmira Ziyəddin qızı Hacıyeva Zəngəzur mahalının Kurud kəndində doğulmuşdu. Kənddəki 8 illik məktəbi bitirdikdən sonra ailə qurmuş, bir müddət sonra Rabitə Texnikumunda təhsilini davam etdirmişdir. Bundan sonrasını onun hər sirrinə bələd olan Gəncə bacımdan dinləyək:

“40 ilimiz birgə keçdiyinə görə, aramızda sabahın xeyir, gecən xeyirə sözü olmayıb. Mən 1971-ci ildən Sumqayıt şəhərində Mərkəzi poçtda işləyirdim. Elmira bacım da 1975-ci ildə gəldi. Mən onda briqadir işləyirdim, o da poçtalyon işinə düzəlmişdi. Bildiklərimi ona da öyrətdim. 5-6 ay poçtdaşıma şöbəsində işlədi. Texnikumu bitirəndən sonra əməliyyatçı işlədi. Daha sonra işinə məsuliyyətini və diplomunu nəzərə alıb onu o vaxtlar Stansiya Sumqayıt adlanan qəsəbədəki poçt şöbəsinə müdir təyin elədilər. Orda bir neçə il işlədikdən sonra 9-cu mikrorayonda böyük bir poçtçatdırma şöbəsi yaradıldı. Demək olar ki, şəhərin bütün poçtlarını, poçtalyonlarını ora birləşdirdilər. Bir növü mərkəzləşdirilmiş poçt oldu. Hardasa 150-dən artıq işçisi vardı. Elmira bacımı həmin poçta rəis təyin elədilər. Eyni vaxtda həm oxumaq, həm işləmək, həm də 5 uşaq böyütmək hünər istəyirdi. Belə ağır şəraitinə baxmayaraq çox məsuliyyətli, tələbkar, işinin öhdəsindən gələn idi. Verilən bütün tapşırıqları, iş öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirirdi. Yoldaş olduğumuz illər ərzində kiminsə ona işinə görə irad tutduğunu görmədim. Çünki o qüsurlu iş görməzdi. Sonra həmin şöbə iş prinsipinə, plan tapşırıqlarını ödəməkdə fərqləndiyinə, bir sözlə öncüllüyünə görə onu 1 saylı şöbə elan elədilər. Elə bacımız da pensiyaya çıxana qədər orda işlədi. 25 ildən sonra mən də onun müavini oldum.
Hansı şöbəki geri qalırdı, işləri yaxşı getmirdi bacımı ora göndərirdilər. Gedib 2-3 aya işləri qaydasına qoyub, şöbəni qabaqcıllar sırasına çıxarıb geri dönürdü. Belə gördüm mən onu. İşcilər arasında həmişə birinci olub. Əmək veteranı idi. Dəfələrlə mükafat, fəxri fərman almışdı. Deyim ki, təkcə işin nəticəsini fikirləşirdi yox, işçilərin də qayğısına qalan, kimin nə problemi olsa həll etməyə çalışan gözəl insan, cəfakeş ana idi. Uşaqlarının hamısı gözümün qabağında böyüyüb. Ürəklə deyə bilərəm ki, nə yaxşı xasiyyət varsa Elmira bacımda cəmlənmişdi. Bizim münasibətimiz işçi-müdir münasibəti deyildi. Biz sirdaş idik. Mənim 3 bacım var, onlarla bir o qədər sirdaş olub dərdləşə bilməmişəm. Onunla bütün dərdimizi, sirrimizi bölüşürdük. Ona çox isnişmişdim. Pensiyaya çıxıb işdən ayrılsaq da, bir- birimizdən ayrıla bilmirdik.
O, məni həmişə qoruyurdu. Ayaz Bakıya köçəndə onu da apardı. Ondan sonra görüşə bilmirdik. Bir dəfə 9-cu mikrorayondan əşyaların aparmağa gəlmişdi, mənə zəng elədi. Tez taksi tutub gəldim. Görüşdük, dərdləşdik. Neçə dəfə qapının kandarına çıxıb geri qayıtdım. Heç ayrıla bilmirdik. Bir-birimizə sarılıb ağlaşıb ayrıldıq. Bu son görüşümüz oldu. “Korona” bəlası çıxandan bəri, ancaq telefonla danışırdıq. Mənə deyirdi, heç yana getmə. Vaksin də vurdurmamısan, özünü qoru!
Can bacım, o, məni qorudu, mən onu qoruya bilmədim, qardaş, 50 illik xatirə danışmaqla bitən deyil. Konturun qurtarır. Bircə onu da deyim ki, səndən çox danışırdı. Səninlə nəfəs alırdı, deyirdi ürəyim Tamxilnən döyünür.

Bacı, mən daha çox dinləmək, ürəyinin döyüntülərini duymaq istəyirdim. Amma Gəncə bacım konturun bitər,- deyib ara verdi. Nə deyim? Bütün bacılar belədir. Hamınız qardaşların qəhrin çəkir, özünüzü qurban deyir, amma malına, puluna qıymırsınız.
Xatirələri dinləyə-dinləyə 45 il əvvələ getdim. Hərbi komissarlıqdan çağırış vərəqəsi gəlmişdi. Bir neçə gündən sonra əsgər gedəcəkdim. Anam hazırlıq görürdü, mən yatırdım. Elə təzə yuxuya getmişdim ki, üzümə damcı düşdü. Gözümü açanda gördüm Elmira başımın üstündə durub ağlayır. Onda bir az arıq, çəlimsiz idim. Həmin il məni xidmətə aparmadılar. Sən demə, Elmira atama yalvarıb ki, komissarlığa get, onu heç olmasa bircə il saxlat, bir az muğayat olaq, ətə-qana dolsun!
45 il sonra dumanlı, çiskinli havada bacımı torpağa tapşırıb evə gəlmişdim. Təsvir edə bilməyəcəyim duyğularla, əzgin vəziyyətdə çarpayıya uzandım. Gördüm yenə bacım başımın üstündədir, amma bu dəfə ağlamırdı. Gözlərimi sığallayırdı. Bir xeyli sığal çəkəndən sonra gözümü açdım. Ətrafa baxdım, kimsə gözə dəymirdi…
Elmira, o gündən xəyalın əlimdən tutub məni gəzdirir. Hara getsəm gözümün önündəsən. Baxdığım hər yer, gördüyüm hər şey səni xatırladır. Geyindiyin paltarın heç birinin rəngi yadımda deyil. Səni hər yerdə ağ geyimdə görürəm. Bəlkə havalanmışam, bəlkə dəli olmuşam, bilmirəm. Onu bilirəm ki, dekabrın 22-dən sonra ilk dəfə yanvarın 22-də başımı qaldırıb göy üzünə baxdım. Bircə ulduz görünürdü. O da səni xatırlatdı, sənin kimi ağ geyimdə bərq vurur, göy üzündə cilvələnirdi. Baxmaqdan doymadım. Gözlərimin dəryasında qərq olunca baxdım. Və uşaqlar nəvələrin Billurla Elmiranı inandırdıqları kimi, mən də özümü inandırdım. İnandırdım ki, o göy üzündə gördüyüm sənsən…

Bacı, hər bahar gələndə, hər torpaq oyananda, hər “Novruz” yaxınlaşanda qəbir ziyarətinə gedirdim. Nakam qardaşı ilə həddi buluğa çatmamış balalarını başına yığan atamın ziyarətinə. Baxırdım ki, məndən qabaq biri gəlib. Qarayaşlı Şərəfxanımın, 3 yaşına çatmamış haqqa qanadlanan Məshətimin qəbri üstünə bayram səmənisi qoyub, ətrafını qərənfillərlə bəzəyib. O, sən idin. Gəlişindən, gedişindən bilirdim. Nə mən deyirdim, nə də sən eşitdirirdin. Hər kəs bildiyini özündə saxlayırdı. Budur, yenə “Novruz” yaxınlaşır, yolunu gözləyirlər, yəqinki bu dəfə gələ bilməyəcəksən. Amma əminəm ki, ruhun gələcək, nə vaxt gəldiyini, necə gəlib getdiyini bilən olmayacaq. Mənimlə halallaşmağa gəldiyin kimi…
Son gəlişin çox həzin, çox hüznlü idi. Ağrıdığın üçün heç maskanı da çıxarmadın. Danışmaq da istəmirdin. Həmişə sənə pay qoyanda hay-həşir qoparırdın, bir çöpümüzü, belə, aparmağa qıymırdın. Amma bu dəfə Allah verəndən nə qoydularsa dillənmədin, götürdün. Gedəndə də Allah gözümü kəsməsin,- dedin. Qal dedim,- səhər səni həkimə aparım. Qalmadın. Həmişə səni darvazadan özüm yola salırdım. Bu dəfə getməyini istəmirdim, deyə-qüssə məni basmışdı. Dalınca çıxa bilmədim. Uşaqlar yola saldı və bu son gedişin oldu. Xəstəxanaya getdin. Nigaran olanlara deyirdim,- Elmira mənimlə halallaşmadan getməz, siz narahat olmayın! Amma sonradan anladım ki, sən o gün xəstə halınla elə mənimlə halallaşmağa gəlibmişsən. Payımız da axır payın olduğu üçün xətrimizə dəyməmisən…
Oturub şəkillərinə baxırdım. Həmidənin toyunda qoluma girib çəkdirdiyin son şəkildə o qədər bəxtəvər görünürsən ki. Kaş mən yanında olanda nə qədər bəxtəvər olduğunu sağlığında bilərdim. Bilsəydim səndən heç ayrılmazdım…

Bacı, mənsiz keçən ağır günlərində yanında ola bilmədiyim üçün məni bağışla! Onsuz da özüm bağışlaya bilməyəcəyəm, heç olmasa sən bağışla!
Sən məni bağışla, qurbanın olum,
Dar gündə yanında ola bilmədim.
Səndən əsirgədim, qırılsın qolum,
Qolumu boynuna sala bilmədim.

Qocalmamış tor ələndi gözümə,
Titrəyir əllərim, baxmır sözümə.
Sən gedəndən yer tapmıram özümə,
Bir yer elə gələcəyəm yanına.

Cismimdə canım yox, ruhum da uçub,
Gecələr yatmıram, yuxum da qaçıb.
Qırx günün içində dərdim dil açıb,
Fikir verən yoxdu ah-fəğanına.

Göz yaşımla xatirəni yazıram,
Misra-misra məzarımı qazıram.
Ağ kəfəndə görüşünə hazıram,
Qıyarsanmı Tamxil qıya canına?!

Bilirsən könlümə nə düşüb? İstəyirəm Kurutda-ata evimizdə olaq. Mən nadinclik eliyəm, sən də odun sobasının qırağından maşanı götürüb məni gözdən itənə qədər qovasan. Amma qayıdanda səni evimizdə görəm…
Bacı, bilirəm, ruhun da mənimlədir. Ona görə sənə bir sirr verəcəm. İlk rekviyemi Sumqayıtdakı “Uşaq məzarlığı”nda yazmışdım. Deyəsən mənə yazı qabiliyyəti verənə xoş getməmişdi. İki körpə balamı əlimdən aldı. Sonra əzizlərimi, dostlarımı aldı, mən yenə yazdım. Axırda məni cəzalandırmaq üçün səni əlimdən aldı. Budur, yenə Sumqayıt məzarlığındayam. Bu dəfə səninlə təkbətək, baş-başa. Elə burdaca sənə bir söz verirəm, daha rekviyem yazmayacağam…

Sonuncu sözümü də deyim biləsən ki, sənə görə yüzlərlə bəlkə də minlərlə dost-tanışım, əqidədaşım, el-oba adamı, Bütöv Azərbaycan sevdalısı dərdimə şərik olub. Üzbəüz, telefonla, qəzet, social şəbəkə vasitəsilə mənə başsağlığı verib, səbr diləyiblər. Onlardan bircəsinin adın şəkəcəm, Əntiqənin. Məni özünə qardaş sayan Əntiqə Rəşid bircə kəlmə dedi. Dedi qardaş, “keşkə” Allah sənə o dərdi verməyəydi.
Bacı, bu “keşkə”nin ifadə tərzi mənə madar qardaşını faciəli şəkildə itirmiş bir bacının fəryadı, naləsi kimi gəldi. Heç deyə bilmədim ki, bəli, kaş ki, Allah heç birimizə bu dərdi verməyəydi. Bu dərddən bitməyən həsrət doğur.

Həsrətlə: qardaşın
Tamxil Ziyəddinoğlu


P.S. Fürsətdən istifadə edib dərdimizə şərik olan, bizə başsağlığı verib, səbr diləyən hər kəsə ailəmiz adından minnətdarlığımızı bildiririk. Hər birinizə xeyir işlər arzulayırıq!

28-01-2022, 11:32
“Azərbaycanla Ermənistanın dəmir yoluna dair qarşılıqlı anlaşması var” - Qriqoryan

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan regional nəqliyyat kommunikasiyalarının açılmasından danışarkən deyib ki, Bakı və İrəvan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var.

Modern.az-ın məlumatına görə, “dəmir yolu ilə bağlı müsbət məqamlar var”, - deyən Qriqoryan hazırda ekspertiza işlərinin aparıldığını, nəticələrini daha sonra açıqlayacağını qeyd edib.

Bbaş nazir müavininin sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə konkret iş aparır - bu, Ermənistan ərazisində olan həmin hissələrdə dəmir yolunun tikintisidir.

Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Soçi və Brüsseldə keçirilən görüşlərdə dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə olunduğunu və təsdiqləndiyini təsdiqləyib. Bununla bağlı Ermənistanın baş naziri yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.

Bütöv.az
27-01-2022, 12:47
Zəngəzur dəhlizi gözlənildiyindən tez istifadəyə VERİLƏCƏK

Artıq Horadiz şəhərindən qatarlar işğaldan azad olunan Cəbrayıl rayonuna hərəkət edə bilirlər.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ümumi uzunluğu 110.4 km olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb:
"Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Bu arada Ermənistanın baş naziri Arazadəyən-Horadiz dəmir yolu xəttinin öz ölkəsindən keçən hissəsinin bərpası ilə bağlı işçi qrupu yaradıb. Bərpa olunacaq dəmiryolu xətti Zəngəzur Dəhlizinin Ermənistan hissəsini əhatə edəcək və Horadiz-Ağbənd xəttinə inteqrasiya olunacaq".
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinin intensiv həyata keçirilməsi Zəngəzur dəhlizinin gözlənildiyindən daha tez istifadəyə veriləcəyindən göstərir:
"Daha qısa zamanda Azərbaycan vətəndaşları Zəngəzurdan keçməklə quru yolu ilə ölkəmizin qərb hissəsindən Naxçıvana səfər edə biləcəklər. Bütün yollar Zəngəzura aparır!"

Bütöv.az
17-01-2022, 16:23
“Caliber”in Zəngəzurda aşkarladığı tapıntı: “Ermənilərin çıxış yolu yoxdur” - VİDEO

“Caliber” layihəsinin Qərbi Zəngəzurla sərhəd ərazidən hazırladığı növbəti buraxılışı təqdim olunub.

Sözügedən buraxılış “Caliber”in “Youtube” hesabında yayımlanıb.

Videoda həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məqamlara toxunulub.

“Caliber” komandası çəkiliş zamanı ərazidə SSRİ dövründən qalma və sərhədlərin delimitasiya və demarkasiya prosesinə kömək edə biləcək tapıntı aşkarlayıb.

Ətraflı videoda:



Bütöv.az
31-12-2021, 19:54
Təbrik edirik!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qürbət qızı Qəhrəmanova Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edilib.
"Bütöv Azərbaycan" qəzeti ilə əməkdaşlığını nəzərə alaraq, redaksiyamızın kollektivi də Yeganə xanımın uğuruna sevinir, ona pedaqoji fəaliyyətində və yaradıcılıq sahəsində uğurlar diləyir.
Hər yeni ili xoş xəbərlərlə qarşılamasını arzulayır.
29-12-2021, 19:01
İran Zəngəzurda konsulluq açır - VİDEO

İran İslam Respublikası Zəngəzurun Qafan rayonu ərazisində diplomatik konsulluq açacaq.

Dekabrın 29-da İran hökuməti Xarici İşlər Nazirliyinin bu təklifini təsdiq edib.



Bütöv.az
28-12-2021, 11:18
İrəvan Zəngəzur dəmir yolunun xərcini açıqladı

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin təmiri 226 milyon dollar başa gələcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi idarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mehri bölgəsindəki işlər, təxminən, 221 milyon dollara başa gələcək. Burada dəmir yolunun uzunluğu 45 kilometr olacaq. Təxminən 5 milyon dollar da Arazdəyən rayonundakı sahənin (1 kilometr) təmirinə sərf olunacaq.

Bütöv.az
22-12-2021, 04:01
Festivaldan Zəngəzurda  görüşmək ümidi ilə...


Avrasiya ədəbiyyat festivallarını birləşdirən "LiFFt" Festivallar Festivalı 2016-cı ildən etibarən hər il Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçirilir. Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci "LiFFt" Festivalı 2021-ci ildə Türkiyədə, İstanbul şəhərində ədəbiyyatsevərləri bir araya toplayıb. Festivala 69 ölkədən, 500-ə yaxın şair - Türkiyə, Azərbaycan, Amerika, Rusiya, Belçika, Avstriya, Qazaxıstan, Qırğızıstan, İsrail, Misir və dünyanın digər ölkələrindən qatılıblar. Festival Pandemiya şəraitinə uyğun olaraq, Taksimdəki İstanbul Kültür Mərkəzi “Yapı Kredi” səhnəsindən və ekranından, eyni zamanda LIFFT YouTube kanalında yayımlanmışdır.
Festival, Beynəlxalq Ədəbiyyat Hərəkatının Prezidenti, Rusiyanın avanqard şairi Margarita Al tərəfindən "Biz eyni planetin insanlarıyıq" devizi ilə açılmışdır.

Festival çərçivəsində bir çox görüşlər, dəyirmi masalar, təqdimatlar təşkil olunmuşdur. Festivalın təşkilatçıları LIFFT Vəqfi, Avrasiya Xalqları Assambleyası Ədəbiyyat Şurası, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliyi) olmuşdur.
Festivalın müxtəlif nominasiyalar üzrə qalibləri elan edilmişdir. Qızıl medalı Misir şairi Aşraf Aboul Yazid qazanmışdır. Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt Festivallar Festivalı qalibi tanınmış Misir şairi Aşraf Aboul Yazidin həmçinin kitabı “Qızıl LiFFt” seriyasından ingilis dilində dərcinə layiq görülmüşdür. O, 6-cı festivalın Misirdə keçirilməsini öz ölkəsi üçün təmin etmişdir.
Xatırladaq ki, öncəki illərdə laureat adlarını Tuğrul Tanyol (Türkiyə), Varis Yolçuyev (Azərbaycan), Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) qazanıblar. Ümumilikdə, dünyanın 69 ölkəsinin -ABŞ, Avstriya, Türkiyə, Azərbaycan, Belarus, Misir, Almaniya, Rusiya, Bolqarıstan, Boliviya, Braziliya, Yunanıstan, İsrail, Hindistan, Meksika, İspaniya, İtaliya, İrlandiya, Çin, Qazaxıstan, Qana, Argentina, Kolumbiya, Kuba, Macarıstan, Niderland, Yeni Zelandiya, Polşa, Pakistan, Rusiya, Rumıniya, Venesuela, Serbiya, Səüdiyyə Ərəbistanı, Ukrayna, Fransa, Çexiya, İsveçrə, CAR, Cənubi Koreya, Aruba, Barbados, Monserrat, San-Tome, Prinsipe və s., 196 yazarı festivalın iştirakçı Sertifikatına layiq görülmüşdür.
Azərbaycandan festivala qatılaraq müsabiqədən keçən, iştirakçı statusu qazanan yazarlar: Səidə Sübhi, Azadə Novruzova, Təranə Turan Rəhimli, Elmira Almasova, Sahib Məmmədov, Marina Kolomazova, Səriyyə Məmmədova, Nərgiz İsmayılova, Sadiq Qarayev, Ramil Əhməd və Ləman Bağırovadır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, şairə-publisist Azadə Novruzova Festivalın iştirakçısı Sertifikatı ilə yanaşı, Festivalın diplomu ilə də təltif olunmuşdur. Sözü dünyanın ən qiymətli cəvahiri sayan şairənin şeirləri də dünyada ilk dəfə hazırlanacaq 100 şair və yazıçının əsərlərindən ibarət « Jivoy Antloqii pisateley mira” adlı topluya salınacaq.
O, bu uğurunu müasir Azərbaycan ədəbiyyatının dünya xalqları arasında təbliğinə bir töhfəsi kimi dəyərləndirib. Diplomunun Nizami Gəncəvi Forumunun yekun ziyafət gecəsində dünyanın bir çox ölkəsindən qonaq olan dostlarının əhatəsində V Avrasiya Ədəbiyyat Hərakatının Prezidenti, hörmətli Mаrqarita Аl tərəfindən təqdim edilməsini sevinclə qarşıladığını bildirib. Festivala, bu nəhəng ədəbiyyat platformasına gələcək fəaliyyətində uğur diləyən şairə, sonda öz arzusunu belə ifadə etdi. Dostlarımdan tezliklə doğulduğum əsrarəngiz gözəllikləri olan Zəngəzurda görüşmək ümidi ilə ayrıldım...

İki damla göz yaşısan
sıxsam gözlərimi dənizə
gəmilər boğulacaq
balıqların donu daralacaq
dərya yetim ayrılıqlar doğacaq
həsrət-həsrət baxışlar boylanacaq
küçələrin gözlərindən.
Qəhər tıxanacaq boğazına
yosunlar dolaşıq düşəcək
telləri əlçimlənəcək dalğaların
qağayılar sərgərdan olacaq
özgə ellər Vətən olmur
qaçqın uşağa.
Vətən yarımır naxələfdən oğul doğanda
noğullar kəsərsiz olur
oğullar fərsiz olanda.
Arılar bal yığammır
çiçəklər solanda.
yağış ol, ələn üstümə
quruyum ...günçıxanda.

Butov.az
15-12-2021, 10:24
İlham Əliyevlə Nikol Paşinyan razılaşdı: Zəngəzur dəhlizi boyunca dəmir yolu xətti çəkiləcək

Zəngəzur dəhlizi boyunca dəmir yolu xətti çəkiləcək.

Bütöv.az-ın məlumatına əsasən, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında bildirilir.
Qeyd olunub ki, qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb.

Xatırladaq ki, Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
14-12-2021, 13:09
Nail Olpak: “Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativ olacaq”

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativ olacaq”.

Ordum.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak deyib.

Onun sözlərinə görə, üç ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün imkanlar genişdir: “Məsələn, bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard ABŞ dolları təşkil edib. İki ölkənin bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı genişlənir. İşğaldan azad edilmiş ərazilərdə böyük layihələrin icrasında birlikdə ola bilərik”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!