TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 25-08-2022, 06:53
Dostlarının gündəmindən düşməyən şəxsiyyət


Dostlarının gündəmindən düşməyən şəxsiyyət
(İlqar Musaoğlunun doğum gününə)

Peyğəmbər yaşını başa vuran jurnalist dostumuz İlqar Musaoğlu əslində çoxdan ağsaqqal imici qazanıb. Hətta içi mən qarışıq, onun bir-iki bayram kiçik olduğu əksər dostları, tanışları elə bilirlər ki, İlqar müəllim daha böyükdür. Ağır yerişi, təmkinli baxışları, dilinin ucunda bitmiş “qadan alım” ifadəsi ilə tanınan, ağayana davranışları, müşkülə düşənlərə təkcə dəyərli məsləhətlər verməklə kifayətlənməyib, həm də əlindən gələn qədər köməklik edən ağsaqqaldır İlqar Musa oğlu.
Yuxarıda söylədiklərimə görə onu qoca kişi saydığımı düşünməsin deyə, əlavə edim ki, İlqarın ruhu cavandır, həyata nikbin nəzərlərlə baxır, daim yerinə düşən şən zarafatlar edir, hərdən səsini ucaldıb mahnı da zümzümələyir, şeir də deyir. Səməd Vurğundan üzübəri çox şairlərdən əzbərlər bilir. Eldar Baxışın “Sərçə balası”, Sabir Sarvanın “Hara aparırsan bu gözəlliyi”, Ramiz Qusarçaylının “Qurudub göndərmə bənövşələri”, Əlizadə Nurinin “İlahi, nə gözəl ağlayır bu qız” kimi gözəl şeirlərindən parçaları misal çəkməklə isə zövqünün heç də qırışmadığını, ruhunun əvvəlki təravətdə qaldığını göstərir. İlqar müəllim hərdən mənim də bəzi şeirlərimi bəyənir və sonra da deyir ki, şeir yaza bilmək nə gözəl işdir, heyf ki, özüm yaza bilmirəm...
Yeri gəlmişkən, şəxsən ona həsr etmiş olmasam da, mənim çoxdan, hələ İlqar Musaoğlu ilə yaxın dost olmamışdan əvvəl yazdığım “Jurnalist” şeirimi elə bilirəm ki, elə ona həsr eləmişəm:

Məğrurdur qələmdəm çıxan çörəklə,
Əyrini, düşkünü oraqtək biçər.
Məsləki yolunda yanar ürəklə,
Özgə sevinci də, özgə qəmi də
Onun qələminin ucundan keçər,
Onun ürəyinin içindən keçər.

Ən adi rəqəmi, sözü də bəlkə
Yüz dəfə süzgəcdən keçirib yazar.
Ən kiçik xəbərə, böyük oçerkə
Gözünün yağını içirib yazar.

Hər cümlə - qəlbinin bir döyüntüsü,
Hər nöqtə - bir anlıq nəfəs dərimi.
Başda neçə adı yan-yana düzüb,
Ayaqda saxlayar imza yerini.

İlləri səpələr dağa, düzə o,
Kiçik bir sevinclə qatar başını.
Yaxını, uzağı gəzə-gəzə o
Yazar öz ömrünün reportajını.


Bu misraların arxasından məhz İlqar Musaoğlunun obrazının boylandığını yüzə-yüz iddia etmək olar. İllərdən bəri “Xalq qəzeti”nin bölgə müxbiri olan İlqar müəllimin sorağı təkcə xidmət coğrafiyasına daxil olan Şəki-Zaqatala arealından deyil, ölkənin bütün dilbər guşələrindən gəlir. O, hərdən zarafatla özünü “ölkə müxbiri” adlandırır. (Vaxtilə unudulmaz Xalq şairimiz Məmməd Arazın Lənkəranda yaşayıb-yaradan qələm dostu Şəkər Aslana “Sən bölgə şairi deyilsən, ölkə şairisən” deməsinə işarədir).
Onun bölgə deyil, məhz ölkə müxbiri olmasını təsdiqləyən digər amillər də var. Bunlar, Aydın Can demişkən, respublikada məşhur olan istənilən persona və üzdə olan hər kəs haqqında müfəssəl bilgiyə malikliyi, ölkənin bütün rayonlarındakı ağsaqqalları tanıması və onların ona rəğbətinin olması, dövlət idarələrində və seçkili orqanlarda təmsil olunanların yanında nüfuz qazanmasıdır.
...Bu yaxınlarda birgə çalışdığımız “Xalq qəzeti” redaksiyasının həndəvərində, Nizami Kino Mərkəzi ilə üzbəüzdə çay içirdik. İlqar müəllim məndən əslən həmyerlim olan bir generalı soruşdu. Tanımadığımı dedim. Başını buladı və telefonu götürüb Yardımlıda yaşayan jurnalist Şəmsəddin Şəbiyevə zəng elədi. Həmin general haqqında bilgilərini dəqiqləşdirdi. Şəmsəddin müəllim də öz növbəsində ondan işi düşdüyü bir məmuru tanıyıb-tanımadığını soruşdu. İlqar müəllim cavabında dedi ki, tanıyıram, filankəsin oğludur, əvvəllər filan nazirlikdə işləyirdi, indi də dediyiniz yerdə çalışır. Narahat olmayın, gedib mənim salamımı yetirsəniz, işiniz düzələcək. Elə inamla danışdı ki, Şəmsəddin müəllim də razı qaldı, söhbətə şahidlik edən mən də, gənc həmkarımız Fuad da onun hər kəslə necə səmimi dostluq münasibətinin olduğuna heyrət elədik.
Öz aramızda onu dostların, tanışların mandatsız deputatı adlandırırıq. Əslində, mandatı da var: inam, güvənc, etibar MSK-nın deputatlara verdiyi o bir parça kağızdan heç də geri qalmır, məncə.
İlqar Musaoğlunun hansı doğum gününü götürsək, mütləq bir-iki qəzetdə haqqında yazılanlara rast gələrik. Bir vaxtlar ünlü qələm dostumuz Məmməd Nazimoğlu ondan ilbəil yazıb. Sonra Əməkdar jurnalist İttifaq Mirzəbəyli həmin ənənəni layiqincə davam etdirib, özü də təkrarçılığa, taftalogiyaya yol vermədən. Yenə də yazır. Başqalarının, o cümlədən mənim də təbriknamələrim olub. Hələ ondan bəhs edilən onlayn media platformalarını, sosial şəbəkə seqmentlərindəki statusları, kontentləri, akkauntları hesaba almıram. O gün bu barədə söhbətimiz zamanı dedim:
- İlqar Musaoğlu , sən o adamlardansan ki, haqqında hər zaman nəsə təzə bir şey yazmaq üçün yetərli qədər fakt tapılar. Sən bir növ vəsfi tükənməyən sevgili Vətən timsalısan.
Üç il öncə Azərbaycan media tarixində maraqlı bir gün olub: üçü də bir qəzetdə çalışan jurnalistlər – Tahir Aydınoğlu, Namiq Əhmədov və İlqar Həsənovun 60 yaşları yaxın günlərə düşdüyü üçün eyni bir tədbirdə - Azərbaycan Mətbuat Şurasının toplantısında bəh-bəhlə qeyd edilib. Şuranın sədri Əflatun Amaşov da, digər çıxışçılar da ən xoş duyğularını dilə gətiriblər. Məsələn, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid deyib: “İlqar Həsənov yaxşı nə varsa, özündə ehtiva edən bir xarakter sahibidir. Duzlu-məzəli söhbətləri, məqamında dediyi sözləri, hədsiz bilgisi, məlumatlılığı onu hər kəsdən fərqləndirir. İlqarla həmsöhbət olmaq insanı fərqli ovqatlara salır. İlqar eyni zamanda, çox kövrək və həssas insandır. O, hər bir dostunun kədərinə şərik çıxan, dərdini, sevincini paylaşmağı bacaran etibarlı dostdur”.
“Xalq qəzeti”nin əməkdaşı İttifaq Mirzəbəyli isə deyib: “İlqar Həsənov müasir mətbuatımızın daim üzdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə peşəkarlıq, prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. İlqar Həsənov bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi "fəxri vətəndaşı" statusunu qazanıb”.
Sonda üstün yaradıcılıq keyfiyyətləri olan, jurnalistikamızın tanınmış simalarından sayılan yubilyarlara “Ali Media Mükafatı”, Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin hədiyyələri təqdim edilib.
İki il öncə milli mətbuatımızın 145 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunanlar arasında o da var – İlqar Həsənov “Tərəqqi” medalına layiq görülüb. Hələ daha böyük mükafatlar alacaq. İnanırıq. Çünki layiqdir.
Ötən il Bakı Dövlət Universitində görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfransda mötəbər çıxışçılar arasında İlqar Həsənov xüsusilə seçilib. Vaxtilə unudulmaz şəxsiyyətin yaradıcısı və baş redaktoru olduğu “Bakı” qəzeti redaksiyasında çalışmış İlqar müəllim ustadı haqqında nəzəri deyil, məhz praktiki və həyati xarakterli xatirələrini söyləməsi ilə yadda qalıb.
Bax, belə bir fenomen insandır bizim İlqar Musaoğlu. 1959-cu ilin 236-cı günündə - avqustun 24-də dünyaya gəlib. Düz 23011 gündür ki, doğmalarını, əzizlərini, dostlarını öz varlığı ilə sevindirir. Arzu edirəm ki, bir bu qədər də yaşasın və sevindirsin! 23011 gün nədir ki? Vur-tut 63 il.
Bir dəfə də demişdim, mən rəqəmlərlə manipulyasiya etməkdə, onların arasında əlaqələr tapmaqda bir qədər mahirəm. Deyəsən, yenə də şakərim tutub. Yuxarıda xatırlatdığım kimi, rəhmətlik Məmməd Nazimoğlu İlqar Musaoğlundan hər il yazardı. İndi estafet İttifaq müəllimdədir. Mənimsə İlqarın haqqında yazdığım ilk yazı ilə ikincinin arasında 7 il, ikinci yazımla bu yazım arasında 6 il ara olub. Fasilə beləcə bir il-bir il azalsa, 2037-ci ildən başlayaraq, mütəmadi hər il yazmaq şansım olacaq.
Nə qalıb ki?
Ya qismət!

Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!