Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 20-04-2024, 16:59
Güclü qadın, güclü şəxsiyyət, güclü alim
Güclü qadın , güclü şəxsiyyət , güclü alim

O, indiyədək tanıdığım ən dürüst, ən səmimi, həm də güclü iradə və parlaq istedad sahibi olan qadınlardan biridir. Xanım-xatun görkəmi, ciddi və ağıllı siması, sakit, təmkinli təbiəti, xarakterində heç də hər kəsə nəsib olmayan ziyalılığı, alicənablığı, kübarlığı hər məqamda hiss olunur. Bunlar nadir keyfiyyətlərdir, Allah hər adama verməz. Üstəlik, bu, təkcə xarakterində deyil, elmi fəaliyyətində də əksini tapıb. O, illər uzunu öz istedadını zəhməti ilə cilalayıb, parladıb, ondan elm adlı zəngin bir xəzinə yaradıb. Bu xəzinə təkcə özünə yox, Azərbaycana, xalqına, insanlığa məxsusdur. Köksündə isə ömrünü gözəlləşdirən bir ürək çırpınır. Çöhrəsindən çəkilməyən işıq, nur, təbəssüm daxili mədəniyyətinin xəbərçisidir...

Məhbubə Nəbi qızı Vəliyeva. Görkəmli əczaçı alim, Azərbaycan Tibb Universitetinin “Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası”nın müdiri, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin vitse-prezidenti, akademiki, habelə Avropa Təbiət Elmləri Akademiyasının, Türkiyə Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, Təbabət və əczaılıq üzrə İnnovasiya Mərkəzinin direktoru, Beynəlxalq Əczaçılar Federasiyasının üzvü, Səhiyyə Nazirliyinin Farmakopeya və Farmakologiya Şurasının üzvü, “Biyan products” MMC-nin elmi məsləhətçisi, Azərbaycanın ilk və yeganə qadın əczaçılıq elmləri doktoru, professor, “Əməkdar müəllim”... Bu sıranı uzatmaq olar. Ehtiyac yoxdur, məncə. Elə təkcə adı onun haqqında hər şeyi deyir...
Peşə fəaliyyətim Məhbubə xanımı da mənə yaxından tanıdıb. Onu əhatə edənlərlə ədəb-ərkanlı ünsiyyəti, mədəni, ölçülü-biçili davranışı və danışığı ilə diqqətimi çəkib. Hər dəfə onun çıxış və nitqlərini dinləyəndə isə insan istedadının və təfəkkürünün, mənəvi zənginliyinin nə qədər sərhədsiz olduğunu hiss etmişəm. Dövlətinə və xalqına, mənsub olduğu millətin mənəvi dəyərlərinə, dini dəyərlərinə, adət-ənənələrinə, həyat tərzinə, məişətinə, istək və arzularına bağlılığı, üzərinə düşən öhdəliklərə sadiqliyi, qibtəediləcək qədər sadəliyi və təvazökarlığı, xeyirxahlığı məndə heyrət doğurub. O bütün bu dəyərləri kompleks şəkildə öz şəxsiyyətində, həyata baxışında, qarşıya qoyduğu hədəflərdə əks etdirən bir xanımdır. Zahiri görkəmindəki qürur isə zəhmətinə güvənən, bacarığına arxalanan, öz taleyinin qurucusu olan bir insanın halal haqqıdır...

Onunla hər mövzuda söhbət etmək olar: insan, həyat, elm, siyasət, təbabət, cəmiyyət, mədəniyyət, bəxt, tale... Hər birində cavabı insana rahatlıq, xoş ovqat, nikbinlik gətirir. Çünki mənən zəngindir, dopdoludur, biliklidir, ən əsası, saxta deyil, özüdür, komplekslərdən uzaqdır və fərqlidir...
Məhbubə xanım 1949-cu il aprelin 10-da İrəvan mahalının Kalinino rayonunda ziyalı ailəsində doğulub. Kalinino rus orta məktəbini qızıl medalla bitirən yeganə azərbaycanlıdır. 1966-cı ildə Azərbaycan Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub, təhsilini fərqlənmə diplomu ilə başa vurub, əczaçı-provizor ixtisasına yiyələnib. Gənc mütəxəssis kimi “Farmakologiya və toksikoloji” kafedrasında baş laborant saxlanılıb. Sonra uğur pillələrini addım-addım qalxıb. Tibb Universitetində baş laborantlıqdan professor, kafedra müdiri vəzifəsinədək yüksəlib. Fəxrlə deyir ki, 50 ildən çoxdur buradayam, bütün uğurlarımı Tibb Universitetinə borcluyam...
Fəaliyyətində üç istiqamət qırmızı xətlə keçir: təhsil, elm, ictimai-siyasi fəaliyyət. Hər üçünü bir arada cəmləşdirmək və elmi fəaliyyəti ictimai-siyasi fəaliyyətlə bacarıqla uzlaşdırmaq, əldə etdiyi nailiyyətləri qoruyub saxlamaq olduqca çətindir. Məhbubə xanım, məhz bu çətini bacaranlardandır. Çünki əməyini ləyaqətlə sərf edib, savadı, işgüzarlığı, yüksək idarəçilik qabiliyyəti, prinsipiallığı həmişə ona uğur gətirib...
1990-cı ildə Tibb Universitetinin patoloji fiziologiya kafedrasının nəzdində “Təbii limfatrop preparatların yaradılması” laboratoriyasının “Farmakologiya və əczaçılıq” şöbəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Əczaçılıq fakültəsinin dekan müavini və dekanı olub. 1996-cı ildə “Azər Pharm” Elm-İstehsalat Birliyinin Baş direktor müavini, “Əczaçılıq məhsulları” Ticarət-İstehsalat İdarəsinin direktoru vəzifələrində işləyib. Həmişə də etimadı doğruldub.
1997-ci ildə Tibb Universitetinin “Əczaçılığın təşkili və iqtisadiyyatı” kafedrasının müdiri vəzifəsinə təyin olunub. Hazırda “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasına professor Məhbubə Vəliyeva rəhbərlik edir.
Məhbubə xanım 1987-ci ildə Pyatorsk şəhərinin Əczaçılıq Akademiyasında “Başlı coğanın – Gipsophilla capitata dərman bitkisinin saponinlərinin kimyəvi və farmakoloji tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, əczaçılıq elmləri namizdi alimlik dərəcəsi alıb. 1998-ci ildə İ.M.Secenov adına Moskva Tibb Akademiyasında doktorluq dissertasiyasını iki ixtisas: “Farmakologiya” və “Əczaçılıq” üzrə müdafiə edib. O, ölkəmizin ilk və yeganə əczaçılıq elmləri doktoru, professordur. 1995-cı ildən isə Beynəlxalq Əczaçılar Federasiyasının tam hüquqlu üzvüdür.
Məhbubə xanım taleyinə, qismətinə düşən vaxtda bütün çətinlikləri enib, sınaqlardan alnıaçıq, üzüağ çıxıb, ləkəsiz, pak bir ömür yaşayıb. O, bu gün də bir neçə zümrəni – siyasi təbəqəni, elm və təhsil adamlarını, Azərbaycan qadınlarını layiqincə təmsil edir. Və bir xalqın, bir millətin öyünəcəyi, qürur duyacağı ziyalı bir xanım olduğunu əməlləri ilə sübut edir.

O, dünyada tanınan və qəbul edilən əczaçı alimdir. Onun elmi fəaliyyətinin əsasını dərmanşünaslıq, əczaçılıq sahəsi, təbii mənşəli xammal əsasında yeni dərman və yarıməczaçılıq məhsullarının yaradılması təşkil edir. Alim ölkəmizin dörd yüzə yaxın bitki xammalını diqqətlə araşdırıb, yüzdən çox dərman bitkisinin sağlamlığa təsirini öyrənib. Sənaye əhəmiyyətli dərman bitkilərini seçib, biyan, zəfəran, dəfnə, limonotu, yemişanı tibb və əczaçılığa tətbiq edib. Dərin elmi tədqiqatları nəticəsində elə təkcə çılpaq biyan bitkisindən üç yüzdən çox faydalı dərman vasitəsi hazırlanıb. Məhbubə xanım beş min ildən çoxdur ki, təbabətdə tətbiq olunan biyan bitkisini, haqlı olaraq milli dərman xammalı adlandırır. Deyir, dünya təbabətində ilk dəfə bizim alimlər biyanın limfaya yeni təsirini öyrənib. Limfotrop sözünü də tibbə bizim alimlər gətirib. Onlar biyandan bir sıra əczaçılıq məhsulları, o cümlədən biyan ekstratı, şərbəti, müalicəvi kosmetoloji vasitələr alıblar.
Professor Məhbubə Vəliyeva 688 elmi məqalənin (75 beynəlxalq patent, 22 səmərələşdirici təklif, 7 monoqrafiya və kitab, 25 dərslik və dərs vəsaiti, 28 texniki şərt və 7 farmakopeya məqaləsi) müəllifidir.
Onun elmi nailiyyətləri əsasında yaradılmış “Biyan Products” MMC-nin 2019-cu ildə Ağdaşda Biyan Sənaye Parkı açılıb. Dünya səviyyəli bu müəssisə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Həmin tədbirdə “Biyan Products” MMC-nin elmi məsləhətçisi, professor Məhbubə Vəliyeva çıxış edərək kollektivin minnətdarlığını dövlətimzin başçısına çatdırıb: “Möhtərəm Prezidentimiz, biz fəxr edirik ki, bu ideyanı siz verdiniz. Buna görə zavodun kollektivi adından Sizə təşəkkür edirik. “Çox sağ olun” deyir, Sizi və xalqımızı təbrik edirik. Burada sözümü deməliyəm. Çünki Prezident Heydər Əliyevin qarşısında da çıxış etmişəm. Mən ulu öndərimiz, təkrarsız və bənzərsiz şəxsiyyət və çox sevdiyim Heydər Əliyevin bu sözlərini xatırlatmaq istəyirəm: “Mən İlham Əliyevə özüm qədər inanıram”. Möhtərəm Prezidentimiz, xalqımız Sizə çox inanır, Sizi çox sevir.”
Bu gün həmin zavodda biyanın məhsulları və 8 çeşiddə müalicəvi şərbətlər istehsal olunur.

Məhbubə xanım tez-tez beynəlxalq elmi konfranslarda iştirak edir, alimin elmi məruzələri maraqla qarşılanır. İntellektual enerjisini cəmiyyətin inkişafına yönəldir. Yaxşı deyiblər ki, namusla işləyənlər mükafatsız qalmır. Onun əzmkarlığı da öz dəyərini alıb. O, BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülən ilk qadın alimdir. BMT-nin İctimai Mükafatlar Şurasının (UNCOPA) “Hippokrat” ordeni, “Elm və Sülh səfiri” beynəlxalq mükafatı, fəxri adı, diplomları və Avropa Xidməti ordeni, “Senator ordeni”, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının “İbn-İ Sina” medalı, “Türk dünyasının ilin alimi” medalı, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin diplomu və qızıl nişanı, Avropa Təbiət Elmləri Akademiyasının (Hannover, Almaniya) “İlin alimi” diplomu və fəxri professoru, “V. Pol Erlix” medalı, Avropa Təbiət Elmləri Akademiyasının Ali Liqasının Qızıl ordeni, Səhiyyə Nazirliyinin və Tibb Universitetinin Fəxri fərmanı, “Azərbaycanın qüruru” qızıl ordeni, İqtisadiyyat Nazirliyinin “Şərəf ulduzu” ordeni, “Bir millət, iki dövlət ” layihəsində iştirakına görə medal və fəxri mükafat və s.
Bu adlar, bu titullar, bu təltiflər, bu saysız-hesabsız mükafatlar illər boyu çəkdiyi əziyyəti, keçirdiyi narahatlığı, duyduğu məsuliyyəti və eyni zamanda yaşadığı fərəh hissini, xoşbəxtliyi günü bu gün də xatırladır ona. Onu da xatırladır ki, həyat zəifləri qəbul etmir, güclüləri sevir. Güclü insan, güclü qadın, güclü şəxsiyyət, güclü alim olduğuna görədir ki, müasir çağırışlara da eyni çevikliklə cavab verir, dövləti, ölkəsi, xalqı, milləti üçün daha böyük fədakarlıqla çalışır.
Professor Məhbubə Vəliyeva Tibb Universitetinin Böyük Şurasının üzvü, Tsiklik Metodiki Şuranın sədri, Səhiyyə Nazirliyinin Farmakopeya və Əczaçılıq Şurasının sədr müavinidir.
Alimin bir beynəlxalq tədbirdə iştirakını xüsusi qeyd etmək istəyirəm. O, dünya əczaçılığında ilk ixtiraçı qadın alim olaraq Azərbaycan Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzi tərəfindən Ümumdünya İntellektual İxtiraçılar Təşkilatı, Koreya Qadın İxtiraçıları Assosasiyası və Koreya İntellektual İxtiraçılar Mərkəzinin 2019-cu il iyunun 18-26-də keçirdiyi Ümumdünya İntellektual Qadınlar Sərgisi, Müsabiqəsi və İnnovasiya İnkişaf Mərhələsinin Dərəcəsinin Qiymətləndirilməsinə aid alman Beynəlxalq Patentlərin nəticələrinin müsabiqəsində ölkəmizi layiqincə təmsil edib. Azərbaycandan ən çox ixtira və patentlərin müəllifi kimi bu sərgidə müsabiqəyə təqdim etdiyi 6 patentin hamısı mükafatlandırılıb. Beləliklə, alim Azərbaycana 2 qızıl, 1 gümüş, 2 bürünc medal və həmin təşkilatların birgə təsis etdiyi yüksək səviyyəli Spesial mükafatı – “Spesial prize” diplomunu gətirib...
Məhbubə xanım Tibb Universitetinin uğurlarından da iftixarla danışır. İndi Universitetin əczaçılıq fakültəsində 13 professor, 54 elmlər namizədi, dosent çalışır. Onun rəhbərlik etdiyi Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında 2866 elmi məqalə və elmi tezis, 25 dərslik (dərs vəsaitləri), 95 patent və ixtira, 28 səmərələşdirici təklifə şəhadətnamə, 30 texniki şərt, 12 farmakopeya məqaləsi, 28 tədris metodiki vəsait, 26 metodik göstəriş çap olunub. Hazırda kafedrada 42 fəndən dərs aparılır: 13 fənn bakalavr səviyyəsində, 29 fənn magistratura pilləsində tədris olunur. Kafedrada 90-dan cox magistr, 40 namizdəlik, 4 doktorluq dissertasiyası yerinə yetirilib.
Professor 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hər gün Universitet pillələri ilə qalxarkən hələ gənc ikən bu binanın açılışında ulu öndər Heydər Əliyevin qarşısında etdiyi çıxışı yada salır. Onu da qürurla deyir ki, “Əməkdar müəllim” fəxri adına da məni Ümummilli lider Heydər Əliyev layiq görüb.
Məhbubə xanımın bir ali statusu da var: Analıq. Bu adı da şərəflə daşıyır. Ailəsi həkim ailəsidir. Həyat yoldaşı Mustafa müəllim, oğlu Pərviz, gəlini Samirə xanım həkimdir. 4 nəvəsinin isə hər birində, həm də Məhbubə xanımın zərrəsi, işığı, nuru var...
Bu gün 75 illik şərəfli ömrünün səhifələrini böyük iftixarla vərəqləyir Məhbubə xanım. Özünə və xalqına alnıaçıq, üzüağ hesabat verir. Və çox xoşbəxt görünür!.. Qoy bu xoşbəxtliyin ömrü çox uzun olsun, sevimli Məhbubə xanım!.. Qoy sizin kimi möhkəm əqidəli, sabit, dəyişməz, prinsipial mövqeli, milli təfəkkür sahibi olan alim qadınlarımız çox olsun! Sizin kimi müdrik Azərbaycan qadınlarına çox ehtiyacımız var: həm fərdlər, insanlar olaraq, həm də bütövlükdə cəmiyyət və millət olaraq...
Əlamətdar yubileyiniz mübarək! Çox yaşayın, Azərbaycan elmində və ictimai-siyasi həyatında öndə gedənlərdən biri kimi yolumuzu işıqlandırın...
​Bir arzum da var: parlaq Qələbə Qarabağa yollarımızı açdı. Tezliklə Qərbi Azərbycana – sizin dədə-baba yurdunuza aparan yollar da Zəfər yoluna dönsün!..

Firuzə NADİR,
Əməkdar jurnalist


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!