Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
26-05-2024, 13:10
Bir ömrün halallıq simfoniyası

Bir ömrün halallıq simfoniyası

El ağsaqqalı Sabir Xammədovun 75 illiyinə

İnsanın bir şəxsiyyət kimi əsl dəyəri onun kamilliyi ilə ölçülür. Böyük Nizami Gəncəvi də bu kefiyyəti hər cür yarımçıqlıqdan uca tutub. Davranışları insanpərvərliklə yoğrulanlar yaşadıqları ömrü bada vermir, el-oba arasında hörmət-izzət sahibi olurlar. Onlardan biri də ömrünün 75-ci baharını yaşayan Sabir Yaqub oğlu Xammədovdur.
1949-cu ilin mayın 19-da Biləsuvar rayonunda sadə, zəhmətkeş ailədə dünyaya göz açan Sabir Xammədovu tale uşaq yaşlarından müstəsna bir yolun yolçusu olmağa qərar vermişdi. Amma bu yol ağrı-acısız ötüşmür. O, 13 yaşında ikən atasını itirir. Bundan sonra gənc Sabir özündən böyük müəllim qardaşının himayəsində böyüyür. Sonralar həyat Sabir müəllimi vəzifələrlə də, sərvətlə də imtahana çəkib, amma onu insanpərvərliyindən, həssaslığından uzaqlaşdıra bilməyib. Rahatlığı el-oba üçün çalışmaqda, savab işləri ilə adamlara könül xoşluğu bəxş etməkdə görüb həmişə. Elə buna görə də indi – vəzifə, mənsəb atından düşəndən xeyli sonra da el içində alnı açıq gəzir, etdiyi xeyirxahlıqlar qədirbilənliklə xatırlanır.
Peşəsi müəllimlik olmayıb onun. Amma qazandığı xətir-hörmət sayəsində “Sabir müəllim” deyə çağrılır. Ömür yolunu vərəqlədikcə zəhmətlə yoğrulan, mübarizələrlə mətnləşən əzəmətli bir həyatın şahidi olursan. Yaşının kamillik çağındadır, deyir ki, qocalıq müdrikliyə gedən yolun zivəsidir, bu zivədən keçmişə boylandıqca fərəhlənə bilirsənsə, demək, hədər yaşamamısan. “Vəzifələrdə olan zaman hər hansı qərarı verərkən vicdanımla hesablaşdım və bu gün səlahiyyət sahibi olduğum illərlə fəxr edirəm, gözüm kölgəli deyil”.
Müstəqillik dönəmimizdə Biləsuvar Rayon İcra Hakimiyyətinin ilk başçısı olub. Həmin dövrədək də rayona rəhbərliyi keçmiş sovetlər birliyinin rayon partiya komitəsinin 1-ci katibi olaraq edib. Sabir müəllim Kənd Təsərrüfatı institutunu baytarlıq ixtisası üzrə bitirdikdən sonra - 1971-ci ildən kolxozda əmək fəaliyyətinə başlayıb.Elə o vaxtdan, necə deyərlər, özünü əsl təsərrüfat adamı kimi göstərə bilib. Çalışdığı “Əzizbəyov” adına kolxozunun fermasında mal-qara arasında kəskinləşən ölüm hallarına qarşı düz 8 il çırmanıb mübarizə aparıb. İşinə sevgisi və məsuliyyət hissi sayəsində uğura nail olub. Partiya sıralarına qəbul edilib və kənd sovetində gənc deputat kimi təmsil olunub. O, fəaliyyət göstərdiyi həmin dövrlərdə iki dəfə kənd sovetinin, dörd dəfə rayon sovetinin və bir dəfə Azərbaycan Respublikası Ali sovetinin deputatı seçilib.
Ötən əsrin 80-ci illərində Azərbaycanın kolxoz və sovxoz təsərrüfatları heyvandarlıq və quşçuluğun inkişafı dövrünü yaşayıb. Ayr-ayrı təsərrfatlarda araşdırmalar aparılarkən Sabir Xammədovun təcrübəsi qiymətləndirilib və o bundan sonra rayonun baş baytarı vəzifəsinə irəli çəkilib. Ardınca isə düzgünlüyü, prinsipiallığı, bilik və bacarığından irəli gələn keyfiyyətləri əsas götürülərək, rayon Xalq nəzarəti komitəsinin rəhbərliyinə irəli çəkilib. Bu vəzifənin 10 illik uğurlu icrasından sonra, daha yüksək kürsüyə- partiya komitəsinin 1-ci katibliyinə yüksəlib.
…1990-cı illərin əvvəllərində müstəqilliyə doğru inamla addımlayan ölkəmizdə keçid dövrünün ciddi problemləri, müharibənin alovlanması, siyasi hərc-mərclik idərəetməni xeyli çətinləşdirir. Belə bir şəraitdə Sabir Xammədov rayonun kənd təsərrüfatında geriləmənin aradan qaldırılmasını ciddi nəzarətə götürür. Bilir ki, məhsul istehsalında yaranan durğunluq qısa zamanda aradan qaldırılmasa, bir müddət sonra sosial problemlərin miqyası genişlənəcək. ölkədə anarxiyanın baş alıb getdiyi 1990-1992-cı illərdə məhz onun gözütoxluqla, halallıqla, bir çoxlarınan fərqli olaraq, fürsətcillik etmədən həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində,rayonda taxıl istehsalı ilk dəfə 47 min tona çatdırılır. Pambıqçılıqda iki il ardıcıl olaraq, dövlət planı ilk sırada yer alır. Bunun üçün, çətin suvarma şəraiti olan Biləsuvarda (keçmiş Puşkin) 15-ə yaxın yeni nasos stansiyası istismara verilir. İlk dəfə, çəltikçikçiliyin inkişafı üçün Çindən mütəxəssislər dəvət olunur... Beləcə, təsərrüfat həyatında dönüş yaranır.
O, rayona rəhbərlik etdiyi illərdə təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının mükəmməl fəaliyyəti üçün aidiyyatı dövlət qurumlarına ünvanladığı 100-dən çox müraciətində cəsarətli tələblər irəli sürüb. Biləsuvardakı bir çox məktəblər üçün yeni binaların tikintisi həmin böhranlı günlərdən yadigardır. Rayonda bu gün də aktuallığını itirməyən, yerli xammala əsaslanan istehsalyönümlü lahiyələrin reallaşdırılması da Sabir müəllimin ən ümdə arzu və istəklərindən idi. Qısa müddətdə bu da əlçatan olub. O, həm də Biləsuvar dolama avtomobil yolunun, dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına nail olub həmin dövrdə. Ən ümdə arzularından biri pambıq-əyirici sexinin tikintisi idi. Onun da bünövrəsini Sabir müəllim qoymuş, toxucu fabrikin ilk sexinin Səmədabad kəndində açılışına nail olmuşdur.
1990-cı illərin əvvələrində onunla rayonun idarəetməsində çalışan, ağsaqqal Akif Kazımovun dedikləri:
- Sabir Xammədovun rayona rəhbərlik etməsi çox çətin dövrə təsadüf edib. Bildiyimiz kimi, həmin illər ölkəmizdə içtimai-siyasi sabitlik qeyr-qənaətbəxş olduğundan, idarəçilik xeyli çətin olub. Buna baxmayaraq Sabir müəllimin zəngin təcrübəsi, fərdi idaretmə bacarığı sayəsində bir çox problemləryoluna qoyulub. 1991-cı ildə Mərkəzi Komitənin katibi ilə görüşdən sonra Biləsuvar Gömrükxanasının yaradılmasına da o nail oldu. Özünü deyil, camaatı düşünən adam kimi tanınıb bizim Sabir müəllim.
Bəli, insanın öz eli, obası qarşısında göstərdiyi xidmətlərinin ən böyük mükafatı qəlblərdə özünə taxt-tac qurmasıdır. Bütün fəaliyyətində, xidmətlərində əsl vətəndaşlıq yanğısı ilə çalışan, yaşayan Sabir Xammədov məhz bütün şüurlu ömrünü dövlətçiliyimizə, doğma rayonunun tərəqqisinə həsr edib. Sabir müəllim “Soruşma Vətən sənin üçün nə edib, özündən soruş ki, Vətənin üçün nə edə bilmisən?” -şüarı ilə yaşayıb, yaradıb. İllərini mövcud problemlərin aradan qaldırılmasına sərf edib. Dövlətçiliyə, xalqa ürəkdən bağlılıq bu insanın qəlbinin dəriliyindən süzülüb gələn həyat qayəsidir desək, yanılmarıq...
Deyir ki, doğma Biləsuvarın adı ilə bağlı nə varsa, bizim adımızdır. Çalışmalıyıq ki, fəaliyyət göstərdiyimiz sahədə insanlıq hər zaman uca mərtəbədə dayansın. Xeyirxahlıq, təəssübkeşlik, mərhəmət ən ali məqsədimiz olmalıdır!

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilərkən Biləsuvar özünüidarə orqanına məhz belə bir əqidəsi, zəngin idarəçilik təcrübəsi olan, əhalinin qayğılarını dərindən bilən Sabir müəllimin üzv kimi namizədliyi mütəşəkklilliklə irəli sürüldü. Sonradan oradakı məhsuldar fəaliyyəti ilə özünü təsdiqləyən S. Xammədov bələdiyyədə sədr müavini və sədr vəzifəsinədək yüksəldi.
Bu illər ərzində özünü son dərəcə bacarıqlı təşkilatçı və qayğıkeş rəhbər kimi tanıtdı o. Başqa cür ola da bilməzdi. Axı, özünün dediyi kimi, bu xalq, cəmiyyət elə onun öz ailəsidir. Ailə isə yalnız səmimiyyətin və fədakarlığın ahəngdar birliyi təqdirində yüksəlməyə və uzun ömür yaşamağa qadirdir. Ailədən söz açmışkən, Sabir müəllim həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Svetlana xanımla əl-ələ, nəfəs-nəfəsə 4 qız, 1 oğul böyüdüb boya-başa çatdırıblar. Övladların ali təhsil alması üçün də valideyn borclarını yerinə yetirblər. İndi onlar həm də övladlarının barı-bəhəri ilə öyünür, nəfəs alırlar. 11 nəvənin sevimli babası, nənəsidir Sabir müəllimlə Svetlana xanım..
Yaşadığı cəmiyyətdə hörmət, nüfuz sahibi olan dəyərli Sabir müəllim ömrünün saf havalı kamillik zirvəsinə gəlib çatıb. Burada rahat nəfəs ala bilirsə, deməli, xoşbəxt insandır. Çünki o, böyük həyat təcrübəsi, nəcib davranışları, yüksək mədəniyyəti, sadəliyi ilə hamının hörmətini qazanıb. Ələlxüsus ötən illər ərzində özünün bir xarakterik cəhətinə sadiq qalıb: onu əhatə edən sosial mühitdəki dəyişikliklərdən, bəzən də özünə qarşı olan diqqətsizlikdən, laqeydlikdən asılı olmayaraq, həmişə ləyaqətini, ədalət hissini qoruya bilib. İnsana şərəflə yaşanan bir ömür də kifayətdir, – deyib həmişə. Sabir Xammədov məhz belə bir ömür yaşayır.
Mənalı ömrün daha da uzun olsun, ağsaqqal!

Surxay ŞAHBAZOV,
jurnalist


26-05-2024, 05:43
“Dövlət də millətin bir şəklidir.”


“Dövlət də millətin bir şəklidir.”

XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrində millətin oyanış, özünüdərk, istiqlal, türkləşmək, millilik düşüncələrinin renesans dövrü hesab olunur və əlbəttə ki, milli mətbuat bu prosesə təbiidir ki təsirsiz qalmırdır. M.Ə.Rəsulzadə dövlət haqqında yazırdı:
“Dövlətlə millət arasında təzad bir mübarizə var. Dövlət və millət kəlmələrini mütəzad və mütəbariz mənada işlədirik. Çünki dövlət də millətin bir şəklidir. Millət – özək, dövlət qabıqdır. Fəqət bu tərif, şümuli bir millətə aid olan dövlətlər haqqında səhihdir.Digər təbirlə demək olar ki, bu tərif təbii təşkilata malik olan dövlətlər haqqındadır. Çünki ən təbii dövlət – milli olan dövlətdir. Fəqət təhti-idarəsində bir çox millətlər olan dövlətdə məlumdur ki, dövlət mənası ilə millət mənası bir olmaz “!
Cümhuriyyət dövrü milli mətbuatının siyasi publisistikasının ən parlaq və ən dəyərli nümunələrinin müəlliflərindən olan M.Ə.Rəsulzadənin Azərbaycanın milli məfkurə və istiqlal savaşından doğan məqalələri xalqın milli və mənəvi dəyərləri üzərində demokratik şəraitdə yaşamasına, dövlət və dövlətçilik ideallarına xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə qələmə aldığı “Azərbaycan paytaxtı” adlı tarixi-publisist məqaləsi öz ictimai-siyasi əhəmiyyətinə görə, tariximizin və istiqlal savaşımızın tədqiqi baxımından əhəmiyyətini bu gün də qoruyub saxlayır.
Bakı erməni-daşnak, ingilis hərbi birləşmələrindən azad olunub, Azərbaycana qovuşandan sonra Cümhuriyyətin paytaxtının tarixi barədə kifayət qədər materialların olmamasından təəssüf hissi keçirən M.Ə.Rəsulzadə bu barədə yazırdı:
“Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. Bu həvəs mənə cəsarət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycanın paytaxtının şan və heysiyyatı və hüciyyəti ilə olmayacaq... Düşündüm ki, naqis də olsa, bir şey olsun. Biz naqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlanğıcı təkmil edərlər...”
M.Ə.Rəsulzadənin 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının toplantısında söylədiyi nitqdə bu baxımdan maraqlıdır:
“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir... Iştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşkülliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor.”
Göründüyü kimi, M.Ə.Rəsulzadə hələ Birinci Dünya müharibəsi ərəfəsində mətbuatda qaldırdığı “Azərbaycan qayəsi” ideyasını xüsusi olaraq vurğulayır. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışında isə bu məsələyə bir daha toxunur:
“Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni -”Azərbaycan muxtariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla - Allah eləməsin - siz Islamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” Partiyası birinci olaraq Azərbaycan müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir."
M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəri milli azadlıq və milli dövlətçilik ideyalarının təbliği baxımında da xüsusi yer tutur. Müəllif bu əsərlə xalqımızın keçdiyi və keçəcəyi azadlıq yolunu çox uğurla seçdiyi bir bədii obraz vasitəsilə ifadə etmişdir. O bu əsərdə rus – bolşevik istilasının Azərbaycanın milli dövlətçiliyinə son qoyması ilə bağlı yazır bunu gənc Cümhuriyyətin bəxtsizliyi kimi qiymətləndirir.
Əsərin sonunda gəncliyi istiqlal uğrunda mübarizəyə çağıran müəllifin «Ya qazi və ya şəhid olacaqsan» kimi son cümləsi isə bir hayqırtıdır.
Cümhuriyyətimizin qurucusu və eyni zamanda XX əsin əvvəllərinin böyük publisisti olan Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığı demək olar ki, azadlıq, müstəqillik, milli dövlətçilik ideyaları ilə nəfəs alırdı. Tam əminliklə demək olar ki, milli müstəqillik ideyaları heç bir publisistin yaradıcılığında onun publisistikasında olduğu kimi belə qabarıq və ardıcıl, sistematik deyil. Bəlkə də Azərbaycanın müstəqilliyi arzusu bu publisistikanın yaranma səbəbi idi. Onun istər məqalələrinə, istərsə də irihəcmli əsərlərinə bu ruh hakimdir – Azərbaycan istiqlalı!
Təkcə yaradıcılığını deyil, bütün həyatını Azərbaycanın istiqlalı yoluna həsr edən, milli istiqlalı həm nəzəri, həm də əməli cəhətdən hazırlamaq işini öz üzərinə götürən Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın istiqlalının son qələbəsinə ömrünün sonuna qədər inanırdı. Zaman onun bu inamını doğrultdu, Azərbaycan yenidən müstəqillik əldə etdi.

Nəzrin MƏŞƏDİYEVA
24-05-2024, 07:12
Yazıçı deputat Rasim Musabəyova etiraz edir.


Başkənd vətəndir


Yazıçı deputat Rasim Musabəyova etiraz edir.

Dəyərli Azərbaycan xalqım bugünlərdə televiziya kanallarında müsahibə verən deputat Rasim Musabəyov Gədəbəy rayonunun ərazisində yerləşən Başkəndin heç bir strateji əhəmiyyəti yoxdur deyir və biz də Başkəndi ermənilərə qaytarmalıyıq söyləyir. Deputat Rasim Musabəyovun söylədiyi fikirlərə öz vətəndaş etirazımı bildirirəm !
“Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Türk qardaşlarımız Türkiyənin paytaxtına “Başkənd” – deyirlər və düz də deyirlər. Gədəbəy rayonunda da Başkənd adlanan gözəl bir məkan var. Həmin cənnət məkanda yüz illərdən bəri o torpaqların əbədi sakini olan türklər yaşayıb və indi də yaşayırlar. Sovet dönəmində 1929-cu ilin fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Moskva və Qars müqavilələrinin şərtini pozaraq Naxçıvanın 9 kəndini və Gədəbəyin Başkəndinin Ermənistana verilməsi haqqında qərar çıxarmışdır, Bolşeviklər, başda Qəzənfər Musabəyov olmaqla, həmin ərazini ermənilərə pay verdilər. Başkənd Ermənistan adlanan saxta, süni yaradılmış bir respublikanın tərkibinə daxil edildi. Bu böyük bir cinayət idi.
Gədəbəylə Şınıx mahalının mərkəzində yerləşən, hər qarış torpağı qızıldan qiymətli olan bu qədim türk yurdunu Tovuzun, Qazaxın, Şəmkirin və Gədəbəyin igid döyüşçülərinin qəhrəmanlıqları sayəsində 1992-ci ilin avqust ayının 8-də erməni terrorçularından azad etdilər. Ötən əsrin 20-ci illərində İrəvan mahalını ermənilərə bağışlayan ünsürlərin nəvə-nəticələri, indi babalarının yolu ilə gedərək, Başkəndi ermənilərə vermək lazım olduğunu dilə gətirirlər…
Görəsən, o vaxtkı milli satqınların Q.Musabəyovun, H.Sultanovun, Ç.İldırımın, D.Bünyadzadənin davamçıları, tör-töküntüləri, erməni yandaşları hansı cəsarətlə torpaqdan pay vermək istəyirlər? Bu haqqı onlara kim verib? Məgər Başkənd Qəzənfər Musabəyovun nəvə-nəticəsinin xüsusi mülkü olub ki, o da belə bir cəsarət nümayiş etdirir? Əgər bir erməni İrəvanda televiziya vasitəsilə bəyan eləsə ki, Göyçənin bir kvadrat metr ərazisini Azərbaycana vermək lazımdır, həmin o erməni deputatı daşqalaq edər, ev-eşiyini dağıdıb yerində turp əkərdilər…
Hələ o vaxtlar Qəzənfər Musabəyov Zaqafqaziya Komissarlar Şurasının sədri kimi mühüm və nüfuzlu vəzifədə işləmiş bu ermənipərəst “Sayıqlığı onqat artırmağı, “xalq düşmənləri”nin kökünü daha amansız kəsməyi, onların maskalarını üzərindən qoparmağı, əbləh xəstəliyi olan siyasi qayğısızlığa və korluğa tutulan adamlara kəskin zərbələr vurmağı” tələb edirdi. (“Ədəbiyyat” qəzeti, 23 iyun 1937).
Ermənipərəstlik xəstəliyinə tutulan bu şəxs xalq düşməni kimi ifşa olunub həbsxanada o qədər döyülür, məşəqqət çəkir ki, çekistlər onu növbəti dindirməyə aparmaq üçün kameraya gələndə çarpayının altında gizlənir və onu güclə dartıb oradan çıxarırlar… Millətinə qənim kəsilən bu şəxs haqlı olaraq güllələnir.
Bəli, Başkənd Gəncəbasarın döyünən ürəyi, gədəbəylilər isə Oğuz xaqanın, Mete xaqanın nəvələridir. Məgər Oğuz xaqanın, Mete xaqanın nəvələri Başkəndin quru bir çöpünü, qara bir daşını düşmənə verə bilərlərmi? Yox! Qoy bunu erməni daşnakları və onların havadarları bilsinlər. Bilsinlər ki, indi SSRİ adlı bir ölkənin yox, müstəqil Azərbaycanın vətəndaşıyıq. Ölərik, amma yurdun bir qarışını da milli satqınların istəyi ilə düşmənə vermərik. Qoy o milli satqınlar qulaqlarını geniş açıb eşitsinlər: “Torpaqdan pay olmaz!”
Başkənd təkcə Gədəbəyə yox, türk dünyasına məxsusdur. Yaxşı olar ki, Qəzənfər Musabəyovların nəvə-nəticələri türkün hissiyyatına toxunmasın. Türkün hissiyyatına toxunanın anası ağlar qalar!
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Gədəbəydən, Tovuzdan, Şəmkirdən olan millət vəkillərinin Rasim Musabəyovun bu hərəkətinə səssiz qalmaları təəccüb doğurur. Siz nə üçün susdunuz, Millət vəkilləri?
Millət vəkilləri, yəqin ki, unutmamısınız, 1992 -ci ildə Gəncəbasarın taleyi Başkənddə həll olunurdu. Qəhrəman Azərbaycan oğulları Başkəndi erməni silahlı qüvvələrindən azad edib uzun illərdən sonra Başkəndi öz doğma sahiblərinə qaytardı. Ermənilərin Çardaxlı, Çənlibelə çıxmaq arzusu ürəklərində qaldı. Bu türk oğullarının şücaəti idi. Sizin isə susmağınıza ad tapa bilmirəm. Kaş Qənirə Paşayeva sağ olaydı. O, sizin əvəzinizə Rasim Musabəyova cavab verərdi…
Başkənddə erməni ordusuna vurulan zərbə I Qarabağ müharibəsində qazanılan ən mühüm strateji uğurlardan biridir. Bu uğurlu əməliyyatın nəticəsinə kölgə salmaq, erməniləri yenidən ora qaytarmaq xülyası ilə yaşayanların ermənilərdən heç bir fərqi yoxdur.
Başkənd Azərbaycanın qürur yeri, qəhrəmanlıq ocağıdır. Bu gün bu torpaqda həyat var, gələcəyə ümid var. Necə ki, Azərbaycanın dəmir yumruqlu, dünya səviyəli, qalib Prezidenti var. Azərbaycanın bir qarış torpağı da, bir çınqılı da, bir daşı da ermənilərə verilməyəcək. Buna əmin olun! Siz, Musabəyov da bunu qulağınızda sırğa edin. Ümüd edirəm ki, siz deputat tək Milli Məclisin kürsülərində son dəfə oturursunuz.
Yeri gəlmişkən, bir daha xatırlatmaq istəyirəm. Gün o gün idi ki, yunanlar Kipr türklərinə məxsus kiçik bir dağlıq ərazini, kol-kos bitməyən qayalığı işğal eləyəndə Türkiyədən qalxan qırıcı təyyarələr öz “sözünü” dedi. Yunanlar gizlənməyə siçan deşiyi axtardılar. Həmin o yerin nə strateji əhəmiyyəti vardı, nə də münbit şəraiti. Sadəcə olaraq, qayalıq bir ərazi idi. Qayalıq olsa da Kipr türklərinə məxsus vətənin bir parçası idi.
Bəli, vətənin qara bir daşı da müqəddəsdir, hər qaya parçası da vətəndir.
Başkənd də Azərbaycan torpağının bir parçasıdır. Müqəddəs torpağımızın Başkənd adlı parçasına göz dikənin gözü kor olar, əl uzadanın əli, strateji əhəmiyyətə malik olmadığını deyənin dili quruyar… Vəssalam.

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı - publisist, AYB-nin və AJB-nin üzvü.


4-05-2024, 23:56
ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN!


ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN!

Özbəkistanın xalq yazıçısı, şair, tərcüməçi və alim, özbək xalqının məşhur yazıçısı, çoxsaylı tarixi romanları ilə tanınan Məhəmməd Əli qəzetimizin qonağıdır. Söhbətimiz onların uşaqlıq illərindən, ədəbiyyat dünyasından, böyük Teymurilərin tarixindən, tarixi romanların yazılması prosesindəki məsuliyyətlərindən, çətinliklərindən getdi.
—İnsanın həyatında uşaqlıq illərinin, xatirələrinin xüsusi yeri var. O illəri necə xatırlayırsınız?
—Uşaqlığım Mərkəzi Fərqanənin göbəyində, Avlokun “Beşkal” kəndində keçib.
Mən bu kənddə doğulmuşam. Dörd tərəf də səhra idi. İndi o torpaqlar Boston rayonu adlanır. Mən burada məktəbdə oxumuşam. İki il birinci sinifdə oxumuşam. Mən altı yaşımdan məktəbə getmişəm. Ona görə də təməl möhkəmdir. 1959-cu ildə Daşkənd vilayətinin Bekabad rayonundakı Əlişir Nəvai adına məktəbi bitirmişəm.
— Tələbə olduğumuz zamanlardan müəyyən bir peşəni sevir və arzulayırıq. Heç şair və ya yazıçı olmaq arzusunda olmusunuzmu?
— Şeir yazmağa 3-cü sinifdə oxuyandan başlamışam. O zaman məndə güclü inam var idi ki, mən mütləq şair, yazıçı olacağam. Bu mənim ən böyük arzum idi.

— Mütaliəyə, ədəbiyyata sevginizi oyandıran ilk əsər hansı olub?
— Məncə, ulu nənəm Hosiyyət-otinin uşaq vaxtı mənə oxuduğu kitablar olmalıdır: Yasəvi Hikmətəli, “Nurinoma”, “Məlikayi Dilorom” kimi əsərlər. Üçüncü sinifdə oxuyanda ailəmizdə Erqaş Cumanbülbülün oğlunun söylədiyi “Küntuğmuş” dastanını oxuduğumu xatırlayıram... Mən 4-cü sinifdə oxuyanda atam Muxtar Əvəzovun “Abay” romanını səfərdən gətirmişdi, oxudum.
—Məktəb illərinizin ən yadda qalan günündən danışsanız...
— 8-ci sinifdə oxumuşam, “Var dostum” adlı ilk şeirim “Qızıl Özbəkistan” qəzetində (17 fevral 1957-ci il sayında) dərc olunub. O gün mənim üçün
unudulmaz bir gün idi.

— Ustadlarınızdan öyrəndiyiniz ən yaxşı keyfiyyətlər...
— Çalışın, oxumaqdan, yaxşılıq etməkdən, insanlara kömək etməkdən, irəliləməkdən və səy göstərməkdən heç vaxt əl çəkməyin...
— Eyni zamanda şair, yazıçı, tərcüməçi, alim kimi işləmək çətin deyilmi?
—Mənim üçün çətin deyil. Çünki hər janrın öz məqsədi, vəzifəsi, tələbi var. Bu, təbii ki, yazıçının yaradıcılıq arzularından, kifayət qədər elmi biliklərindən asılıdır. Alim kimi də, yaradıcı kimi də insan həmişə axtarışda olur…
—“Nəsr ağır, poeziya sürətlidir ”, deyən məsəllər var. Bu barədə nə düşünürsünüz?
— Belə deyirlər. Düzdür. Nəzm - bir anlıq qığılcım, şimşək, parlayanda tutulan - xoşbəxt. Nəsr gurultulu tonqaldır, poeziya ilə müqayisədə o, geniş obraz və təsvir imkanlarına malikdir, yaradıcının əl-ayağını bağlamır, onu azad edir.
— Teymurilər tarixinə həsr olunmuş romanlarınız oxucular tərəfindən sevilir və öyrənilir. “Böyük səltənət” roman-epopeyanızın yazılması neçə il çəkdi?
Bu epik romanın yazılma prosesini bölüşərsinizmi?
— Epik romanın yazılma prosesi, araşdırmalarım haqqında xüsusi məqalə yazmışdım. Ümumiləşdirsək, “Uluq Sultanat” roman-epopeyası 4 kitabdan ibarətdir, iyirmi il (1993-2013) qələmə alınıb. Bir sözlə, roman yorulmaz və gərgin araşdırmalar nəticəsində yaranıb.
— İndiyə qədər neçə əsər və şeir tərcümə etmisiniz?

— Tərcüməyə yanaşanda ədəbiyyatımızda olmayan janrlarda və ya mövzularda yazılmış əsərləri (əsasən şeiri) seçirəm ki, ədəbiyyatımızı zənginləşdirsin. Qədim hind eposu “Ramayana”, qaraqalpaqların “Şəhriyor”, “Maspoşho” dastanları, Höte, Robert Börns, Şiller, Bayron, Heyne, Puşkinin, Miskeviç, Lermontov, Abay, Berdaq, Taqor, Rəsul Həmzətov və s.-nin şeir və dastanlarını, dünyanın tanınmış şairlərinin əsərlərini dilimizə tərcümə etmişəm.
— Gənclərə daha çox hansı kitabları oxumağı tövsiyə edirsiniz?
—Gənclərə onları maraqlandıran yaxşı kitabları oxumağı məsləhət görürəm.
— Ədəbiyyat sahəsinə qədəm qoyan yaradıcı gənclərə məsləhətiniz...
— Gənclərə məsləhətim: ilk növbədə qarşınıza böyük məqsəd qoyun, işi sevin, oxuyun, öyrənin, nəticədən asılı olmayaraq başladığınız işi bitirin, tənbəllik sözünü lüğətinizdən çıxarın, heç vaxt ümidinizi itirməyin, deyirəm.
— Sizcə, uğurlu nəticələrin əldə olunmasında ən vacib amillər hansılardır?
— Bilirəm ki, məqsədə doğru getməkdən yorulmadım, yorulmadan oxudum, niyyətimdən əl çəkmədim, böyüklərdən dərs aldım, onların ardınca getdim. Düz yolda olduğuna əmin olduqdan sonra nəticələr də uğurlu olur.
— Mənalı və maraqlı söhbətiniz üçün minnətdaram!
Söhbətləşdi: Cahangir NOMOZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.

4-05-2024, 23:44
36 ilin həsrəti


36 ilin həsrəti


36 il əvvəl Zəngəzur mahalının Mahmudlu kəndindən, üzü görünməzə, sonu bilinməzə bir karvan qalxdı. Karvan nə yaylaq köçü aparırdı, nə də ticarət yükü. Bu köç ellikcə gedirdi. Amma hamının yükü eyni ağırlıqda dərd yüküydü. Erməni façistlərinin rus əsgərlərinin süngüsü ilə gətirdikləri faciə bütün Qərbi Azərbaycanı bürümüşdü. Yollarda yalnız qan izi, evlərdə ah-nalə səsləri...Hər şey bir-birinə qarışmışdı. Kimsə kimsədən xəbər tuta bilmirdi. Hərə başını götürüb bir diyara üz tutmuşdu.

Artıq aradan bir qərinə keçib. O vaxt nənə-baba olanlar dünyasını dəyişib. Ata-analar nənə, baba olub. Qundaqda gələnlər ata, anadır.
36 il əvvəl pərən-pərən düşən Mahmudlu camaatı xeyli vaxtdır icma halında fopmalaşıb. İcma üzvləri bundan sonra yurda qayıdış karvanına qoşulmağı gözləyirlər. Bu istəkdə olanların bir qismi aprelin 28-də Qafan rayonunun Mahmudlu Kənd İcmasının sədri Sərvər Azadəlioğlunun təşkilatçılığı ilə Masazır kəndindəki “Kənd Ocağı” restoranında görüş keçiriblər. Bu görüşə gələnlərin hərəsi yol boyu bir xəyalın qanadından asılıb. Kimisi qızlarla yemlik yığıb, gül topladığını, təndirə çörək yapıb fətir bişirdiyini xatırlayıb, kimisi dumanlı dağların yaşıl qoynunda, çəndə, çisgində quzu otardığı günləri, kimisi də at belində Dəfdən, Qazmacadan belə oymaq-oymaq gəzdiyi yerlərin həsrətilə qovrulub.

Görüşü Sərvər müəllim açaraq kənd camaatını salamlayıb. Qeyd edib ki, kəndimizin bura toplaşan camaatından 36 ildir ki, ayrı düşmüşük. Mənfur qonşularımızın silahlı hücumu nəticəsində Qərbi Azərbaycanımızın hər yerində olduğu kimi biz- Qafan rayonunun Zəngəzur mahalının Mahmudlu kənd camaatı da 1988-ci ilin sərt qış aylarında dədə-baba yurdumuzdan didərgin düşdük. Hərəmiz Azərbaycanın müxtəlif güşələrində məskunlaşdıq. Özümüzə uyğun yaşamımızı bərpa etdik. Möhtərəm prezidentimiz İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcması yaradılıb. Bu icmanın tərkibində bütün rayonlar öz icmalarını yaradıblar. O cümlədən Qafan rayonunun icması da yaradılıb. Onun rəhbəri gözəl alim, tibb elmləri doktoru, professor Eldar Abasovdur. İcmamızın məqsədi Qərbi Azərbaycanın rayonlarından qaçqın salınmış insanları öz dədə-baba yerlərinə qaytarmaqdır. Biz inanırıq ki, yaxın vaxtlarda hamımızın arzusu yerinə yetiriləcək.

Görüşdə kənd camaatından Bayramov Şirvan Vilayət oğlu, Qarayev Faiq Səməd oğlu, Azadəliyev Şakir Əhməd oğlu, Ağayarova Arifə İxtiyar qızı, Əhmədova İradə Süleyman qızı, Mehdiyeva Teyyubə Mehdi qızı və başqaları öz ürək sözlərini, yaddan çıxmayan xatirələrini söyləyiblər. Elbrus Əliyev isə üzünü Aftil əmioğluya tutaraq Qazangölə getmək arzusunu iki bənd şeirlə ifadə edib. Görüş iştirakçılarına Qərbi Azərbaycanın İcmasından verilmiş üzvlük vəsiqəsi və döş nişanları təqdim edilib.

Həsrət dolu sevincə bürünən görüş çox maraqlı keçib. Kəndin məzəli əhvalatları, hafizələrə hopan hadisələri yada salınıb. Musiqiçilərin ifa etdikləri mahnılar tədbirə xüsusi rəng qatıb, hər kəsə xoş ovqat bəxş edib. Görüşə yekun vuran Aftil Bayramov icma üzvləri adından görüşün təşkilatçısı Sərvər Azadəliyevə minnətdarlığını bildirib və belə görüşlərin tez-tez keçirilməsini xahiş edib. Axırda xatirə şəkili çəkdirilib.
“Bütöv Azərbaycan”


4-05-2024, 22:38
XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA  TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ


XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA
TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ


XÜLASƏ
Ekoloji fkirlərin inkişaf tarixi əhalinin ətraf mühitə münasibəti ilə bir başlanıb. Bu özünü şifahi xalq və yazılı ədəbiyyat nümunələrində açıq şəkildə göstərir. Təsadüfi deyildir ki, müasir ekologiya elminin əsasında folklorda və klassik ədəbiyyatda mövcud olan, bu günümüzə qədər gəlib çatmış elmi fikirlər dayanır. Təqdim olunan məqalədə Azərbaycan ədəbiyyatında orta əsrlərə mənsub bədii söz ustalarının yaradıcılıq nümunələrində təbiət-insan münasibətlərinin yaranması, formalaşması və inkişafı öz əksini tapır. Araşdırmalarımız göstərir ki, onların irəli sürdükləri fikirlər zaman-zaman reallığa çevrilib. Azərbaycan klassikləri yaşadıqları dövrlərdə elmin müxtəlif sahələrinə dair qiymətli fikirlər söyləmişlər. Bu məqalədə Azərbaycanın XII-XIV əsrlərdə yaşayıb-yaratmış dahi sənətkarlarının həmin dövr üçün səciyyəvi olmayan maraqlı elmi yanaşmalarla diqqəti cəlb etmələri qeyd olunur. Biz burada həmin məsələlərə tipik nümunə kimi Xaqani Şirvani və İmadəddin Nəsiminin əsərlərini təhlil edərkən rast gəlmişik.
Ekoloji amillərdən su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu Xaqaninin yaradıcılığında ciddi problem kimi qoyulmuş, onun əhəmiyyəti qeyd edilmişdir. Nəsimi isə canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna faydasına diqqəti cəlb etmiş, birinci olaraq bitkilərin suda inkişafının labüdlüyü məsələsinə toxunmuşdur.
Tədqiqat prosesində biz hər iki klassik şairin yaradıcılığında onlarla bu cür ekoloji obyektlərə nəzər yetirdiklərinə dair misalllarla qarşılaşırıq. Həm Xaqaninin, həm də Nəsiminin yaradıcılıq nümunələrində ətraf mühitlə əlaqəli elmə söykənən ekoloji fikirlər çoxdur. Onlardan bol və dürüst istifadə göstərir ki, Xaqani də, Nəsimi də yalnız öz dövrlərinin deyil, özlərindən əvvəlki klassikləri də yaxşı mənimsəmiş, elmi-fəlsəfi nəzəriyyələrlə az-çox tanış olmuşlar. Apardığımız müqayisələr bunu göstərir.
Xaqaninin qəzəl və qəsidələrində, rübailərində, məsnəvilərində, Nəsiminin bütün fəlsəfi və ədəbi düşüncələrində ətraf mühitə qayğıkeş münasibət, onu qorumağa çağırış var. Bu baxımdan adi görünən təbiət gözəlliklərinin təqdimi də təbiəti öyrənməyə, sevməyə və nəticədə onu qorumağa yönəldilmişdir. Məqaləni işləyərkən tədqiqata cəlb edilmiş klassik şairlərimizin aktual məsələ olan bioloji müxtəlifliyə və insan ekologiyası probleminə diqqət yetirmələrı də nəzərə alınmışdır.
GİRİŞ
Azərbaycanda ətraf mühitin qorunmasının tarixi çox qədim dövrlərə gedib çıxır. Qeyd etmək lazımdır ki, ətraf mühiti və onun problemlərini öyrənən fundamental elm sahəsi kimi ekiologiya XIX əsrin II yarısında yaranmışdır. Buna baxmayaraq, orta əsrlərdə əhali canlı və cansız təbiət, onların qarşılıqlı əlaqələri haqqında müəyyən məlumatlara malik idi. Bu dövrdə ekologiya olmasa da, bitki və heyvanları öyrənərkən onların yaşama şəraiti nəzərə alınırdı (1). Qədim və orta əsr insanlarının gündəlik həyatda apardıqları müşahidələr buna imkan verirdi. Bu dövrlərdə təbiət-insan münasibətləri ən çox ovçuluqda öz əksini tapmışdı. Orta əsrlərdən başlayaraq, ələ öyrədilmiş hepard, qızılquş, qırğı və bu kimi ovçu heyvanlar vasitəsilə ov etmək digər tükrdilli xalqlar kimi Azərbaycan türklərinin də həyatında mühüm əhəmiyyət daşıyırdı. Ov məhsullarının kifayət qədər ucuz olması kütləvi ovlanmaya gətirib çıxarırdı. Bu isə bir sıra nadir növlərin nəslinin kəsilməsinə səbəb olurdu. Belə ki, XI-XII yüzilliklərdə şir və qulanın, XVII yüzillikdə hepardın, XX əsrin 30-cu illərində pələngin ölkəmizin faunasından yox edilməsi qanunsuz ovçuluğun geniş şəkildə fəaliyyəti ilə birbaşa bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qırmızı Kitabının ilk nəşrinə (1989 cu il) daxil edilmiş növlərin sayı ilə müqayisədə, 2013-cü ildə çap olunmuş ikinci nəşrə adları daxil edilən növlərin sayı iki dəfə artmışdır.
Ətraf mühitlə əlaqədar qanun və qərarların mövcud olmadığı dövrlərdə əhalinin heyvanlara (xüsusən, yırtıcı növlərə) neqativ təsiri sürətlə gedib. Bununla belə əhalinin təbiətə tamamilə biganə qaldığı fikrini söyləmək doğru olmazdı. Bu problemin həllinə müxtəlif sənət sahələri, o cümədən rəssamlıq, heykəltaraşlıq, nəqqaşlıq, tikmə və toxuma, oyma, döymə, misgərlik, dulusçuluq, folklor, din, el adətləri və s. köməklik göstərib. İndiyədək müxtəlif tədqiqatçılar tərəfindən bu problemə toxunulub və bu istiqamətdə əhatəli araşdırma apaılıb. Bədii sözün gücündən məharətlə istifadə edən Azərbaycanın klassik şair və yzıçıları da problemə laqeyd qalmamış, yazdıqları əsərlərdə bu məsələyə öz münasibətlərini bildirməyə çalışmışlar. Şifahi xalq yaradıcılığı kimi, yazılı ədəbiyyat da əsrlər boyu əhalinin ətraf mühitə münasibətində maarifçilik xarakteri daşımış, həm də sayı azalan növlərin qorunması istiqamətində yasaqlayıcı fikirlər irəli sürərək təbiətin mühafizəsində faydalı iş görmüşlər.
Qeyd etdiyimiz kimi, klassiklərimizin yaradıcılığında ətraf mühitə münasibət geniş yer tutur. Məlumdur ki, orta əsr Azərbaycan ədəbiyyatı tarixində böyük ədəbi simalar yetişmişdir. Xüsusilə, XII əsrdə yalnız Azərbaycanda deyil, ümümiyyətlə, Yaxın Şərqdə elm və mədəniyyətin oyanma dövrü olmuşdur. Bu dövrdə, Azərbaycan həm də iqtisadiyyatın və mədəniyyətin inkişafına görə Şərq ölkələri içərisində daha yaxşı tanınırdı. Boyaqçılıq, dulusçuluq, metal emalı kimi sənət sahələrinin və təbabətin inkişafı ölkəmizdə tətbiqi kimyaya aid biliklərin geniş yayılmasına səbəb omuşdu. XII əsrdə qızıl, gümüş, mis, kükürd, stibium və qurğuşun kimi maddələr artıq elmə məlum idi. Belə bir dövrdə Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri yazdıqları əsərlərdə bu məsələlərə diqqət yetirir, onlara demək olar ki, bütün yaradıclıq nümunələrində toxunurdular. Şərq ölkələrində fitri istedadı, geniş dünyagörüşü, ensiklopedik biliyi və ideya zənginliyi ilə Xaqani, Nizami və Nəsimi kimi şairlər digərlərindən xeyli dərəcədə fərqlənirdi. Belə ki, Xaqani yalnız bədii yaradıcılıqla məşğul olmur, eyni zamanda, dövrünün bir çox elmləri ilə də maraqlanıırdı. Bu isə ona topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində istifadə etməyə imkan verirdi. Dahi Nizami Gəncəvinin bütün yaradıcılığı isə birmənalı olaraq elimi fikirlərlə doludur. Nəsimi poeziyası da bu cəhətdən səciyyəvidir. Onun dərin düşüncəyə malik çoxtərəfli məna kəsb edən əsərlərində elm-fəlsəfi yön maraq doğurur. Əvhədi insanın doğuluşunu, təbiətdə gedən prosesləri, üzvi aləmin təkamülü məsələlərini ciddi və əhatəli, həm də elmi şəkildə yaradıcılığına gətirən mükəmməl bir sənətkar kimi tanınır. Bu klassiklərin hər birinin əsərləri elmi-nöqteyi nəzərdən mükəmməldir.
Tədqiqat işinin məqsədinə uyğun olaraq Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığnda ekoloji problemin qoyuluşuna müxtəlif rakursdan yanaşmışıq. Araşdırmamıza Xaqani Şirvaninin əsərlərində ətraf mühit amilləri və onların təbiətə təsiri barədə bəzi açıqlamalarla başlamaq istərdik. Xaqani bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, dövrünün bir çox elmləri ilə də maraqlanmış, topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində isifadə etmişdir.
Xaqani Şirvani (XII əsr) ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirirdi. Xüsusilə, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd edirdi:

Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.

Ətraf mühitin zəruri komponenti kimi su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu onun yaradıcılığında qabarıq verilmişdir:

Sən qara torpağa su versən əgər
Bir ildə gül açar qarşında bostan.

Xaqani burada əkin üçün münbit torpaqdan istifadə etməyi, onu vaxtaşarı suvarmağı məsləhət görürdü. Bildirirdi ki, yalnız bu halda əməyin bəhrə verəcəkdir. Bununla o, suyun cansız və canlı təbiət üçün əhəmiyyətini nəzərə çatdırırdı. Xaqaninin insan ekologiyasına aid fikirləri də maraqlı və düşündürücüdür.

Daxilən əfi ilan, tavus rəngəm zahirən,
Müxtəsər, bil, yolkəsən divə mənəm yol göstərən.

Bir çox insanlarda neqativ xarakterin formalaşması, zərərli vərdişlərin yaranması şairdə təəsüf doğursa da, bunun yer üzünün hər yerində olduğu qənaətinə gəlmişdir:

Təkcə bizim ölkəmizdə vəfa yoxdur, zənn eləmə
Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.
...İnsanların məcazında insanlığı az axtar ki,
Çalağanın yuvasından qanadlanmaz heç vaxt huma.


Təkcə qloballaşan çağdaş dünyamızda deyil, X.Şirvaninin yaşadığı dövrdə də insana münasibət qanedici olmamışdır. Başqa sözlə, insan ekologiyası problem kimi həmişə yardıcı adamları, mütəfəkkirləri düşündürmüş, ondan çıxış yollarını axtarmış, bütün yaradıcılıqları boyu ibrətamiz fikirlər, nəsihətlər söyləməklə cəmiyyəti, gənc nəsli tərbiyə etmək istəmişlər. Xaqani həmçinin “insanlıq” probleminin yalnız bizim ölkədə yox, bütün dünyada mövcud olduğunu təssüflə qeyd edir. Hazırda bu problem qlobal məsələ kimi aktualdır.
Xaqani “Quşların söhbəti” adlandırdığı “Mədhiyyə”lərinin birində müxtəlif quşların dili ilə bəzi bitkilərin xüsusiyyətlərini açmağa cəhd etmişdir:

İlk dəfə ağ çiçəyi mədh elədi göyərçin,
Dedi: - Acı yarpaqda şəkər yığır bizimçün.

Məlumdur ki, işıq enerjisinin təsiri altında bitkilərin yaşıl hüceyrələrində qeyri-üzvi maddələrdən üzvi maddə olan nişastanın sintezi həyata keçirilir. Sonra nişasta şəkərə-qlükozaya çevrilərək bitkinin digər orqanlarında toplanır. Fotosintez adlanan bu proses nəticəsində ətraf mühitə çoxlu oksigen və su buxarı daxil olur. Beləliklə, ətraf mühitdə karbon qazı ilə oksigenin nisbəti balanslaşır. Atmosfer havasının vaxtaşırı çirklənməsinə baxmayaraq, tərkibindəki karbon qazının miqdarı demək olar ki, sabit qalır. Ona görə də yaşıl bitkilərin bol olduğu ərazinin havası təmiz və sərin olur. Xaqani “acı yarpaqda şəkər yığır”, dedikdə bitkilərin yarpaqlarında hazırkı elmi anlamda fotosintez prosesininin getdiyni nəzərdə tuturdu. Əlbəttə, bitkilərin əhəmiyyəti yalnız bununla bitmir:

Bu otlardan, güllərdən hansına üz tutsaq biz
Bu şahların içində hansıdır daha əziz...
Biz də sənə bir zaman verdik əgər dərdi-sər
Güllər ətir yayanda dərdi, qəmi sildilər.

Şair burada bitkilərin şəfaverici xüsusiyyətlərinə diqqəti yönəltmişdir. Məlumdur ki, tibb elminin kifayət qədər inkişaf etmədiyi orta əsrlərdə əhali xəstəliklərin müalicəsində türkəçarə üsullarından bəhrələnmişdir. Ona görə də, təbiətdəki dərman bitkilərini yaxşı tanıyır, onlardan dərman hazırlanması və müalicə üsullarını bilirdilər. Belə bitkilərdən qızılgül daha faydalı hesab edilirdı. Bizə görə, xoş iyi, gözəl görkəmi, müalicə əhəmiyyəti, uzun müddət çiçək açması və digər səbəblər qızılgülə əhalidə daha çox maraq yaratmış, onu müqəddəsləşdirmə səviyyəsinə çatdırmışlar. Xaqaninin aşağıdakı misraları belə nəticəyə gəlməyə əsas verir:

İstəyirəm güllərdən qızılgülün xətrini
Peyğəmbərin tərindən alıbdı öz ətrini.


Qızılgül və başqa bitkilərin müqəddəslik-toxunulmazlıq simvolu kimi təqdim edilməsinin (məsələn, “qızılgülün qoxusunu peyğəmbərin tərindən aldığı” deyimi) ətraf mühitin qorunmasında əhəmiyyəti olub. Analoji hallar heyvanların mühafizəsinə də müsbət təsir göstərib. Şübhəsiz, hədislərdə və dini rəvayətlərdə pişiyin, göyərçinin, hörümçəyin və bəzi başqa heyvanların (o cümlədən bitkilərin) Məhəmməd Peyğəmbərin və imamların onlara xoş münasibəti ilə qorunması arasında bağlılıq vardır.
X.Şirvaninin yaradıcılığında müxtəlif bitki və heyvan adlarına çox rast gəlinir; quşlardan bülübül, qumru, sar, səlsəl, teyhu, tuti, bubbu, ənqa, göyərçin, qarğa, kəklik, qırğı və b., bitkilərdən süsən, lalə, sərv, nərgiz, ağ çiçək, yasəmən, qızılgül və s. təsviri şairin yaşadığı orta əsrlərdə mövcud olmuş bir çox müasir bitki və heyvan növlərinin adlarının doğru olduğunu göstərir. Göründüyü kimi, o dövrdə müasir məzmuna uyğun gəlməyən növmüxtəliflikləri də az deyildir.
Biosenozu təşkil edən canlı orqanizmlər daim bir-birilə müxtəlif münasibətdə olurlar. Təbiətdə qida uğrunda geniş əlaqələrin tipik nümunəsi kimi rəqabət, yırtıcılıq, parazitizm və s. Xaqaninin şeirləri üçün səcciyəvidir:

Pəncə atıb ceyranın boynunu sındırdı şir,
Göyərçində şahinin caynağında xar olub.

Burada yirtıcı heyvanlardan şir və şahinin qidalanma xüsusiyyəti açıq bildirilir.
Orta əsr Azərbaycan ədəbi simalarından olan Xaqani bəşəriyyətin bədii fikir tarixində əbədi olaraq ad qazanmış dahi şairlərdən biridir. Zəmanəsində söz mülkünün xaqanı olan Xaqani geniş dünyagörüşlü sənətkar kimi məlum kimyəvi maddələrin xassələrini öyrənmiş, yaradıcılığında fəlsəfi fikirlərinə məna vermək üçün onlardan ustalıqla istifadə etmişdir. O, kimya elminə yüksək qiymət verirdi:

Dünyanın kimyası verilsə mənə,
Bunu bir kimsəyə satmaram yenə.

Kimya elminə münasibəti şairin bir sıra maddələrin xassələri haqqında düzgün fikirlər söyləməyə inkan verirdi. Qeyd ediyimiz kimi, burda ona əldə etdiyi elmi biliklər də kömək edib. Xaqani poyeziyasında bənzətmə məqsədilə ən çox qızıl, gümüş, qurğuşun kimi elementlərdən istifadə etmişdir. O, tamahkar adamların qızıl toplamalarına həris olduqlarına işarə edərək gözəl bir bənzətmə işlətmişdir.

Tamah fikrindən geyinsən paltar,
Qızıl paltarına miqnatis olar.

Yəni maqnit dəmiri özünə çəkən kimi, tamahkar adamları da qızıl özünə daha çox cəzb edir. Fiziki xassəsinə görə dəmir möhkəm olub, ağırlığa davam gətirən metaldır. Həyat tərzindən şikayətlənən şair, düçar olduğu böyük məhrumiyyətlərə tablamasını bədəninin dəmir kimi möhkəm olmasında görür.

Bədənim dərd üçün kor quyudur,
Həm dəmir dağıdır, qürurla durur.

XII əsrdə dəmir və poladdan istifadə olunmasa da, misin emalı dəmir və polada nisbətən daha asan və ucuz başa gəlirdi. Bu, misin ərimə temperaturunun dəmirə nisbətən aşağı olması ilə əlaqədardır.

Bir odlu nalə edərsən dəmir kimi candan,
Civə kimi əriyər hər dəmir bu əfqandan.


Yaxud poladın daha çox möhkəm olmasına işarə edərək yazırdı:

Bu təəccüb deyil, əgər bir qurşun olmaz qıra,
Hünər ona deyərəm ki, olmaz polad sındıra.

Şair burada dəmirin və poladın möhkəmliyini bənzətmə obyekti kimi vermiş, digər tərəfdən diqqəti civənin aqreqat halının maye olduğuna, gümüşün ərimə temperaturuna yönəltmişdir. O, bunu bədii şəkildə obrazlı misallarla oxucunun diqqətinə çatdırır. Xaqani bunu özünün düşdüyü çətin durumu ilə müqayisə edir, ona bənzədir, yəni vəzyyətinin çətinliyi şairi gümüş tək əridir, qəmi isə onu civə tək əzir:

Gümüş tək əridir gah bədənini,
Gah da qəmlə əzir bir civə kimi.

Bütan bunlar göstərir ki, Xaqani Şirvani yaradıcılığında yalnız ətraf mühitə təsir göstərən faydalı və zərərli faktorların adlarını çəkməklə, onlara münasibət bildirməklə kifayətlənmir, həm də canlı və cansız orqanizmlərin əsasını təşkil edən kimyəvi maddələrə də, faydalı qazıntı nümunələrinə də toxunur. Onun əsərlərində bu məsləyə yanaşma kompleks təkil edir.
Aristotel də daxil olmaqla, qədim dünya filosoflarından başlayaraq varlığın əsasında suyun, odun, torpağın və havanın dayandığı fikrini Xaqani də qəbul etmiş və belə nəticəyə gəlmişdir ki, Günəş həyatın özüdür O, bu qənaətində haqlı idi. Elmi baxımdan da Günəş həyatın varlığında başlıca amildir. Başqa sözlə, Günəşsiz həyat mövcud ola bilməz. Yəni işıq və istilik mənbəyi kimi Günəş həyatın əsasında dayanır.
Geniş və dərin təfəkkürə malik, XIV-XV əsr Azərbaycanın klassik, Cahanşümul şairi İmadəddin Nəsimi 700 ilə yaxındır ki, qoca Şərqin fəlsəfi fikir tarixində və ədəbi sənət aləmində özünün layiqli yerini tutub. Yaxın Şərqdə daha çox mökəm iradə, sarsılmaz güc rəmzi, ideya mücahidi və əqidə uğrunda mübariz kimi yüz illərdir yaddaşlara hopmuş Azərbaycan şairi İ.Nəsiminin üstün keyfiyyətlərini xarakterizə edən akademik Həmid Araslı yazırdı: “Şərq xalqları tarixində öz məsləki uğrunda ölümə gedən, ölüm ayağında belə fikrindən dönməyən dəmir iradəli şəxsiyyətlər olmuşdur. Xəlifə cəlladlarının qarşısında mərdanə dayanıb rənginin saralmasını düşmən görməsin deyə üzünü qanı ilə qızardan Babək, “Ənəlhəqq” dediyi üçün X əsrdə Bağdad şəhərində dara çəkilən Mənsur Həllac, dindarların kafir adlandırıb neft tökərək yandırdıqları Eynül-Qüzzat, Əlıncə qalasında Teymurləngin oğlu Miranşahın əmri ilə dara çəkilən, cəsədi at quyruğunda sürüdülən Fəzlullah Nəimi belə mərd insanlardandır. Lakin bunlardan heç birinin edamı böyük ideya maücahidi İmadəddin Nəsiminin ölümü qədər faciəli və əzablı olmamışdır. Məhz buna görə də beş əsrdən artıdır ki, onun şərəfli adı Yaxın Şərqdə mərdlik, fədakarlıq, sədaqət və mətin iradə rəmzi kimi hörmətlə çəkilir, haqqında rəvayətlər və bədii əsərlər yaranır.” Heç də təsadüfi deyildir ki, Nəsimidən üç əsr sonra yaşamış Sarı Aşıq bayatılarının birində deyirdi:

Gözəllik soy iləndi,
Şahmar da soy ilandı.
Nəsimitək yolunda,
Bu Aşıq soyulandı.

Təsadüfi deyildir ki, bu bayatı indiyədək bir zərb-məsəl kimi yaşamaqdadır. Şübhəsiz, Nəsimi yaradıcılığı bütövlükdə özündən sonrakı ədəbiyyat və fəlsəfi fikir tarixinə çox ciddi təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, şair-filosofun yardaıcılığının əhatəli tədqiqi və dünya elmi-ədəbi ictimaiyyətinə daha yaxşı tanıdılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edilmişdi. Sözsüz ki, İ.Nəsimi yaradıcılığının hərtərəfli araşdırılması və təbliği baxımından bu qərar xüsusi əhəmiyyət kəsb edirdi. Dövlət başçısının təşəbbüsü və sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu cəhətdən səcciyəvidir. Tədqiqatlarımız göstərir ki, həm İmadəddin Nəsiminin, həm də Xaqani Şirvaninin timsalında, klassiklərimizin yaradıcılıq nümunələri ətraf mühitin öyrənilməsinə, təbliğinə və qorunmasına yönəlik zəngin məlumatlar mənbəyidir. Bu baxımdan apardığımız araşdırmanı İ.Nəsimi və X.Şirvani irsinə kiçik bir töhfə hesab eirik.
Məlumdur ki, dünyagörüşü cəhətdən hürufi-panteist olan İmadəddin Nəsimi Allahla təbiəti eyniləşdirmiş, Allahın insanda və təbiət cisimlərində təcəlləsi ideyasını təbliğ etmişdir. Nəsimiyə görə, ruh cansız təbiətdən canlı təbiətə (bitkiyə, heyvana, insana) doğru inkişaf edir. O, gerçəkdən insanı təkamülün son mərhələsi hesab edir, bütün şerlərində insanı təbiəti və həyat gözəlliklərini duymağa, ondan zövq almağa çağırırdı. Deməli, Nəsiminin poeziyasında ətraf mühitin qorunması təbliğ olunmuş, təbiətə məhəbbət və qayğı hissləri aşılanmışdır.
Qeyd etdiyimiz kimi, İ.Nəsimi təbiətə hürufilik təlimi əsasında yanaşır və canlı təbiətin özündən yarandığı fikrini irəli sürürdü. XIX əsrdə Nəsiminin bu ideyası elmi əsaslarla sübut olundu. İnsana ali varlıq kimi baxan şair, panteizm cərəyanının qəbul etdiyi kimi ruhun cəmadət, nəbatət və heyvanatdan keçərək insana doğru inkşaf etdiyi fiktində idi.

Çün xakdan eylər səfər mədən nəbat olur şəcər
Rovşen görür əhli-nəzər kol tömeyi-heyvan gəlir.
Çün tömeyi- heyvan olur, oda ki, insü can olur
İnsana vasil olmağa bi dəstü pa pərran gəlir.

Nəsimiyə görə, insan öldükdə ruhu çıxır, cəsədi torpağa qarışır, bitki şəklində həyata qayıdır. Torpaqdan mədən, mədəndən nəbatət, nəbatətdən heyvanat yaranır. Ümumşərq fəlsəfəsinin əsasını təşkil edən bu cür yanaşma meyarı qədim hind fəlsəfəsində daha qabarıq nəzərə çarpsa da, digər xalqların elmi-fəlsəfi prinsiplərinə də hopmuşdur. Təsadüfi deyildir ki, biz təbiətdə baş verən inkişaf proseslərinə bu cür yanaşmaya Nəsrəddin Tusinin “Əxlaqi-Nasir” əsərində, habelə — Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən “İşraqilik” təlimində, eləcə də, digər fəlsəfi baxışlarda, habelə klassiklərin bədii yaradıcılıq nümunələrində rast gəlirik. Maraqlıdır ki, biosferdə gedən maddələr dövranı İ.Nəsimi poeziyasında düzgün əsaslandırılıb. Şair təbiətşünaslığın hələ yaxşı inkşaf etmədiyi orta əsrlərdə ortaya maraqlı suallar qoyur: “Odu Su, Torpağü Yel aldı nədəndir Adəm?” Panteist şairin əsərlərində təbiət gözəllikləri tərənnüm edilsə də, onun əsas obyekti İnsandır. Nəsimi belə hesab edirdi ki, təbiət, yer, göy öz xidmətlərini və dəyərini insandan alır. Çünki insan kamil varlıqdır və böyük yaradıcı gücdür. Şairin təbiət görüşlərində abiotik faktor kimi kosmos amillərinə münasibəti də diqqətəlayiqdir:

Günəşin qürsi, nədən yer üzünə şölə verir,
Yenə bir məşəldə nur nədir, nar nədir?

O, bununla Günəş enerjisinin canlıların həyatında faydasını göstərir. Dördlüklərinin birində həyatın dörd ünsürdən yarandığını bildirir:

Dörd sütun üstündə qurulmuş bu can,
Varlıq ölkəsində odur hökmran.

Nəsiminin poeziyasında ətraf mühitə münasibət (insanın ekologiyası, canlıların təkamülü, həyatın əmələ gəlməsi və təbii sərvətlər haqqında mülahizələr) xüsusi yer tutur. Şair qəzəl və qəsidələrində təbiətdə baş verən fəsil dəyişikliklərini, o cümlədən yazın gəlişi ilə əlaqədar ətraf mühitdə, xüsusilə bitkilərin həyatında canlanmanın müşahidə edildiyini olduqca təbii vermişdir:

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə
Buraxdı qönçələr pərdə, bəşarət bülbülü-zarə.
Şəqayiq pərdədən çıxdı, boylandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü, boyandı rəngi əzharə.
Çəmənlər müxtəlif oldu, həzar əlvan çiçəklərdən
Açıldı laləvü nəsrin, şükufə gəldi əşarə.
Açıldı nərgisu lalə, tutubdur yasəmən çadır
Söyütlər, ərgəvan titrər, qamışlar mindi ənharə.


Göründüyü kimi, İ.Nəsimi burada diqqəti təbiətin gözəlliklərinə və onun qorunmasına yönəldib. Qeyd etmək lazımdır ki, Ş.İ.Xətainin “Dəhnamə”si də eyni məzmunda qələmə alınıb:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəfanə düşdü,
Eşq odu yenə bu canə düşdü…
…Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi şaxın.
Yüz dürlü əba geyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər…

Şübhə yoxdur ki, Nəsiminin təsiri ədəbiyyata yuxarıdakı şeirilə “Bahariyyə” janrını gətirən görkəmli Azərbaycan şairi Şah İsmayıl Xətaidən yan keçməyib. Dahi şair-filosof İmadəddin Nəsimi zamanının yaradıcı şəxslərindən fərqli olaraq, təbiəti tərənnüm edərkən mahiyyətə varır, ondakı gözəlliklərin qədrini bilməyə, onları olduğu kimi duymağa çağırır. Baharın gəlişini təsvir edən şair, ətraf aləmdə baş verən fəsil dəyişkliklərini tamam yeni bir çalarda, yeni bir keyfiyyətdə təqdim edir. Başqa sözlə, o, yazın gəlməsi ilə təbiətdə baş verən gerçək çanlanma hadisəsini bəşərin, yəni təbiət və cəmiyyətin yaratdığı insanın özü ilə bağlayır.
Onu da qeyd etmək lazımdır ki, XI əsrin klassik və görkəmli Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ının əsasını təşkil edən mədhnamələrdə də heyranedici təbiət təsvirləri özünə yer tapmışdır. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemalarında, o cümlədən Məhəmməd Fizulinin, Məmmədhüseyn Şəhriyarın, digər klassiklərimizin əsərlərində də təbiət motivləri həm elmi cəhətdən düzgün verilmiş, həm də əhatəli şəkildə təqdim edilmişdir.
XII əsrdə yaşayıb-yaratmış Xaqani Şirvani də ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirmiş, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd etmişdir.

Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.

İmadəddin Nəsiminin təbiət şeirləri canlıdır: “Bahar oldu, gəl еy dilbər, tamaşa qıl bu gülzarə, Buraхdı qönçələr pərdə bəşarət bülbüli-zarə.”- başlayan qəzəlində də yaz-mövsüm hadisələrinin tipik nümunəsi kimi canlılarda baş verən oyanma-fəallaşma prosesini o qədər real və maraqlı verib ki, heyrətlənməmək mümkün deyildir. Bu, dahi şairin hadisələrə real baxışının nəticəsi kimi ortaya çıxır:

Şəqayiq pərdədən çıхdı, boyandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

yaxud

Ki, çıхdı qönçədən sünbül giriban çak еdər məntək,
Dəlindi qüssədən bağrım, sən еtmə yürəgim yarə.

– Şair burda çiçək tumurcuğunun tədricən açılma prosesini müşahidələri əsasında çox düzgün təsvir edə bilib. Novruz bayramının gəlişinə həsr etdiyi başqa bir qəzəlində də Nəsimi bitkilərin həyatında baş verən çiçəkləmə kimi həyati vacib məsələyə toxunub:

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.

Digər bir şeirində dahi şair çəmənlik ekosisteminə aid müxtəlif ot bitkilərini sadalyır, həmçinin bəzi ağac və kol bitkilərinin adlarını çəkməklə bərabər, bənövşənin nümunəsində digər bitkilərin çiçəkləməsinə işarə edir. Şair həm də bu zaman bitkilərin çiçəkləmə müddətinə diqqəti cəlb etmiş olur:

Çəmənlər müхtəlif oldu həzar əlvan çiçəklərdən,
Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
Bənövşə, gül tamaşası qənimət bil ki, bеş gündür,
Satar mə’şuqə gül hüsnün, хəridar ol bu bazarə.

Bu və digər şeirlərində İ.Nəsiminin yaşadığı tarixi dövrün biomüxtəlifliyi də öz əksini tapıb. Biz buna onun bir sıra qəzəl və qəsidələrində, rübailərində və başqa janrlarda yaratdığı bədii nümunələrdə rast gəlirik. Onlardan lalə, nərgiz, bənövşə, nar, reyhan, söyüd, ərğəvan, qamış, nəsrin, şükufə, eləcə də taxıllar fəsiləsinə aid bitkilərdən səmənini misal göstərə bilərik.

Səhərdə gül üzün şaha çü gülşəndə gülab oynar,
Anı görüb səfasından fələkdə afitab oynar.

Bu şeir parçasında Nəsimi səhər vaxtı gözəlin üzündə gülab kimi tər damlalarının göründüyünü, bu gözəlliyi görən günəşin də sevincdən oynadığını bildirir. Akademik Həmid Araslı buna əsasən qeyd edir ki, “məşuqə o qədər gözəl və təmizdir ki, onun üzünün şövqündən camalındakı niqab da rəqsə gəlir.” Bu, bizə quttasiya hadisəsini xatırladır. Fikrimizcə, İ.Nəsimi təbiətşünas olmasa da belə, praktik müşahidəçi kimi təbiəti doğru mənimsəyib. Ona görə də şeirlərində ekoloji elementlərdən istifadə edərkən elmi səhvə yol verməyib. Əminliklə deyə bilərik ki, səhər tezdən yarpaqların üzərində şeh damlalarının torpanması və mirvari dənəsi kimi Günəş işığında bərq vurması Nəsiminin diqqətindən qaçmayıb. Ətraf mühitdə baş verən bu cür halların poeziyaya gətirməsi, şübhəsiz, şairin elmi-fəlsəfi dünyagörüşünün bitkin olması ilə bağlı idi.
Şairin yaradıcılığında ətraf mühitə faydalı və zərərli təsir göstərən abiotik amillərin (külək, rütubət, su, torpaq, bitki, heyvan, istilik) adlarına da tez-tez rast gəlirik. Bu, şübhəsiz, şair-filosofun təbiət görüşlərindən xəbər verir. Bir başqa misal: “Dinin günəşi, dünyada imanım əfəndi”, – misrası ilə başlanan şeirində üz tutduğu şəxsi qiymətli daşlara bənzətməsi göstərir ki, Nəsimi öz dövrünün faydalı qazıntıları və onların əhəmiyyəti haqqında müəyyən bilgilərə malik imiş.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.

Yer üzərində həyatın necə və nədən əmələ gəlməsi məsələsi yalnız alimləri düşündürməmiş, həm də filosuflar və din xadimləri bu problemə nəzər yetirmiş, zaman-zaman ona müxtəlif bucaqdan münasibət bildirilmişlər. Klassiklərimizin yaradıcılığında bu, əsas məsələlərdən biri kimi diqqətdən kənarda qalmamışdır. Qeyd etmək yerinə düşər ki, apardığımız araşdırmalar göstərir ki, bu problemə yanaşma müxtəlif olduğu qədər də mübahisəli olmuş, ona ikili münasibət göstərilmişdir: elmi və dini yanaşma. Elmi yanaşmaya görə həyat suda əmələ gəlmişdir. Fikrimizcə, İ.Nəsimi “Dəryayi-mühit” şeiri ilə bu məsələnin həllinə yönəlmiş elmi nəzəriyyəni (XX əsrin əvvəli – Oparin nəzəriyyəsi) altı əsr qabaqlaya bilmişdir. Əlbəttə, bunun mükəmməl olduğu fikrindən uzağıq, ancaq dəyərli şairimiz həyatın dörd ünsürdən (hava, su, torpaq, istilik) yarandığı faktını özündən öncəki həmfikirləri və həmkarlarının gəldikləri qənaəti çəkinmədən, qətiyyətlə davam və inkişaf etdirmişdir.

…Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,
Kitabü nərdü şətrəncü odü yеl, su, türab oynar.

O, canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna əhəmiyyətini xüsusi qeyd edir. Nəsimi suda birinci olaraq bitkilərin inkişafının labüd olduğunu, bunun üçün əlverişli mühitin yaranmasını şərt kimi göstərir. Onun nümünə kimi təqdim etdiyimiz şeirindən bir parçaya baxaq:

Dəryayi-mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirri-əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?
Hər zərrədə günəş oldu zahir,
Torpağa sücud qıldı tahir.
Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.
Acı su şərabi-kövsər oldu,
Hər zəhr nəbatü şəkkər oldu.


Filosof-şair mənsub olduğu hürufilik təriqətinə söykənərək İnsanı ali mənsəb sayır. Lakin o dövrdə nə din, nə də elm bunu izah edə bilimridi. Üzvi aləmin təkamülündə İnsanın son halqa olduğu anlamı Nəsimi yaradıcılığında açıq-aydın hiss olunur. Nəsimiyə görə insanın ali vücud olması Allahın onda təcəlla tapması ilə əlaqədardır. Məhz hürufilikdə İnsanın ən ali məqam halında qəbul edilmsəsinə də səbəb budur. O, haqlı olaraq, İnsanı yaradıcısını tanımağı, şeytana uymamağı tövsiyyə edir:

Adəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah!
Şeytani-ləinə uyma zinhar,
Anın sözünə inanma, ey yar!.


İnsan öz aqibətindən çıxanda, halı dəyişəndə cahanı-dünyanı saymır. O zaman bəşəriyyət bundan ziyan çəkir:

Hər kimsə ki, tanıdı bu canı,
Bir zərrəyə saymadı cahanı.

Ümumilikdə götürsək, dini-fəlsəfi, sosial-iqtisadi amil kimi İnsan obyekti hər zaman aktual olmuşdur. Qədim dövrün böyük filosoflarından olan Diogenin günün günorta çağı əlində çıraq İnsan axtarışına çıxması da elə bu səbəbdən idi. Ötən əsrdə yaşayıb-yaratmış Azərbaycan filosofu, “Mütləqə İnam” təliminin yaradıcısı Asif Ata fəlsəfəsinin əsas məqsədi Kamil İnsan yetişdirmək idi. Bu cəhətdən o, “Nəimi və Nəsimi ömrümüzün bir hissəsidir” deyir və hürufiləri özlərinə “qohum” hesab edirdi…
Maraqlıdır ki, ötən əsrin sonlarında çağdaş dövrün ekoloji problemləri sırasına “İnsan ekologiyası” adlı çox ciddi bir anlayış gətirildi. Mənəviyyatda baş verən və ya mövcud olan deqradasiyalar, eyni zamanda ekoloji mühitə çox ciddi təsir göstərir. Bu problemin öyrənilməsi və tədricən aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm rol oynaya bilər. Nəsiminin yaradıcılığında həmin məsələ prioritetdir. Bir nümunəyə baxaq:

Əya, mö’min, gər istərsən səadət,
Özünə peşə qıl daim se adət.

– deyən şair, yaxşı əməllər sahibi olmağı tövsiyyə edir:

Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət.
Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.
Bu sözlər xoş nəsihətdür bilənə,
Seadətdir, vəli eyni-səadət.

İnsanı səadətə qovuşduracaq bu xüsusiyyətlərin hər kəsi səadətə qovuşduracağını düşünən filosof, eyni zamanda bədəməlli-bədniyyətli adamlara mənsub keyfiyyətləri də sadalamaqla sanki onlardan uzaq durmağa çağırır:

Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.
Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətddir, siyasət.
Yəqin cənnət üzün görməz bir adəm
Ki, var canında anın üç əlamət.
Biri kəzzablıq, birisi qeybət,
Biri olmaq bəxil, əhli-ədavət.
Gəlir üç nəsnədən azari-mərdüm,
Var, etmə özünə anı sənaət.
Biri böhtan, biri kəcgəngəl etmək,
Biri küstaq olub, qılmaq zərafət.


O, bütün ömrünü yalnız əzab-əziyyətlə sərvət toplamağa sərf edən şəxslərə bunun mənasız olduğunu, insanın mənəvi kamilləşməsində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayır.

Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qar tək ərir hər an günəşdən, şölədən…
Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin
Sən ölən tək parçalar ol sərvəti varislərin.


Nəsimi hürufi şairdir və bir hürufi kimi onun alı məqsədi İnsanı yüksək məqamda görməkdir. Ona görə də poeziyasında da İnsanı bir varlıq olaraq hər şeydən üstün tuturdu:

Hər nə yerdə, göydə var adəmdə var
Hər nə ayda, ildə var, adəmdə var.


Hürufi görüşlərinə görə dünya maddi və mahiyyəti etibarı ilə iki yerə bölünür: Kainat və İnsan. Birinci dünyada, ümumilkdə, qalaktika və təbiət; İkincidə isə bütün obyektiv varlıq öz əksini tapır. Başqa sözlə, hürufilər İnsanın daxil aləmində bütün səma cisimlərinin mövcudluğuna inanırdılar. Nəsimi də məhz bu mövqedən çıxış etməklə İnsana ideal qiymət verirdi. Ətraf mühitin müasir və aktual anlayışlarından biri kimi İnsanın bu cür qiymətləndirilməsi, əslində İnsan ekolgiyası kimi vacib bir problemin diqqət mərkəzinə gətirilməsi o dövr üçün olduqca maraqlı, həm də təhlükəli tendensiya idi. Nəzərə alsaq ki, hələ XX əsrin II yarısına qədər İnsan ekologiyasını bir problem kimi qaldırmaq asan məsələ deyildi, onda Nəsiminin bu sahədəki fəaliyyəti qibtəediləndir.
NƏTİCƏ
Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığı yalnız filosof-şair kimi təkcə ədəbiyyat və fəlsəfə tarixi üçün deyil, elmin ayrı-ayrı sahələri üçün də zəngin mənbədir. Əhalinin erkən dövrlərdə ekoloji fikirlərini öyrənmək baxımından bu klassiklərin yaradıcılıq nümunələri xüsusi əhəmiyyət daşıyır. Onların əsərlərində çağdaş elm üçün faydalı ola biləcək yönləndirici elmi informasiyalar vardır.
Tədqiqatlarımız göstərir ki, Azərbaycanda əhalinin ətraf mühitə münasibəti klassiklərimizin yaradıcılığında əsrlər boyu öz əksini tapmış, təbiətə qayğıkeş münasibətin təbliği və biomüxtəlifliyin saxlanması istiqamətində əhəmiyyətli iş görmüşdür.
Xaqani Şirvani, İmadəddin Nəsimi və digər klassiklərimizin yaradıcılığını dərindən öyrənməklə, elmin müxtəlif istiqamətlərində əhatəli araşıdılmamış problemlərin açılmasına nail olmaq mümkündür.

Yusif DİRİLİ (Mahmudov),
ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru









10-04-2024, 09:34
Misiroğlu haqqa yürüdü...


Misiroğlu haqqa yürüdü...

Vəliyəddin Misiroğlu İsmayılov Dünyadan köçdü.
Vəliyəddin müəllimin üzündə elə bir nur, gözlərində elə bir işıq, baxışında elə bir doğmalıq, ruhunda elə bir cazibə, dilində elə bir şirinlik, könlündə elə bir ilahi mərhəmət var idi ki, onu tanıyıb da ona bağlanmamaq mümkünsüz idi.
Onu yaxından tanıyanlar yaxşı bilir ki, Vəliyəddin Misiroğlu namus adlı məhək daşını ömrüboyu çiyinlərində şərəflə daşıyıb. Çiyinləri altındakı köksündə isə özü ilə bərabər bir ürəkdolusu Ana sevgisi, Vətən sevgisi, ailə, övlad sevgisi, şeir-sənət, saz-söz sevgisi gəzdirib və heç vaxt onların heç birini urvatdan salmayıb. Onun şəxsiyyətinə, xarakterinə heç bir rəng, boya, bəzək- düzək vurmaq lazım deyil.
Bu itki çox ağır itkidir. Azərbaycan ədəbiyyatı, Azərbaycan folkloru, Azərbaycan dilçiliyi, ən əsası da dost qədri bilənlər üçün lap ağır itkidir. Onun dili o qədər zəngin, sinəsi o qədər dolu idi ki, “Azərbaycan dilinin izahlı lüğət”ləri, Azərbaycan sözlük lüğəti onun yanında çox yoxsul, miskin görünürdü.
Mən Vəliyəddin müəllimə açıqca və dönə-dönə deyirdim: O xəzinəni özünlə aparma, onu yaz, kitab şəklində bu millətin gələcək nəsillərinə əmanət elə. Gülüb keçirdi.
Amma getdi, o xəzinəni də özü ilə apardı.
Ailəmiz adından, “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından Vəliyəddin müəllimin ailəsinə, dostlarına, doğmalarına başsağlığı verirəm. Övladları Vüqara, İlqara, Sevinc xanıma, Aytən xanıma səbr diləyirəm.
Vəliyəddin İsmayılov ruhuna ehtiramla: Tamxil ZİYƏDDİNOĞLU
7-04-2024, 07:38
Milli Məclisin deputatları Ağdam, Xankəndi və Laçında


Milli Məclisin deputatları Ağdam, Xankəndi və Laçında


Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitənin üzvləri Afət Həsənova, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım və İltizam Yusifov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müzakirələr aparmaq üçün Laçın rayonuna səfər ediblər.

Səfər çərçivəsində millət vəkilləri əvvəlcə işğaldan azad edilmiş Ağdam rayonuna gələrək burada Ağdam Cümə Məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini anıblar.
Sonra deputatlar Xankəndi şəhərində olublar. Şəhərlə tanışlıqdan sonra millət vəkilləri Laçın rayonuna gəliblər. Burada Laçın rayon 2 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş keçirilib. Tədbirdə işğaldan azad olunmuş ərazilərdəki ekoloji problemlərə dair müzakirələr aparılıb.

Görüşdə çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonunda aparılan nəhəng tikinti-quruculuq işləri və qarşıda dayanan vəzifələrdən danışıb.
Sonra tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Laçında aparılan tikinti-quruculuq işləri barədə fikirlərini bölüşüb, görülən işlərə qanunvericilik sahəsində lazımi dəstəyin göstərildiyini qeyd edib.
Sonra Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov minatəmizləmə sahəsində görülən işlərlə bağlı görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Afət Həsənova və Fatma Yıldırım Laçında aparılan tikinti-quruculuq işləri və ekoloji problemlər barədə fikirlərini bildiriblər.
Sonra deputatlar Laçında fəaliyyət göstərən Zerti Aqro-Sənaye Parkının fəaliyyəti, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu, “Həkəri Balıq Təsərrüfatı” ilə də tanış olublar.

Səfər çərçivəsində Milli Məclisin deputatları Məşhur Məmmədov və İltizam Yusifov AzTV-nin “Hədəf” proqramının canlı yayımında Laçında görülən işlərlə bağlı aparılan müzakirələrdə iştirak ediblər.
31-03-2024, 16:52
Komitə sədrindən 31 Mart soyqrırımı ilə bağlı müraciət


Komitə sədrindən 31 Mart soyqrırımı ilə bağlı müraciət


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov özünün feysbuk hesabından 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciət edib.
Butov.az həmin müraciəti təqdim edir:
Əziz həmvətənlər!
Bu gün – 31 mart tarixi ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Erməni soyqırımına qiymət verərkən Ümummili Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına diqqət etməyə bilmərik. Sözügedən soyqırım hadisələrinə tarix və hüquq kontesksində dəyərləndirliməsini səciyələndirən bu fərman ermənilərin Azərbaycanın tarixi ərazilərinə köçürülməsinin əsas təməlini təşkil edən Gülüstan və Türkmənçay müqavilələrinə də qiymət verərək “Böyük Ermənistan” ideyalarının anatomiyasını açmışdır. Fərmanda deyilir: “1813-cü və 1828-ci illərdə imzalanan #Gülüstan və #Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir”.
“Azərbaycanlıların Soyqırımı Günü”də bu fərmandan sonra rəsmiləşmişdir. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Heydər Əliyevin təşəbüsü ilə 1 sentyabr 2000-ci il tarixdə milli qanunvericilik bazasının möhkəmləndirliməsi və təkminləşdirilməsi istiqamətində aparılan dəyişiklik nəticəsində yeni Cinayət Məcəlləsi qəbul edilmişdir. Yeni Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə— Soyqırım cinayəti kimi təsbit edilmişdir.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur.
Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı rəsmi tarixi mənbələrdə öz əksini tapmışıdr. Belə ki, 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Soyqırım cinayətləri demək olarki Azərbaycanın əksər ərazilərini əhatə etmişdir. Şamaxı və Quba ərazilərində baş vermiş cinayətlər miqyasına görə daha çox kütləvi xarakter daşımışdır. Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənmişdir.
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.
Quba şəhərində soyqırımı memorial kompleksi. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Bir məsləni də xüsusilə qeyd etmək istəyirəm ki, 44 günlük Zəfər müharibəsindən sonra Xocavəndin Edilli kəndi ərazisində I Qarabağ savaşında əsirlərin qətlə yetririlərək kütləvi şəkildə basdırıldığı məzarlıq aşkar edildi. Bu hadisə onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə soyqırım cinayətlərinin izləri hələ tam araşdırılmayıb. Tarixçilərimiz və vətəndaş cəmiyyəti institutlarımız bu sahədə fəal olmalı koordinasiya edilmiş şəkildə fəaliyyət göstərərək Azərbaycan ərazisində baş vermiş soyqırım cinayətlərini daha dolğun şəkildə tədqiq edərək beynəlxalq ictimayyətə çatdırmalıdırlar.
Həmçinin Azərbaycan Milli Ensiklopediyası nəzdində Soyqırım ensiklopediyası yaradılması bu istiqamətdə atılan faydalı addım olardı.
Tanrı Azərbaycanın torpaqları uğrunda şəhid olmuş həmvətənlərimizin ruhunu şad eləsin!
19-03-2024, 17:27
Nasir Məmmədov 40 illik fəaliyyətinə görə, təltif edilir.


Məmmədov 40 illik fəaliyyətinə görə, təltif edilir.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Nasir Məmmədov da vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Nasir Məmmədov bu diploma Cəmiyyətin ictimai həyatında 40 il göstərdiyi fəaliyyətinə görə, təltif edilir. Əziz oxucular, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından Nasir müəllimi təbrik edərək, onun haqqında təqdimatı diqqətinizə çatdırırıq:

Məmmədov Nasir Həmdulla oğlu, 20 may 1956-cı ildə Quba rayonunda ziyalı ailəsində anadan olub. 1974-cü il tarixdən etibarən “İranlı Mühacirlər Cəmiyyəti”nin fəal üzvüdür. Azərbaycan Demokrat Firqəsinin və Cəmiyyətin nəzdində fəaliyyət göstərən "Məşəl" instrumental ansamblı və eyni zamanda 1977-ci ildən paralel olaraq mərhum sənətkar İslam Rzayevin rəhbərlik etdiyi ansamblda ud, bas tar ifaçısı olaraq fəaliyyət göstərib. “İranlı Mühacirlər Cəmiyyəti”nin bütün tədbirlərində yaxından iştirak edir. Nasir Məmmədov 1974-cü ildən etibarən Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinə daxil olaraq müxtəlif vəzifələrdə çalışıb. Hazırda “İranlı Mühacirlər Cəmiyyəti”nin tərkibində yaradılmış ədəbi birliyin üzvüdür. Cəmiyyətin əksər tədbirlərində iştirak edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!