Mayın 31-də Xaçmazda Qadın Resurs Mərkəzi istifadəyə verilib.
Açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Anar Orucov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) missiya direktoru Cey Sinqx, BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi iştirak ediblər.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qadın Resurs Mərkəzi BMT-nin İnkişaf Proqramının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra etdiyi və USAID-in maliyyələşdirdiyi “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin çərçivəsində istifadəyə verilib.
AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, beynəlxalq tərəfdaşlarla birgə layihə çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzi qadınların biznes fəaliyyətlərinin, onların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına kömək edir. Həmçinin burada həssas təbəqədən olan qadınlara hüquqi və psixoloji dəstək göstərilir. Layihənin davamlılığı üçün səylər bundan sonra da davam etdiriləcək.
“USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə kritik bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərini dəstəkləməkdən qürur duyur. BMT İP və AQUPDK-dakı tərəfdaşlarımız sayəsində biz həm də məişət zorakılığı qurbanlarının lazımi yardım axtarmaq üçün təhlükəsiz yerə malik olduqlarını bilməkdən çox şad olduq”, - deyə USAID-in missiya direktoru C.Sinqx söyləyib.
BMT İP-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi bildirib ki, qadınlar bütün sahələrdə uğurlu ola biləcəklərini dəfələrlə nümayiş etdiriblər: “Bunun üçün bərabər şərtlər yaratmaq kifayətdir. Qurulmasını dəstəklədiyimiz Qadın Resurs mərkəzlərinin məqsədi də qadınlara Azərbaycan qanunvericiliyinin verdiyi bərabər şərtlərdən faydalanmağa yol göstərmək, vasitəçi olmaqdır”.
Xaçmaz Qadın Resurs Mərkəzi ilkin fəaliyyətə 2020-ci ildə başlasa da, rəsmi açılışı qlobal pandemiya səbəbindən həmin il mümkün olmayıb.
Fəaliyyətə başladığı gündən indiyə kimi mərkəz 23 qadına öz biznesini qurmaqda dəstək olub, o cümlədən 104 qadın üçün biznesin inkişafı, maliyyə savadlılığı, SMM kimi mövzularda təlimlər təşkil edib. Mərkəzin 280-dən çox üzvü var. Bu günə qədər Xaçmaz Qadın Resurs Mərkəzinin fəaliyyəti çərçivəsində gender əsaslı zorakılıq qurbanlarından 70 nəfəri psixoloji dəstək alıb, 30 nəfərinə isə hüquqi xidmət təqdim olunub.
Bu ilin sonuna kimi 15 qadın sahibkara öz biznesini qurmaqda dəstək göstəriləcək, habelə 40 qadın üçün peşə təlimləri təşkil ediləcək və 100 nəfər gender əsaslı zorakılıq qurbanına hüquqi və psixoloji dəstək təmin olunacaq.