Fransa Ukraynaya daha 12 ədəd "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekorn məlumat verib. O bildirib ki, Fransa hökuməti Ukrayna əsgərlərinə təlim keçmək üçün 150 əsgərini Polşaya göndərəcək. Onlar Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemləri ilə işləməyi öyrədəcəklər. Nazir xatırladıb ki, Fransa artıq Ukraynaya 18 ədəd "Sezar" silahı təqdim edib.
Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib. Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
Minatəmizləmə prosesi 30 ilə qədər davam edə bilər
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib. “2021-ci ilin oktyabrında məhkəməyə məlumat vermişdik ki, təcili müdaxilə olmadıqda azərbaycanlı məcburi köçkünlərin əksəriyyətinin evlərinə qayıtması üçün ərazilərin minalardan təmizləmə əməliyyatını başa çatdırmaq üçün 10 ilə qədər vaxt lazım olacaq. İndi minlərlə yeni mina və partlayıcı qurğunun aşkar edildiyini nəzərə alsaq, yeni hesablamalara əsasən, bu, 30 ilə qədər çəkə bilər”, - nazir müavini çıxışında bildirib.
Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
İranda evləri dağılan soydaşlarımız çətin vəziyyətdədir
İranda zəlzələ nəticəsində evləri dağılan azərbaycanlılar çətin vəziyyətdədir. Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb. Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib. Qeyd edək ki, bir neçə gün öncə İranda güclü zəlzələ olub. Yeraltı təkanlar zamanı 1200-ə yaxın şəxs yaralanıb. Onların arasında azərbaycanlılar da var.
31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb. Beş ildən sonra vətənə qayıdıb. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olub. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunub. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayıb. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirib, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirib. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışıb, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırıb. İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edib, almanlarla danışıqlar aparıb. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşıb. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdıb. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirib. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayıb. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verib, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edib. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.
Minatəmizləmə prosesində Macarıstanla əməkdaşlıq doğru seçimdir - İlham Əliyev
"Minatəmizləmə sahəsində Macarıstanla əməkdaşlıq üçün yaxşı imkanlar görürük". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Qaz təchizatını ikiqat artırmaq planımız var - İlham Əliyev
"Biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı: “Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”. Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.
Ceyhun Bayramov macarıstanlı həmkarıyla əməkdaşlıq protokolu imzaladı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.
Azərbaycanla Macarıstan arasında təbii qazla bağlı memorandum imzalandı
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb. İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.