20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 10-07-2015, 12:45
ÜNÜ BU ÜZDƏ, KÜLÜ O ÜZDƏ QALAN ŞAİR

Vəliyəddin Misiroğlu (İsmayılov)
Yazıçı-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri, 20 iyun 2015-ci il.
ÜNÜ BU ÜZDƏ, KÜLÜ O ÜZDƏ QALAN ŞAİR
Əl atıram əllərindən tutmağa,
Baxıram ki, yanım boşdu, ay aman!
..........................................................
Dağın bu üzündə tüstüsüz külüm,
O biri üzündə ünüm, ay aman!

(Yaqub Cabbarov).

Təkcə şairlərmi taleyini əvvəlcədən oxuya bilir, yoxsa, bu, hamıya xasdır?.. “Ağlıma gələn, başıma gələr” - deyib atalar. Bəlkə buna görə Yaqub da nakam ömrünü bəri başdan duyub, ağır yaradan qurtarmaq üçün çarə axtarırmış – “Qəlbim torpaq altda qəbir daşıymış” – deyirmiş. Amma hamı kimi onun da ürəyi yaşamaq eşqi ilə döyünürdü; mənim də düzlüyü görən gözüm, həqiqət dəyanətli dizim, elimdə, obamda, şairlikdə izim var, – deyirdi. Cəllad, canımı alsan da, Şair Yaqub adımı ala bilməyəcəksən...
- Cəllad, kəs başımı, canım qurtarsın,
Yaramın o qanlı yerinə dəymə.
Düzlüyü axtaran iki gözüm var,
Birini töksən də, birinə dəymə.

Bu, şairin yalvarışı deyildi. Onun mətinliyi, həyat mübarizəsi idi. Nə qədər mən varamsa, mübariz olacam, həqiqəti özümdən kənara buraxmaram. Hər iki gözümün aynasında həqiqət adlı pərim saçını darayır, mən o tellərin arasından dünyaya baxıram. Bu pərimi qoyub, heç bir gözəl axtarmaram. Onunla da bu dünyadan qoşa köçəcəm. Amma...
Yaqubu görməyə bircə gün istə,
Torpaq səbir qoysa səbrimin üstə.
Gətir Ədaləti qəbrimin üstə,
Bir “Yanıq Kərəmi” çaldır, sən Allah!

- deyirdi.
ÜNÜ BU ÜZDƏ, KÜLÜ O ÜZDƏ QALAN ŞAİR

Yaqubun çox geniş şair qəlbi, təpərli ürəyi, kəskin hafizəsi, bədahətən söz deməyi, tutarlı cavab verməyi vardı. Heç nədən çəkinməzdi. Haqq yolunda söz sahibiydi.
Yaqub Cabbarov Kəlbəcər rayonunun Məmmədsəfi kəndində doğulub, boya-başa çatmışdı. Mən onunla 1966-cı ildə, o, Zar kənd orta məktəbində müəllim işləyən vaxtdan tanış olmuşdum. O vaxtlar hər ikimiz gənc idik. Mən də institutun axırıncı kursundan Zar sovxozuna istehsalat təcrübəsinə göndərilmişdim. Balaca bir otaqda qalırdım. Həmişə işdən sonra Yaqub müəllim, şair Mehdixan, Mollabayramlı kəndindən aşıq Eyvazın oğlu Əli və digər dostlar mənim otağıma yığışar, söhbətləşərdik. Bir çox hallarda mən tar çalardım, Mehdixan və Yaqub da şeir deyərdilər. Əksər vaxtı elektrik işığımız kəsilərdi. Mənim balaca neft lampamın işığında oturarardıq. Hətta ocaq üstündə çaydanı qaynadıb, dağ zirəsi, qantəpər və kəklikotu ilə çay dəmləyib, içərdik.
Bir axşam lampadan neft də qurtardı. Aydınlıq gecəydi. Çaxmax binəsinin üstündən, Zəyliyin Göyçə aşırımından belə ayın kölgəsi Zarın düzünü, Bəzirxana kəndini Çivli bulağa qədər bürümüşdü. Amma İstisuyun taxtası, Ceyran bulağının üstü, Gəlin qayası, Soltan Heydər, Xanım dərəsi, Murad təpəsi, Qara gölün üstünə qədər zirvələr ap-aydın görünürdü. Tarda “Uca dağlar” mahnısını çalırdım. Hətta tarın səssiz gecədə dalğa-dalğa yayılan səsinə qonşuluqda qulaq asan Durna xala da, – sağ ol, sağ ol, – deyirdi. Yaqub qalın, qara qaşlarını özünəməxsus tərzdə çataraq, dərin bir ah çəkərək dedi: – Vəliyəddin, “Aylı gecə”ni də bu mahnıya qat, danışıb, lentə yazdığım bir xatirəm var, ona qulaq asın... Vətən müharibəsi hamı kimi bizim ailəni də çox zillətli günlərə qoydu, - deyib, batareya ilə işləyən maqnitafonun düyməsini basdı. (Çox heyif ki, o lent nə məndə, yəqin ki, nə də o ailədə qalmayıb.) Tüklərim biz-biz olmuşdu. Yaqubun rəvan danışığı, səlis kəlmə deyimi, aydın tələffüsü və bariton səsi vardı. (Mən yaddaşımda qalanı xatirəmə köçürürəm.)
“... Müvəqqəti dolanışıq və bir tikə çörək üçün biz də aran rayonlarına köç elədik. Çünki bucağımızda nə bir dağar un, nə də təhnəmizdə bir tikə çörək yox idi. Bir atımız vardı. Ona da nimdaş yorğan-döşəyimizi, pal-paltarımızı yükləmişdik. Anam mənə toxuduğu yun corabın dabanını yamayıb, altına da köhnə çarığın böyürlərindən altlıq salmışdı ki, corab tez dağılmasın. Mən çox cılız idim. Yorulanda qıçım-qıçıma dolaşırdı. Amma anam bir dəfə əlini başıma çəkəndə mənə güc gəlirdi. Ana əlinin qüdrətinə və gücünə o vaxtdan bələd olmuşam...
Payızın soyuq bir gecəsiydi. Təxminən Sərsəng körpüsünü (indiki Sərsəng su anbarının ərazisi) keçib, bir düzənlikdə gecələyirdik. Bizdən xeyli aralıda da gecələyən vardı, səs-küy gəlirdi. Sevinirdim ki, başqa həyan olan da var, tək deyilik. Anam çör-çöpdən, örüşdəki gərmədən-zaddan yığıb, ocaq qalamışdı. Ocağın işığından baxanda ətraf yaman qaranlıq görünürdü. Mən vahimələnirdim. Bacı-qardaş, hərəmiz bir tərəfdən anama söykənmişdik. Mən əlimi anamın belinə qoyub, başımı dizinə söykəmişdim. Anamın həniri məni vurduqca ürəklənirdim, qorxum qaranlığı dilim-dilim kəsirdi, gözüm işıqlanırdı. Anam balaca səhəngdəki sudan töküb, dağarın dibindəki una qarışdıraraq bizə bu zəif ocağın üstündə horra bişirdi. Amma duzumuz, yağımız yox idi. Di gəl ki, o axşamkı yeməyin dadı hələ də damağımdan getməyib...
Atın ipini anam biləyinə bağlamışdı. Hərdənbir atın xırtaxırt ot qırarkən çıxardığı səs də mənə bir ürək-dirək verirdi. Birdən at fınxırdı (bu, atlara məxsus səsdi, onlar üçün həyəcan siqnalıdı), mən diksindim. Deməli, bizə yaxınlaşan bir təhlükə var. Anam da həyəcanlandı, - balam, bu nə hənirdi? Axı, at havayı yerə fınxırmaz... Anam hiss elədi ki, bizi qorxu bürüdü, bizi sakitləşdirmək üçün sözünü dəyişdi. Gözümü anamın üzünə dikmişdim. Gəyən gecədə sifətini sezirdim, gözləri təlaşlıydı. Elə bil başının tükü pırpızlaşmışdı. Sanki aslan düşmən üstünə hücum edəcəkdi. Bax, onda uşaq təxəyyülümlə “aslanın erkəyi, dişisi olmaz” deyimini anladım. At birdən kişnədi. Anam dişi aslan kimi ayağa qalxdı. Biz anamızın dizlərini qucaqlamışdıq. Göz yaşım anamın baldırını isladırdı. – Ay allah, birdən canavar atımızı yesə, biz neylərik?! – Bu qorxu içimi göynətdi. Anam əl atıb ocaqdakı yarısönmüş kösövü götürüb at baxan tərəfə atdı. Yerə dağılmış od qığılcımlarının işığında bir at göründü. Anam, - ay sənə çər dəysin, ha! (çər – atların xəstəliyidi) deyərək atımızı özünə tərəf çəkdi. Sən demə, atımız qonşuluqda gecələyən köçün bizə yaxınlaşan atına fınxırırmış. At ipdən açılıb, bizim ata tərəf gəlibmiş...
Artıq dan yeri ağarırdı. Qorxudan sovuşmuşduq. Şələ-küləmizi ata yükləyib, yolumuza davam etdik. Amma anamın məni əzizləyərək verdiyi bir parça quru yavan çörək əlimdən düşüb, yurd yerində qalmışdı. O vaxtdan illər keçsə də, gözüm yenə də orada qalmış o quru çörəyi axtarır. O gecə üzümü söykəyib yatdığım o yovşanın ətri hələ də burnumdan getməyib. O müdhiş gecənin qorxusu isə canınmdan çıxmayıb...”.
... Mən əl uzadıb maqnitafonun düyməsini basdım, kövrəlmişdim. Hələ də mizrab əlimdə, tar qucağımdaydı, yerə qoymamışdım. Çünki bu lent yazısından sonra özümüz kimi, tar da susmuşdu...
Artıq Ay batmışdı. Qatı qaranlıq qara çarşabını dağların üstünə çəkmişdi. Hamı getdi, mən balaca otağımda tək qaldım.. O gecə mən də özümü qərib hiss elədim, çox qəribsədim... Axı, kəndimiz burdan çox uzaqda idi. Anamdan yana çox darıxdım... Anamın əlləri ilə sırıdığı yorğanı başıma çəkdim, onun hənirini duydum, anamın ətri, əllərinin həniri yorğana hopmuşdu...
O vaxtdan təxminən qırx doqquz ilə yaxın bir vaxt keçir. O qərib gecədən isə mənə yadigar qalan Yaqubun səsi, bir də danışdığı hekayətdi...
Ey gidi dünya! İndi isə Yaqubun məzarı qara daşıyla, mənim də o axşam çaldığım tar qara köynəyi ilə birlikdə dağlarda girov qalıb...
Sual edirəm dövrandan: İndi o məzarı kim qucaqlayıb ağlayır? Tar kimin qucağında çalınır???
Bu yazım Yaqubun doğma və əzizləri üçün kövrəldici olsa da, mən onun yaradıcılıq təhlilinə yaddaşımdan heç vaxt silinməyəcək kövrək xatirəmlə başladım...
Yaqub çox nikbin şair idi. Onun qoşmalarında, təcnislərində, gəraylılarında bir tutum, bir doyum vardı. Misraları oxucunun ürəyində qut, qulaqlarında bir həyan olur. Şeirlərinin məzmunundan təskinlik tapırsan.
Baxtın yatsa, yaş üzündən gen düşməz,
Açılmamış bir məzara gün düşməz.
Dünənki gün bu günküynən görüşməz,
Gün günə həsrətdi, il ilə həsrət.

Yaqub da həsrətli yaşadı. Onun dünyasının həsrəti düzlük, haqq-ədalət idi. O, yaşam dövrüncə çox şeylərlə barışmadı, həmişə mübariz oldu. Haqqın tapdalanmasını heç vaxt istəmədi və qəbul etmədi. Hər kəsin, hər şeyin öz yeri var deyirdi. Ətrafdakılarından da, rəhbərlik etdiyi müəllim kollektivindən də, hətta öz ailəsindən də bunu tələb edirdi. O dövrün uyğunsuz seçimi ilə barışmırdı. Belə halları satira atəşinə tuturdu. Hər kəsin yerini düz göstərirdi şeirlərində... “Qarğanın zirvə yolu” şeirində deyirdi:
- Çağırdılar gəldi quzğun həkimi,
Zirvənin havasın dərman buyurdu.
......................................................
....................................................
Aldı cəngəsinə qartal “xəstəni”,
Uçdu anasının yanına qədər!!!
Qarğanın kimliyin yaxından tanı,
Qarğa zirvələrə caynaqda gedər!!!

Yedəkdə zirvəyə dırmaşanlardan xoşu gəlməzdi şair Yaqubun. O dövr üçün bunları demək, tənqid etmək böyük cəsarət idi. Həm də bu, şair qələminin gücünü göstərirdi.
Yaqub bütün insanları sevirdi və insanları qar altındakı çiçəyə bənzədirdi. Deyirdi ki, hər hansı bir cəmiyyətdə insanların səhvi onların yox, cəmiyyəti idarə edənlərin və dövrün, zamanın qanunlarındadı. Cəmiyyət dinc, insanlar azad olmalıdır. Bax, o zaman insanların üzü gülür, çiçək kimi təravətli olur.
Vaxt səni yendirər dağdan arana,
Ömrünün günəşi düşər torana.
Qarın üstündəki çovğun, borana,
Qarın altındakı çiçək neyləsin?

Dinclik və azadlıq da, silah, müharibələr, qan tökmək yolu ilə yox, sülhlə əldə edilməlidir. O, “Müharibə” şeirində yazırdı:
- O qız əlcək toxuyurdu,
......................................
Nişanlısı sevinəcək,
Öyünəcək, geyinəcək
Əlcəkləri alanda.
Qız şəhərdən yola saldı
Onu öz əlləriylə.
Oğlan alıb sığalladı,
Ptotez əlləriylə...


Şair bu balaca şeirində müharibənin nə fəlakətlər törətdiyini çox kövrək hisslərlə oxucuya çatdırır. Şeiri oxuyanda hər bir oxucunun gözünün qarşısında ağ kəlağayılı bir qız nişanlısına ağ əlcək toxuyur. Bu ağ əlcək isə qara günlərin şahidi protez əllərə qismət olur. Bu əllər dəmir kimi soyuqdu, cansızdı. Öz nişanlısının qoynuna girsə belə, sevgilisinin həyəcandan qalxıb enən sinəsinin hənirini, qaynarlığını duymayacaqdı. Hansı ki, Yaqub bir zamanlar yazırdı:
- Yanağına soyuq nəfəs dəyməsin,
Səni görən, özgə gözəl görməsin.
İlahəsən, aç yaxanın düyməsin,
Bir yer elə əllərimi qoymağa....

Protez əllər üçün nə fərqi varmış... Bundan da da ağır fəlakət olarmı? Bax, bu, şair Yaqubun kövrək hisslərlə dolu ürəyinin müharibələrə nifrət səsidi.
Yaqubun şeirlərində bir bütövlük var. O, misraları dağıdıb tökmür. Sözləri ələyib, süzgəcdən keçirir. Şeirin mayası yetişməyincə sözü sətirə düzmür. O maya isə xalqın dürr kəlmələridi, xalqın deyimləridi ki, birləşib, əsaslı bir mövzu yaradır. Məzmunsuz, mənasız yazılmış bir şeir, bir əsər adi söz yığımıdır, - deyirdi.
Yazdığı əsəri kağızda qalar,
Sənətin yolunu azan şairin.
Seçdiyi misralar buz kimi olar,
Yaşamaq xatirinə yazan şairin.

Yaqubun misraları şeirin bəndlərinə düzülmür, sanki o, od-alov kimi oxucunu bürüyərək onun qəlbinə, beyninə qaynaq edilir.
Ayın şöləsidir təbəssümlərin,
Heyf ki, görmədim bir ziya səndən.
Günəşin yanından boylansan, əgər,
Alardı işığın bu dünya səndən.

Misraların gücünə baxın; nəinki baxmaq, aşiqin canında o qədər od-alov var ki, o, adicə boylansa belə, işığı dünyaya bəs edər. Şairin bu alleqoriyalı deyimi onun bütün yaradıcılığının güzgüsüdü. Bağqa bir şeirində:
- Ürəyimi əsdiribdir,
Kirpiyimi asdırıbdır.
Dilin məni küsdürübdür,
Dodaqlar minnətə gəlsin.

Və yaxud,
Təbiət sıxıbdı yanaqlarına
Narın şirəsini qanı çıxınca.
Bircə təbəssümlə firona baxsan,
Yatar qucağında canı çıxınca.

Doğurdan da, şairin bu misraları çox ürəkdən sevən bir aşiqin alov püskürən məhəbbətidir ki, bu da istər-istəməz oxucunu məst edir, cənnət yuxusuna aparır.
Yaqub çox yanıqlı şair idi. Məhəbbəti də, istəyi də, qayğısı da yanıqlı idi. O, şair kimi də yanırdı, övlad kimi də, ata kimi də, qardaş kimi, dost kimi də. Bəlkə də bu yanğılar onu bu həyatdan vaxtsız köçməsinin əsası oldu. Çox arzuları yarımçıq, əlləri ömrün qarşıdakı xoş günlərinə uzanıqlı qaldı. Böyük qardaşı Əyyuba və qardaş balası Teymura isə vəsiyyəti bu oldu:
- Mən ona övladam, ömrüm olunca,
Tale bağım saralınca, solunca.
Öləndə, ay ellər, el adətincə,
Torpağı gözümə Əyyub tökəydi.
Özümü görürəm o körpə səsdə,
Əmi tardı, qardaşoğlu şikəstə.
Düymə yaşlarını anamın üstə
Teyyub ağlayaydı, Teyyub tökəydi.

Bütün bunlar alın yazısı, tale qismətiydi, Yaqub. Sən öz taleyini oxuya bilirmişsən...
............................................................
Kəfənlənib, qəbrə girmək ölüm deyil,
Ölən kimi unudulmaq – ölümdü bu.
Bircə əlçim duman olmaq – ömürdü bu.

- deyirdin. Sən ölmədin, bircə əlçim duman olub dağlara çökdün. Cismani olaraq üzünü Dəlidağın özü kimi sərt olan məzar daşına söykəmisən, Vətən torpağında uyumusan. Ünün isə bu üzdədir, sən hamımızın qəlbində yaşayırsan.
Rahat yat, qəbrin nurla dolsun, nurun dağlara işıq salsın!



Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!