20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 25-02-2016, 15:51
Mübariz Süleymanlının könül dəftəri

Mübariz Süleymanlı


KƏRKİCAHAN

Söylə, tay olarmı Kərkicahana,
Yurduma igidlər verən cahana.
Ayı qayasına, Öküzuçana,
Biz dönək, qalmayaq Kərkicahansız.

Bəxş edib bu kəndə ərlər- ərənlər,
Bu eldə insanlar qədir bilənlər,
“Hacı” bulağının suyun içənlər,
Saralıb solmayaq Kərkicahansız.

Düşmənlə göz- gözə durdu, döyüşdü,
Bu yolda ölümlə yüz yol görüşdü.
Dərdini dağlarla birgə bölüşdü,
Yanıb kül olmayaq Kərkicahansız.

Namuslu, qeyrətli qızı, gəlini,
Uzatdı vətənə ümid əlini.
Dağladı qəlbini, yoldu telini,
Bulud tək dolmayaq Kərkicahansız.

Dolubdur hamının səbir kasası,
Bu işin həllinin varmı qısası?
Gərək biz yağıdan alaq qisası,
Xəyala dalmayaq Kərkicahansız.

Belə həyat ilə barışmaq olmaz,
Bu haqsız əməldən danışmaq olmaz,
Tələsib yadlara qarışmaq olmaz,
Gəl qanad çalmayaq Kərkicahansız.

Yuxuma çox girir Çaxnaq, Kələmlik,
Buranın hər otu, suyu məlhəmlik.
Çələbi yurdunda biz əbədilik,
Kök salaq, olmayaq Kərkicahansız.

Artıq itməkdədir ayaq izlərin,
Görməyə tələsir kəndi gözlərin.
Ölməyib, ölməzdir Mübarizlərin,
Heç vaxt kam almayaq Kərkicahansız.


ŞUŞAM AĞLAYIR
Şuşa dağlarını duman alıbdı,
Şuşam dağlanıbdı, viran qalıbdı.
Yağılar bizləri pərən salıbdı,
Mənli- mənsiz Şuşam yaman ağlayır.

Turaclar, kəkliklər gəlməyir dilə,
Əlim də çatmayır xarı bülbülə,
Oxusun nəğməsin, yayılsın elə,
Bu gün mənim Şuşam aman ağlayır.

Bilirəm, Şuşam da küsübdü məndən,
Şuşam qorxan deyil dumandan- çəndən.
O qara buludlar gəlib-keçəndən,
Dağlar da kövrəlib, duman ağlayır.

İgidlər, ərənlər oylağı bu yurd,
Atamın, babamın torpağı bu yurd,
Yurdumun ən uca bayrağı bu yurd,
Oxlar nalə çəkir, kaman ağlayır.

Məni dindirməyin, mən qubarlıyam,
Əsilli- nəsilli çox vüqarlıyam.
Əhdimə sadiqəm, düz ilqarlıyam,
Gözləyir yolumu zaman ağlayır.

Bir gün qaytararıq doğma diyarı,
Gedərəm elimə, obama sarı.
Qürbətdə soyumuş sobama sarı,
Tar haray qoparır, kaman ağlayır.

Əsirə dönübdü muğam beşiyim,
Yanıb, talan olub evim- eşiyim.
Hər zaman olmuşdu dağlar keşiyim,
Mübarizsiz Şuşam güman ağlayır.


ZƏNGİLANDA
Yağışla, tufanla tez oyanırdı,
Baxırdı Araza sel Zəngilanda.
Axşamlar elə bil çıraq yanırdı,
Lalə tək üfüqlər al Zəngilanda.

Rəzdərə kəndinin çinar ünvanı,
Şərikanlı, aşıq Məhəmməd hanı?
Ağbənd, Canbar, Bartaz səslər dünyanı,
Vənətli, Seyidlər el Zəngilanda.

Süsən meşəsiylə, Şükrətaz dağı,
Dağçeşmə bulağı, Turşsu bulağı,
Altınlı, Keçikli, Günqışlaq bağı,
Əsdirər səhərlər yel Zəngilanda.

Əsgülümü aşan Gav suyun içən,
Nəcəflər yurdundan qonaqtək keçən,
İsgəndərbəylini bir ocaq seçən,
Çinarla bəzənər yol Zəngilanda.

Böyük Gilətağda ocağım qalıb,
Muğanlı, Yeməzli dərdlərə salıb.
Nisgildən, həsrətdən dağlar saralıb,
Necə tez keçərdi il Zəngilanda?

Gün olsun yenidən qayıdaq yurda,
Ağbisin seyrinə qalaydım orda.
Mübariz, heç zaman qalmazsan darda,
Qatlanmaz heç zaman bel Zəngilanda.


LAÇINDA
Tərlanlar qıy vurub süzər səmada,
Ərənlər yurdunda, elim Laçında.
Bir yaz çiskinitək düşəcək yada,
Necə xoş keçirdi ilim Laçında.

Olmasın heç zaman mənə göz dağı,
Bozdağı səsləyər Mıxtökən dağı.
Quşçu, Mirik, Bozlu vətən torpağı,
Göylərə açılsın əlim Laçında.

Sevincim azalır, kədər çoxalır,
Könlümü odlayan didər çoxalır.
Gələnlər azalır, gedər çoxalır,
Həsrətdən solubdu gülüm Laçında.

Kürdhacı yetirib ər Soltan bəyi,
Nağdalı, Güləbird gözüm bəbəyi.
Mən necə qarğayım zalım fələyi,
Közərib, soyuyur külüm Laçında.

Gələrəm görməyə Susu, Minkəndi,
Qara göl həsrəti qəlbi didəndi.
Kamallı, Ağbulaq candı, bədəndi,
Ay ana, deyəydi dilim Laçında.

Nəbi səngərində, Kotanqayada,
“Qızılboğaz” ımı hey salıb yada,
İşıqlı zirvəsi məni oyada
Qayıdım yurduma,ölüm Laçında,

Vətənsiz həsrətə dözməz bir qul da,
Əyilər qamət də, qırılar qol da.
Mübarizin gözü qalmasın yolda,
Kədəri qəlbimdən silim Laçında.


QUBADLIM
Yaşasın övladı xoşbəxt, firavan,
Sədası ucalsın şən Qubadlının.
Səsinə səs verir Eyvazlı,Fərcan,
Almasın üstünü çən Qubadlının.

Nəbisi bir dastan yazdı əbədi,
Həcəri sədaqət, sevgi məbədi.
Həkəri, Bərgüşad sanki nəğmədi,
Qonmasın telinə dən Qubadlının.

Mahmudlu bu yurdun üzük qaşıdır,
Əbilcə bu elin məhək daşıdır.
Dərdini bilməyən inan, naşıdır,
Seyrinə dalaydım mən Qubadlının.

Zilanlı gülməyir, deyin nə vaxtdı?
Dondarlı, Mərdanlı, Əyinə baxdı.
Mirlər, Çərəlidən sorur nə baxtdır?
Xanlıq Boynakərə tən Qubadlının.

Bir gözüm ağlayır, bir gözüm gülür,
Kişilər bir dəfə doğulub ölür,
Mübariz dərdini dağlarla bölür,
Öləydim qoynunda mən Qubadlının.


AĞDAMDA
Gülablı, Mahrızlı, Güllücə kəndi,
Çəmənli evləri tam aynabəndli.
Sarcalı, Quzanlı şəkərdi- qənddi,
Hələ çox qalıbdı sözüm Ağdamda.

Qiyaslı, Mərzili, Xındırıstanım,
Çıldıran, Novruzlu ,Usublu şanım.
Üçoğlan,Sırxavənd , Şelli ünvanım,
Bağlansın əbədi gözüm Ağdamda.

Bülbüllər axtarar yarın baxçada,
Dözməyər nisgilə, acı fəryada.
Şux gənclik çağların hey salar yada,
Qalmayıb bir taqət, dözüm Ağdamda.

Bəs, harda qalmısan Qarabağ atı?
Şəninə qoşuldu neçə bayatı.
Qurarıq şənliyi, toyu, büsatı,
Qatlana bilərmi dizim Ağdamda?

Bağrımı vətənsiz dağlayan çoxdu,
Ümidin dönüşə bağlayan çoxdu.
Ocaqsız, torpaqsız ağlayan çoxdu,
Güləcək yenə də üzüm Ağdamda.

Yatmayın igidlər, haydı, oyanın,
Vətən torpağında sərvaxt dayanın.
Dərdi çoxdu hər daşın, hər qayanın,
Sönməyib hələ də, közüm Ağdamda.

Uzun oldu bu ayrılıq, bu görüş,
Quzularsız mələr qalıb, çöl, örüş.
İstəyirsən Mübarizdən sən soruş?
Hələ də qalıbdı izim Ağdamda

KƏLBƏCƏRDƏ
Başı qarlı dağlarım,
Buz sulu bulaqlarım,
Qıvraq gənclik çağlarım,
Qalıbdı Kəlbəcərdə.

Aşıq Şəmşir babamız,
Elimiz, mərd obamız,
Közü sönməz sobamız,
Qalıbdı Kəlbəcərdə.

Babamın köhlən atı,
Nənəmin pay sovqatı,
Söylədiyim bayatı,
Qalıbdı Kəlbəcərdə.

Bulaq üstə tel hörən,
Məni yüz yol öldürən,
Dərdlərini böldürən,
Qalıbdı Kəlbəcərdə.

Dərələrin gur səsi,
Çayların zümzüməsi,
Sanki sevgi nəğməsi,
Qalıbdı Kəlbəcərdə.

Qılıclı, Almalıqla,
Ağcakənd Ağdabanla,
Dərələrim dumanla,
Qalıbdı Kəlbəcərdə.

Mizrabım da, sazım da,
Gur səsim, avazım da,
Payızım da, yazım da,
Qalıbdı Kəlbəcərdə.

Güneyim Quzeyimlə,
Tarixim muzeyimlə,
Qara sazım neyimlə,
Qalıbdı Kəlbəcərdə.


YAZ GƏLİR

Kol dibindən baş qaldıran bənövşə,
Gülümsəyib salam versə Günəşə.
Sevən qızlar tələsəndə görüşə,
O vaxt bizim yurdumuza yaz gəlir.

Çoxalır çaylarda axan sular da,
Gözəllik gətirir dağlar bu yurda.
Turaclar, kəkliklər bu ilk baharda,
Nəğmə desə yurdumuza yaz gəlir.

Xonçaları bəzəyəndə səməni,
Cüt bülbüllər oxuyanda nəğməni,
Qartallar da yurd seçəndə zirvəni
Azərbaycan torpağına yaz gəlir.

Səslənəndə qara zurnanın səsi,
Canlanır kəndimin eşqi həvəsi,
Duyulanda sevənlərin nəfəsi,
Mübarizin qəlbinə də yaz gəlir.


BAHAR NƏĞMƏSİ
Yenə bahar gəldi ana təbiət,
Dəyişib donunu bayram eylədi.
Yurduma gətirdi isti təravət,
Bayramın mübarək vətən söylədi.

Ağaclar bağçada tumurcuq açdı,
Günəş şölələndi, yerə nur saçdı.
Çaylar aşdı-daşdı, ürəklər coşdu,
Çəmənlər sevindi, yarın gözlədi.

Ormanda mələşdi qoyun- quzular,
Arzuya qarışdı bütün arzular.
Yayda bulaqların suyu buz olar,
Bülbül nəğmə dedi, gülü səslədi.

Oxşadı qəlbləri səhərin mehi,
Nərgiz ləçəyində sübhün zər şehi,
Bülbülün səsində yazın fərəhi,
Həvəsi işığa,nura bəzədi.


ANASIZLIQ
Yenə bahar gəlir tənha qalmışam,
Yuvası dağılmış durnayam ana.
Sahilsiz, ümmansız səhra olmuşam,
Mən kimə uzadım əlimi ana?

Sən vətən torpağın qucub yatırsan,
Məzarda yuxuna yuxu qatırsan.
Atamla arzuna birgə çatırsan,
Mən kimlə bölüşüm dərdimi ana?

Səninlə görüşə gələcəyəm mən,
Sevgimi səninlə böləcəyəm mən.
Qal, desən yanında qalacağam mən,
Sənsizlik aparıb səbrimi ana.

Adıyla- sanıyla ucalan anam,
Başıma əbədi tac olan anam.
Heç vaxtı gəlməmiş qocalan anam,
Dərdindən əymişəm qəddimi ana.

Hər gecə yuxuma girisən mənim,
Dünyanı düz görən gözümsən mənim.
Danışan ürəyim, sözümsən mənim,
Sənsizlik ağrıdır qəlbimi ana.

Bir isti nəfəs də yox evimizdə,
Şuxluq yox, həvəs yox heç birimizdə.
Bir taqət qalmayıb mən Mübarizdə,
Nə olar sığalla telimi ana.


TƏNHA QALMAQ İSTƏYİ

Tənha qalmaq istəyirəm,
xəyallara dalmaq üçün.
Özüm olmaq istəyirəm,
gülüm, sənin olmaq üçün.
Bəlkə, tənha qalsam gülüm,
tənha ruhum sevər səni,
çiskin keçər,külək ötər,
ruhum kimi, canım kimi.
Zaman keçər, çıraq kimi,
körpə sevgim yanar sənsiz.
Dözə bilməz iztiraba,
bir gün o da sönər sənsiz.
Göz yaşımla yumaq üçün,
tel- tel ötüb gələcəyəm.
Mən sevgimə qovuşmasam,
tənha, yalqız öləcəyəm.
Bəlkə, quşlar ağlayacaq,
payızdakı xəzan kimi.
Ürəkləri dağlayacaq,
sən əhdini pozan kimi.
Tənha gəldim bu dünyaya,
mən Tanrımın sevgisiylə,.
Aşiq olub buta alan,
unudulmaz sevgisiylə...


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!