Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-11-2015, 10:42
“Bir uşaq ağlayır çay qırağında...”

Vaqif BAYRAMOV


İndi halalla haramı seçmək müşkülə döndüyü kimi, istedadla yazılan bədii mətnləri də üzə çıxarmaq, qiymətləndirmək o qədər asan deyil, buna ürək lazımdır. Elə ürək ki, haqqı nahaqqın ayağına verməsin, arxasız, amma səsi, sözü ozünün olan, özünü ifadə edən şəxsin yazılarını oxucuya ünvanlamağa cəsarəti çatsın. Onu da deyim ki, bu gün zəif, sönük, hissdən, duyğudan uzaq şeir adı ilə o qədər söz yığını oxucuya sırınır ki, adam məəttəl qalır. Özü də bu sırınmaların, necə deyərlər, adlı-sanlı tənqidçilər, ədəbiyyatşünaslar tərəfindən icrasını görəndə mat-qut quruyur. Hünərin var, o təriflənən nümunələr barədə bir-iki kəlmə eyib de, hər tərəfdən üzərinə axın gələcək, hücum çəkiləcək. Qulağın hansı sözləri, hansı kəlmələri eşitməyəcək?!. Amma istedadla yazılan poeziya mətnləri qəribə də olsa, çox vaxt sükutla qarşılanır, müəllifinin adı ötəri olsa belə çəkilmir. Təbii ki, etinasızlıq, qısqanclıq, paxıllıq kimi mənfi keyfiyyətlər də bu məsələdə az rol oynamır. Özünü tanıtmaq, təsdiqləmək üçün ya hansısa dəstəyə, qrupa daxil olmağı, ya da tanınmış isimlərdən kiminsə qoltuğuna sığınmağı bacarmalısan. Yoxsa, adına, necə deyərlər, heç … dəftərində də rast gəlməyəcəksən. Kimdir halal, haqq sözə, istedada qiymət verən?!.

Bunları yazmaqda məqsədim var; 1980-ci ildə Ramiz Kərəm imzası ilə tanınan tələbə yoldaşımızın “Azərbaycan” jurnalında silsilə şeirləri çap edilmişdi. Auditoriyalarda həmin nəşr əl-əl gəzirdi və biz dostumuzun bu uğuruna özündən çox sevinirdik. Rəhmətlik müəllimimiz professor Abbas Hacıyev deyirdi ki, doğrudan da siz xoşbəxtsiniz; aranızda Ramiz kimi şair yetişir və gələcəkdə fəxrlə xatırlayacaqsınız ki, o, bizimlə bir fakültədə, bir kursda oxuyub.

...İllər keçdi, tələbəlik həyatı başa çatdı, hamı bir-birindən aralı düşdü. Ramizdən də xəbər-ətər olmadı. Düz 33 il sonra şəhərdə onunla təsadüfən rastlaşdım. Əlli yaşının aşırımından sonra çap etdirdiyi ilk kitabını mənə verdi... Bir müddət bundan əvvəl isə ikinci şeir toplusu ilə tanış oldum.

Nə qədər acı da olsa, deməliyəm, Ramizin yaradıcılığa başlamasından 40 ildən çox bir vaxt ötsə də, istedadı müqabilində ədəbi aləmdə tanınmır. Onun qələmindən, yazdıqlarından təkcə

ətrafında, elində-obasında olan beş-üç nəfər xəbərdardır. Mən belə bilirəm, bəlkə də səhv edirəm...

...İldə bir dəftər qaralayıb “kitab” adı ilə ortaya qoymağın da tərəfdarı deyiləm. Axı şeir hər saat, hər gün qələmə alınmır. Üç-beş aydan bir şeir kitabı çap etdirənlərin yazdıqları da, necə deyərlər, kəllə suyundan başqa bir şey olmur. İstedad, ilham elə güc-qüvvədir ki, o özünü hər an göstərmir, məqamında, zamanında yazı masasına əyləşirsən. Qaldı tanınıb-tanınmamaq məsələsinə, bu barədə bir az əvvəl bəzi fikirlərimi dilə gətirdim. Ramiz özü isə bu barədə qənaətini, mülahizəsini poetik şəkildə belə ifadə edir:

Məşhur olmayan şairi,
ağaclar, otlar tanıyar.
Yerdə şitillər, zəmilər,
göydə buludlar tanıyar.

Payıza aldanan güllər,
həsrətə köklənən tellər,
sümüyü donduran sellər,
yandıran odlar tanıyar.

İzi çox bələndə qalan,
pəncəsi tələdə qalan,
qisası hələ də qalan,
təklənən qurdlar tanıyar.

***

...Ürəkdən qopan hər kəlmə, hər söz səmimidirsə, hissin, duyğunun ifadəsidirsə, o zaman şeir oxucunu çəkəcək, düşündürəcək, müəlliflə arasında mərhəm, isti bir bağlılıq, ab-hava yaradacaq.
“Bir uşaq ağlayır çay qırağında...”

Ramiz Kərəmi oxucuya sevdirən də məhz qeyd edilən cəhətdir. Onun şeirlərində hay-küy, gurultu yoxdur. Yaşanmış mənəvi ağrılar, əzablar kövrək hisslərlə qələmə alınıb. Misralarda ürəyinin nəfəsi, səsi eşidilir. Bu səs oxucunu düşündürür, dünənə, keçmişə aparır, vaxtsız itkilərin, vədəsiz ayrılıqların od-alovunda yandırır, qarsalayır.

Hansı tənqidçidənsə oxuduğum bir fikri indi təxminən belə xatırlayıram: elə şairdən yazmaq lazımdır ki, bu, millətdən söhbət açmaq kimi qəbul olunsun. O mənada Ramiz Kərəmin poeziyasından danışanda Azərbaycan haqqında düşünmək qənaətinə gəlirəm; çünki onun poeziyasında Azərbaycan insanının sevincli, kədərli ömür yolu isdedadla qələmə alınıb.

Ramizin şeirlərində dünənin, keçmişin yer-göyü titrədən harayı, tənə dolu qəhqəhələri eşidilir, ürək ağrısı, göz yaşı görünür, qeyri-səmimiliyə, qəddarlığa, yaltaqlığa qarşı nifrət, qəzəb hissi duyulur.

***

Ramiz Kərəm şeirlərindən birini anasının xatirəsinə həsr edib. Həmin mətnlə-başdaşı önündə düşüncələrlə tanış olduqca ürəyim sızladı, yaramın qaysağı qopdu, üzərinə duz tökülmüş kimi göyüm-göyüm göynədi; anam gözlərim önündə gəlib durdu, “ağır bir yük kimi daşıdığı ömrü”

ay-ay, il-il xəyalımda təzələndi:
…Şəklinə baxıram qəbrin önündə,
Nə qədər dərdiksəm bir kəlmə kəsmir.
Şəkildən ana olmaz,
Nə qədər əziz olsa da,
Bu çəpərdən, bu daşdan.
Bu çınqıldan, bu qumdan,
Bu güldən ana olmaz.
Şəkil təsəllidi, daş təsəllidi,
Göz yaşı heç kəsi qaytarmır geri,
Ağlayan gözündə yaş təsəllidi.
…Sən nə gün gördün ki, dünya üzündə,
Ağır bir yük kimi daşıdın ömrü.
Sən elə gün altda, elə su altda,
Sən elə qar altda yaşadın ömrü,
Yaşadın dağlarda ağaclar kimi...

Başqa bir şeirini (“Bir şəhidin ruhuna”) oxuyuram... Ana balasının şəhidliyindən qürurlansa da, nakam ölümündən sarsılır. Dərd selində elə boğulur ki, ağlı, huşu itirir. Övlad saz havasına son mənzilə yola salınanda ona elə gəlir ki, illərlə ürəyində yaşatdığı istəyi gerçəkləşən gündür; ciyərparasına toy çalınır. Yorulunca, nəfəsi kəsilincə süzür:

...Anan qol qaldırıb dərddən oynayır,
Bilir ki, dərdinin yoxdu davası.
Ana dilindədi birinci layla,
Sonuncu layladı bu saz havası.

...Bundan sonra yurdda ən pak, ən müqəddəs məkan o balanın uyuduğu məzar olur:

...Yurdda ən təmiz yer bu qəbir yeri,
Yurdda ən uca yer boyundu indi.
...O məzar and yerinə, o məzar şəhidin şahidlik etdiyi yurd yerinə çevrilir.

O and yerində, o yurd yerində şair üzünü başdaşına həkk edilən fotoya dikib o rəsmin sahibinə deyir:

...İtib yaraların sayı-hesabı,
Fələk də heç bilmir yaran necədi.
Dünyada ən qərib mahal Qarabağ,
Dünyada ən yetim mahal Göyçədi.

Sənin yaraların Vətən yarası,
Heç nə tanımadın Vətəndən böyük.
Sənin Vətən sevgin Vətən boydadı,
Sən ondan böyüksən, o səndən böyük...

...Bu sətirlər itirilmiş torpaqlarımızı, yağmalanmış yurdlarımızı, şəhid məzarlıqlarını... bir daha gözlərim önündə canlandırır. İçimdəki ağrı, nisgil çiynimdəki yükün ağırlığından doğan əzaba qarışır, beynimdə, qəlbimdə narahatlıqlar daha da artır...

***

...Əlini bu insanlardan üzüb, bu yalançı, talançı dünyadan küsüb hara gedəsən, kimə inanasan, kimə bel bağlayasan, kimə dərd bölüşəsən?!.

Dünən güvəndiyin, arxa-dayaq sandığın dost-yoldaşların sanki yoxa çıxıb, küsüb-inciyib harasa, hansı məkanasa baş götürüb gediblər. Tək-tənha qalmısan. İndi əlacsızlıqdan dünyasını dəyişən doğmalarının ruhlarından imdad diləyirsən:

...Adamın könlündən belə olanda,
Ya dərvişlik keçir, ya divanəlik.
Mənim tapşırası yoxdu heç nəyim,
Nə nökər qorusun, nə şah saxlasın.
Burdan beləsi də Allaha pənah,
Bundan sonrasını Allah saxlasın.

***

Ramizin şeirləri ürəyindəki ağır yükün içindən süzülüb kağıza sıralanır. O yükün içindəkilərin çoxusu ağrı-acıdır. O yükün içindən “zəhər də, yolda yorulmuş, yalmanı dolaşmış, nalı qırılmış, yəhəri dağılmış, çidar vurulmuş bir cıdır həsrətli kəhər də, gözü yolda qalan neçə yurd-yuva, dağları dil deyən neçə el-oba, bayquşu bəy olan neçə xaraba, neçə itib-batmış şəhər, təbəssüm altında qəhər taparsan”.

O ürəkdəki yükün içindən həm də Ramizlə sirdaş, bağrıdaş, qardaş olan o biri Ramizi, içində Azərbaycan boyda bir tale daşıyan, yaşadan insan taparsan:

Ömürdü ütüsüz-xətasız deyil,

Nə naxış, nə köynək butası deyil.

Ramiz hər dalğada batası deyil,

Axşam itirsən də səhər taparsan.

...Dünyada insanı sızladan, əzab verən həm də yaxşılığın qarşılığında yamanlıq görməsidir. Əziz bildiyin, sirdaş sandığın, duz-çörək kəsdiyin biri günlərin birində səni darda qoyub qaçırsa, səhranın ortasında tək-tənha buraxırsa, bundan ağrılı nə ola bilər?!. Bunu necə unutmaq, yamanlığın yiyəsini necə bağışlamaq olar?!. Ramizin ürəyini bax, həm də bu incidir, narahat edir.

Yaxın bilib dost dediyim adamların da,
Vicdanında son yamağın sapı sökülür.
Köhnə inam, köhnə güman, köhnə haqqı-say,
Unudulur, çilik-çilik olub tökülür.

…Unudulur ölçü-biçi, mizan-tərəzi,
Elə-belə baş qarışır, qaranlıq düşür.
Dönə-dönə elədiyin yaxşılıqlara,
Ən axırda bir sanballı yamanlıq düşür.

***

...Ramiz, qardaş, hansı mövzuya toxunmağından asılı olmayaraq, bütün şeirlərində bir həsrət, ayrılıq ağrı-acısı var. Misralarına qəriblik havası hopub. Yaxşı bilirəm, bu, yaşadığın ömür-günlə-hələ uşaqkən qarlı-şaxtalı qış gecələrində üstü kürsülü təndirə ayaqlarını sallayıb düşüncəni Abbasın, Qurbaninin, Miskin Abdalın, Ələsgərin sözlərinə kökləməyinlə, “Ərzurumun gədiyinə varanda, Onda gördüm burum-burum qar gəlir. Lələ dedi, gəl bu yoldan qayıdaq, Qayıtmadım, namusuma ar gəlir”,- deyən qaragünlü Kərəmin taleyinə acımağınla, “Haqqın əmrin mən yerinə yetirdim, Nə diləyim varsa, onu bitirdim, Ana, gözlərinə dərman gətirdim, Ana, mən Qəribəm, Qəribəm, Qərib”- harayından sarsılmağınla, “Əzizim, üzdən oldum, Söhbətdən, sözdən oldum, Qürbət ölkəyə düşdüm, Ağladım, gözdən oldum”,- deyən didərginin naləsindən yanıb-yaxılmağınla, bir sözlə, gözün açılan, ağlın kəsilən ocağın ab-havasıyla bağlıdır. Bu, doğulduğun kəndin o üzündəki yurddan qaçan, düşməndən can qurtaran neçə-neçə didərginin ömrünə ömür calamağınla, onların dərdini özününkü saymağınla bağlıdır. Yoxsa, heç vaxt, heç vədə yaza bilməzdin ki:

Üzündən-gözündən qəriblik yağan,
Adamlar, qəlbimi sizə açıram,
Su kimi sizə axıram,
Quş kimi sizə uçuram.

Qərib qəribə neyləsin, çox da dərdi bəllidi.
Sirr verib könül açmağı bir qırıq təsəllidi.
Qərib gözündən bilinər,
əyindən-başdan bilinməz,
kiprikdən-qaşdan bilinməz,
pendir-lavaşdan bilinməz.
Qərib üzündən bilinər…

...Ramiz, qardaş, bax, o dağların o üzündə mənim kəndimdir. Uşaqlığım keçən, gəncliyim ötən yurd yerləridir. Ömrüm sona yaxınlaşdıqca, canımın ağrıları artıqca, gözlərimin nuru zəiflədikcə, bilirsən o yerlər üçün necə darıxıram, o yerlərə getməyi, gəzməyi, havasını ciyərlərimə çəkməyi,

ağzımı bulağın gözünə dirəyib suyundan doyunca içməyi necə arzulayıram?!. Sözün düzü, elə bil ki, ürəyimə də damıb; mən o yurdu, o ocağı görə bilməyəcəyəm, o kəndi görmək qismətini yaşamayacam... Nə olardı, onda heç olmasa, ordan bir gələn olaydı, ondan orada “nə var, nə yox”u öyrənə biləydim. Öyrənəydim ki, görəsən bizim evimiz eləcə dururmu, dağıdılmayıb ki?!. Eləcə tək-tənha üzü Salvartı dağına tamaşa edirmi?!. Daş-divarı dərddən mamır bağlayan o kasıb, mağmın körkəmli evin həyətindəki ərik, gilənar ağacları qurumayıb ki?!.

Ramiz, elə bilirəm ki, o kəndə getsəm, yamacların yovşan ətrini ciyərlərimə çəksəm, bədənimin bütün ağrı-acıları yoxa çıxar, yüngülləşərəm.

Elə bilirəm ki, o kəndin payızında bir yağışa düşüb, cumculuq olsam, tək-tənha bir daş koğuşuna sığınıb, orada yağış kəsilənə qədər oturub xəyala dalsam, bu dünyadan nigaran köçmərəm.

Elə bilirəm ki, o kəndin xəzan çağında xəzəlin üstüylə yerisəm, ətrafa yayılan səsdən güc alaram, azar-bezardan xilas olaram. Taxıl zəmisinin dalğalanmasından, dərə-düzün göylüyündən dinclik taparam, rahatlanaram...

Neyləyim, qardaş, öləcəm, bu istəklərim çin olmayacaq, heç olmasa, bəlkə səsimə güc verəm, sənin sözün olmasın, qoca qurdu haraylayım:

Dağlar, sizdən o tərəfdə nələr var,
O tərəfdə doğma torpaq, yetim yurd.
Sən o yana gedib-gələ bilirsən,
O yandan bir xəbər gətir, qoca qurd.
Get o yandan xəbər gətir, qoca qurd,
O yurdların qəbirlərdi sakini.
Küskün-küskün ruhlar gəzib dolaşar,
Hər obada neçə ozan qəbri var.
O torpaqlar yağılara qalanda,
Var idinmi, yox idinmi bilmirəm.
Olub-keçən daş altında uyudu,
Zaman keçdi, yaddaşları su yudu,
Baxan olsa çaylaq yeri kimidi.
O vaxt ənik olan qurdlar qocaldı,
O vaxt dayça olan atlar qocaldı.

Bax, Ramiz, qardaşım, bundan sonra dediklərinlə də mənim yarama duz səpmisən; qorxuram ki, bizdən sonra gələnlər o yurd yerlərini unudalar, ata-babalarının doğulduqları məkana, ocağa yadlaşalar, yad gözüylə baxalar. Allahım, o günü göstərmə, didərgin qəbirləri od tutub yanar, alovu ərşə dirənər...

…Yaddaşımız çaylaq yeri kimidi,
Sellər gəldi ot-əncəri silindi.
O zamanın oğlanları evlənib,
O vaxt uşaq olan qızlar gəlindi,

Qorxuram ki, indi gələn uşaqlar,
Bilməyələr o qərib yurd kimindi.
O yurdları görə bilmir uşaqlar,
Obam deyib yaddaşında saxlaya.
Uşaqları doğma yurda gözləri,
Qocaları xatirələr bağlayar…

***

Və son:

Çox-çox illər qabaq bu dünyanın yurd yerlərinin birində bir uşaq-çoban vardı:

Hər tütək çalınanda,
bir uşaq ağlayır çay qırağında.
Başı oyuna qarışıb, itib qaz cücələri.
Yay fəsli qaz çobanının ağlamaq mövsümüdü.
Əlli ilə yaxındı, axtarır itiyini,
bir uşaq ağlayır çay yatağında,
hər tütək çalınanda.
Əlli ilə yaxındı hər tütək çalınanda
bir uşaq ağlayır yaylaq yerində.
bir qara çisəkdə, bir qara çəndə,
itirib quzuları, axtarır tapa bilmir.
Çalma o tütəyi, divanə çoban,
çalma o tütəyi o uşağın xətrinə.
Çalma, bəlkə işlər yönünə düşə,
O uşaq bundan sonra da,
hər tütək çalınanda,
yazdığım bu şeirin gününə düşər.

***

...Ramiz, nə sirdisə, möcüzədisə, o tütək səsi bu gün də o dağların ətəyində, dərəsində, “çay qırağında, yaylaq yerində” eşidilir.

O uşaq da o tütək havasında itiylərini-qaz cücələrini, quzularını axtarmaqdan yorulmur. Amma “bir qara çisək, bir qara çən” dağılıb getmir ki, o cocuğun həsrətinə son qoyulsun, o cocuq axtardıqlarını tapa bilsin...

...Allahım, o uşağın günahı nədir ki, bu əzabı ona yaşadırsan?!.

19 sentyabr, 2015-ci il


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!