Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 28-08-2025, 13:54
Laçında tənha məzar


Laçında tənha məzar

Getdiyimiz yolun sonu görünmürdü. Heç o yolu çəkənin özü də bilmirdi hara yol salır. Əqidədaşlarımla o yola çıxmaq, yolçusunu tapmaq qərarına gəldik. Çox soraqladıq, nə yolu tanıyan oldu, nə də yolçunu gördüm deyən. Usanmadan soraqladıq, sonda qeybdən bir səs gəldi:-Yormayın özünüzü, axtarmayın o yolçunu, tapa bilməzsiniz! Eşidin məni, çıxmayın o yola, o yolu hər adam gedə bilməz. O yol əbədiyyətə aparır, o yolla yalnız müqəddəslər, bir də andlılar gedə bilər...

İnadlaşdıq, yolumuzdan dönmədik. 200 illik yaralarımıza duz basıb, qanlı-qadalı, ümidsizlərin keçilməz dediyi yolumuza davam etdik. Çünki Axtardığımız yolu tapacağımıza, müqəddəslərimizə çatacağımıza inanırdıq. Axı biz Bütöv Azərbaycan andlıları, yanımızdakılar isə əqidədaşlarımız idi...
Yanılmamışdıq. Çatdıq müqəddəslərimizin birinə, əslində o da bizim yolumuzu gözləyirmiş. Dərd şələli, yurd həsrətli qəriblərin yolunu. Onun özü ilə zirvələrə daşıdığı üçrəngli bayrağın Ay-ulduzu göy üzündə cilvələnərək Camalın uyuduğu müqəddəs yeri nişan verdi. Beləcə Laçını ziyarət etmək arzumuz Camalların qanı sayəsində çin oldu...

Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçılar Laçın rayonundakı tənha Şəhid məzarını ziyarət edib, üstünə gül- çiçək dəstələri qoyublar. Gül üzünə sığal çəkən gənc jurnalist Azadə Bayramova bildirib ki, Birinci Qarabağ Müharibəsində itkin düşmüş hesab edilən Şəhid Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları 44 günlük Vətən Müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonunun Xudafərin kəndində tapılaraq doğulduğu Laçın rayonunda, gördüyünüz bu torpağa tapşırılıb. Məlum olub ki, Camal Quliyev könüllülər dəstəsində laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində fəal iştirak edib.

Laçın rayonunun Bəylik kəndində keçirilən görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda Şəhid olanların xatirəsi ehtiramla anılıb. Tamxil Ziyəddinoğlu bildirib ki, bu görüş Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə -“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirilir.

1988-ci ildən bəri ata yurduna ayaq basa bilməyən şair və yazıçılardan Ramazan Səməroğlu köhnə yurdda yenidən məskunlaşan laçınlıları bu mübarək məqam münasibəti ilə ürəkdən təbrik edib, xoş arzularını bildirib.
Xalqımıza illərlə vurulan yaralar o qədər dərindir ki, sevincli günlərimiz nə qədər çox olsa da, hər sevinəndə, hər güləndə o yaralar sızlayır, bəzən də qan verir. Elə şairin çıxışının sonunda dediyi şeir də o yaralardan soraq verir:
GÖRDÜM MƏN
Açdım qənşərimə qəm pəncərəmi,
Baxdıqca dünyamı kədər gördüm mən!
O tayda qaraltım qaçdı gözümdən,
Bu tayda özümdə qəhər gördüm mən!

Gecədə, gündüzdə ələdim ömrü,
Dərdimlə, ağrımla bələdim ömrü,
Neçə yol düzəliş elədim ömrü,
Nə gördüm gördüyüm qədər gördüm mən!

Qara qorxu oldum içimdə mənə,
Məndən uzun oldu ölçüm də mənə,
Hərdən rast gəldim köçümdə mənə,
Özümü özümdən betər gördüm mən!

Fikir oldum başlanğıcım olmadı,
Dağ qardaşım, dərə bacım olmadı,
Torpaq oldum şöhrət tacım olmadı,
Sabahımı qara xəbər gördüm mən!

Səməroğlu, qitələrə bölündüm,
Çəpərləndim, param-parca göründüm,
Ömrüm boyu ayaq üstə süründüm,
Etdiyim cəhdləri hədər gördüm mən!


Doğulduğu Zəngəzur mahalının həsrətilə qovrulan şair Zöhrə Xəlili düz 32 il, Qarabağ işğaldan azad edilənə qədər həm də Qarabağ dərdini daşıyıb, onun ağrı-acısını çəkib. Millətin, Vətənin dərdini öz dərdi bilib, onları öz ürəyində belə sıralayıb:
Dərdin ayağına ən ağır dərdi,
Dərdimin başına Zəngəzur yazdım.
Gözümün üstünə of, Xocavəndi,
Gözümün yaşına Zəngəzur yazdım.

Ağdamım, Füzulim, çəkilir qoşa,
Zəngilanın bağrı dönübdür daşa.
Boynumun bağına Qarabağ, Şuşa,
Üzüyün qaşına Zəngəzur yazdım.

Xocalım inlədi, Laçınım soldu,
Ağdərə ağladı, Xankəndi doldu.
Ömrümün baharı dərbədər oldu,
Ömrümün qışına Zəngəzur yazdım.

İrəvan, Dərələyəz büküldü göyə,
Kəlbəcərin səsi toxundu neyə,
Gəzdiyim yerlərdə qəribəm deyə
Dağına, daşına Zəngəzur yazdım.

Xəlili dolanır vətən havalı,
Qaraqoyunlunun necədir halı?
Dünyanın alnına Göyçə mahalı,
Dünyanın yaşına Zəngəzur yazdım.


Ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı, yazıçı-publisist Elman Rüstəmov kənddə camaat üçün hər cür kommunal şəraiti olan evlərin tikilməsindən məmnunluğunu ifadə edib. Yeni məskunlaşma zamanı da müəyyən müddət çətinliklərin olacağını təbii sayıb. Qeyd edib ki, mən bir hərbçi və yazıçı olaraq Vətənimizin hansı çətinliklərdən keçdiyini yaxşı bilirəm. Dövlət müstəqilliyimiz elan olunan kimi dörd bir yandan düşmənlərimiz üstümüzə düşdü. Ordusuz, əliyalın könüllü dəstələr Vətənin müdafiəsinə qalxdı. Şükr etdiyimiz bu günə gəlincə 30 minə yaxın Şəhid verdik. O vaxtlar heç kim dövlətdən heç nə ummurdu. Hər əzaba qatlaşırdıq ki, təki dövlətimiz toparlanıb torpaqlarımızı azad edə bilsin. Hər kəs mən Vətənimin xilası üçün dövətə nə kömək edə bilərəm,- deyə düşünürdü. Gördüyünüz kimi güc birliyi, söz birliyi ilə torpalarımızı düşmən tapdağından azad elədik. Dar günün ömrü az olar. Müvəqqəti çətinliklər də keçib gedəcək. Mən bircə ona təəssüflənirəm ki, səsinin yanğısı ilə Laçını unutmağa qoymayan Məhəbbət Kazımov Qarabağın azadlığını, Laçınımızın yeni növrağını görə bilmədi...

Fəal ictimaiyyətçi, bir neçə kitabın, 300-dən çox elmi publisistik məqalənin müəllifi, Ombusman aparatının işçisi Azadə Novruzova bu görüşə yenicə ali məktəbə daxil olmuş övladı, gələcək diplomatımız Nicat Elxanoğlunu da gətirmişdi. Gətirmişdi ki, nisgillə bələdiyi oğlu anasının doğulduğu kəndin havasını sinəsinə çəkə. Qarakilsə (Sisian) rayonunun Şəki kəndindən acı ruzigarın Laçına gətirdiyi havanı ruhuna hopdura. Hopdura ki, dünyanın harasına getsə, sonda ruhuna hopan Şəki havası onu Ata yurduna çəkə...

Şair bacımız laçın günü ərəfəsində laçınlıların sevincinə şərik olmağa gəlmişdi. Amma o mən bu dağın o üzündə doğuldum, orda böyüyüb boya-başa çatmadım deyəndə bu acını çəkənlər göz yaşlarına hakim ola bilmədilər:
Bu meh vətəndən əsir
Bir meh əsdi, basdı məni bağrına
Elə bildim,
ayrılığı əsir alıb, anam qucdu ruhumu.
Elə bildim,
zindan çəkib, qandal qırıb atam sardı boynumu.
Elə bildim,
qonaq gəldi əsgər gedən qardaşım.
Elə bildim,
Tanrı payım balam öpdü əlimi.
Elə bildim,
qərib düşən əzizlərim, doğmalarım, yığışdılar başıma.
Aman Allah, bu meh Vətəndən əsir,
dilim-dodağım əsir,
əlim ayağım əsir,
Bu meh vətəndən əsir,
Əsir vətəndən, əsir.
Çiçəkdən-güldən əsir,
Obadan-eldən əsir,
Dağılan məzarlıqdan,
Qəbirdən-gordan əsir.
Əsir vətəndən, əsir
Bu meh Vətəndən, əsir.


3 aydır doğma ocaqlarına qayıdan Bəylik kəndlilərindən Oktay İsmayılov, Qərib Səlimov, Asif İsayev, Şahin İsgəndərov, Sadiq Məmmədov və başqaları 33 il Laçınsız yaşadıqlarından Vətən həsrətinin nə qədər acı olduğunu yaxşı bildiklərini və bir gün Qərbi azərbaycanlıların da, onlar kimi, öz doğma ocaqlarına qayıdacaqlarına inam ifadə ediblər. Görüş iştirakçılarına son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylanıb. Müəlliflər öz kitablarını görüşə gələnlərə hədiyyə ediblər. Xatirə şəkilləri çəkdirilib.

Tədbirin rəsmi hissəsindən sonra ayaqüstü söhbətlər xeyli uzanıb. Qonaqların ağsaqqalı Vasif Kərimovu, Roza xanımı, “Zəka-Print” MMC-nin rəhbəri, naşir Misir Aslanovu, vətənpərvər ziyalı Vahid Gülmalıyevi, mühəndis Kamran Rzayevi, gənc jurnalist Rəşad Ziyadovu dövrəyə alıb şirin söhbətə tutan Əliağa Abışov, Şöhrət Quliyeva, dərs əlaçısı-balaca Gültəkin və yuxarıda adları çəkilən digər laçınlılar bütün qonaqları təkidlə öz ailə süfrələrinə qonaq dəvət ediblər. Beləcə azad Qarabağda daha bir xoş gün yaşanıb.

Tamxil ZİYƏDDİNOĞLU
Fotolar Vəfalı Qasımovundur









Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!