Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-08-2025, 09:16
PUBLISISTIKA – POEZIYANIN MƏNƏVI QIDASIDIR.

PUBLISISTIKA – POEZIYANIN

MƏNƏVI QIDASIDIR.


Özbəkistan Jurnalistlər birliyinin Namangan vilayəti bölməsinin sədri, Yazıçılar İttifaqının üzvü, “Namangan həqiqəti” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri Nasircən DEHQONOV (Nasir ABBAS) ilə müsahibə.

- İfadə etdiyiniz poetik aləmdə həsrət, iztirab, səbrlilik, ümid hisslərinin hansı üstündür?
-Hisslər sanki on səkkiz min aləmin zərrələri kimidir – rəngarəng və təkrarsız. Lakin poetik yaradıcılığımda hansının daha çox hiss olunduğu barədə düşünməmişdim. Əgər sualınıza cavab olaraq danışmalı olsam – həsrət… gələcəyə duyulan həsrət. İztirab da ön sıradadır. Axı arzusu, amalına çatmaq istəyi olmayan insan olmadığı kimi, iztirabsız insan da yoxdur. Xüsusilə şairlik, iztirabın sadiq dostu kimi daim insanın ruhunu müşayiət edir. Çünki iztirab bəzən ruhunun sıyrılmış qatlarını bərpa edir, onu saflaşdırır. Elə anlar olur ki, hisslərin savaşında səni saflaşdıracaq iztirabları arzulayırsan, hətta onlara ehtiyac duyursan.
Səbr... Bəs səbr nədir? Mən anlayıb dərk etdiyim səbr duyğusunu başqalarına izah edə bilməməyin çətinliyini yaşayıram. Ona görə də səbr mövzusu açılanda, sinəmdən sanki “səbr nədir?” sualı axır... Hələlik üç poetik toplum çap olunub. Onlardan birinin adı “Səbrin təbəssümü”dür.

Nə qədər ki, səndən iztirab gəldi,
Mən bu dünyadan yaxşılıq gördüm.
Səbir gülümsəyir sənin bağrında,
Mənim hər nəfəsim bir nisgil, bir dərd…

Ümid – mənim xilaskarımdır. Bu duyğu həyatsevərliyin, quruculuğun, yaradıcı düşüncənin, insanlığın damarlarında axan bitib-tükənməz bir gücdür, qaranlıqlarda yanan nur, eşq və inamın köküdür.
- Namangan ədəbi mühiti necə idi?
- Namanganda ali təhsil aldım. Ədəbiyyatla məşğul olan insan üçün paytaxt – Daşkənd və digər böyük şəhərlərin “havası”nın nə qədər zəruri olduğunu daha gənclik çağlarımdan hiss etmişdim. Lakin ötən əsrin 80-ci illərində tanışlıq və korrupsiyanın açıq-aşkar çiçəkləndiyi bir dövrdə ailə vəziyyətimə görə Daşkəndə gedə bilmədim. Anam çox öyüd-nəsihət verərdi. Atam isə dürüst, prinsipial bir insan idi – xalq dilində desək, "kommunist" idi. Əslində məktəbi bitirən kimi Daşkəndə gedib oxumaq imkanım vardı... Bu nisgil tez-tez qəlbimi didib-dağıdır.
Ozod Şarofiddinov, Matyoqub Qoşconov, Rauf Parfi, Erkin Vohidov, Şavkat Rəhmon, Xurşid Davron, Abdulla Oripov, Həlimə Xudoyberdiyeva... onların Daşkənd ədəbi mühitində necə güclü simalara çevrildiyi göz önündədir.
Sualınıza dönsək: Mən Çortoq rayonundan vilayət mərkəzinə işləməyə gələndə artıq qırx yaşa yaxın idim. Rayon qəzetində çalışaraq yerli səviyyədə jurnalist və şair kimi tanınırdım. Vilayət mərkəzinə isə mənəvi müəllimim, o dövrdə “Xalq irodəsi” qəzetinin baş redaktoru Mahmudjon Parpiyevın dəvəti ilə gəldim.
Özbəkistan Xalq şairi Həbib Sədulla, dramaturq və publisist Abdulla Cabbor, ustad şair Ziyovuddin Mansur, həmçinin ədəbi mühitin sütunlarından biri olan professor Odiljon Nosirov, İsmatullo Abdulla, Əlixon Xəlilbekov, NamDU müəllimləri Mahmudjon Mamurov, Qodirjon Nosirov, xalq artistləri Kamoliddin Rəhimov, Ürinboy Nuralıyev, şairə Dilbar Bonu ilə tanış oldum. Onların məhəbbət və diqqətindən bəhrələndim. Təhsil fədailəri Nazimjon Qozokov, Həbibullo Ubaydullayev, Dilşoda Dadajanovalardan ruhlandım. Xüsusilə “Özbəkistan səsi” qəzetinin vilayət müxbiri kimi qazandığım uğurlarda Namanganın ədəbi mühitinin rolu böyük oldu. Özbəkistanın Əməkdar jurnalistləri – Farhod Yolchiev, Gulomjon Akbarov və tanınmış yazıçı-jurnalist Rüstamjon Ummatovun təsiri ilə peşəkar məsuliyyət və şəxsiyyətimi formalaşdırmağa çalışdım.
“Qoşa çayın nəğmələri” və “Mühabbətdən ərzim var” adlı poetik toplularım sayəsində oxucu diqqətini qazandım və Yazıçılar İttifaqının üzvü oldum.
- Jurnalist kimi sözə olan məsuliyyət sizdə hansı meyarlar əsasında formalaşdı?
— İnkarolunmaz bir qənaətim var: Ədəbiyyat – söz sənətidirsə, jurnalistika – söz siyasətidir! Jurnalist kimi müxtəlif janrlarda materiallar hazırlayarkən sözə münasibət mənim üçün həmişə ön sıradadır. Çünki hər bir sözün məna çaları, məntiqi işarəsi var. Təəssüf ki, jurnalistikada sözə məsuliyyət məsələsi bir qədər zəifləyib. Bəzən bədii üslubla rəsmi üslubun fərqləndirilməməsi də diqqəti cəlb edir. Əksər jurnalistlər bir qəlibdə yazmağa vərdiş ediblər. Reportaj, lövhə, felyeton kimi janrlar demək olar ki, mətbuat səhifələrindən silinib. Bu isə həqiqətən üzücüdür. Kompüter texnologiyalarının imkanlarından yalnız xəbər və xronika üçün istifadə edilir. Bu isə söz xəzinəsini yoxsullaşdırır və özbək dilinin imkanlarını daraldır.
Dilin şirinliyi, sözün yersizliyi isə qrammatikanın pozulmasına da səbəb olur. Lüğətlərlə işləmək, hər sözün mənşəyini, kökünü, məntiqi mənasını, sinonim və omonimlərini, hal və şəkilçilərini düzgün işlətmək vacibdir. Məncə, qrammatikanı dərindən bilmək, sözə olan məsuliyyəti unutmaqdan qoruyur.
-Publisistika ilə poeziya arasında bir mənəvi bağ varmı?
- Publisistika – poeziyanın mənəvi qidasıdır.
Şeir, bəli, hissin və duyğunun məhsuludur, amma publisistik pafosla yoğrularsa, oxucuya daha təsirli çatır. Mübəmmalıqdan aydınlığa keçmək, həqiqəti duymaq üçün publisistikanı mütəmadi oxumaq, düşünmək, hiss etmək lazımdır. Məncə, ancaq bu yolla canlı söz yaratmaq mümkündür. Bu isə artıq böyük bir mövzudur.
-Şairlər hər zaman cəmiyyətin "vicdanı" olublar.
Bu anlayışın bugünkü mənası necə dəyişib?
-Şairlər – cəmiyyətin vicdanı, ayıq səsi, canlı nəfəsidirlər. Bu həqiqət qarşısında bu gün susmaqdan başqa söz tapmırsan, insan. Çünki bu gün plagiatlıq bir çox gənc qələm sahibləri üçün artıq qəbahət sayılmır.
Bu gün şairlərdən çox “şairciklər” meydana çıxıb. Beşinci sinif şagirdinin altı poetik kitabı çap olunub. O kitablarla tanış olanda insanın içində narahatlıq doğurur. Bəzən müsabiqə və yarışların şərtlərində “Kitabı çap olunubmu?” sualı yer alır. Bu da kitab üçün süni tələbat, təqib və yarış yaradır. “Kitab” anlayışının ucuzlaşdırılması, kiminsə şeirlərini düzəltdirib, hətta başqasına yazdırıb, pul qarşılığında “şair”, “yazıçı” adını qazanmaq cəhdləri, nəticə etibarilə kitab anlayışına olan münasibəti zədələyir.
- Gənc yaradıcılar üçün ən çox məsləhətiniz nədir: oxumaq, yazmaq, ya da öyrənmək?
- Mən gənc yaradıcılar üçün ən çox “çox yazmağı” məsləhət görürəm.
Çox yazmaq təbii olaraq çox oxumağa səbəb olur. Məncə, bəzən gənclər xalq ağız ədəbiyyatından uzaqlaşırlar, halbuki bu sahə yaradıcı fikrin qaynaq mənbəyidir. Folklorda incə bənzətmələr, müxtəlif sifətlər, bəzən kədərli, bəzən qürurlu, bəzən musiqili, bəzən dərin ritmi duymaq mümkündür. İnsan psixologiyasını nəzərə alaraq danışan fəlsəfi müşahidələr, həyati hadisələrin sirləri- bunların çoxu xalq ağız yaradıcılığının parlaq nümunələrindən gəlir.
Mən “Alpomış” dastanını, “Məlikə‑i ayyor” kimi əsərləri oxumağı tövsiyə edirəm - bu kitablar yaradıcı gənclərin estetik zövqünü zənginləşdirir, ruhuna yeni melodiyalar bəxş edir.
- Yaradıcılıq prosesində daxili psixoloji vəziyyətiniz necə dəyişir? Stress və ruh düşkünlüyü ilə necə mübarizə aparırsınız?
- Bəzən müasir insanlarda stress və ruh düşüklüyü geniş görünür.
Təəssüf ki, həssaslıq bəzən bu cür hisslərin yaranmasına səbəb olur. Mən özümü stressdən və ruh düşkünlüyündən yazmaqla xilas edirəm. Yazmaq mənim üçün bir ruh sığınağıdır. Gözlənilən və gözlənilməyən zərbələrdən qorunmaq üçün yazıya sarılıram.
Nədənsə təsirlənə‑təsirlənə fikrimdə yaranan sətirlər varsa onları kağıza köçürürəm. Yaradıcı anlar mənim üçün “yalnızlıq içində yalnız qalan” ləzzətli, ilahi anlardır.


-Namangan ədəbiyyatının özəllikləri və Özbək ədəbiyyatındakı yeri haqqındakı fikirləriniz?
-Namangan- güllər şəhəridir. Dağlıq ərazidə doğulan insan dağa xas sərtlik, bağda yetişən isə bağın yumşaqlığını daşıyır. Bu təsir mistik səslənsə də, məkan şərtləri ruhumuzun formasını müəyyən edir. Namanganlılarda zəriflik, azad ruh, gözəlliyə məftun olmaq hissi var. Bu xüsusiyyətlər onların yaradıcı üslubunda da görünür. Namangan ədəbiyyatı özbək ədəbiyyatında incə təsvirlər, sükunət, estetik ləzzət, parlaq obrazlarla tanınır.
- Beynəlxalq miqyasda Özbək ədəbiyyatının mövqeyi və tanıdılması barədə nə deyə bilərsiniz?
- Özbək ədəbiyyatını beynəlxalq səviyyədə tanıtmaq üçün bir sıra əhəmiyyətli layihələr var. “1000 kitab”, “Vikipediya” kimi təşəbbüslər özbək dilinin zənginliyini göstərməkdədir. Kərim Bəhriyev tərəfindən hazırlanmış “Dünya poeziyası antologiyası” üç cildlik kitabdır və 5 qitədən 144 ölkənin 500-dən çox şairinin əsərlərini özbək dilində təqdim edir - bu doğrudan da sevindirici uğurdur.
11 dildən özbəkçəyə tərcümə edilmiş bu şeirlər xalqlar arasında dostluğu və sülhü möhkəmləndirməkdə vacib rol oynayır. Mən Ibrohim Gafurov, Xurşid Davron, Güzal Begim, Gülnoz Möminovanın tərcümə uğurlarından dərin qürur duyuram.
- Jurnalist kimi sözün gücü və məsuliyyətə yanaşmanız, milli jurnalistikanın bu günkü çağırışları nədir?
- Sözün gücü və məsuliyyəti məni həmişə düşündürür.
Yaxın zamanda Özbəkistan Jurnalistlər Birliyi, Namangan və Sirdaryo şöbələri ilə birgə “Çodak konfransı” keçirdik. Mövzu: Milli kontent və süni intellekt texnologiyaları idi. Milli jurnalistika üçün məlumat texnologiyalarını bilmək, milli kontent yaratma bacarığını inkişaf etdirmək və süni intellekt sahəsində təbliğatı gücləndirmək indi vacib zərurətdir.
Süni intellekt -ikiüzlü qılıncdır: əgər biz onu özümüz yaratmasaq, başqalarının platformasına bağlı qalacağıq və o, bizi nəzarət altına ala bilər. İnternet trafiqimiz, fikirlərimiz, hətta üz və səsimiz izlənə bilər. Buna görə milli təhlükəsizlik yalnız hərbi gücdən deyil: rəqəmsal müstəqillik və alqoritmik suverenlik də müzakirə olunmalıdır.
Süni intellekt platforması olmayan dövlət digər dövlətlərin AI-sı tərəfindən idarə oluna bilər. Bu səbəbdən AI həm iqtisadi, həm də milli müdafiə vasitəsidir.
-Maarifləndirici işlər üçün media və jurnalistika sahəsində hansı yenilikləri təklif edirsiniz?

-Maarifləndirmə üçün daha çox matbuat nəşrlərinə dönüşü prioritet sayıram. İnternet jurnalistikası inkişaf etsin, əlbəttə -onu təqdir edirəm. Lakin qəzet və jurnalların gündəlik istehlaka qayıdışı, oxucuların kağız mətbuata yenidən maraq göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Əgər oxucu qəzet‑jurnal oxumağa qayıtsa, kitabxana yenidən gündəmə gələcək. Maarifçiliyin yüksəlməsində məhz qəzet‑nəşrlərə münasibəti yeniləmək -ən təsirli və dayanıqlı yol ola bilər.


Söhbətləşdi: Cahangir NAMAZOV,
"Butov Azərbaycan” qəzetinin Özbəkistan təmsilçisi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Paylaş



Bölmə: Turan / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!